• şənbə, 14 Iyun, 19:27
  • Baku Bakı 28°C

Makronun türk düşmənçiliyi

11.12.20 16:29 809
Makronun türk düşmənçiliyi
Fransa prezidenti Azərbaycan dövlətindən, şəxsən İlham Əliyevdən üzr istəməlidir
Fransa Senatı Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağla bağlı heç bir hüquqi əsası olmayan utancveric bir qərara imza atdı və bununla da bir daha özünü dünyanın gözündə alçaltmış oldu. Şübhəsiz ki, Senatın qərarı BMT və beynəlxalq hüquq normaları ilə daban-dabana zidd bir qərardır və ləğv edilməlidir. Bu, şübhəsiz ki, Fransada yaşayan 500 minlik erməni lobbisinin və prezident Emmanuel Makronun seçki öncəsi təzyiqləri altında qəbul edilən biabırçı sənəddir. Və indidən deyə bilərik ki, bu qərar Makronun iflası ilə nəticələnəcək. Fransa lideri anlamalıdır ki, bu sənədin qəbulu Azərbaycan-Fransa münasibətlərini kökündən zədələmiş olur. Hətta iki ölkə arasında münasibətlərin kəsilməsi təhlükəsini yaradır. Beləliklə, bu qərarı birbaşa prezident Makronun qəbul etdirdiyi şəksizdir. Babası türk düşməni olan Makron, bu addımı ilə erməni ruhunun daşıyıcısı olduğunu, ermənilərə xüsusi simpatiyası olduğunu açıqca nümayiş etdirmiş olur.

Fransa Senatının yanlışlığı

90-cı illərdən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Fransa 30 il ərzində işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi istiqamətində heç bir addım atmadı, bir növ passivlik nümayiş etdirdi. Hətta bu illər ərzində bir kompromis təkliflə belə çıxış etmədi. Nəticədə, şanlı ordumuz və ali baş komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının illər uzunu kağız üzərində qalan qətnamələrini yerinə yetirdi. 44 gün davam edən müharibə Ermənistanın təslim olması ilə yekunlaşdı. Noyabrın 10-da imzalanan sənədi açıqlayan Rusiya prezidenti Vladimir Putin "Ermənistanın baş naziri Nikol Paşinyan mənimlə əlaqə saxlayaraq bildirdi ki, onu uçurumdan qurtarım, artıq bu sondur və mən dərhal prezident İlham Əliyevlə danışdım”, - deməklə ermənilərin necə rəzil durumda olduğunu göstərmiş oldu. Beləliklə də, Ağdam, Kəlbəcər, Laçın bir güllə atılmadan, üçtərəfli anlaşmaya uyğun olaraq boşaldılaraq Azərbaycan ordusuna təslim edildi. Bütün bu həyati əhəmiyyətli hadisələr baş verərkən, anidən Fransa prezidenti Makronun təşəbbüsü ilə Fransa Senatı Azərbaycana aid olan torpaqlarda artıq mövcud olmayan qondarma Dağlıq Qarabağ Respublikasını tanıyır. Bununla da, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmuş olur.

Fransa torpaqlarında "terror məktəbləri”

