“İnternetin qızılı” maliyyə dünyasını dəyişmək iddiasındadır
"Bitkoin şirkətinin
səhifəsinə daxil olub qeydiyyatdan keçirsiniz, öz elektron pulqabınız olur.
Sonra həmin internet səhifəsi vasitəsilə bitkoin sifariş edə bilirsiniz.
Aldıqdan sonra o artıq sizin pulqabınıza yüklənir. Bu həm ödəniş vasitəsi olur,
həm də yığım” – bu sözləri bizimlə söhbətində iqtisadçı alim Vüqar Bayramov dedi.
Təbii ki, orda tək
bitkoin qeyd olunub, amma ümumilikdə elektron pul yalnız ondan ibarət deyil. Onecoin, Ethereum, Steem, Ripple, Litcoin, The DAO,
NEM, Dash, MaidSafeCoin və s. növləri var. Hələ bir neçə il öncə mütəxəssislər
açıqlamalarında elektron pulların gələcəkdə ən tələbatlı valyuta olacağını,
kağız pulların tarixə qovuşacağını desələr də, buna inananlar elə də çox
olmurdu. Amma artıq proseslər internet qızılının həmin gələcəyinin gəldiyini
göstərir. Bizdə hələ istifadə olunmasa da, artıq hər kəsin demək olar ki, diqqət
mərkəzindədir, hətta gəlirlilik məsələsi elədir ki, çox adam onları əldə etmək
haqqında düşünür. Bəs necə əldə edə bilərik? Bu valyuta növləri bir-birindən nə
ilə fərqlənir? Ümumiyyətlə, bu mövzuda nələri bilməliyik?
"Bankda
hesab olmadan hesablaşmalar aparmağa imkan verir”
Vüqar Bayramovdeyir ki, kriptovalyutalar valyuta bazarında yeni məhsul kimi xarakterizə
olunur: "Elektron hesablaşmaların inkişaf etməsi və innovasiyanın genişləməsi
ilə bu da aktuallaşır. 1998-ci ildən dövriyyəyə buraxılan kriptovalyutaların
növləri bu gün kifayət qədər çoxdur”.
İqtisadçı bildirdi ki, bitkoinin
digər kriptovalyutalardan fərqi ilk mərkəzləşdirilməmiş elektron valyuta
olmasıdır: "Əvvəlki dövrlərdə dövriyyəyə buraxılmış kriptovalyutalar mərkəzləşdirilmiş
olub. Mərkəzi Bank və ya müəyyən banklar tərəfindən idarə olunub. Bitkoin isə
bununla valyuta bazarına bir yenilik gətirib. Üstünlüyü ondan ibarət idi ki, vətəndaş
və ya bitkoin sahibləri bank hesabı olmadan ödənişlər həyata keçirsin. Bu isə mərkəzi
banklara olan tələbi azaltdı. Mərkəzi Bank bank sektorunun tənzimləyicisidir.
Hesablara nəzarət edir. Amma artıq mərkəzləşdirilməmiş valyutalar Mərkəzi
Bankın müdaxiləsi, bankda hesab olmadan hesablaşmalar aparmağa imkan verir. Bu
zaman bitkoin sahibi olan şəxsin özünün elektron pulqabı olur, onun vasitəsilə
ödəniş həyata keçirə bilir. O baxımdan kriptovalyutalar nəinki valyuta
bazarında, ümumilikdə sənaye inqilabı kimi xarakterizə olunur. Güman olunur ki,
əslində öncədən də gözlənildiyi kimi, sənaye inqilabı artıq sənayedə deyil,
maliyyə və xidmət sahəsində baş verir. Nəticədə biz kriptovalyutanın dövriyyəyə
buraxılması ilə yeni inqilabı müşahidə etməkdəyik”.
"Dünyada
heç bir əmtəə bu qədər dəyər qazanmayıb”
Ümumilikdə kriptovalyutaların
üstünlüyünə gəlincə, iqtisadçı deyir ki, məhz bu tərəfləri elektron pulları cəlbedici
edir: "Həm yığım, həm də ödəmə vasitəsidir. Bitkoinə sahib olan şəxs pulunu
elektron pulqabında saxlayır, pulu dollarla ifadə olunur, amma yığımdır. Son
bir ildə bitkoinin qiyməti 11 dəfə artıb. 12 min dollardan bahadır. Təcrübədə
dünyada heç bir əmtəə bu qədər dəyər qazanmayıb. Kriptovalyutaya sahib olan şəxs
gəlir əldə etmə imkanına sahibdir. 100 dollarllıq kriptovalyutaya malik olan şəxs
artıq 1000 dollar gəlir əldə etmək imkanı qazanıb. Yığım vasitəsi kimi də cəlbedicidir.
