• şənbə, 27 Aprel, 07:07
  • Baku Bakı 12°C

Məişətdən sənayeyə qədər qənaət

16.07.20 20:47 967
Məişətdən sənayeyə qədər qənaət
Əks halda, gələcəkdə su təminatında ciddi problemlər qaçılmazdır

"Bakıda və ətraf qəsəbələrdə su problemi var”, "Neftçalada su problemi yaşanır”, "Daha bir rayonda su problemi özünü göstərir” - bu tipli xəbərləri ötən ayın əvvəllərində daha çox gördük. Problemin hansısa texniki məsələylə, təmirlə əlaqəli olmadığı da hər kəsə məlum idi.
Xəbərlər yayılan dövrdə "Azərsu” ASC-dən mətbuata açıqlama verildi ki, içməli su ilə bağlı problem yaşanan ərazilərin böyük hissəsində bu məsələ həll olunub. Təminat həll oluna bilər, ancaq ümumilikdə ölkədə su qıtlığı olduğu etiraf edilir. Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bu məsələyə toxundu, bildirdi ki, bu il və keçən il quraqlıq ölkə üçün böyük problem yaradıb: "Keçən il quraqlıq bizə böyük ziyan vurdu. Bu ilin 6 ayında kənd təsərrüfatı 2,2 faiz artıb, amma daha çox ola bilərdi. Çünki suyun az olması səbəbindən biz istədiyimiz qədər torpaqlardan istifadə edə bilməmişik”.
Ölkə başçısı bu istiqamətdə fəaliyyət göstərən qurumlar arasında koordinasiya məsələləri, su istifadəsində, daşınmasında itkilərin azaldılması, sudan səmərəli istifadə edilməsi tipli problemlərin həllinin vacib olduğunu vurğuladı. Yaxın zamanlarda çox geniş tədbirlər planı təsdiqləyəcəyini, onun icra edilməsinə başlanılacağını qeyd etdi.
Baş nazirin müavini Şahin Mustafayev bildirdi ki, əsas su anbarlarında 20,5 milyard kubmetr tutuma qarşı əvvəlki illərdən kəskin aşağı səviyyədə - cəmi 11,3 milyard kubmetr su mövcuddur ki, bunun da 8,6 milyard kubmetri ölü həcmdir. Ş.Mustafayev görülən işlərlə bağlı məlumat verdi və qeyd etdi ki, ölkə başçısının tapşırıqlarına uyğun olaraq, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi üzrə təkliflər yaxın müddətdə ölkə başçısına təqdim olunacaq.
Hazırda su təminatı ilə bağlı məsələ nə yerdədir? Növbəti illərdə problemin yaşanmaması üçün hansı işlər görülməlidir və ya görülür? Əks təqdirdə, hansı zərərlər ola bilər? – bu kimi suallar çoxdur.

