“İncəsənətə idmandan gəlmişəm”
Bu gün Azərbaycan gənclərinin səsi dünyanın müxtəlif ölkələrindən gəlir.
Sizə təqdim edəcəyim müsahibim yaradıcılığını Türkiyədə davam etdirən azərbaycanlı
aktyor, ifaçı Nihat Qasımzadədir. O, Türkiyənin ən reytinqli seriallarından
olan "O hayat benim”, "No 309”, "Kırgın
çiçekler” seriallarında dialoqlu obrazlara çəkilib. Bununla bərabər, o, Türkiyədə
fəaliyyət göstərən teatrlarda çalışıb. Yeni layihələrinin hələ qarşıda olduğunu
söyləyən Nihat Qasımzadə ilə söhbətimizi sizlərə ixtisarla təqdim edirik.
- Nihat bəy, incəsənətə
olan maraq sizdə haradan qaynaqlanar, ailənizdə incəsənətlə məşğul olan varmı?
- Ailəm incəsənət aləmindən tamamilə fərqli bir sahə üzrə çalışır. Uşaqlıqdan
bəri özümdən asılı olmayan səbəblərdən incəsənətə böyük marağım olub. Uşaq
yaşlarımdan keyfiyyətli musiqilər dinləyirdim. İzlədiyim Azərbaycan filmlərindəki
musiqilər daha çox diqqətimi çəkirdi. Bir müddət sonra hiss etdim ki, həqiqətən
də gözəl musiqilər dinləyirmişəm (gülürük).
- Nə vaxtdan hiss etdiniz
ki, gözəl səsiniz var?
- Yaxşı səsimin mövcudluğunu bildiyim vaxt beşinci sinifdə oxuyurdum.
Əslində ondan qabaq səsimin qənaətbəxş olduğunu bilirdim. Musiqi müəllimim məni
inandırdı ki, sənin gözəl səsin var. Uşaq yaşlarımda evdə özüm də hərdən zümzümə
edirdim. Bir dəfə musiqi dərsində Azərbaycan himnini oxudum. İfam musiqi müəlliməmin
diqqətini çəkdi. O, mənimlə musiqi fənni üzrə məşğul olmaq istədi. Beləliklə,
yavaş-yavaş musiqi ilə peşəkar şəkildə məşğul olmağa başladım. Düzdür, ailəm
incəsənətlə məşğul olmamı istəmirdi.
- Buna səbəb nə idi?
- Çünki bilirdilər ki, incəsənət sahəsi çox çətindir və sənəti seçən
insanların gecəsi-gündüzü yoxdur, onların həyat tərzi fərqlidir. Atam şadlıq
evlərinin birində administrator vəzifəsində çalışırdı. O, görürdü ki, incəsənət
adamlarının gecə-gündüzü yoxdur. Bu səbəbdən də istəmirdi ki, mən incəsənətlə məşğul
olum. Evdəkilərin fikri ilə haradasa razılaşırdım da. Düşünürdüm ki, hansı
ixtisası istəsələr, o ixtisasa da yiyələnəcəm.
- Bəs sonra nə baş verdi?
- Atam dünyasını dəyişdi. Özüm oturdum düşündüm ki, mən təklif olunan
ixtisasın arxasınca getsəm, gələcəkdə o sahə üzrə necə çalışacam? Anam da mənim
bu sənəti seçməyimə razı deyildi. Nəhayət, anamın iş yoldaşlarının təkidi ilə
onu razı sala bildilər. Hətta ifaçılığa marağım o qədər güclü idi ki, evdəkilərin
xəbəri olmadan təkbaşıma vokal müəllimi tapmışdım. Açığı, heç bilmirdim ki,
musiqinin əlifbası vokaldan başlayır, hər şey təsadüfdən oldu. Evdən gizli
vokal dərsləri alırdım.
- Görünür, bu sənətə gəlmək
üçün xeyli çətinliklərdən keçməli olmusunuz.
- Əgər bir insan həqiqətən bir şeyi ürəkdən istəyirsə, onu nail olmağın
yolunu tapar. Əslində, mən evdəkilərə yalvarmadım ki, mənə razılıq versinlər. Valideynlərim
istəyirdi ki, mən iqtisadçı olum. Digər fənlərə də marağım var idi və o fənləri
də yaxşı oxuyurdum. Evdə demişdim ki, əgər siz istəyən universitetə qəbul
olsam, oxumayacam. Bu sözümdən sonra onlar da mənimlə razılaşdılar. Nəhayət, mənim
öz isti arzularımın arxasınca getməyimə razı oldular. Anam da gördü ki, mənim
çox həvəsim var.