Ümumiyyətlə, Fransa Qarabağda münaqişə başlanandan birtərəfli şəkildə separatçıları müdafiə etməsi ilə yadda qalıb. Birinci Qarabağ müharibələri zamanı (1988-1993) xaricdəki erməni lobbisi və Ermənistanda yaşayan ermənilərlə bir oldu. Hətta o illərdə Fransada terror aktları törədən ASALA terrorçularının lideri Monte Melkonyan həbsxanadan sərbəst buraxılır və o da dərhal Ermənistana yollanır. O, Fələstin və Livanda çoxsaylı insan ölümləri ilə nəticələnən terror aktları törətmişdi. Melkonyan Qarabağa 17 nəfərlik terrorçu dəstə ilə yollanır və dərhal da qəddarlığı ilə məşhurlaşır. Azərbaycanlıları xüsusi amansızlıqla məhv etməyə başlayır. Fransa 90-cı illərdə Azərbaycana qarşı qırğınlar təşkil edən terrorçuya tam dəstək verib. Melkonyan Xocavənddə Ermənistan silahlı qüvvələrinin komandanı olaraq fəaliyyət göstərib və Xocalı soyqırımını şəxsən təşkil edənlərdən biridir. Şuşa, Laçın və Kəlbəcərin işğalında da aktiv fəaliyyəti ilə yadda qalıb. Ağdamın işğalı zamanı (1993) Azərbaycan əsgərləri tərəfindən məhv edilib. Terrorçu, dövlət adamlarının və prezidentin iştirakı ilə Yerevanda dəfn edilib. Fransanın dəstəyi ilə türklərə qarşı qiyamlar qaldıran və daha sonra Azərbaycanda soyqırımı həyata keçirən bu terrorçu Ermənistan dövləti tərəfindən "Milli Qəhrəman” elan edilib. Fransanın yetişdirdiyi başqa bir terrorçu Vazgen Sisliyandır. O da terrorizmlə bağlı həbsdə olub. 1991-ci ildə Budapeştdə olan Türkiyə Cümhuriyyətinin səfiri Bedrettin Tunabaşının qətlində şəxsən rol oynayan biridir. Azad edildikdən sonra Azərbaycan ərazisinə göndərilib və orada soyqırımı həyata keçirib. Bu da onu deməyə əsas verir ki, Fransa dövlətinin siyasəti Türkiyə və dünya türklərinə qarşı ayrı-seçkilik, müsəlmanlara qarşı qiyamlar, soyqırımı həyata keçirmək olub. Bunu bu gün tam əminliklə demək olar. Çünki yuxarıda qeyd olunanlar bizləri bu fikrə gəlməyə məcbur edir.
Fransa dövlət olaraq radikal terrorçuların yer aldığı ölkə kimi nəzərdən keçirilməkdədir. Sübutlar da ortadadır. Fransa terror istehsal edən bir ölkədir və buna kifayət qədər sübut var: Fransa vətəndaşı Aşin Simonyan 1992-ci ilin yanvarında Paris yaxınlığında çox gizli bir mühitdə xüsusi bir "Hərbi Silah” qruplaşması yaradır və orada ASALA terror təşkilatının 26 üzvü ilə ciddi bir təlim keçilir və onlar oradan Xankəndinə göndərilir. Bu barədə ortada sübutlar da var. Terrorçular Azərbaycan torpaqlarında xüsusi vəhşilikləri ilə seçiliblər. Fransa vətəndaşları arasında Suren Paşayan, Qabriel Şihanyan, Abram Çitçiyan (366-cı alayın Baş Qərargahının rəisi, Rusiya vətəndaşı, daha sonra Fransaya köçərək vətəndaşlıq almışdı) Azərbaycan türklərini vəhşicəsinə qətlə yetirdilər. 366-cı alayın zabiti İ. Korobelnikovun dedikləri çox dəhşətlidir: "Abram Sitçiyan 13 nəfərlik Babayevlər ailəsini vəhşicəsinə öldürdü”. Bu "qəhrəmanlığa” görə ona 150 min dollar mükafat və ayrıca Fransa Erməni Diasporu tərəfindən "Kilsə Mükafatı” verilib. Beləliklə, Fransa bir dövlət olaraq ərazisindəki terror məktəblərinin açılmasına şəxsən dəstək verir və erməni diasporunun işlərinə rəğbət bəsləyir və Fransa ərazisindəki türkləri və müsəlmanları məhv edib öldürmək üçün bütün vasitələri təmin edir. O da qeyd edilir ki, 90-cı illərin əvvəllərində "Daşnaksütyun", ASALA, MAQ, "Erməni birliyi", "Erməni Azadlıq cəbhəsi" və digər məşhur erməni terror təşkilatları fəalları Fransada təlimlər keçiblər.
1983-cü ilin iyul ayında Parisdə Orli aeroportunda 8 nəfərin ölümü və 60 nəfərin yaralanması ilə nəticələnmiş terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş terrorçu Varocyan Qarabedyanın azad olunması üçün Ermənistanda dövlət səviyyəsində imzatoplama kampaniyası keçirilib. 2001-ci ilin aprelində Fransa məhkəməsi tərəfindən azad olunan terrorçu Ermənistanda rəsmi sığınacaq tapıb. Məşhur terrorçu, "Daşnaksütyun” partiyasının "Dro" terror qrupunun üzvü Qrant Markaryan Dağlıq Qarabağda terrorçu dəstələri yaradanlardan və Ermənistandan gətirilən silahlar vasitəsilə buradakı terrorçu qrupların silahlandırılmasında fəal iştirak edənlərdən biri olub. 44 günlük müharibədə də Fransadan olan terrorçular aktiv oldular. Götürək, Gilbert Minasiyanı. Bu şəxs 1984-cü ildə Fransada ASALA-ya pul toplaması bəhanəsi ilə poçt maşınını qarət etməkdə günahlandırılıb. 1989-cu ildə ömürlük həbs cəzası alıb. Cəzadan yayınmaq üçün Sovet Ermənistanına qaçıb. Bu cür kriminal keçmişə sahib olan şəxs digər fransız (erməni əsilli) dostları ilə Qarabağdakı erməni qruplaşmalarına qoşulub, Xocalı soyqırımında, Kəlbəcərin işğalında iştirak edib. Eyni zamanda o, Fransadan Qarabağ üçün gələn böyük konteynerlərdəki hərbi və digər yardımları müvafiq əraziyə çatdırıb. 2004-cü ildə Fransa Ədliyyə Nazirliyi tərəfindən bağışlansa da, beynəlxalq axtarışda olduğu üçün 2013-cü ilə kimi Ermənistanda qalıb. Onun bağışlanma qərarını verən nazir Dominique Perben isə Lion şəhərindən olan, erməni diaspora təşkilatları ilə birbaşa işləyən siyasətçidir. 25 il axtarışda olmağına baxmayaraq, bu kriminal ünsür tam sərbəst şəkildə Marsel şəhərinə qayıdıb. Bu dəfə isə Marseldən özü ilə Qarabağda döyüşməyə Fransadakı "Daşnaksütyun” partiyasının tərəfdarlarını səfərbər edir, fransız mediasında də bunu fəxrlə söyləyir. Fransa Daxili İşlər Nazirliyi isə bununla bağlı hər hansı bir açıqlama vermədi.