40-50 faizlik itki?
Coğrafiya elmləri doktoru, professor Çingiz İsmayılov bildirdi ki, Azərbaycan su qıtlığından əziyyət çəkən ölkələr qrupuna daxildir. Ölkəmizin su ehtiyat və mənbələri tələbatımızın yalnız 30 faizini təmin edir. Qalan su mənbələri ölkələrarası çaylar - Kür və Araz çayları və onun qolları vasitəsilə ölkəyə daxil olur. Ona görə o çayların suyunun bolluluğu tələbatımıza təsir edir: "Bilirik ki, Azərbaycan quraqlıq-yarımquraqlıq zonaya aiddir. Suya ehtiyac da kifayət qədər çoxdur. Eyni zamanda qeyri-neft sektorunun aparıcı sahələrindən olan kənd təsərrüfatının, əkinçiliyin inkişafı, otlaqların qidalandırılması üçün su ehtiyatlarına tələbat artır. Qeyd edim ki, axar çaylar, göllərlə yanaşı, ölkəmizdə yeraltı sular da var. Artezian quyuları vasitəsilə yaşayış məntəqələrinin bir qismində su tələbatı ödənilir. Artezian quyuları da böyük vəsait tələb edir. Çünki su dərin qatlarda olur. 150-400, hətta 1000 metrə qədər dərinlikdə su layları olur. O laylar vasitəsilə tələbatı qismən ödəyirik. Ölkə başçısının sərəncamlarına əsasən, rayonlarda artezian quyuları qazılır, bu, su çatışmazlığının təmin edilməsində çıxış yollarından biridir”.
Ç.İsmayılov deyir ki, ölkəmizdə məişətdən tutmuş, sənayeyə qədər suya yanaşma dəyişməlidir: "Biz su ehtiyatlarının artmasına təsir edə bilmərik, ancaq su ehtiyatlarından əziyyət çəkən ölkələrdə sudan qənaətlə istifadə edilməlidir. İsrail yarımquraq deyil, quraq zonadır. Su qıtlığından əziyyət çəksələr də, kənd təsərrüfatı çox yaxşı inkişaf edir. Çünki səmərəli istifadə edirlər. Yeni texnologiyalar tətbiq edirlər, insanların düşüncəsi də dəyişib. Hər bir vətəndaş suyun istifadəsinə çox qənaətlə yanaşmalıdır. Su qıtlığından əziyyət çəkiriksə, hər damlanın qədrini bilməli, köklü surətdə su istehlakına münasibətimizi dəyişməliyik.
Su, mənbəyindən istehlakçıya qədər gəldiyi yolda 40-50 faiz itki verir. Deməli, borularda sızmalar var. Bu itki böyük rəqəmdir və bağışlanmazdır. 5-7 faiz itkini başa düşmək olar. Bu problem həll olunmalıdır.

Sənayedə suyun təkrar istifadəsinə gedilməlidir. 30-40 ildir ki, dünya sənayesi suyun təkrar istifadəsi mexanizmini tətbiq edir. Su istifadə edildikdən sonra təmizlənir və yenidən istifadəyə yararlı hala gətirilir. Suvarmada kanalların istifadəsi artıb. Bu üsul isə keçmişdə qalıb, müasir texnologiyaların tətbiqi lazımdır. Dronlarla suvarma aparılmalı, damla suvarılmasına üstünlük verilməlidir. Götürək, avto-yuma məntəqələrini. Orda nə qədər su boşuna axıdılır, amma buna nəzarət edən yoxdur. Maşın yuyulan su təmizlənib, yenidən istifadə edilə bilər. Elə küçə var ki, yan-yana 5-6 avto-yuma məntəqəsi yerləşir, ətrafında da həmişə su axır. Su qıtlığından əziyyət çəkən ölkədə belə mənzərə dəhşət yaradır. Təbii ki orda suyun sərfinə nəzarət ciddi olsa, suyu elə axıtmaq heç kim üçün iqtisadi baxımdan əlverişli olmaz. Deməli, o, nəzarətsizdir, sayğac qoşulmayıb, kənar xətlə gəlir. Ciddi nəzarət olmalıdır. Belə misallar hədsiz çoxdur. Su qatlığından əziyyət çəkən ölkə olaraq suya münasibətimizi köklü surətdə dəyişməliyik”.
Ç.İsmayılov qeyd etdi ki, münasibətin dəyişməsi üçün təbliğat işi güclü olmalıdır: "Bağçalarda, orta məktəblərdə, ali təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində sudan qənaətli istifadə ilə bağlı gündəlik məlumatlar olmalıdır. Bu işlər hansısa ekspertin dilindən "sudan qənaətlə istifadə edin” şəklində deyil, insanlara maraqlı şəkildə təqdim olmalıdır ki, dinləsinlər, nəticə çıxarsınlar”.
Mövzu ilə bağlı "Meliorasiya və Su Təsərrüfatı” ASC-yə suallarımızı ünvanlaya bilmədik. Çünki mətbuat katibi Dilqəm Şərifov qısa müddətdə bizi suallarımıza cavab verəcək şəxslə əlaqələndirəcəyini bildirsə də, gün ərzində zənglərimizi cavabsız qoydu.

