İnsanlığın taleyini dəyişəcək çiplər - Fotolar
İxtiraları və gördüyü işlərlə bütün dünyaya özünü
sübut edən Elon Mask yenə də dünya mətbuatını həyəcanlandıracaq açıqlamalar
verib. İnsan beyni ilə kompüterləri birləşdiməyi hədəfləyən Mask, insanlığın
taleyini dəyişdirməyə hazırlaşır. Biz də elektronika mühəndisi ilə Maskın
dünyanı lərzəyə gətirən, bəlkə də klassik insanlığı "bitirəcək” layihəsini müzakirə
etdik.Həmsöhbətimiz İlkin Nəsirlidir.
İlkin 1994-cü ildə Gəncədə
anadan olub. Azərbaycan Texniki Universitetinin Elektronika, telekommunikasiya
və radiotexnika ixtisasını bakalavr və magistr dərəcələri üzrə bitirib. Hazırda
süni intellekt üzərində çalışır. Həmçinin müəllimdir və gənc nəslə daha rahat şəkildə,
cizgi filmləri vasitəsilə elektronikanı izah edir: "Bizim sahə çox geniş, əvvəli
və sonu bilinməyən elm sahəsidir. Mən öyrənmək üçün çox əziyyət çəkmişəm. Ona
görə də bir mövzu üzərində aylarla dayanmaq əvəzinə, fərqli metodlar ilə
elektronikanı öyrətməyə çalışıram”.
İki il bundan öncə Tesla
Motors və SpaceX-in qurucusu, Cənubi afrikalı iş adamı Elon Mask NeuraLink adlı
yeni bir şirkət qurduğunu və insan beynini kompüter interfeyslərinə bağlamaq
üçün texnologiyalar üzərində çalışdığını bildirmişdi. Ötən gün isə layihənin
hazır olduğunu ictimaiyyətə açıqladı. Bəs texnoloji inqilab effekti verəcək
layihə nədir? Əgər bu, həyata keçərsə, insanlığı nə gözləyir?
"İnsan
beyninə mikroçip yerləşdiriləcək”
Maskın şirkəti qurmaqda məqsədi
insan beyninə mikroçip yerləşdirib, neyronları müşahidə etmək, gələn
informasiyanı rəqəmsal siqnallara çevirib kompüterə ötürmək idi. İlkin deyir
ki, iki ildir bu layihə haqda xəbər gözləyib və araşdırmalar aparıb: "Elon Mask
PayPal, SolarCity, Tesla avtomobilləri, SpaceX layihələri ilə bizlərə
mümkünsüzü mümkün etməyə inandırmağı bacardı. Bu layihə digərlərindən fərqlidir
və çox zəhmət, risk tələb edir. Məlumatlara görə, layihə artıq siçanlar üzərində
test olunub. Birinci mərhələdə 1000 ədəd neyronu izləmək üçün saç telindən də nazik
olan implantlar neyronlarla rabitə bağlantısı yaradacaq və bununla da
neyroendogen qrupuna daxil olan xəstəlikləri sağaltmaq mümkün olacaq. Məsələn,
parkinson xəstəliyi, avtoqəzalarda beyindən qaynaqlanan xəstəliklər müalicə
olunacaq, görmə qabiliyyətini itirmiş insanların görmə, eləcə də eşitmə,
danışma qabiliyyətləri bərpa olunacaq. Qocalarda tez-tez qarşılaşdığımız
hippokamp bölgəsində olan zədələnmiş neyronlar nəticəsində unutqanlıq, yadda
saxlamama kimi problemlər aradan qalxacaq. Yəni beyindəki neyronlar bu çiplər
vasitəsilə, rəqəmsal sinir şəbəkələri ilə əvəz olunacaq. Bundan əlavə,
nevroloji müayinə metodu olan elektroensefaloqrafiyanı artıq neuralink özü
analiz edib, insanı depressiyadan çıxaracaq. İflic olan insanlar da yenidən öz əvvəlki
vəziyyətlərinə dönə biləcəklər. Neuralink çipləri beyinə aşağı gərginlikli cərəyan
verməklə, xroniki depressiya kimi psixi xəstəlikləri də yaxşılaşdıracaq. Bu,
hazırda xaricdəki xəstəxanalarda tətbiq olunan müalicə metodudur”.
İlkinin sözlərinə görə,
birinci mərhələdə bu layihənin məqsədi xəstəlikləri aradan qaldırmaq olsa da, daha
geniş mövzunu əhatə edir. Gələcək layihələrdə çip internetə bağlanacaq və
kompüterlərə ehtiyac olmadan internetdən məlumatları ala biləcəyik. Yəni kitabı
oxumağa, əzbərləməyə, başa düşməyə ehtiyacımız olmayacaq. Sadəcə pdf fayl kimi
yükləyəcəyik və biləcəyik. Biri ilə danışanda, birini dinləyəndə çox böyük vaxt
itiririk, amma beyinlə bu işləri görsək, sürətli məlumat alış-verişi edə bilərik.
Bir kitab oxuyanda beyində neyronları birləşdirməyə çalışırıq. Bu layihə əziyyət
çəkməyə ehtiyac olmadan özü neyronları birləşdirməyə şərait yaradacaq. Telepatiya
ilə də bu mümkündür. Yəni insan beyni ətrafa elektromaqnit dalğalar yayır və
biz bu dalğaları başa düşüb, rəy bildirə biləcəyimiz texnologiyanı yarada bilsək,
danışmağa və eşitməyə ehtiyac olmadan internetə və ya otaq daxilində Wifi-a
qoşulmaqla çox sürətli məlumat alış-verişi edə bilərik.