- Bəs necə oldu ki, sənədlərinizi
aktyorluğa verdiniz?
- Əslində aktyorluğu heç ağlımın ucundan belə keçirmirdim. Komplekslərim
var idi. Böyüdüyüm atmosfer, çevrəm tamamilə fərqli idi. Mən incəsənətə tamam
başqa ab-havadan gəlmişəm. Bəlkə də heç kim təxəyyülünə belə gətirə bilməzdi
ki, mən incəsənət gələcəm. Hətta onu da diqqətinizə çatdırım ki, uşaqlıqdan peşəkar
karate ilə məşğul olmuşam. Dünya üzrə birincilik qazanan Azərbaycan karateçilərinin
çoxu mənim məşq yoldaşlarım olublar. Hazırda onlarla da əlaqə saxlayıram.
Dostluq münasibətlərimiz hələ də davam edir. Qısaca deyim ki, incəsənətə
idmandan gəlmişəm.
- Yəqin ki, valideynləriniz
sizin incəsənətdənsə idmanla məşğul olmağınızı istəyiblər.
- Elədir. Beş yaşım olanda Bakıxanov qəsəbəsində yerləşən Adil İsgəndərov
adına mədəniyyət evində rəqsə gedirdim. Valideynlərim gördülər ki, mən bu sənətə meyillənirəm, məni
oradan çıxarıb karateyə qoydular. Çox şükürlər olsun ki, karatedə də müəyyən səviyyəyə
qədər gəldim. Ancaq hiss edirdim ki, mənim istəyim tamam başqa sahəyədir.
- İxtisas seçimində sizə
kimlər kömək etdi?
- Əməkdar artist, tarzən Vamiq Məmmədəliyevlə məsləhətləşdik. Mənim bu
sənəti seçməyimdə onunla bərabər əməkdar artist Teyyub Aslanovun da çox rolu olub.
Əslində mən sənədlərimi Konservatoriyaya verməyə hazırlaşırdım. Onlar məsləhət
gördülər ki, musiqili teatr aktyorluğunu seçsəm, həm vokalı yaxşı öyrənə biləcəm,
əlavə olaraq da aktyorluq və səhnə danışığını mənimsəmiş olacam. Nəhayət, mən
fikrimi dəyişdim. Bu sənəti seçməyimdə o zaman Səda Tədris Teatrının direktoru
Fikrət Məlikovun da böyük rolu oldu.
- Bəs teatra, aktyorluğa
sevginiz necə yarandı?
- Bu sənət elədir ki, bir dəfə səhnənin tozunu udduqdan sonra oranı tərk
etmək istəmirsən. Tələbəlik illərimdə İlham Namiq Kamal, Telman Əliyev kimi
ustad sənətkarlardan dərs almışam. Onlar bu sənəti sevməyimdə vasitəçi olublar.
Tamaşalarda baş rollarda çıxış edirdim. Digər kurslardan çağırıb tamaşalarda
rol verirdilər. Bu peşəni üzərimdə inkişaf etdirdim, ancaq üstünə düşmədim. Diqqətinizə
çatdırmaq istəyirəm ki, mən Pantomima Teatrını daha çox sevirəm.
- Musiqili teatr ilə pantomima
tamam fərqlidir. Pantomimaya meyillənməniz nə ilə əlaqədardır?
- Qarşıma məqsəd qoymuşdum ki, ifaçılıq sahəsi üzrə gedəcəm. Ancaq
insan bilmir sabah başına nə gələcək və o hansı atmosferə düşəcək. Mən Bəhruz
Vaqifoğlu ilə tanış oldum. O mənə qardaş kimidir. Onun tanışlığı ilə Pantomima
Teatrında bir neçə ay çalışdım. Ümumiyyətlə, Pantomima Teatrının yaradıcı heyəti
mənim ikinci ailəmdir. O teatra gedəndə, elə hesab edirdim ki, doğma evimə
gedirəm. Türkiyəyə gəlməsəydim, mənim üzərimdə Pantomima Teatrında bir tamaşa
qurulacaqdı. Bəxtiyar Xanızadə, Elman Rəfiyev, Bəhruz Vaqifoğlunun Pantomima Teatrını
sevməyimdə böyük rolları var. İlk dəfə Bəxtiyar Xanızadə teatrda mənə "Manqurt”
tamaşasında rol verdi. Hətta Adolf Hitlerə bənzədiyimə görə demişdi ki, Hitlərlə
bağlı bir tamaşa hazırlayıb, orada sənə rol verəcəm. Musiqi qrupu ilə işləməyə
başladığım üçün ona vaxt ayıra bilmədim. Qeyd edim ki, həmin tamaşa artıq
teatrın afişasında da var.