"Əsas problemimiz Neftçaladadır”
"Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyir ki, ümumilikdə ölkənin içməli su ilə təminatında elə də ciddi problem yoxdur: "Bu gün Azərbaycanın ümumi şirin su ehtiyatlarının 2 faizə, istifadə olunan şirin su ehtiyatlarının isə 5 faizə yaxını içməli su məqsədləri ilə istifadə olunur. Hazırda Azərbaycanda lokal problemlər istisna olmaqla, əhalini normal qaydada içməli su ilə təmin edirik. Əsas problemimiz Neftçaladadır. Artıq bir aydan çoxdur Neftçala şəhəri, eləcə də xidmət göstərdiyimiz kənd və qəsəbələrə maşınlarla su daşıyırıq. Bir də yay aylarında bəzi kanallarda su olmayan müddətdə modul tipli sutəmizləyici qurğularımız işləmir. Yəni onların su mənbəyi həmin suvarma kanalları, arxlarıdır. Orda su olanda, təmizləyib insanlara verilir, olmayanda isə, qurğular müvəqqəti fəaliyyətini dayandırır. Bu fasilə 3-5 gün ola bilər, sonra yenə həmin kanala suyun verilişi təmin olunur, yəni davamlı fasilə yaranmır. Bu müddətdə də maşınlarla modul qurğuların təmiz su çəninə su verilir və müəyyən olunmuş qrafiklə ümumi istifadə üçün quraşdırılmış bulaqlara paylanılır.
Kürəkçaydan qidalanan Goranboyun Qazanqulaq kəndidə də su verilişində fasilələr yaşanır. O çayın aşağı axınında sular quruyub deyə, belə çətinlik var.
Bakı şəhərinin, bütövlükdə Abşeron yarımadasının içməli su təminatında stabillik əldə olunub. Müqayisə üçün bildirim ki, qış aylarında paytaxta saniyədə 11 kubmetr həcmində su gətirilirsə, yay aylarında bu həcmi 16-17 kubmetrə qədər artırırıq. Abşeronun əsas mənbələri Ceyranbatan, Oğuz, Qəbələ, Kür və Şollardır. Bilirsiniz ki, bu il Kürdə su azalanda, Kür sutəmizləyici qurğuların üzən nasos stansiyaları ilə oradan lazım olan həcmdə su götürə bilmədik. Problem bir həftəyə yaxın davam etdi, bu, özünü iyunun ayının 1-ci yarısında Bakı şəhərinin bəzi ərazilərində su təchizatının pisləşməsində göstərdi .
Ümumilikdə, bu gün insanları həm Bakıda, həm də regionlarda normal qaydada içməli su ilə təmin edirik”.
A.Cəbrayıllı deyir ki, su həcmlərinin azalması əvvəldən müşahidə olunurdu və bu istiqamətdə müəyyən addımlar atılıb: "Ötən illərdə bəzi şəhərlər üçün alternativ su mənbələrinin yaradılması ilə bağlı müraciət etdik, cənab Prezident İlham Əliyevin sərəncamı ilə dövlət investisiyası hesabına Tovuz, Şamaxı, Şəki, Gədəbəy və Lerikdə alternativ su mənbələri yaratdıq. Eyni zamanda artezian quyularından qidalanan Ağstafa və Qobustanda suyun keyfiyyətinin pisləşməsi ilə əlaqədar əks-osmos tipli sutəmizləyici qurğular quraşdırdıq və suyun codluğunu norma həddinə saldıq. Əvvəl Şamaxını Pirsaatçaydan su ilə təmin edirdik. Son 3-4 ildə Pirsaatçayda suyun azalması baş verdi, ona görə biz alternativ mənbə kimi Ağsu çayının yatağında suqəbuledici qurğu tikdik. Tovuzda Zərəmçayda eynilə bu tip qurğu inşa olundu. Gədəbəydə yay aylarında su azalırdı, yeni mənbədən ora su verilməsini təmin etdik. Şəki şəhərinin su mənbəyi olan Kiş çayında daşqınlar və suyun azalması ilə problem yaşanırdı və bu özünü daha çox suyun lillənməsi ilə göstərirdi. Bunları nəzərə alıb, Şəki şəhərində artezian quyuları qazıldı və bu məsələ də çözüldü”.

