AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Kamil Vəli Nərimanoğlu bilmədiyi şeydən danışır

Kamil Vəli Nərimanoğlu bilmədiyi şeydən danışır

Təfsilat
31 Avqust 2013, 10:19 2218
Akademik İsa Həbibbəylinin «Kaspi»yə müsahibəsində yer alan fikirlərə professor Kamil Vəli Nərimanoğlu «Azadlıq» qəzetində münasibət bildirib. Qəzetin «tutarlı cavab» başlığı ilə təqdim etdiyi materialı tarixi tutarlı təhrif etmə kimi qiymətləndirsək daha düzgün olar.

Akademik İ.Həbibbəyli sözügedən müsahibəsində Azərbaycan cəmiyyətində ziyalı mövqeyi, ziyalının proseslərdə yeri və rolu məsələlərinə münasibət bildirib. Bir müddət öncə fəallıq göstərən Ziyalılar Forumu adlı qurumun seçki ərəfəsində birdən-birə yoxa çıxması müəmmasına bir alim-ziyalı kimi aydınlıq gətirməyə çalışıb. Cəmil Həsənlinin və dövlətə qarşı barışmaz münasibəti ilə seçilən kəslərin Azərbaycan ziyalılarının mövqeyini ifadə etmədiyini bildirib.

Səsi yalnız seçkidən-seçkiyə eşidilən hörmətli K.V.Nərimanoğlu gərək ki alternativ fikrə hörmətlə yanaşmanın nə demək olduğunu yaxşı bilir və elə ona görə də İ.Həbibbəylinin müsahibəsinə hikkəylə, təhqirlə yox alim etikası çərçivəsində münasibət sərgiləyə bilərdi. Amma o, akademiki Rüstəm İbrahimbəyovun mövqeyini bölüşmədiyinə görə aşağılayıb, yerinə düşməyən və özünə yaraşmayan ifadələr işlədib. R.İbrahimbəyovu az qala dissident yazıçı kimi təqdim edən K.V.Nərimanoğlu riyaziyyat üzrə alim olsaydı, bəlkə də başa düşmək olardı, amma o, filologiya elmləri doktorudur. O, ötən əsrin 80-ci illərinin əvvəlində bir neçə dəfə Bakıda rus dram teatrında səhnəyə qoyulmuş İbrahimbəyovun «Ultimatum» pyesini «Xalq Cümhuriyyətinin haqqını ortaya qoyan» əsər kimi təqdim edir. Ya bilərəkdən, ya bilməyərəkdən. Bilərəkdəndirsə onda yazımızın tonu başqa cür olardı. Çox güman ki, bilməyərəkdən… Onda biz professoru məsələdən hali edək, necə deyərlər öyrənmək heç zaman gec deyil.

Xatırladaq ki, «Ultimatum»u dissident əsər kimi ictimai fikrə yeridilməsi Cəmil Həsənlinin «xidmətləri» sayəsində mümkün olmuşdur. C.Həsənli var qüvvəsi ilə əyninə milli paltar geyindirərək tarixə yerləşdirmək istədiyi İbrahimbəyovun vəkili kimi çıxış etdiyindən müsahibələrinin birində haqqında bəhs olunan pyesi Cümhuriyyət ideyalarını təbliğ edən əsər kimi qiymətləndirmişdi.

Sən demə, Sovet İttifaqının və müstəqil Azərbaycanın bütün titullarına layiq görülmüş ssenarist əməlli-başlı dissident imiş! Sən demə, hələ 80-ci illərdə rus dramasında səhnəyə qoyulan «Ultimatum» pyesi ilə İbrahimbəyov Xalq Cümhuriyyəti irsinə müraciət eləyib, Azərbaycanın müstəqillik məsələsini qaldırıb, «müsavat» sözünü sovet totalitarizmi şəraitində ictimai dövriyyəyə gətirib. Hələ kontekstdən çıxarılmış sitatlarda əsil patriot ürəyi döyünür... Yaxşı ki, Cəmil müəllimin hipotezalarına söykənən Kamil müəllim demir ki, 80-ci illərin rus dramasının səhnəsində dekorasiya yerinə üç rəngli bayrağımız asılıbmış. Yalana bax! Bu qədər də yox də! İbrahimbəyov hara, Cümhuriyyət hara? Sosializm realizminin nümunəsi olan bir pyesi kontekstdən çıxarılmış sitatlarla milli qiyafədə təqdim eləmək elə «milli» sözünə xəyanətdir. Sovet dövründə çəkilmiş «26-lar» filmində Cümhuriyyətin parlamenti göstərilir, «Qatır Məmməd»də, «İşarəni dənizdən gözləyin» kimi filmlərdə isə hətta Nəsib bəy Yusifbəylinin obrazı yer alır, «Ulduzlar sönmür»də Cümhuriyyət xadimlərinin dialoqları verilib. İndi həmin əsərlərdə obrazlararası dialoqları kontekstdən çıxarıb, özümüz bildiyimiz kimi yozaraq cəsarət nümunəsi kimi təqdim eləmək olarmı? Ümumiyyətlə, ədəbiyyata belə konyuktur aspektdən yanaşmaq nə dərəcədə düzgündür? Çingiz İldırımın Cümhuriyyət parlamentinə təqdim etdiyi işğalçı sənədin – ultimatumun adı ilə adlandırılan Azərbaycanda sovet hakimiyyətinin qurulmasına həsr olunmuş əsəri dissident adlandırmaq olarmı? Kim haqlıdır Kamil müəllim, bilmədiyini danışan siz, yox «ortabab ədəbiyyatçı» adlandırdığınız İsa Həbibbəyli?

İbrahimbəyov sizin kimi rayondan Bakıya (oxu – onun şəhərinə) gələnləri görəndə allergiyası tutduğunu az qala bütün povestlərində yazıb. Çox uzağa getməyək 2006-cı ildə çəkdiyi «Əlvida, Cənub şəhəri» filminə baxın və sizin kimi rayon adamlarının necə ələ salınıb aşağılandığının, Bakının əyyaş erməni-rus mühitini qaçqınların necə «vəhşicəsinə» dağıtdığının, Azərbaycan kişisinin mənəvi dəyərlərinə qurumsaqcasına tüpürülərək əski parçasına çevrilməsinin şahidi olun.

Fuad Qəhrəmanlı