• cümə, 26 Aprel, 09:07
  • Baku Bakı 12°C

Lukaşenko yenə müxalifəti üstələməyə müvəffəq oldu

18.03.20 16:44 1061
Lukaşenko yenə müxalifəti üstələməyə müvəffəq oldu
Belarus prezidentinin opponentlərinin koalisiyası dağılır

Belarusda avqusta keçiriləcək prezident seçkiləri öncəsi gərginlik yaşanır. Bir tərəfdən Rusiya ilə münasibətlərdə soyuqluq, digər tərəfdən koronavrus təhlükəsi, eləcə də, seçkilərə qatılan müstəqil və müxalif namizədlərə qarşı hakimiyyətin addımları prosesi daha da qabardıb. Məsələ ondadır ki, müxalifət seçkilərdə vahid namizəd müəyyən etmək üçün praymeriz keçirir. Vəziyyət isə elədir ki, hakimiyyətin atdığı addımlar nəticəsində prezidentliyə iddialı altı namizəddən cəmi üç nəfər qalıb. Məsələn, xristian demokratların lideri Pavel Severineç avqustda keçirilək seçkilər ərəfəsində vahid namizədin müəyyən olunması üzrə keçiriləcək praymerizdən çıxdığını bəyan edib. Və onu bu qərarı qəbul etməyə vadar edən iki səbəbi göstərib: koronavirus pandemiyası və praymerizdə hakimiyyət təmsilçilərinin aktiv iştirakı. "Praymeriz getdikcə bizim ssenari olmaqdan çıxır və daha çox rejimin ssenarisinə çevrilir”, - deyə bəyan edib. Əlavə edib ki, Belarus əhalisi koronavirusla bağlı dövlətdən karantin tələb etdiyi halda, onlar necə seçki kampaniyası aparıb ölkə boyu gəzə bilərlər? "İnsanlara necə nümunə ola bilərik?” - deyə siyasətçi bildirib. Bundan sonra praymeriz qərargahı regionlarda aprelin 2-nə kimi görüşləri dayandırmaq barədə qərar qəbul edib. Qərargahdan bildiriblər ki, Severineç, ümumiyyətlə, proseduru dayandırmağı, seçkiləri boykot etməyi və ümumxalq etiraz aksiyası keçirməyi təklif edirdi. Bir sıra siyasətçi və ekspertlərin qənaətincə, səbəb başqadır – praymerizin lideri hesab edilən Severineç üç dəfə "Azadlıq uğrunda” hərəkatının lideri Yuri Qubareviçə uduzub. Severineç isə bildirib ki, Qubareviçə qələbəni hakimiyyət nümayəndələri gətirib: "Onlar özləri regionlarda keçirilən iclaslara gəlir və səs verirdilər”. Burada aydınlıq gətirmək gərəkdir ki, Pavel Severineç radikal siyasətçi, küçə aksiyalarının tərəfdarı kimi tanınır. Eyni zamanda homofob bəyanatları ilə yadda qalıb. Halbuki, "Azadlıq uğrunda” hərəkat daha liberal baxışları ilə tanınıb. Əvvəllər bu təşkilata prezidentliyə sabiq namizəd Aleksandr Milinkeviç rəhbərlik edib. Xatırladaq ki, Belarus parlamentinin keçmiş deputatı Anna Kanopaçkayanı praymerizdə iştirak etməyə elə müxalifətdən olan həmkarları buraxmayıblar. Səbəb kimi də ona siyasi etimadın olmaması göstərilib. Başqa bir iştirakçı – Belarus Xalq Cəbhəsinin lideri Aleksey Yanukeviç isə Severineçin qərarına istinad edərək geri çəkilib. Partiyanın məsələ ilə bağlı yaydığı bəyanatda bildirilir ki, xalq səsverməsi il bağlı prosedur təəssüf doğuran, məsuliyyətsiz və biabırçı haldır. Bu, prosesin bütün iştirakçıları üçün məğlubiyyətdir. "Belə halda Belarus Xalq Cəbhəsi bütün tərəfləri, münaqişə tərəflərini məsuliyyətli, qətiyyətli və ağılla hərəkət etməyə çağırıb. Dağıdılan birliyi bərpa etmək gərəkdir, imitasiya ilə məşğul olmaq lazım deyil”, - deyə partiyanın bununla bağlı yaydığı bəyanatda vurğulanıb. Onlar bildiriblər ki, əgər Pavel Severineç qərarın dəyişsə və Anna Kanopaçkaya da seçki proseduruna qayıtmağa hazır olarsa, onda onlar da seçki proseduruna qayıdarlar.
Beləliklə, praymerizdə üç iştirakçı qalıb - Yuri Qubareviç, xristian-demokart Olqa Kovalkova və Birləşmiş Müxalifət Partiyasının sədri Nikolay Kozlov. Ekspertlərin qənaətincə, belə şəraitdə praymerizə maraq heç bir əhəmiyyət kəsb etməyəcək və ona maraq olmayacaq. Həm də belə bir fikir var ki, seçkilər, ümumiyyətlə, epidemiya və dünyada iqtisadi vəziyyət üzündən qeyri-müəyyən müddətə kimi təxirə düşə bilər.
Belə bir çətin durumda yenidən Belarusla Rusiyanın münasibətləri gərginləşib. Söhbət ondadır ki, Rusiya Belarusa neft satmaqdan imtina edib. Minskin köməyinə isə gözlənilmədən Birləşmiş Ştatlar gəlib. ABŞ Dövlət Departamenti bildirir ki, Birləşmiş Ştatların şirkətləri Belarusa rəqabətli bazar qiymətləri ilə neft satışına dərhal başlamağa hazırdırlar. Belarus Rusiyanın neft təchizatından tamamilə asılıdır və Moskva neft qiymətlərinə dair Minskin istəklərini qəbul etmir. Dövlət Departamentinin sözçüsü deyib ki,Mayk Pompeobelaruslu həmkarıVladimir Makeylətelefon söhbətində ona ABŞ-ın Belarusun suverenliyinə tam dəstək verdiyini xatırladıb. Pompeo bundan bir ay əvvəl Minskə səfəri zamanı demişdi ki, ABŞ Belarusla sıx bağlar qurmağa çalışır, lakin Minskin Vaşinqton və Moskva arasında seçim etməsində təkidli deyil. Son vaxtlarda neft və qazın qiymətinə görə Belarus lideriAleksandr Lukaşenko ilə Rusiya prezidentiVladimir Putinarasında çoxsaylı mübahisələr olub. Belarus baş naziriSergey Rumasdemişdi ki, dünya bazarında neft qiymətlərinin kəskin düşməsi Minskin Moskva ilə yenidən danışıqlara girməsi üçün əlverişli şərait yaradır. Ötən fevralda Aleksandr Lukaşenko bildirmişdi ki, Rusiya Belarusa neft təchizatını dayandırarsa, nefti tranzit kəmərindən götürəcək. Rusiyadan Avropaya günə 1 milyon barrel neft nəql edən 4 min kilometrlik "Drujba” kəməri Belarus ərazisindən keçir. "Koronovurus” məsələsi də Rusiya-Belarus gərginliyinə səbəb olub. Rusiya hökumətinin açıqlamasında deyilir ki, Belarus hakimiyyətinin "Rusiya koronavirusdan yanır” açıqlaması həqiqəti əks etdirmir. "Virusa yoluxmuş insanların sayı ilə bağlı deyilənlərdən belə nəticəyə gəlmək mümkündür ki, proporsional nisbətdə Belarusdakı vəziyyət Rusiyadakından daha pisdir”, - deyə bildirilib. Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın koronadan "yandığını” bildirərək, Kremlin ölkəsi ilə sərhədləri bağlamasını tənqid etmişdi.

Azər
banner

Oxşar Xəbərlər