- Unutduq axı, siz
ifaçılıqdan gəlmisiniz bu sənətə. Hətta sizi ötən il bir qrupun solisti kimi də
tez-tez görürdük.
- Qrupdan əvvəl əməkdar artist Növrəstəli qardaşları ilə çalışırdım.
Mənə bu sənətdə ən böyük dəstəklədən biri onlardan gəlib. Onlar mənim ailəmin
bir parçasıdırlar. İfaçılıq sənətində əldə etdiyim nailiyyətlərə görə onlara borcluyam.
Hətta qeyd edim ki, Nurlan mənə müəllimlik də edib. Bundan başqa, Şeron
qrupunun rəhbəri Rüstəm Zeynallının musiqi zövqümün formalaşmasında mənə çox
köməyi olub. O ki qaldı qrupdakı fəaliyyətimə, bu qrupdan mənə təklif gəldikdə
razılaşdım. Ancaq nədənsə sonra onlarla sözlərimiz düz gəlmədi. Əsas qrupu
yaradan, bizi bir araya toplayan insanın sənətə baxış bucağı mənə düzgün gəlmədi.
Biz əvvəlcə başqa şey danışmışdıq, ancaq sonradan başqa şeylər baş verdi. Biz
qrupda gözəl musiqilərlə məşğul olmaq istəyirdik, şablon qrup olmaq istəmirdik.
Düzdür, çörək qazanmaq üçün toy mahnıları da oxumaq lazım idi. Konsert verə biləcək,
böyük səhnələrdə çıxış edə biləcək keyfiyyətli qrup olmaq istəyirdik.
- Bu qədər nailiyyət əldə
etdikdən sonra hər şeyi atıb başqa bir ölkədə sıfırdan başlamaq çətin
deyildimi?
- Əlbəttə, çətin oldu. Mənim dostum, tanışım, çevrəm hamısı Azərbaycandadır.
Orada işləmək mənə daha rahat idi. Maddi cəhətdən heç bir problem yaşamırdım.
Orada özümə müəyyən qədər yol qət etmişdim. Burda isə həyatıma sıfırdan
başladım. Mən bura gələndə, Türkiyədə yaşayan universitet yoldaşım, aparıcı,
ifaçı Elyana Əhmədova-Arslanın mənə çox köməyi oldu. Onun həyat yoldaşı mənə
qardaşdan da əzizdir. Mən Türkiyəyə gedəndə, 2 ay onlarda qaldım. Onlar indiyə
qədər də mənə dəstək olurlar. İrəli getməyimdə, tək bir baxımdan deyil, çevrə
toplamaq baxımından İncəsənət Universiteti mənə çox kömək oldu. Orda özümə
yaxşı dostlar qazandım. Mənim hər zaman şansım gətirir. Hər şey əlimdən çıxdığı
bir zamanda sanki mənə başqa bir qapı açılır. Tanrım heç zaman məni naümid
qoymur. Əgər İncəsənət Universitetinə daxil olmasaydım, bu insanları
tanımayacaqdım. Orada adlarını qeyd etmədiyim o qədər insanları tanıdım ki, bu
gün həmin insanların dəstəyini görəndə həqiqətən də çox sevinirəm. Həyatımda
olan hər bir insanın mənim üzərimdə haqqı var. Düzdür, əziyyət çəkərək buraya qədər
gəlmişəm. Mənim üçün hər zaman sənətdən öncə insanlıq, xarakterdir. Elə
insanlar zəng vurub məni axtarırlar ki, gözlərim dolur. Yəni, onlar məni unutmayıblar,
mənimlə maraqlanırlar.
- Bildiyimiz qədəri ilə,
siz Türkiyədə teatrlarda da fəaliyyət göstərirsiniz. İstərdik, bizə bu haqda
biz az məlumat verəsiniz.