Ödənişlər həyata keçirməyə imkan verir. ABŞ da daxil olmaqla, əksər ölkələrdə
artıq nəinki onlayn internet şirkətlərində kirptovalyuta ilə ödəniş etmək
mümkündür, hətta bu alış-verişlərdə güzəşt tətbiq edən şirkətlər də var.Bitkoin həm də yığım vasitəsidir.
Plastik kartlar bu rolu oynamır. Gəlir gətirmir, sadəcə vəsaiti orda
saxlayırsan. Gəlir üçün əmanət hesabına pulu qoymalısan. Plastik kartdakı məbləğ
depozit statusu qazanmaqla illik depozit faizi gələ bilər. Amma bitkoin elədir
ki, anlıq satılır, nəticədə içərisindəki məbləğ artır”.
"Mərkəzi
bankların bitkoinə münasibəti birmənalı deyil”
V.Bayramov deyir ki, mərkəzi
bankların bitkoinə münasibəti birmənalı deyil: "Bu da başadüşüləndir. Çünki
hesablaşmalar olmadan ödəniş etmək mümkündür. Nəticədə bu, mərkəzi banklar üçün
heç də məqbul hesab edilmir. Əksər mərkəzi banklar elektron pulların dövriyyədə
olmasından narazı ola bilərlər, amma bu, reallıqdır. Nəticə olaraq bitkoinun
qiymətinin qalxması, dövriyyənin yüksəlməsi, ilk bitkoin milyarderinin
yaranması ondan xəbər verir ki, bu proses sürətlənir”.
İqtisadçı onu da bildirdi ki, Azərbaycanda
Mərkəzi Bank və digər banklar artıq bu sistemə hazır olmalıdırlar: "Azərbaycan
vətəndaşları da bitkoinə sahib ola bilərlər, son dövlər bizdə də buna marağın
artması müşahidə olunur. Onlar bitkoinin internet səhifəsinə daxil olmaqla
asanlıqla buna sahib ola bilərlər. Azərbaycanda virtual pulları qadağan edən hər
hansı qanun yoxdur. Mərkəzi Bank, güman edirəm ki, elektron pulların dövriyyəsinə
və fəaliyyətinə, yeni bir virtual Mərkəzi Bank sisteminə hazırlaşmalıdır.
Banklarımız yeni virtual valyuta bazarındakı əməliyyatlara hazır olmalıdırlar
ki, bu daha da qloballaşanda, nəinki regional və qlobal səviyyədə, həm də ölkə
daxilindəki mövqelərini itirməsinlər”.
Bitkoindən
sonra ikinci güclü elektron pul: ethereum
ElektronTicarət İcmasının (ETİ) rəhbəriRəşad Camaldeyir
ki, elektron pullardan danışırıqsa, ilk olaraq bunun arxasında duran blokçeyn (blockchain)texnologiyasına toxunmaq lazımdır: "Dünya İT
sisteminin indiyə qədər gəlib-gələcəyi ən böyük, ən güclü, təhlükəsiz və şəffaf
texnologiyadır. Bu texnologiyanın üzərində kim oturursa, hansı əməliyyatları
edirsə, həmin kriptovalyutaların üzərində görür. Məsələn, pul transfer etmək
istəyirsə, bunu bitkoinlə, yaxud litcoin, manera ilə edir. Bir qrup valyuta var ki, onlarla yalnız
smartkontraktlar həyata keçirilir. Onun adı ethereumdur. Bu, bitkoindən sonra ikinci güclü elektron
puldur. Bu kriptovalyuta ona görə yaradılıb ki, bir şirkət digər şirkətlə ethereum texnologiyası üzərində
elektron kontrakt imzalayır. Bu blokçeynlə bərabər ethereumu qəbul edən kimlərdir? Onlar "Thomson
Röyters”, BP, Kanadanın Mərkəzi Bankı, Microsoft və s. kimi şirkətlərdir. Biz
kriptovalyutaya dəyər verərkən onun arxasında hansı texnologiyanın durmasına və
o texnologiyadan hansı qlobal şirkətlərin istifadə etdiyinə və ya yaxın zamanda
istifadə etməyi planlaşdırmasına baxmalıyıq”.
