AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Layihələrin ekspertizadan keçməsi ətraf mühitə mənfi təsirlərin qarşısını alır

Layihələrin ekspertizadan keçməsi ətraf mühitə mənfi təsirlərin qarşısını alır

Müsahibə
06 Mart 2020, 15:00 2370
Ekoloji ekspertiza onun obyektlərinin ətraf mühitə təsirini müəyyənləşdirmək məqsədilə həmin obyektlərin müvafiq standartda, texniki reqlamentdə, eyni zamanda, normativ hüquqi aktda müəyyən olunmuş ekoloji tələblərə uyğunluğunun və realizəsinin mümkünlüyünün əvvəlcədən qiymətləndirilməsidir. Bəs ekoloji ekspertizanın obyektləri hansılardır? Sahibkarlıq subyektlərinin öz layihələrini ekspertiza rəyindən keçirməməsi hansı ekoloji problemlərə səbəb ola bilər? Bu barədə AZƏRTAC-ın suallarını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov cavablandırıb.

- Ekoloji ekspertizanın obyektləri dedikdə nələr nəzərdə tutulur?
- Bildiyimiz kimi "Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda ekoloji ekspertiza və onun obyektləri haqqında müvafiq maddələr var və bu qanunda nəzərdə tutulan məsələlər təsbit olunub. Eyni zamanda, 2018-ci ildə "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanun qəbul edilib. Bu qanunvericilik və bundan irəli gələn normativ hüquqi aktlarda hansı fəaliyyət sahələrinin ekoloji ekspertizanın obyekti hesab olunduğu öz əksini tapıb. Belə ki, öz fəaliyyəti zamanı ətraf mühitə zərərli maddələr formalaşdırıb atan və zərərli fiziki təsir göstərən bütün fiziki və hüquqi şəxslər ekoloji ekspertizanın obyekti hesab olunur. Bu qanun bütün ekoloji ekspertiza obyektlərinin hökmən onun ekoloji baxımdan spertik qiymətləndirilməsini təşviq edir.

- Qanunda ətraf mühitə təsirin qiymətləndirilməsi anlayışı da mövcuddur. Hər hansı bir layihəyə ekspertiza rəyi verilən zaman nələr qiymətləndirilir?
- Ətraf mühitə təsirin qiymətləndirilməsi nəzərdə tutulan fəaliyyətin ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayı yolla mənfi təsirinin aşkar edilməsi, təhlili, qabaqlayıcı tədbirlərin təmini, bu fəsadların aradan qaldırılması və ya azaldılması, habelə bu fəaliyyətin həyata keçirilməsi və ya keçirilməməsi barədə qərarın qəbul edilməsi məqsədilə həmin fəaliyyət növlərinin kompleks təhlili əsasında onların ətraf mühitə və insan sağlamlığına təsirinin müəyyənləşdirilməsidir. Ətraf mühitə təsirin qiymətləndirilməsi zamanı həyata keçiriləcək fəaliyyətin ətraf mühitə fiziki təsirləri, formalaşan tullantıların kəmiyyət və keyfiyyət göstəriciləri, faunaya, floraya mənfi təsirləri, iqlim xüsusiyyətləri, əmələ gələn tullantı sularının yerləşdirilməsi, bütövlükdə tullantıların maksimum ətraf mühitdən təcrid olunmaqla idarə olunmasını ehtiva edir. Layihədə bütün məqamlara toxunulur və ekspertlər tərəfindən qiymətləndirir. Layihəyə müvafiq qaydada rəy verəndən sonra, o, artıq hüquqi müstəviyə çıxır və bütün ekoloji parametrlər orada öz həllini tapmış olur.

