İdmanın çirkli siyasət üzərində zəfəri - Fotolar
UEFA Avropa Liqasının final oyunu Bakıda uğurla baş
tutdu. Bu, Azərbaycanın böyük beynəlxalq tədbirləri, o cümlədən bütün dünyanın
diqqət mərkəzində olan idman yarışlarını yüksək səviyyədə təşkil etmək
bacarığını növbəti dəfə nümayiş etdirdi. Bir daha sübut olundu ki, Azərbaycan
belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura, o cümlədən
idman komplekslərinə, xidmət sektoruna, təhlükəsizliyə və sairə malik ölkədir.
Düzdür, oyundan xeyli əvvəl, finalçılar müəyyən olunandan sonra matçın niyə
uzaq Bakıda keçirilməsindən tutmuş ölkəmizin guya müvafiq infrastruktura malik
olmaması, azarkeşlərin gələ bilməməsi, təhlükəsizlik, otellərin baha qiyməti,
"Arsenal” klubunun erməni əsilli oyunçusu Henrix Mxitaryana qarşı hansısa mənfi
münasibət olması və onun təhlükəsizliyinə təminat verilməməsi kimi iddialar
ortaya atıldı. Lakin mövcud reallıq bütün bu iddiaların əsassız olduğunu aydın
göstərdi. H.Mxitaryana ən yüksək səviyyədə təhlükəsizlik təminatı verildi,
kifayət qədər azarkeş oyuna gəldi və bu bayramın iştirakçısına çevrildi.
Bununla bərabər, AZAL bütün reysləri qəbul etdi, hava limanında hər hansı
problem yaşanmadı, otellər və qonaqların yerləşməsi, xidmət, nəqliyyat yüksək səviyyədə
təmin olundu. Əgər ingilis azarkeşlərin sərt xüsusiyyətini nəzərə alsaq, birmənalı
şəkildə demək olar ki, Bakı bəlkə bu kimi yarışmaların tarixində heç bir ciddi
insidentin yaşanmadığı ən təhlükəsiz şəhər kimi tarixə düşdü.
Millət vəkili,
politoloq Aydın Mirzəzadəmövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Avropa Liqasının
final oyununun 2019-cu ildə Azərbaycanda keçirilməsi qərarı 2 il bundan öncə
UEFA tərəfindən verilib. Onun sözlərinə görə, Bakı və Avropa şəhərləri bu
yarışa təşkilatçılıq uğrunda gərgin mübarizə aparıb. Deputat deyib ki, Bakının
idman strukturlarının, mehmanxana və nəqliyyat sisteminin müasir tələblərə
cavab verməsi, təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə qiymətləndirilməsi
UEFA-nın futbol yarışının məhz paytaxt şəhərimizdə keçirilməsinə dair qərar qəbul
etməsinə səbəb olub: "UEFA-nın apardığı siyasətdə yeni ölkələrdə futbolun təbliğinə
böyük əhəmiyyət verilir. Bu istiqamətdə Azərbaycanın əldə etdiyi uğurlar UEFA rəhbərliyi
tərəfindən dəfələrlə qeyd edilib və yüksək qiymətləndirilib. Bakıda möhtəşəm
Olimpiya Stadionunun, regionlarda Olimpiya İdman Komplekslərinin tikilməsi, nəqliyyat
infrastrukturunun yaxşılaşdırılması, çoxsaylı turistlərin qəbul edilməsi üçün
müxtəlif zövqlərə və imkanlara cavab verən otellərin inşa edilməsi UEFA-nın
diqqətini cəlb edib. Ona görə də bu futbol yarışının Bakı Olimpiya Stadionunda
keçirilməsi üzərində dayanılıb. Mən də mayın 29-da keçirilən "Arsenal” –
"Çelsi” qarşılaşmasında hansısa komandaya azarkeşlik etmək üçün deyil, həmin
yarışı bir futbol bayramı kimi görmək üçün Olimpiya Stadionuna getmişdim. O
komandalardan hansının qalib gəlməsi mənim üçün əhəmiyyətli deyildi. Orada gözəl
bir oyuna, Avropa futbol mədəniyyətinə, futbolun yaxşı mənada təbliğinə
şahidlik etdim. Eyni zamanda dünənki yarışda stadionda on minlərlə xarici
turist gördüm. Müxtəlif ölkələrin bayraqları dalğalanır, xarici dillərdə
mahnılar oxunur, danışılırdı. Əlil arabasında xaricdən Azərbaycana məhz bu
yarışı izləmək üçün gələn azarkeşi, turisti, həmçinin yaşlı bir ingilis
qadınının oyunu böyük həyəcanla izlədiyini gördüm”.