Pul
30-40 dəqiqəyə çatsın, yoxsa iki-üç günə?
Bitkoin niyə digərlərindən
güclüdür? R.Camal bu sual ətrafında da danışdı. Bildirdi ki, bunu bir çox səbəblərlə
əlaqələndirmək olar: "Bitkoin 6 ildir yaranıb. Digər 98 faiz valyutaların alqı
və satqısı onun vasitəsilə olur. Bitkoin birinci yaranmış valyutadır, ən güvəniləndir.
İllərdir bununla pul köçürən qlobal şirkətlər var. Banklardan pul köçürülməsi bəzən
3 gün çəkə bilir, bitkoinlə isə 35 dəqiqə vaxt gedir. Bir qlobal, milyardlarla,
milyonlarla pul köçürən şirkət üçün bu çox ciddi məsələdir. Pul 30-40 dəqiqəyə
çatsın, yoxsa iki-üç günə? Əlbəttə ki, bütün şirkətlər sürətli mexanizm istəyirlər”.
R.Camal deyir ki, elektron
valyutalar digər valyutalar kimi limitsiz deyil, bu da onun dəyərinin
qalxmasına gətirib çıxarır: "Elektron valyutalar ona görə dəyərləndirilir ki,
onlar digər valyutalar kimi limitsiz deyil ki, böyük korporasiyalar, dövlətlər
nə qədər istədi kəsib dövriyyəyə buraxsın. Biznesdə tələb çox olanda istehsalçı
təklifi artırır, daha çox istehsal etməyə başlayır. Çox istehsal etdikcə, məhsulun
qiyməti qalxmır. Burda limit olduğu üçün tələbat artdıqca, təklif yox, dəyər
qalxır. Bu, limitlidir, ona görə dəyəri qalxır”.
Məlumatlı
olmadan bazara daxil olmayın
Müsahibimiz deyir ki, qonşu ölkələrdə
artıq bu texnologiyaların imkanlarından geniş şəkildə istifadə olunur: "Gürcüstan,
Rusiya, Ukrayna, Türkiyədə bu cür valyutalardan geniş şəkildə istifadə olunur.
Ümid edirəm ki, bizim ölkəmizdə də blokçeyn texnologiyası tətbiq ediləcək,
çünki bu, güclü texnologiyadır”.
R.Camalın sözlərinə görə, güvənli,
arxasında güclü texnologiya dayanan 20-yə yaxın valyuta var. Amma bu o demək
deyil ki, yenisi bazara daxil olmur.
Müsahibimiz sonda bildirdi ki, nə
qədər aktual, cəlbedici gəlsə də, bu istiqamətdə tam məlumat əldə etmədən
bazara daxil olmaq doğru yanaşma deyil: "Mənim fikirlərim investisiya yönləndirməsi
ola bilməz. Heç bir oxucu nə mənim, nə də başqa mütəxəssisin fikri ilə nəinki
valyutalara, heç bir biznesə investisiya etməsin. Hamı öz ağlı, bacarığı ilə
oxusun, maliyyə savadı yoxdursa, maliyyə alətləri ilə işləməyibsə, bura daxil
olmasın. Məsələn, bitkoini 10 min dollara alırsınız, qiyməti bir həftəyə düşüb
9 min dollar olur, siz tez təlaşa düşüb,
9 minə satırsınız. Nəticədə zərərə uğrayırsınız. Dayanıqlı və arxasında güclü
texnologiya duran elektron valyutanın yarandığı gündən hansısa ili zərərlə
bağladığını görməmişəm. Amma bu o demək deyil ki, belə bir şey olmayacaq. Ola
bilər ki, hansısa valyutanın dəyəri 80 faiz düşsün. İnsanlar çoxlu oxusunlar, təkcə
ölkəmizdə yox, digər ölkələrdəki internet resurslarının məlumatlarını öyrənsinlər,
video məlumatlara baxsınlar, ən uzaq ölkələrlə bağlı belə araşdırma aparsınlar,
dərin biliyə malik olandan sonra özləri qərar versinlər”.
Aygün Əhmədova
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir