• cümə, 26 Aprel, 09:25
  • Baku Bakı 12°C

İnadkarlığının faydasını görən aktrisa

30.01.20 10:00 4331
İnadkarlığının faydasını görən aktrisa
Asiye Nur Fettahoğlu: "Həm içimdəki səsi, həm də insanların dediklərini dinlədim”

Türkiyə serialının tarixində yeni bir dönəm başlayır. Belə ki, son bir neçə ildə bəşəri mövzularla bağlı çəkilən seriallar nəinki Türkiyədə, Avropada, ərəb ölkələrində də böyük maraq kəsb edib. Çəkilən seriallar internet vasitəsi ilə müxtəlif ölkələrdə izlənilir. Elə üç həftə bundan öncə internetdə yayılan türk serialı "Babil" kimi. Serialın hələ 2 bölümü yayımlansa da, böyük izlənmə rekordu qırıb. Serialın treylerində baş qəhrəmanın "Qəbul etsən də, etməsən də qismət deyilən bir şey var. Hər kəs bunu düşünür, amma dəqiq bir cavab da tapa bilmirlər. Siz qismətə inanırsınız?" sualı sosial şəbəkələrdə qısa zaman ərzində paylaşıldı və yüksək əks-səda doğurdu.
Serialdan paylaşılan qısa treyler Türkiyə sosial aləmində günün mövzusuna çevrilməyi bacardı. "Bəzən siz nə qədər inad etsəniz, dirənsəniz də, qismətin sizə özəl planlarının olduğuna inanıram. Kiçik, ya da böyük... Dirənib də həyata keçməsini istədiyimiz, ancaq heç cür reallaşmayan, problemə çevirdiyiniz, sonra yaxşı ki, həyata keçmədiyinin fərqinə vardığınız hadisələri düşünün. Məncə, ən önəmlisi, təcrübələrinizdən nə öyrəndiyiniz, necə davrandığınız və hadisələrə necə reaksiya verdiyinizdir. Əsas da, hadisə anında necə davrandığınız və yaşanan hadisələrin bizi necə yetişdirdiyidir" fikirləri müzakirələrə səbəb oldu.
Türkiyənin "Posta” qəzetinin yazarı Oya Çınar serialın əsas qəhrəmanlarından olan Asiye Nur Fettahoğlu ilə görüşüb. Aktrisanı biz "Aşk-ı Memnu", "Muhteşem Yüzyıl", "Fi" seriallarından tanısaq da, bu dəfə onu "Babil" serialında fərqli obrazda gördük.
- "Aşk-ı Memnu" serialından başlayaraq bu günə qədər yer aldığınız layihələrə baxdıqda nələr hiss edirsiniz?
- Hər yolun özü ayrı-ayrılıqda müəyyən çətinliklərlə doludur. İnanmağa çətinlik çəkdiyim qədər də, gözəl xatirələrim,
kədərləndiyim, məyus olduğum zamanlarım olub. Bəlkə də bu anlarda özümü müəyyən çərçivəyə salsaydım, bu gün aktrisa kimi qarşınıza çıxa bilməzdim. Özümə, daxili aləmimə geri döndüm. Yaşadığım hadisələrin mənə necə təsir etdiyini düşünüb qərar verdim və qaldığım yerdən yola davam etdim. Öz daxili dünyama səyahət etməyə başladım və bu səyahətdə özümü tapdım. İnsanları nə olur olsun, düşdüyü vəziyyətdə anlamaq, özümü tanımaq və yaşadığın bütün çətinlikləri, xoşbəxtlikləri, hadisələri canlandırdığım obrazlarda göstərməyə çalışdım.