A.Cəbrayıllı qeyd etdi ki, su ehtiyatlarının azaldığı bir dövrdə sudan, xüsusən də içməli sudan suvarma suyu kimi istifadə edərkən qənaət məsələsi aktuallaşır: "Suya münasibəti kökündən dəyişməyin vaxtı çatıb. Yeni su istehlakı mədəniyyəti formalaşmalıdır. "İmkanım var, pulunu ödəyirəm, necə gəldi istifadə edirəm və ya suyu açıq qoya bilərəm və ya sayğacım yoxdur, ailə üzvlərimin sayına görə su pulu verirəmsə, sudan nə qədər istəsəm, istifadə edərəm” yanaşmasından imtina ən düzgün yoldur. Xarici filmlərdə görürsünüz, insanlar dişlərini fırçalayarkən bir stəkan su istifadə edirlər. Bizdə isə çoxumuz hələ də krantı açıq saxlayırıq.
İçməli suda ən böyük israfçılıq suvarma ilə bağlıdır. Bakı şəhərində suvarma məqsədilə alternativ mənbə yoxdur, ona görə insanlar suvarmada içməli sudan istifadə etməyə məcburdurlar. Amma onlar da artıq ənənəvi üsullardan imtina etməli, innovativ texnologiyalardan, yeni yanaşmalardan istifadə etməlidirlər. Həm içməli, həm suvarma suyuna olan tələbatı ödəmək üçün israfçılıqdan qaçmalıyıq. Bunu etməsək, sonda əziyyət çəkən elə özümüz olacağıq”.

Davam etsə, aqrar sektor zərər görəcək
Millət vəkili Vüqar Bayramov deyir ki, indiki dövrdə su ehtiyatlarından səmərəli istifadə vacibdir: "Azərbaycanın suya olan tələbatının 90 faizdən çoxu kənar mənbələrdə formalaşır. Bu da həm içməli, həm də suvarma suyuna olan tələbin ödənməsində müəyyən çətinliklər yaradır. Xüsusilə Ermənistan bu faktordan istifadə edib ölkəmizə təsir etməyə çalışır. Quraqlığın müşahidə olunması sudan istifadə ilə bağlı yeni yanaşmanın hazırlanması və tətbiq olunmasını gündəmə gətirir. Su balansının hazırlanması ilə bağlı ölkə Prezidentinin tapşırığı da mövcud ehtiyatlardan daha səmərəli istifadə etmək məqsədi daşıyır”.
V.Bayramov qeyd etdi ki, quraqlığın davam etməsi aqrar sektora mənfi təsir göstərir: "Baxmayaraq ki 2020-ci ilin ilk 6 ayında aqrar sektorda artım qeydə alınıb, yenə də xüsusilə pandemiya dövründə aqrar sektorun, əkinçiliyin daha çox inkişaf etməsi və daha yaxından dəstəklənməsi üçün suya olan tələbatın ödənilməsi vacibdir. Su probleminin yaşanması istehsal həcminin planlaşdırılan qədər artmasını əngəlləyən faktorlardan biridir. İyulun ikinci yarısı və avqust ayında suya, xüsusilə suvarmaya olan tələbin ödənilməsi istiqamətində işlərin sürətləndirilməsi vacibdir. Çünki payız mövsümündən başlayaraq, quraqlıq aradan qalxır, xüsusilə də yağışın həcminin artması nəticə etibarilə balansın formalaşmasına gətirib çıxarır”.

Aygün Asimqızı
banner

Oxşar Xəbərlər