Fransa türklərə qarşı terrorçular hazırlayır

Hər hansı bir ölkənin ərazisində "terrorçu məktəbləri” fəaliyyət göstərirsə, təbii ki, rəsmi dövlət qurumları bu məktəblərdən xəbərdar olmalıdır. Fransa isə bütün bunlara göz yumub. Dövlətin daxilində dünya türklərinə və müsəlmanlara qarşı terrorçuların yetişdirildiyi aşkardır. Dəlil - Xocalıda soyqırımı törədənlər Fransa vətəndaşları və Ermənistan prezidentidir. Makron da bu hadisələrdən xəbərdardır. Yəni tək buna görə Fransa Minsk qrupu sədrliyindən istefa etməlidir. Çünki Fransa vətəndaşları 1991-93-cü illərdə Azərbaycan ərazisində baş verən soyqırımı həyata keçiriblər. İndi Makronun insan haqlarından danışması yersizdir. Terrorizmi dəstəkləyən və xarici ölkələrdə soyqırımı törədən Fransa, demokratiya, insan hüquqları və ədalətdən danışa bilməz. Çünki əlində qan olan Fransa və onun prezidenti Emmanuel Makron əvvəlcə öz qanlı əllərinə baxmalıdır. Müsəlmanlara qarşı törətdikləri soyqırımın aydınlıq gətirməlidir. Fransa Senatında "Dağlıq Qarabağın tanınması” qərarının utanmadan qəbul edilməsi Fransa dövlətinin ayıbı və rüsvayçılığıdır.

Makron Azərbaycan dövlətindən üzr istəməlidir

Əslində, Makron Azərbaycan dövlətindən, şəxsən İlham Əliyevdən üzr istəməlidir. İlk növbədə ölkəmizin daxili işlərinə qarışdığına görə. İkincisi, terrorçuların Fransa ərazisində təlim almalarına şərait yaratdığına və ya buna əlverişli mühit yaratdığına görə. Üçüncüsü, azad edilmiş Qarabağ torpaqlarımız üçün Senata təzyiq edərək səhv bir qərar qəbul etdiyinə görə. Makron böyük səhvlər edir, anti-türk düşmənçiliyi ilə Türkiyə və Azərbaycanın daxili işlərinə müdaxilə edir və nəticədə fransız xalqına zərər verir. Onore de Balzak kimi dahi bir yazarın vətənində Makron kimi bir prezidentin olması şanssızlıq və utandırıcı bir haldır. Belə bir gözəl ölkənin başında Makron kimi şəxsin oturması üzücüdür. Şübhəsiz ki, fransız xalqı Senat və Makronun siyasətini dəstəkləmir. Xalqlarımız arasında tarixi dostluq münasibətləri mövcuddur və heç bir qüvvə bunu poza bilməz.

Azər NURİYEV




banner

Oxşar Xəbərlər