AZE | RUS | ENG |

İdmanın çirkli siyasət üzərində zəfəri - Fotolar

İdmanın çirkli siyasət üzərində zəfəri - Fotolar
Bakı Avropa Liqasının final oyununa yüksək səviyyədə ev sahibliyi etdi

UEFA Avropa Liqasının final oyunu Bakıda uğurla baş tutdu. Bu, Azərbaycanın böyük beynəlxalq tədbirləri, o cümlədən bütün dünyanın diqqət mərkəzində olan idman yarışlarını yüksək səviyyədə təşkil etmək bacarığını növbəti dəfə nümayiş etdirdi. Bir daha sübut olundu ki, Azərbaycan belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura, o cümlədən idman komplekslərinə, xidmət sektoruna, təhlükəsizliyə və sairə malik ölkədir. Düzdür, oyundan xeyli əvvəl, finalçılar müəyyən olunandan sonra matçın niyə uzaq Bakıda keçirilməsindən tutmuş ölkəmizin guya müvafiq infrastruktura malik olmaması, azarkeşlərin gələ bilməməsi, təhlükəsizlik, otellərin baha qiyməti, "Arsenal” klubunun erməni əsilli oyunçusu Henrix Mxitaryana qarşı hansısa mənfi münasibət olması və onun təhlükəsizliyinə təminat verilməməsi kimi iddialar ortaya atıldı. Lakin mövcud reallıq bütün bu iddiaların əsassız olduğunu aydın göstərdi. H.Mxitaryana ən yüksək səviyyədə təhlükəsizlik təminatı verildi, kifayət qədər azarkeş oyuna gəldi və bu bayramın iştirakçısına çevrildi. Bununla bərabər, AZAL bütün reysləri qəbul etdi, hava limanında hər hansı problem yaşanmadı, otellər və qonaqların yerləşməsi, xidmət, nəqliyyat yüksək səviyyədə təmin olundu. Əgər ingilis azarkeşlərin sərt xüsusiyyətini nəzərə alsaq, birmənalı şəkildə demək olar ki, Bakı bəlkə bu kimi yarışmaların tarixində heç bir ciddi insidentin yaşanmadığı ən təhlükəsiz şəhər kimi tarixə düşdü.
 
 

Millət vəkili, politoloq Aydın Mirzəzadəmövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Avropa Liqasının final oyununun 2019-cu ildə Azərbaycanda keçirilməsi qərarı 2 il bundan öncə UEFA tərəfindən verilib. Onun sözlərinə görə, Bakı və Avropa şəhərləri bu yarışa təşkilatçılıq uğrunda gərgin mübarizə aparıb. Deputat deyib ki, Bakının idman strukturlarının, mehmanxana və nəqliyyat sisteminin müasir tələblərə cavab verməsi, təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə qiymətləndirilməsi UEFA-nın futbol yarışının məhz paytaxt şəhərimizdə keçirilməsinə dair qərar qəbul etməsinə səbəb olub: "UEFA-nın apardığı siyasətdə yeni ölkələrdə futbolun təbliğinə böyük əhəmiyyət verilir. Bu istiqamətdə Azərbaycanın əldə etdiyi uğurlar UEFA rəhbərliyi tərəfindən dəfələrlə qeyd edilib və yüksək qiymətləndirilib. Bakıda möhtəşəm Olimpiya Stadionunun, regionlarda Olimpiya İdman Komplekslərinin tikilməsi, nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, çoxsaylı turistlərin qəbul edilməsi üçün müxtəlif zövqlərə və imkanlara cavab verən otellərin inşa edilməsi UEFA-nın diqqətini cəlb edib. Ona görə də bu futbol yarışının Bakı Olimpiya Stadionunda keçirilməsi üzərində dayanılıb. Mən də mayın 29-da keçirilən "Arsenal” – "Çelsi” qarşılaşmasında hansısa komandaya azarkeşlik etmək üçün deyil, həmin yarışı bir futbol bayramı kimi görmək üçün Olimpiya Stadionuna getmişdim. O komandalardan hansının qalib gəlməsi mənim üçün əhəmiyyətli deyildi. Orada gözəl bir oyuna, Avropa futbol mədəniyyətinə, futbolun yaxşı mənada təbliğinə şahidlik etdim. Eyni zamanda dünənki yarışda stadionda on minlərlə xarici turist gördüm. Müxtəlif ölkələrin bayraqları dalğalanır, xarici dillərdə mahnılar oxunur, danışılırdı. Əlil arabasında xaricdən Azərbaycana məhz bu yarışı izləmək üçün gələn azarkeşi, turisti, həmçinin yaşlı bir ingilis qadınının oyunu böyük həyəcanla izlədiyini gördüm”.
 
 

Deputat deyib ki, təşkilatçılıq işləri bütün parametrlər üzrə ən yüksək səviyyədə olub: "Oyunun təşkili yüksək səviyyədə idi. Təhlükəsizlik qaydaları da tam normal idi. Tamaşaçılar öz yerlərini tapana qədər onlara könüllülərdən ibarət böyük bir dəstənin xidmət göstərməsi yüksək səviyyədə idi. Düşünürəm ki, belə bir fonda böyük maraq və həyəcanla izlənilən, ədalətli bir oyun keçdi. "Çelsi”nin qələbəsi onun haqqı idi. Həm oyuna qədər, həm də oyundan sonra çoxminli tamaşaçıların nəqliyyatla stadiona və ya əksinə stadiondan metroya qədər daşınması, mənzil başına çatdırılması da yüksək səviyyədə təşkil edilmişdi. Mən özüm Qara Qarayev metrostansiyasından stadiona və oyun qurtarandan sonra geriyə - evə gəldim. Metropolitenin işi də yüksək səviyyədə idi, bütün əməkdaşlar sərnişinlərə xidmət etmək üçün səfərbər olmuşdular”.
 


A.Mirzəzadə bildirib ki, Bakı Olimpiya Stadionunda dünən baş tutan "Arsenal”-"Çelsi” qarşılaşması təkcə Azərbaycan futbol tarixində deyil, UEFA tarixində də yaddaqalan yer tutacaq: "Çünki oyunun təşkili, təbliği və digər bütün işlər yüksək səviyyədə idi. Prezident İlham Əliyevin UEFA İcraiyyə Komitəsi üzvlərini qəbul etməsi, onlarla Azərbaycana futbolu və UEFA arasında sıx əlaqələrin yaradılması barədə söhbətlər etməsi həm futbolun, həm də Azərbaycanın xeyrinə idi. Bunu da qeyd etmək yerinə düşər ki, final ərəfəsində xaricdən bəzi anti-Azərbaycan qüvvələr bu qarşılaşmanı gözdən salmağa çalışdılar, alınacağı təqdirdə oyunun başqa şəhərə keçirilməsinə dair maksimum güc ortaya qoydular. Lakin onların bütün bu cəhdləri nəticəsiz qaldı. Azərbaycanın paytaxtı Bakı şəhərindəki 68 min tamaşaçı tutumlu Olimpiya Stadionunda möhtəşəm futbol yarışı baş tutdu. Bununla da dünya bir daha Azərbaycanın artan gücünü, müasir dövlət olduğunu gördü”.     
 
 
 
Millət vəkili Sahib Alıyev deyib ki, son günlər "Arsenal” yarımmüdafiəçisi Henrix Mxitaryanla birgə futbol yox, Azərbaycana qarşı çirkin siyasət oynanılıb. Onun qənaətincə, bu mənada "Çelsi”nin qələbəsi həm idmanın çirkli siyasət, həm də Avropa Liqasının final oyununu əsl futbol bayramına çevirən Azərbaycanın bədxahları üzərində zəfəri sayılmalıdır. Deputat "Human Rights Watch” və "Amnesty International”dəkilərin də bunu bilməmiş olmadıqlarını diqqətə çatdırıb. O, Azərbaycanın növbəti dəfə beynəlxalq əhəmiyyətli bir tədbirə ən yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdırıb. Bildirib ki, bununla Azərbaycan öz potensialını, idman ölkəsi, multikulturalizm və tolerantlıq məkanı olduğunu bir daha dünyaya nümayiş etdirib.
 
 

