Köln şəhərində “Qara Qarayev – ölməz düha” adlı tədbir keçirilib

Köln şəhərində “Qara Qarayev – ölməz düha” adlı tədbir keçirilib

Mədəniyyət
16 Dekabr 2019, 14:24 176
Almaniyanın Köln şəhərinin məhşur "Sankta Klara" kamera musiqi zalında, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin xatirəsinə həsr olunmuş "Qara Qarayev – ölməz düha” adlı konsert proqramı keçirilib.
Tədbir Köln şəhərinin mədəniyyət şöbəsinin, Alman – Azərbaycan Forumunun dəstəyi və Avropa Əməkdaşlıq Forumunun təşkilati yardımı ilə baş tutub.
Konsertdə Alman-Azərbaycan Forumunun mədəniyyət və incəsənət şöbəsinin rəhbəri Samira Patzer-İsmailova giriş sözü ilə çıxış edərək, dahi bəstəkar Qara Qarayevin yaradıcılığından geniş məzmunda bəhs edib, onun Azərbaycan bəstəkarlıq məktəbi məkanında milli musiqiyə yeni baxışın və yeni münasibətin əsasını qoyduğunu xüsusilə vurğulayıb.
Tədbirdə iştirak edən Azərbaycan və Alman müsiqiçiləri - Azərbaycan Respublikasının Əməkdar artisti Elnarə İsmayılova (piano), Anar İbrahimov (skripka), Martin Lindsej (vokal) Qara Qarayevin kamera-instrumental əsərlərini ifa ediblər. Konsert çərçivəsində Qara Qarayevin seçilmiş prelüdləri, "Don Kixot” simfonik qravüralarından parçalar, skripka və fortepiano üçün sonata, "Yeddi gözəl„ baletindən səhnələr, rus ədəbiyyatının görkəmli nümayəndəsi olan Aleksandr Puşkinin sözlərinə bəstələnmiş iki romansı, həmçinin başqa əsərləri səsləndirilib.
Tədbir zamanı Köln şəhərinin mədəniyyət şöbəsinin rəisi Dr.Kristof Müller, WDR radio və televiziya şirkətinin nümayəndəsi, Qara Qarayev musiqisinə yazılan disklərin prodüseri Bernhard Valerius, Köln Musiqi Akademiyasının prorektoru - professor Tilman Klaus, qiraətçi sənətkar Peter Tonqer, Köln Musiqi Akademiyasının dekanı Brigitte Lindner, Azərbaycan diasporun və Alman ictimaiyyətinin üzvləri iştirak ediblər.
Eyni zamanda tədbirdə Köln şəhərində yaşayan rəssam Margarita Kərimova-Sokolovanın Qara Qarayev musiqisinə həsr etdiyi rəsm əsəri, pianoçu Elnarə İsmayılovanın Qara Qarayevin fortepiano əsərlərindən ibarət olan və Almaniyanın WDR şirkətinin dəstəyi ilə yazılmış diski, daha sonra Almaniyanın "Bellman" nəşriyyatında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə işıq üzü görmüş "Qara Qarayevin fortepiano üçün seçilmiş əsərləri" qonaqlara nümayiş edilib.
Konsert Azərbaycan və Alman xalqları arasındakı tarixi əlaqələrin inkişafının davamı kimi dəyərləndirilərək, Azərbaycan musiqisinin Avropada təbliğatı və iki ölkənin mədəniyyətlərarası dialoqunun inkişafına daha bir töhfə olub.