İxrac missiyamız Çinin Quancou şəhərindədir
Azərbaycanın ilk ixrac missiyasının Çinə səfəri
davam edir. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "Kaspi"yə bildirilib ki, şərab istehsalı və ixracı
ilə məşğul olan yerli şirkətlərin nümayəndələrindən ibarət ixrac missiyası
dünyada şərabçılıq sahəsində ən böyük sərgilərdən hesab olunan Quancouda
"İnterwine” Beynəlxalq Şərabçılıq Sərgisində iştirak edir. Müxtəlif ölkələrdən
2000-dən çox şirkətin qatıldığı sərgidə Azərbaycan şərabları maraqla
qarşılanıb, Azərbaycan istehsalı olan "Savalan” şərabı mükafata layiq görülüb.
Sərgi iştirakçılarına
həmçinin, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti,
ölkəmizdə istehsal olunan rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar barədə
məlumat verilib, müxtəlif çap materialları təqdim olunub. Sərgi çərçivəsində
Azərbaycan iş adamları çinli həmkarları ilə əməkdaşlıq imkanlarına dair müzakirələr aparıb,
şərab istehsalında tətbiq olunan yeni texnologiyalarla tanış olub, AZPROMO-nun Çindəki
nümayəndəlyinin dəstəyi ilə yerli distributorlar və potensial müştərilərlə
görüşlər keçiriblər.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə
Azərbaycanın ilk ixrac missiyası Çinə səfər çərçivəsində 9-13 noyabr
tarixlərində Honq Konqda Beynəlxalq Şərab və Spirtli
İçkilər Sərgisində iştirak edib, bir sıra Çin şirkətləri ilə görüşlər
keçiriblər.
İxrac missiyasının Çinə səfəri noyabrın 15-dək davam
edəcək. Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli
"Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların
araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan” brendinin xarici
bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə
sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və
layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin
müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq
olunması haqqında” Fərmanına uyğun olaraq, ixrac missiyasının xərcləri dövlət
tərəfindən qarşılanır.