Millət vəkili S.Alıyev Bakıda möhtəşəm idman bayramı yaşandığını vurğulayıb: "UEFA Avropa Liqasının final oyunu ərəfəsində çirkli siyasət oynayanlar, demokratiya, insan hüquqları məsələsində alver edənlər, bunu müəyyən geosiyasi məqsədlər üçün təzyiq alətinə çevirənlər Azərbaycanı hədəfə götürmüşdülər. Onlar düşünmək belə istəmirdilər ki, bu qarşılaşmaya dünyada yüz milyonlarla insan baxacaq və həmin azarkeşlər bu yarışmaya sadəcə bir idman bayramı kimi yanaşırlar. Azərbaycan bu qarşılaşmanın yüksək səviyyədə təşkil olunması ilə əlaqədar bütün gözləntiləri doğrultdu. Çünki, biz bundan öncə "Avroviziya-2012” mahnı müsabiqəsi, Bakı-2015: I Avropa Oyunları, Bakı-2017: İslam Həmrəylik Oyunları, digər beynəlxalq əhəmiyyətli tədbirlər o sıradan da bu yaxınlarda keçirilən Bədii Gimnastika üzrə 35-ci Avropa Çempionatını ən yüksək səviyyədə təşkil etmişdik. Avropa Liqasının final oyunu da bu cür yüksək təşkilatçılıq səviyyəsində baş tutmalı idi və belə də oldu. Lakin təəssüf ki, Qərbin, özəlliklə də Böyük Britanıyanın kütləvi informasiya vasitələri final öncəsi ölkəmizlə bağlı qərəzli materiallar verdilər. İndinin özündə də bu qərəzli yanaşma davam etdirilməkdədir. Amma dünyanın bir çox yerindən, o sıradan da Böyük Britaniyadan Azərbaycana gələrək final oyununu canlı izləyən azarkeşlərin təəssüratları həmin media qurumlarının və bu münasibəti sərgiləyənlərin qərəzini tam çılpaqlığı ilə ortaya qoyur. Əcnəbi azarkeşlər Bakı barədə təəssüratlarında xalqımız, mədəniyyətimiz, mətbəximiz barədə yalnız müsbət fikirlər söyləyirlər. Bu baxımdan hesab edirəm ki, "Çelsi”nin "Arsenal” üzərində qələbəsi idmanın çirkli siyasət üzərində zəfəridir. Eyni zamanda bu zəfər tolerantlığın fobiya üzərində qələbəsidir. Çox istərdim ki, bu zəfər beynəlxalq normaları ayaq altına atan işğalçı və işğalçılıq siyasətini dəstəkləyən dövlətlər üzərində qələbəyə də çevrilsin. Ümid edirəm ki, biz həmin o qələbəni də görəcəyik”.
 


Millət vəkili S.Alıyev futbol oyunu öncəsi və yarışma müddətində əmin-amanlığı və təhlükəsizliyi təmin edən dövlət strukturlarına, özəlliklə də Azərbaycan polisinə minnətdarlığını da ifadə edib: "Yəqin qərbdəki kütləvi informasiya vasitələrinin, özəllilkə də Böyük Britaniyadakıların necə kiçiklik etdiklərini görürsünüz. Onların Azərbaycan haqqında yazdıqları və səsləndirdikləri ittihamların haradan qaynaqlandığı və nə üçün edildiyi də məlumdur. Bu, öz yerində, sözüm buna deyil. Heç kimə sirr deyil ki, əslində Böyük Britaniyanın futbol azərkeşlərinin əksəriyyəti aqressivlikdə, həddini aşmaqda və özlərini həyasızcasına aparmaqda ölkələrinin bəzi kütləvi informasiya vasitələrindən geri qalmırlar. Ona görə də getdikləri ölkələrdə tez-tez çaxnaşma salırlar. Hətta bir sıra hallarda bu çaxnaşma ölümlə də nəticələnir. Çox sevindirci haldır ki, Bakı Olimpiya Stadionunda və şəhərimizdə bu cür insidentlər baş vermədi. Bu, ilk növbədə əmin-amanlığı və təhlükəsizliyi təmin edən dövlət strukturlarının, özəlliklə də Azərbaycan polisinin yüksək peşəkarlığı nəticəsində mümkün olub. Orasını da deyim ki, xalqımızla da qürur duydum. Aramızda çoxlu sayda "Arsenal" azarkeşinin olmasına baxmayaraq, hamı bir nəfər kimi "Çelsi"ni dəstəklədi, onun qələbə qazanmasını istədi. Çünki "Arsenal" yarımmüdafiəçisi Mxitaryan kimi Avropa Liqasının final oyunu öncəsi futboldansa çirkli siyasət oynamağa üstünlük vermişdi. Nəticə də göz qabağındadır”. 
 