- Dostlarımdan biri mənə teatrların email adreslərini göndərdi.
Bildirdi ki, bu teatrlar aktyor axtarır. Mən də CV hazırlayıb onlara göndərdim.
Onlardan biri məni qəbul etdi. Ondan sonra sanki teatr yolunda mənə bir qapı
açıldı. Burada Könül Nağıyeva ilə görüşdüm. Orda pantomimada bir nömrə olan
Vecihi Ofluoğlunun olduğunu bildirdi. Mən də onun "Facebook” profilini tapdım və
ona yazdım. O, mənimlə tanış oldu. Məni aktyor tələbələrindən birinə yönləndirdi.
Orada "Tiyatro Pamntomima teatrı”nın yaradıcı heyəti ilə münasibət qurdum. Bu
teatr Türkiyədə pantomima baxımından ən tanınmış teatrdır.Daha sonra Universitet yoldaşım Kəmalə Mustafayeva teatrların emaillərini
göndərdi. Bir müddət Türkiyədə bu uşaqlarla işlədim. Mən ikinci qrupa daxil
edildim. İkinci qrupdan ana qrupa keçdim. "Kumbara görsel sanatlar tiyatro
topluluğu”nda çalışmağa başladım. Orada biz uşaq tamaşaları hazırlayırdıq. Daha
sonra başqa bir teatra CV-mi yolladım.
- Orada bu sənətə olan
maraq hansı səviyyədədir?
- Burda pantomima çox aşağı səviyyədir. Nəinki Pantomima, musiqili teatr
da onun kimi. Azərbaycanda bu ixtisaslar çox güclü inkişaf edib. Burada bu sahələrdən
pul qazanmaq mümkün olmadığı üçün başqa iş axtarmağa başladım. Yenə də CV-mi
başqa teatrlara göndərdim. Nəhayət, CV qəbul olunmuşdu. Getdiyim teatrda hər kəs
tanışlıq ilə gəlmişdi, yeganə mən oldum ki, CV ilə həmin teatra gəldim. Bir gün
səhər rejissor dostum Bəhruz Mustafayev mənimlə əlaqə saxladı və dostlarının
teatr işi ilə məşğul olduğunu, məni onlara məsləhət gördüyünü dedi. Həmin an
işsiz idim. "FYA yapım” şirketi böyüklər üçün tamaşalar hazırlayır. Azərbaycanda
bu cür tamaşalar hazırlanmır. Yarım saatlıq, mono tamaşalar. Bu teatrda işləməyə
başladım. İnanıram ki, burada canlandıracağım obrazların da sənət həyatımda
böyük bir rolu olacaq. Oynayacağım tamaşa Fatih Sultan Mehmetin həyatından bəhs
edən "Fatihin sırrı” adlanır. Bu tamaşanı nəinki İstanbulda, Türkiyənin digər şəhərlərində
də oynayacağıq. Orda 3 fərqli səslə, baxışlarla, mimikalarla xarakterlər
canlandıracam. Sentyabrdan yenə tarixi tamaşalar oynayacağıq.
- Bəs, serial aləminə necə
gəldiniz?
- Mən kastiqnlərin hər zaman əleyhinə olmuşam. Bir dostumun məsləhətinə
qulaq asıb, prodakşınların birində qeydiyyatdan keçdim. Nəhayət, məni dəvət
etdilər. Dedilər ki, sənə 10 dəfə kütləvi səhnədə rol verəcəyik. Ondan sonra sənə
xarakterli obrazlar verəcəyik. Onlar məni çağırdılar, dedilər səni videoya çəkəcəyik,
nə göstərə bilərsən. Mən də pantomima göstərdim. Nadir hallarda olur ki, kütləvi
səhnələr çəkiləndən sonra dialoqlu rollara göndərirlər. Qismətim gətirdi, məni dialoqlu
obrazlara göndərdilər. Hələ ki çəkildiyim seriallardakı rollarım balaca
rollardır. Mənə öncədən danışmaq düşmür. İnşallah, gələcəkdə bir serialda
maraqlı bir obrazda serialın sonuna qədər görə biləcəksiniz. Hələ tam dəqiqləşməyib.
Rejissorun zəngini gözləyirəm. Hər şey ola bilər.
Xəyalə Rəis