- Bir müddət tarixi seriallarda rol aldınız. Tarixi qadınları canlandırmaq sizin istəyiniz idi?
- Əslində tarixi seriallarla bərabər, bu gün aktual olan layihələrdə də rol aldım. Yəni tarixi qadınları canlandırmaq mənim tərəfimdən olan özəl bir istək deyildi. Bir ara daha çox tarixi film və seriallar dəbdə idi və rejissorlar da məni bu obrazlarda görürdülər.
- Hazırda dayandığınız mövqedə qismətin, yoxsa etdiyiniz seçimlərin təsiri daha böyükdür?
- Hesab edirəm ki, bu işdə qismətin rolu az deyil. Ancaq mən də özümə inandım, inadımdan dönmədim, yorulmadım, insanın özündən və dözümlülük iradəsindən də çox şey asılıdır. Hər nöqtədə, hər qərarımda problemlərlə üzləşdim. Həm içimdəki səsi, həm də kənardakı insanların dediklərini dinlədim və nəticədə düzgün qərar verməyə çalışdım. Kənarda insanların dediklərini də dinləyirdim, ancaq son nəticədə öz bildiyimi və daxili səsimin dediklərinə əməl edirdim. Hisslə düşüncə arasında mütləq ki, bir əlaqə var. Amma son qərarımı verdikdə, problemlərlə qarşılaşmalı olsam da, yenə də dayanmadım. Hələ də özümü ifadə etdiyim yerdəyəm.
- "Babil" serialında xəstə bir uşağın anasını canlandırırsınız. İnsanda, yaşadığı problemlərdən dolayı təhlükəli bir xarakterin formalaşa bilməsi təəccüblüdür. Bu mövzu ilə bağlı sizin yaxşı və pis gördüyünüz tərəflər varmı?
- Seçimlər və onların nəticələri mütləq yaxşı və pisdən daha vacibdir. Hər şeyi qara və ağ rəngdə görsəniz, avtomatik olaraq kəskin hökmləriniz olacaq. Özümü bu kəskin hökmlərdən uzaqlaşdırmağa çalışıram. Əlbəttə, biz insanıq... Hamımızın içində bir qeyri-müəyyənlik var.
- Şərtlər insanları da dəyişdirir, elə deyil?
- Əlbəttə. Hər hansı mühitdə insan başqa bir şəxsiyyəti, xarakterinin başqa bir üzünü tuta bilər. Bəzi yerlərdə bu üstünlüklər varlıq müharibəsinə çevrilir və bu anda başqasına dəyəcək zərər əhəmiyyətsiz olur. Bu, insanda ən maraqlı və təhlükəli cəhətləri aradan qaldırmaq potensialına malikdir.
- İnsan ana olduqda, həqiqətən içindən başqa bir valıq çıxır?
- Bəli. Qəti şəkildə qeyd edirəm ki, içindən bir Amazon çıxır. Bəzən özünü inanılmaz güclü hiss edərkən, bəzən də inanılmaz müdafiəsiz və çətin anlarımızda içinizdə sanki başqa bir varlıq olduğunun fərqinə varırsınız.
- Gələcəkdə qızınızın seçimləri ilə rahat şəkildə razılaşan bir ana olacaqsınız?
- Onun öz istəkləri, seçimləri olması üçün indidən səy göstərməyə başlayıram. Qızımı davamlı olaraq yönlədirən, çətinə salan, öz düşüncələrini uşağa aşılayan biri olsam, o, şəxsiyyət kimi necə formalaşa bilər? Ola bilər ki, seçimlərinə görə gələcəkdə kədərlənsin və məyus olsun, həqiqətlərlə üzləşsin, ancaq nəticədə biləcək ki, bu seçimi onun özü edib.
- Siz seçimlərinizdə özünüzü kifayət qədər sərbəst hesab edirsinizmi?
- Sorğuladığım, sərbəst hiss etmədiyim, üsyan etdiyim, susduğum və gözlədiyim anlar da olub. Bunun tam əksi, özümü çox güclü hiss etdiyim, duyğularımı və qərarlarımı açıq şəkildə ortaya qoyduğum anlar da. Amma istənilən vəziyyətdə inadkarlığımın faydasını görmüşəm.
