Kiprdə sülh yaxınlaşır
Cenevrədə
Kiprlə bağlı danışıqların növbəti mərhələsi keçirilir. İsveçrənin Mont Pelerin
qəsəbəsində Kiprdəki yunan və türk icmaları, zamin ölkələr Türkiyə, Yunanıstan,
Böyük Britaniyanın iştirakı ilə texniki heyətlər səviyyəsində baş tutan beştərəfli
konfransda adanın türk tərəfini Özdil Naminin başçılıq etdiyi qrup, Türkiyəni
isə Xarici İşlər Nazirliyinin məsləhətçisi, səfir Əhməd Ünal təmsil edir. Texniki
heyətlərin iştirakı ilə keçirilən görüşlərdən sonra ayın axırında təşkil
ediləcəyi gözlənilən xarici işlər nazirləri səviyyəsindəki beştərəfli
konfransda prosesi axıra çatdıracaq yekun qərara gəlinməsi qərara alınıb.
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterres bildirib ki,
Kiprin yunan və türk liderləri 1974-cü ildən bəri ayrılan adanı birləşdirmək
üzərində razılıq əldə etməyə yaxındırlar. Quterres bunları Cenevrədə keçirilən
konfransdan sonra deyib. Konfrans ilk olaraq bir günlüyünə nəzərdə tutulsa da,
hər iki tərəf danışıqları davam etdirmək istədiyi üçün həftə sonuna kimi davam
edəcək.
Quterres Cenevrədə müxbirlərə deyib ki, vasitəçilər Kipr
Respublikasında iki zonalı, iki-icmadan ibarət federal qurumun yaranması üzərində
razılıq əldə etməyə yaxınlaşırlar. Lakin o, uzun zamandır davam edən problemin tezliklə
çözümünün olmayacağını bildirib. "Siz problemin təcili həlli kimi bir möcüzə
gözləməyin. Bizim istədiyimiz problemin tez həll olunması deyil. Biz Kipr və
oradakı icmalar üçün möhkəm və davamlı bir həll yolu tapmaq istəyirik”, - deyə
Qutteres bildirib. BMT-nin baş katibi deyib ki, 43 ildir davam edən bölgüyə son
qoyacaq razılığın əldə olunması bütün dünya üçün bir ümid simvolu ola bilər:
"Biz çox fəlakətli vəziyyətlə üzləşirik. Bizim bir ümid simvoluna ehtiyacımız
var. Mən inanıram ki, 2017-ci ilin əvvəlində Kipr bu simvola çevrilə bilər”.
İndiyədək
aparılan danışıqlar onu göstərib ki, yanvarın 23-də xarici işlər nazirlərinin
mümkün görüşü üçün suallar hazırlayacaq ekspertlərdən ibarət xüsusi komandanın
yaranması təsdiqlənəcək. Kiprin yunan və türk vasitəçiləri bir-birləri ilə
ölkənin beynəlxalq sərhədləri ilə bağlı fikirlərini əks etdirən xəritələr
bölüşüblər. BMT-nin Kipr üzrə nümayəndəsi Espen Bart Eid bunun yaxşı əlamət
olduğunu deyib. "Daha öncə kiprli nümayəndələr arasında özlərinin
hazırladıqları xəritələrin mübadiləsi baş verməmişdi”, - deyə Espen Bart Eid
bildirib.
Onu
da qeyd edək ki, Britaniyanın adada hələ də iki hərbi-dəniz bazası mövcuddur.
Sülh razılığının bir hissəsi olaraq ingilislərə idarə etdikləri Kipr
ərazisindən imtina etmək təklif edilib.
Xatırladaq
ki, Kiprdə müzakirələr Şimali Kipr Türk Cümhuriyyəti prezidenti Mustafa
Akıncının vəzifəyə başlamasının ardından BMT baş katibinin Kipr üzrə xüsusi
nümayəndəsi Espen Bart Aydenin vasitəçiliyində 2015-ci il mayın 15-də yenidən
start götürüb. Cenevrədə keçirilən intensiv müzakirələrdən sonra yanvarın 12-də
Kiprdəki tərəflər və 3 zamin ölkə nümayəndələrinin iştirakı ilə baş tutan
konfransa Yunanıstanın istəyi nəticəsində yanvarın 18-dək fasilə verilmişdi. Kipr
müzakirələri İqtisadiyyat, Avropa İttifaqı, Mülkiyyət, Hakimiyyət-gücün
bölgüsü, Torpaq ilə Təhlükəsizlik və Zəmanətlər olmaqla 6 əsas başlıqdan
ibarətdir.