 

Millət vəkili Aqil Abbas qeyd edib ki, Avropa Liqasın final oyununun Azərbaycanda yüksək səviyyədə keçirilməsi ölkəmizə şər atanlara, dövlətimizi şantaj edənlərə layiqli cavab olub. Deputat bildirib ki, futbol qarşılaşmasının keçirildiyi gün və ondan öncə ölkəmizdə həm ictimai asayış, həm də təhlükəsizlik yüksək səviyyədə qorunub, yerli və xarici azarkeşlərin, turistlərin tam təhlükəsiz şəraitdə möhtəşəm idman yarışından zövq almaları üçün bütün lazımi tədbirlər görülüb. Millət vəkili A.Abbasın sözlərinə görə, futbol yarışının ən yüksək səviyyədə təşkili Azərbaycana gələn qonaqlar tərəfindən də yüksək qiymətləndirilib: "Azərbaycan birinci dəfə deyil ki, beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu sahədə ölkəmizin böyük təcrübəsi var. İndiyədək ölkəmizdə bir neçə belə yarışlar keçirilib və ölkəmiz həmin tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi edib. Bu yaxınlarda Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, həmçinin 2012-ci ildə Avroviziya mahnı yarışmasının, 2015-ci ildə I Avropa Oyunlarının, 2017-ci ildə İslam Həmrəylik Oyunlarının, eləcə də digər bu kimi tədbirlər ən yüksək səviyyədə təşkil olunması deyilənlərə əyani sübutdur. UEFA Avropa Liqasının mayın 29-da Bakıda Olimpiya Stadionunda keçirilən final oyunu da bu siyahıya daxil oldu. Futbol yarışı ən yüksək səviyyədə, tam təhlükəsiz bir şəraitdə baş tutdu. Açılış mərasimi də yüksək səviyyədə hazırlanmışdı. Bununla Azərbaycan dünyaya ən təhlükəsiz, sabit ölkə olduğunu bir daha sübut etmiş oldu. Azərbaycanın tolerant ölkə olması bir daha göstərildi. Xaricdəki bəzi dairələrin Azərbaycan əleyhinə başlatdığı kampaniya da bununla fiaskoya uğradı. Hətta erməni əsilli futbolçu Henrix Mxitaryanın geyimini geyərək Bakı küçələrində gəzməklə Azərbaycanı, vətəndaşlarımızı qıcıqlandırmaq cəhdləri də alınmadı. Antimilli qüvvələrin bütün cəhdlərinə rəğmən, UEFA final oyunu Azərbaycanda bayram kimi təşkil edildi. Bu, ölkəmizə şər atanlara, dövlətimizi şantaj edənlərə layiqli cavab oldu”.
 
 

Milli Məclisin deputatı Naqif Həmzəyev Azərbaycanın dünyada nüfuzlu idman ölkəsi kimi tanındığını vurğulayıb. Bildirib ki, idman siyasətinin düzgün qurulması, idmançılarımızın istər ölkə daxilində, istərsə də respublikamızdan kənarda əldə etdikləri uğurlu nəticələr bunu bir daha təsdiqləyir. Onun sözlərinə görə, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, bədii gimnastika üzrə Dünya Kuboku, Formula-1 Qran-pri yarışlarının ölkəmizdə keçirilməsi UEFA Avropa Liqasının final oyunu üçün də Bakının təsadüfi seçim olmadığını deməyə əsas verir: "Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final qarşılaşmasının keçirilməsi Azərbaycan dövlətinin yürütdüyü idman siyasətinə dünyada göstərilən etimadın təzahürüdür. Mötəbər idman tədbirlərinin keçirilməsi üçün ölkəmizdə təşkilatı baxımdan yüksək şərait və imkanlar var. Dövlətin inkişafı, iqtisadiyyatın daha da güclənməsi, möhkəm dayaqlara əsaslanması idmanın da inkişafında həlledici rol oynayır. Bu gün dövlətimizin idman sahəsinə qoyduğu sərmayələr, göstərdiyi diqqət ölkəmizdə idmanın kütləviliyinin artmasına, gəncliyin sağlam inkişafına xidmət edir. Azərbaycanın həm siyasi, həm iqtisadi cəhətdən sabit ölkə olması beynəlxalq tədbirlərə və idman yarışlara ev sahibliyi etməyə şərait yaradıb. UEFA Avropa Liqasının final qarşılaşmasının Bakıda keçirilməsi bir daha göstərdi ki, Azərbaycan sürətlə inkişaf etməkdədir. Son illər bir-birinin ardınca keçirilən beynəlxalq tədbirlər ölkəmiz haqqında formalaşan təəssüratları dəyişir, respublikamızın imicinə müsbət təsir göstərir. Həmçinin belə tədbirlər dövlətimiz üçün müəyyən dividendlər gətirir, idman ölkəsi kimi statusunu daha da möhkəmləndirir”. 
 
Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8825
GEL 1 1 Gürcüstan larisi 0.5737
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1197
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1768
CHF 1 1 İsveçrə frankı 1.72
KWD 1 1 Küveyt dinarı 5.5941
TRY 1 1 Türkiyə lirəsi 0.2964