- "Babil" serialında canlandırdığınız Eda necə bir xarakterdir?
- Çıxış yolu asan görünən, amma bir o qədər də çarəsizliklə əhatələnmiş tam bir xaotik həyatın içində var olma savaşından söhbət gedir. Eda ailəsinə bağlı, həyat yoldaşına aşiq, oğlu üçün hər şeyi gözə ala biləcək bir qadındır. Dəyərləri olan və həyatını davamlı olaraq nəzarət altında tutmağa çalışan biridir. Praqmatikdir, amma nəzarətdən çıxmağa başlayanda ambisiyaları və qorxuları ilə mübarizə aparır.
- Necə tip insanlardan uzaq durmağa çalışırsınız?
- İnsanların davranışlarını dəyərləndirərkən onları günahlandırmadan öncə, "Görəsən bu etdiyinin arxasında nə var? Onu bu hərəkəti etməyə məcbur edən nədir və hansı hissləri keçirib?” deyə düşünməyə çalışıram. Əgər birini tərif etmək məcburiyyətindəyəmsə, düşünürəm ki, yaxşı insan hər sahədə özünü göstərir. Özünə nifrət edən və hər şeyə hücum edən birinin motivasiyası və davranışı insanı qorxudur. Bu insanlar özlərini hər şeydən əvvəl incitdikləri üçün uzaq qalmağı üstün tuturam.
- Həyatınızda nədən narahatsınız?
- Bərabərsizlikdən... Xüsusən də son zamanlarda tez-tez şahid olduğumuz uşaq istismarları və şiddətin, artıq sosial medianın da təsiri ilə hər an qarşımıza çıxması məni çox narahat edən məsələlərdəndir. Səsimizi nə qədər çıxartsaq da, bir nöqtədən sonra reaksiyalar yetərsiz qalır... Təəssüf ki, bu paylaşımların özləri də mənfi hallar yaradır.
- Özünüzü tənqid etdiyiniz mövzular nələrdir?
- Özümü hər mövzuda tənqid edirəm. İnanıram ki, bu da olmalıdır, yenilənmək, özünə sual verməkdən və sorğulamaqdan keçir.
- Qaradənzilisiniz. Bu bölgənin insanlarının xarakteristik xüsusiyyətə malik olduqları deyilir. Sizin xarakterinizdə Qara dəniz ruhu nə qədərdir?
- Var bir az... Qara dəniz coşar və sonra bir anda durular. Hər coşqusunda nəfəs kəsir, hər durulanda isə insanı vahimələndirir. Qaradənizlinin hər şeyi onun dilindədir, içində pis niyyət olmaz. Birdən-birə duyğularımızla hərəkət etməyə meyilliyik.
- "Başqaları nə düşünər?" düşüncəsi ilə istəklərinizdən imtina etdiyiniz olubmu?
- Hər qadın müəyyən standartlar çərçivəsində bu prosesi yaşayır. Görəsən bu hərəkəti etsəm insanlar necə anlayar? Ayaqlarım üzərində dura bilmək mübarizəmi insanlar necə dəyərləndirər? Bunlardan əlavə, dedi-qodular və məsələnin həqiqətən belə olmadığını sübut edə bilmədiyin məqamlar da olur. Ancaq insan 40 yaşına yaxınlaşdıqca şüuru, dünyagörüşü başqa istiqamətdə inkişaf etməyə başlayır. Həyatdakı yerini, istəklərini, gözləntilərini daha kəskin şəkildə çeşidləyə bilirsən. Və o nöqtədə "görəsən filankəs nə deyəcək, necə düşünəcək, belə etməyim yaxşı çıxmaz" kimi düşüncələrdən çox, daxili rahatlığım, mənliyim önə çıxır. Bu məsələdə qızımın da təsiri özünü göstərir.
Tərcümə etdi: Xəyalə Məmmədova
banner

Oxşar Xəbərlər