• cümə, 26 Aprel, 19:20
  • Baku Bakı 22°C

IV İslam Həmrəyliyi Oyunları İslam ölkələrinin mətbuatında geniş işıqlandırılıb - Fotolar

25.05.17 15:32 996
IV İslam Həmrəyliyi Oyunları İslam ölkələrinin mətbuatında geniş işıqlandırılıb - Fotolar
"12-22 may tarixində Azərbaycan ictimaiyyəti böyük idman, eyni zamanda ictimai-siyasi hadisəyə şahidlik etdi. Ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarına ən yüksək səviyyədə ev sahibliyi etməsindən, idmançılarımızın nümayiş etdirdiyi bacarıqlardan, qazandıqları qələbələrdən qürurlandıq, Azərbaycanla bir daha fəxr etdik. Bu yarışların ölkəmizdə keçirilməsi ilə İslam aləminin həmrəylik prosesində yeni mərhələyə start verildi. Biz beynəlxalq ictimaiyyətə sübut etdik ki, İslam dünyasının gəncləri müharibə meydanlarında, səngərlərdə, münaqişə ocaqlarında deyil, idman arenalarında qarşı-qarşıya gəlməli, birlik-bərabərlik uğrunda mübarizə aparmalıdırlar. Bütün bu proseslər sülh və əmin-amanlıqla müşayiət olunmalıdır”.

Bu fikirləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov"IV İslam Həmrəyliyi Oyunlarının İslam ölkələri mediasında işıqlandırılması” mövzusunda bu gün Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunan "dəyirmi masa”da səsləndirib. İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən tədbirdə o, İslam dünyasının da daxili inteqrasiyaya, həmçinin könül körpüsünün yaradılmasına, əlaqələrin daha da gücləndirilməsinə ehtiyacı duyduğunu dilə gətirib. Bildirib ki, zaman-zaman bu əlaqələrin olmaması, bəlkə də bilərəkdən ölkələrarası münasibətlərə xələl gətirilməsi səbəbindən hazırda bəzi İslam dövlətlərində ziddiyyətlər, qanlı toqquşmalar müşahidə edilir. Administrasiya rəsmisinin sözlərinə görə, birmənalı olaraq demək olar ki, İslam dünyasında həmrəyliyin təmin olunması istiqamətində öz üzərinə götürdüyü missiyanı Azərbaycan uğurla davam etdirir. B.Həsənov qeyd edib ki, Azərbaycan mədəniyyəti İslam sivilizasiyasının formalaşmasında çox mühüm elementdir. O, İslam ölkələri arasında əməkdaşlıqda media həmrəyliyinin də çox mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb: "Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları İslam dünyasının mətbuatında da geniş işıqlandırıldı. Biz bir daha şahidi olduq ki, İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının təsis edilməsi çox gözəl ideyadır. Bu Oyunlar assosiasiyanın yaradılmasının zəruriliyini bir daha nümayiş etdirdi. Əminik ki, bu Oyunlar gələcəkdə İslam həmrəyliyinin daha da güclənməsinə öz töhfəsini verəcək”.

"İrşad” Dini Araşdırmalar Mərkəzinin direktoru Rafiq Əliyev Azərbaycanın son illər beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi etdiyini söyləyib. Qeyd edib ki, Bakıda keçirilən "Avroviziya-2012”, "Bakı-2015: I Avropa Oyunları” kimi, "Bakı-2017: IV İslam Həmrəyliyi Oyunları” da öz möhtəşəmliyi ilə seçilib. Onun sözlərinə görə, bu Oyunlar bütün İslam ölkələrinin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb ki, bu da Azərbaycanın dünyada daha da tanıdılmasına səbəb olub.

İƏT-ə üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov da IV İslam Həmrəyliyi Oyunlarının müvəffəqiyyətlə keçirildiyini qeyd edib. O, bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın böyük əməyi sayəsində İslamiada ən yüksək səviyyədə təşkil olunub. F.Abbasovun fikrincə, bunu bütün İslam ölkələrinin KİV-lərində yayılan informasiyalarda da açıq-aydın görmək olar: "Ötən əsrin 60-cı illərindən, mən şərqşünas kimi İslam şərqində baş verən olayları çox yaxından, içdən izləmişəm, İslam birliyi haqqında şüarları çox eşitmişəm, bu mövzuda regional toplantıları da yaxından izləmişəm. Neçə-neçə İslam dövləti liderlərinin birliyə çağırışlarını dinləmişəm. Lakin onların heç birini bu il Azərbaycanın, onun liderinin İslam birliyinə və həmrəyliyinə verdiyi möhtəşəm töhfələrlə müqayisə etmək olmaz. Hamımızın gözü qabağında bir sıra müsəlman ölkələrinin dağıdılması, uşaqlı-qocalı milyonlarla müsəlmanın qaçqına çevrilməsi, bəzi Qərb dairələrinin yeritdiyi İslamofobiya siyasətinin fonunda Azərbaycan prezidentinin 2017-ci ili İslam Həmrəyliyi ili elan etməsi və IV İslam Həmrəyliyi Oyunları ilə onu reallaşdırması siyasi iradə tələb edirdi. Bu siyasi iradənin kökü İslam ümmətinə sevgidən qidalanır. Tək müsəlman xalqları deyil, bütün dünya əmin oldu ki, Azərbaycan prezidenti İlham Əliyev öz dilinə, dininə, kökünə qırılmaz tellərlə bağlıdır. IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsində böyük əməyi olan Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevadan başlayaraq, sadə könüllü gənclərə kimi, hamılıqla elə bir müsbət aura yaradılıb ki, bu aura təkcə Bakıya gələn idmançılara, onları müşayiət edən jurnalistlərə, azarkeşlərə, turistlərə, bütün İslam ölkələrində müsəlmanlara sirayət edib. Biz bunu İslam dövlətləri mediasında Oyunlar haqqında gedən yazıların hər sətrində, hər kəlməsində duyurduq”.

Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarx IV İslam Həmrəyliyi Oyunlarının 100 milyonlarla insan tərəfindən izləndiyini bildirib. Qeyd edib ki, Mərakeş mətbuatında, telekanallarında da IV İslam Həmrəyliyi Oyunları geniş işıqlandırılıb: "Bu oyunlar Azərbaycanın yeni infrastrukturunu görmək üçün böyük fürsət idi. Azərbaycan həm də bu oyunlarda turizm infrastrukturunu təqdim etdi. Azərbaycanda gözəl hotellər, aeroportlar, turizm guşələri var. Bu turizm imkanları Azərbaycana gələcəkdə qeyd olunan sahədə daha da inkişaf etməyə imkan verəcək. Bununla yanaşı, Oyunlar çərçivəsində idmançılar Azərbaycanda təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasının şahidi oldular. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi çox uğurla fəaliyyət göstərdi. Mən oyunların yüksək səviyyədə təşkil olunması ilə əlaqədar Azərbaycan xalqını təbrik edirəm”.

"Dəyirmi masa"da Türkiyə, İran, İndoneziya və digər ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri də çıxış edərək IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunmasından söhbət açıblar.
Tədbirin sonunda Misir yazıçısı Ahmed Abdo Tarabikin "Qarabağ - Qafqazda sülhə aparan yol" kitabının da təqdimatı olub.

Rufik İSMAYILOV



banner

Oxşar Xəbərlər