• cümə, 26 Aprel, 20:57
  • Baku Bakı 22°C

Məcburi köçkünlərin mədəni hüquqlarının qorunması istiqamətində layihələr reallaşdırılacaq

26.10.17 17:15 984
Məcburi köçkünlərin mədəni hüquqlarının qorunması istiqamətində layihələr reallaşdırılacaq
Azərbaycan Respublikası Avropa İttifaqı ilə bir sıra istiqamətlərdə sıx əməkdaşlıq edir. Bu sırada Tvinninq və Şərq Tərəfdaşlığı proqramlarını qeyd etmək olar. Şərq Tərəfdaşlığı proqramı 2011-2014 və 2015-2018-ci illər mərhələsindən ibarət olub. Hazırda biz ikinci mərhələdəyik. Bu proqram çərçivəsində Avropa İttifaqı, "British Council” və digər tərəfdaşlar, eləcə də Mədəniyyət və Turizm Nazirliyi proqramın əsas iştirakçılarından biri kimi onların layihəsinə dəstək olmağa çalışıb.
Bu sözləriAZƏRTAC-a müsahibəsində Avropa İttifaqının "Mədəniyyət və yaradıcılıq” proqramı çərçivəsində keçirilən "İnnovasiyalar və inkişaf üçün mədəniyyət və yaradıcılıq” Forumu zamanı Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə deyib.
Qeyd edib ki, layihənin ikinci mərhələsinin əsas istiqaməti mədəniyyət və iqtisadiyyatın, kreativ sənayenin bir-birinə bağlılığı, cəmiyyətdə və gənclər arasında kreativ mədəni potensialın inkişafı məsələləridir. "Təbii ki, bunlar, yəni mədəni sənayedən, mədəni resurslardan xalqın maddi rifahının artırılması, ölkənin inkişafı üçün istifadə etmək potensialını gücləndirmək bizim üçün dövlət müstəqilliyimizi bərpa etdikdən sonra yeni istiqamətlərdir. Avropada bu proses uzun illərdir başlayıb. Bu, həm mədəniyyət sahəsində fərdi çalışanlar üçün motivasiya imkanıdır, həm də təşkilatlar üçün böyük imkandır. Ona görə də biz mədəni sənayeni və mədəni iqtisadiyyatı, mədəniyyəti iqtisadi sahənin istiqamətlərindən biri kimi inkişaf etdirmək üçün Avropa təcrübəsini əldə etməyə çalışırıq. Eyni zamanda, həmin təcrübəni milli adət-ənənələrimiz və dəyərlərimiz, bir sözlə, milli maraqlarımız çərçivəsində ölkəmizin inkişafı üçün istifadə etməyə çalışırıq. Layihəni uğurlu hesab edirik və ondan gözləntilərimiz çoxdur. Proses davam edir və gələcəkdə layihə ilə bağlı müsbət təşəbbüslər olacağı təqdirdə onu dəstəkləməyə ehtiyac duyulacaq. Belə olan halda Mədəniyyət və Turizm Nazirliyi bu sahədə cavabdeh qurum kimi öz imkanlarını daha da artıracaq.
Digər vacib məsələ Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş ərazilərimizdən məcburi köçkün düşən insanlarımızın mədəni hüquqlarının qorunması çərçivəsində layihələr keçirilməsi təşəbbüsüdür ki, biz bunu Forumda irəli sürdük. Hesab edirik layihənin üçüncü mərhələsində, yəni 2018-ci ildən sonra bu istiqamət nəzərə alınacaq”, - deyə V.Eyvazzadə bildirib.
banner

Oxşar Xəbərlər