- Demək olar ki, tez-tez nazirlikdə iri sahibkarlıq subyektlərinin təqdim etdikləri layihələrin qiymətləndirilməsi məqsədilə ictimai dinləmələr keçirilir. Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirak etdiyi bu tədbirlərdə kiçik və orta sahibkarlıq subyektlərinin təqdim etdiyi layihələrə çox az rast gəlinir. Onların da fəaliyyəti ətraf mühit normaları ilə tənzimlənirsə, həmin sahibkarlıq subyektləri də layihələrini təqdim etməlidirlər...
- Dediyinizdə həqiqət var. Kiçik və orta və bəzən də iri sahibkarlıq subyektləri öz layihələrinin ekoloji qiymətləndirilməsi üçün onları ya ekspertizaya təqdim etmirlər, ya da bəzi məqamları gizlədirlər. Bu da sonda bizim ümumi işimizə mənfi təsir göstərir. Biz istəyirik ki, sahibkarlar qanunlara əməl etsinlər və bu sahədə işlərini günün tələbləri səviyyəsində qursunlar, lazım ola biləcək dəstəyi, köməkliyi bizdən ala bilsinlər. Başa düşsünlər ki, bizim vəzifəmiz onlara xidmət etmək, qarşılıqlı əməkdaşlıqla öhdəliyimizi təmin etməkdir. Əgər həyata keçirəcəkləri fəaliyyət zamanı ətraf mühit çirklənməyə məruz qalacaqsa, həmin layihənin icra olunması ilə ekoloji təhlükə yaranacaq, onun aradan qaldırılması, kompensasiyası üçün tədbirlər nəzərdə tutulmayacaqsa, nəticədə daimi ekoloji problemlərə səbəb olacaq. Sahibkarlar layihələri təqdim edərkən ətraf mühitə dəyəcək mənfi təsirləri, ekoloji ziyanı gizlətməməlidirlər, əksinə qiymətləndirmə yolu ilə mütəxəssislərdən dəstək almalıdırlar. Əgər layihələr bütün subyektlər üzrə tam formada təqdim edilərsə, nazirlik onların hər birinə düzgün istiqamətlər verər, qarşıya çıxan məsələlərin həlli yollarını göstərə bilər. Nəticə etibarı ilə sahibkar fəaliyyəti zamanı ətraf mühit normalarını gözləyə və layihəsinin qiymətləndirilməsi haqqında müsbət rəy əldə edər.

- Ətraf mühitə təsirin qiymətləndirilməsini aparan mütəxəssislər üçün hansı tələblər mövcuddur?
- "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunun icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin üç qərarı mövcuddur. Ötən il oktyabrda "Ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında, noyabrda "Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin ixtisas attestatının forması və attestatın verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya onun ləğv edilməsi, eləcə də ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında, bu ilin fevralında isə "Dövlət ekoloji ekspertizasını həyata keçirən Ekspert Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə qərarlar imzalanıb. Ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndirici kimi fəaliyyət göstərmək istəyənlər nazirlikdə attestasiyadan keçir, sertifikat əldə edir və onların bu istiqamətdə mütəxəssis olduğu təsdiqlənir. Təlimat və metodologiya baxımından da həmin məsələlər daha da təkmilləşdiriləcək ki, qanunda nəzərdə tutulanlar tam icra olunsun və ekspertlər bu sahə üzrə sertifikatı olan mütəxəssislər olsunlar.

- Sonda sahibkarlara nəyi tövsiyə edərdiniz?
- Yuxarıda qeyd olunan qanunvericilik aktlarında ekoloji ekspertizanın obyektləri kimi kiçik və ya böyük sahibkarlıq subyektləri deyə ayırd edilmir. Orada göstərilir ki, ətraf mühitə təsir edən, zərərli maddələr atan bütün fiziki və hüquqi şəxslər ekoloji ekspertizanın obyektidir. Ona görə də hər bir sahibkar icra edəcəyi layihələri təqdim etməli və ekspertizanın rəyini almalıdır. Mütəxəssislər də onlara müvafiq qaydalar çərçivəsində, rəsmi sənədlər verməlidirlər. Məqsədimiz odur ki, şəffaflıq təmin edilsin, bütün fiziki və hüquqi şəxslər, kiçik, orta və iri sahibkarlıq subyektləri layihələrini ekspertiza rəyinin verilməsi üçün təqdim etsinlər, onlara müvafiq istiqamətlər verilsin və ətraf mühitə mənfi təsirlərin qarşısı alınsın.