"Zəkalı
olmalıyıq ki, həyatda qala bilək”
Bildiyimiz kimi, süni
intellektlər müəyyən sahələrdə artıq insan zəkasının üzərindədir. Elon Mask
düşünür ki, süni intellektlər bir müddət sonra insanlar üçün böyük problemlər
yarada bilər: "Məsələn, özü düşünən, qərar verən bir süni zəkanın olduğunu təsəvvür
edək və o zəkadan təbiəti qorumağı xahiş edək. Süni zəka düşünüb ən rahat
metodu seçəcək və işə insanları yox etməklə başlayacaq. Çünki təbiətə ən çox
ziyan vuran canlı məhz insandır. Bu zaman süni intellektlər ilə problemlərimiz
yaşanacaq. Bu problemləri aradan qaldırmaq üçün biz öz yaratdığımız süni
intellektlərdən də zəkalı olmalıyıq ki, həyatda qala bilək”.
Təkamülün
növbəti inqilabı
İlkin neuralinklə bağlı gələcəkdə
problemlərin olacağını düşünür. Deyir ki, neuralink məhsulu xoş görünsə də, bu
gün internetdə viruslar dolandığı kimi, insan beyni də internetə bağlansa, belə
problemlər sözsüz yaranacaq. Bu da kompüterlərimizə yox, birbaşa beynimizə zərər
yetirəcək. Və ya hakerlər tərəfindən yaddaşımızda olan məlumatlar oğurlanacaq və
bu da böyük problemlərə gətirib çıxara bilər. Bu gün facebook, Whatsapp bütün
yazışmalarımızı demək olar ki, izləyə bilir. Süni intellektlər hansı insanın
necə, hansı təbiətə malik olduğu haqqında analiz edə bilir. Eyni zamanda,
fikirləşək ki, bu layihə ilə insanların beyninə daxil olur və nə düşündüklərini,
necə hərəkət edəcəklərini, nələri edib, nələri etmədiklərini bilirlər. Bu da məlumat
əxlaqının pozulmasına gətirib çıxara bilər. Bundan əlavə, bu layihə həyata
keçdikdən sonra varlı təbəqə daha zəkalı, uzun ömürlü olacaq, aşağı təbəqə isə
artıq fərqli bir canlı növünə çevriləcək və beləliklə, təkamülün növbəti inqilabı
ola bilər”.
"Fantastika
filmlərində gördüyümüz insanlara çevrilə bilərik”
Layihənin ən maraqlı tərəflərindən
biri isə, insan beynindəki xatirələri silmək imkanının olmasıdır. Yəni çip yerləşdirilir
və beyin kompüter vasitəsilə idarə edilir. Səni incidən xatirələri beyindən silə
bilirsən. Şirkətin açılışında danışan Elon Mask, bu cihazdan istifadə edənlərin
beyinlərini ələ ala biləcəklərini vurğulayıb. Neuralink insan növünün gələcəyini
dəyişdirəcək və təkamülünü istiqamətləndirəcək inqilabi texnologiyadır. Şirkətin
məhsullarının potensial imkanları saymaqla bitmir. Bir sözlə, fantastika filmlərində
gördüyümüz insanlara çevrilə bilərik. Mask, cihazı istifadə edənlərin zamanla
süni intellektə məxsus beyinə sahib olacağını vurğulayıb. Əvvəlki açıqlamalarında
isə, süni intellektin təhlükələrinə diqqət çəkib və bu texnologiyanın bəşəriyyətin
sonu ola biləcəyini söyləyirdi. Məhz buna görə, insanları süni intellektlərlə
mübarizə apara biləcək vəziyyətə gətirmək üçün araşdırmalarını davam etdirir. Mask,
insan beyninin süni intellekt ilə işləməsi nəticəsində üstün bir zəkanın
meydana gələ biləcəyini, bəzi nöqtələrdə insanların süni intellektlə
inteqrasiya edə biləcəyini söyləyib: "İnsanların böyük bir qismi saydıqlarımızı
bir çiplə həll edə biləcəyimizi bilmirlər. Şirkətimizin məqsədi insan beynini
süni intellektə bağlayaraq bir növ ortaq yaşam yaratmaqdır. Əlbəttə ki, bunu
kim istəsə, istifadə edə biləcək. Bəs niyə beynimizi süni intellektə bağlayaq?
Birincisi, həyatınızdakı
heç nəyi unutmamaq, ikincisi, adi bir insandan yüz dəfə daha sürətli düşünmək
üçün. Hadisələrə və dünyaya fərqli baxışlarla baxmaq və böyük məlumatları təhlil
etmək üçün süni intellektlə beyin birləşməlidir. Bir sözlə, superağıllı olmaq
üçün beyninizi kompüterə bağlayacaqsınız”.
Elon Mask hazırda
insanlar üzərində təcrübələrin başlaması üçün ABŞ-ın Qida və Dərman Tənzimləmə
Təşkilatından təsdiq gözləyir. 2020-ci ildə artıq layihəyə start verməyi
planlaşdırır. Çiplərdən ilk olaraq klinikalarda xəstəliklərin müalicəsində
istifadə olunacaq. Daha sonra fərdi istifadə üçün veriləcək. Ən əsası isə,
insan beynini yarmadan bu prosesin necə həyata keçiriləcəyi üzərində işləyir.
Qeyd edək ki, NeuraLink
beyin funksiyalarının kompüter məlumatlarına necə çevrildiyinin və ya beyin
hüceyrələrinin necə stimullaşdırıldığının izahını vermir.
Bunlar hamısı fantastika kimi görünsə də, realdır. Necə
ki, 100 il bundan öncə telefonlar, uçan maşınlar, televizorlar insanlara
fantastika kimi gəlirdi.
Aygün
ƏZİZ