Bu
arada ŞKTC prezidenti Mustafa Akıncı Cenevrə danışıqlarından sonra bəzi media
orqanlarında yayımlanan xəritələrin həqiqəti əks etdirmədiyinisöyləyib. TRT-yə
müsahibə verənMustafa Akıncı Cenevrə sammiti və Kiprdanışıqlarını
qiymətləndirib. Yunan tərəfinə torpaqbölgüsü ilə bağlıxəritətəqdim
edildiyi barədə iddiaları təkzib edən Akıncı: "Bizim təqdim etdiyimiz torpaq
bölgüsümərhum Rauf Denktaşınimzaladığı "29 faiz”dən çoxdur. Bunu
parlamentdəki bütün partiyalar da təsdiqetdilər. Biz xəritəmizibu çərçivədətəqdim
etdik. Yunanlarıntəklif etdiyixəritə isəqəbuledilməzdir”
deyib.
Cenevrədə
danışıqlarda bərabər statusda iştirak etdiklərini bildirən Mustafa Akıncı rəhbərlik
məsələlərinə də toxunub: "Kipr probleminin həlli Kipr türkünün də prezident
olmasına imkan verəcək. Yeni sistem çərçivəsindəadaya bir dövr Kiprin türk
tərəfi, iki dövr isə yunan tərəfi rəhbərlik edəcək. İkiqurucu dövlət
olacaq. Yəni kiprli türklərin ayrı parlamenti, hökuməti, polis təşkilatı,
məhkəmələri olacaq. Qurucu dövlət kimi müəyyən sahələrdə beynəlxalq müqavilə
imzalama şansımız da olacaq”.
Türkiyənin
məsələ ilə bağlı mövqeyinə gəldikdə baş nazir ötən gün maraqlı bir açıqlama
verib. "Şimali Kipr Türk Cümhuriyyətini satmaq nə deməkdir? Çox ayıbdır.
Hədlərini bilsinlər. Kiprlə bağlı bizim də qırmızı xəttimiz var”, - deyə baş
nazir Binəli Yıldırım bildirib. "Türkiyənin təsir dairəsindən və
təhlükəsizliyindən heç bir şərtə görə imtina edilə bilməz. Əgər iki toplumlu
dövlət qurulacaqsa, bu dövlətdəki idarəetmə ədalətli şəkildə olmalıdır. Torpaq
və ərazi məsələlərində də fikrimiz qətidir. Türkiyənin haqqı tapdalana bilməz.
Qısacası, hər iki tərəf razılıqdan məmnun olmalıdır”, - deyə B.Yıldırım
bildirib.
Qeyd
edək ki, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Öztürk Yılmaz
Türkiyə iqtidarının Kipri güzəştə getdiyini iddia edib.
Yeri
gəlmişkən, nəşrlər problemin həllində Rusiyanın maraqlı olmadığını, hətta
danışıqlar prosesini pozmaq istədiyi barədə iddialar səsləndirirlər. Məsələn, "Bloomberg”
iddia edir ki, Rusiya prezidenti Vladimir Putin Kipr danışıqlarının uğursuz
başa çatmasını istəyir. Nəşr yazır ki, Rusiya bu danışıqlarda iştirak etmək
istərdi, lakin onu bura dəvət etməyiblər. Qeyd edilir ki, adanın
birləşdirilməsi Rusiyanın regiondakı maraqlarına zidd ola bilər: "Adanın yunan
hissəsində 40 min rus yaşayır. Onlar burada daşınmaz əmlaka malikdirlər, eləcə
də Kipr onlar üçün ofşor zona rolunu oynayır. Rusiyanın bura birbaşa
investisiyalarının həcmi milyardlarla dollarla ölçülür. Rusiya Mərkəzi Bankının
məlumatına görə, tək ötən ilin iki rübü ərzində Rusiyanın bura yatırdığı
investisiyanın həcmi 2,8 mlrd. dollar olub. Ötən il bura 225 min rus turist
gəlib. Adanın birləşməsi həm də burada NATO-nun mövqeyinin güclənməsinə səbəb
olacaq”.
"Politico”
saytı isə yazır ki, Rusiya pərdəarxası metodlarla danışıqlar prosesini pozmağa
çalışır. Müəllif yazır ki, Rusiyanın Kiprə ciddi təsir etmək imkanı var: "Onun
yunan icmasında məmurlar və siyasilər arasında ciddi tərəfdarları var. Danışıqların
iflası Putinə həm də ona görə sərf edir ki, bununla o, Yunanıstan və Türkiyə
arasında münasibətləri gərginləşdirməyə də nail olmaq istəyir”.
Azər