Deputat deyib ki, təşkilatçılıq işləri bütün
parametrlər üzrə ən yüksək səviyyədə olub: "Oyunun təşkili yüksək səviyyədə
idi. Təhlükəsizlik qaydaları da tam normal idi. Tamaşaçılar öz yerlərini tapana
qədər onlara könüllülərdən ibarət böyük bir dəstənin xidmət göstərməsi yüksək səviyyədə
idi. Düşünürəm ki, belə bir fonda böyük maraq və həyəcanla izlənilən, ədalətli
bir oyun keçdi. "Çelsi”nin qələbəsi onun haqqı idi. Həm oyuna qədər, həm də
oyundan sonra çoxminli tamaşaçıların nəqliyyatla stadiona və ya əksinə
stadiondan metroya qədər daşınması, mənzil başına çatdırılması da yüksək səviyyədə
təşkil edilmişdi. Mən özüm Qara Qarayev metrostansiyasından stadiona və oyun
qurtarandan sonra geriyə - evə gəldim. Metropolitenin işi də yüksək səviyyədə
idi, bütün əməkdaşlar sərnişinlərə xidmət etmək üçün səfərbər olmuşdular”.
A.Mirzəzadə bildirib ki, Bakı Olimpiya Stadionunda
dünən baş tutan "Arsenal”-"Çelsi” qarşılaşması təkcə Azərbaycan futbol tarixində
deyil, UEFA tarixində də yaddaqalan yer tutacaq: "Çünki oyunun təşkili, təbliği
və digər bütün işlər yüksək səviyyədə idi. Prezident İlham Əliyevin UEFA
İcraiyyə Komitəsi üzvlərini qəbul etməsi, onlarla Azərbaycana futbolu və UEFA
arasında sıx əlaqələrin yaradılması barədə söhbətlər etməsi həm futbolun, həm də
Azərbaycanın xeyrinə idi. Bunu da qeyd etmək yerinə düşər ki, final ərəfəsində
xaricdən bəzi anti-Azərbaycan qüvvələr bu qarşılaşmanı gözdən salmağa
çalışdılar, alınacağı təqdirdə oyunun başqa şəhərə keçirilməsinə dair maksimum
güc ortaya qoydular. Lakin onların bütün bu cəhdləri nəticəsiz qaldı. Azərbaycanın
paytaxtı Bakı şəhərindəki 68 min tamaşaçı tutumlu Olimpiya Stadionunda möhtəşəm
futbol yarışı baş tutdu. Bununla da dünya bir daha Azərbaycanın artan gücünü,
müasir dövlət olduğunu gördü”.
Millət vəkili Sahib
Alıyev deyib ki, son günlər
"Arsenal” yarımmüdafiəçisi Henrix Mxitaryanla birgə futbol yox, Azərbaycana
qarşı çirkin siyasət oynanılıb. Onun qənaətincə, bu mənada "Çelsi”nin qələbəsi
həm idmanın çirkli siyasət, həm də Avropa Liqasının final oyununu əsl futbol
bayramına çevirən Azərbaycanın bədxahları üzərində zəfəri sayılmalıdır. Deputat
"Human Rights Watch” və "Amnesty International”dəkilərin də bunu bilməmiş
olmadıqlarını diqqətə çatdırıb. O, Azərbaycanın növbəti dəfə beynəlxalq əhəmiyyətli
bir tədbirə ən yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdırıb.
Bildirib ki, bununla Azərbaycan öz potensialını, idman ölkəsi, multikulturalizm
və tolerantlıq məkanı olduğunu bir daha dünyaya nümayiş etdirib.
Millət vəkili S.Alıyev Bakıda möhtəşəm idman
bayramı yaşandığını vurğulayıb: "UEFA Avropa Liqasının final oyunu ərəfəsində
çirkli siyasət oynayanlar, demokratiya, insan hüquqları məsələsində alver edənlər,
bunu müəyyən geosiyasi məqsədlər üçün təzyiq alətinə çevirənlər Azərbaycanı hədəfə
götürmüşdülər. Onlar düşünmək belə istəmirdilər ki, bu qarşılaşmaya dünyada yüz
milyonlarla insan baxacaq və həmin azarkeşlər bu yarışmaya sadəcə bir idman
bayramı kimi yanaşırlar. Azərbaycan bu qarşılaşmanın yüksək səviyyədə təşkil
olunması ilə əlaqədar bütün gözləntiləri doğrultdu. Çünki, biz bundan öncə
"Avroviziya-2012”
mahnı müsabiqəsi, Bakı-2015: I Avropa Oyunları, Bakı-2017: İslam Həmrəylik
Oyunları, digər beynəlxalq əhəmiyyətli tədbirlər o sıradan da bu yaxınlarda
keçirilən Bədii Gimnastika üzrə 35-ci Avropa Çempionatını ən yüksək səviyyədə təşkil
etmişdik. Avropa Liqasının final oyunu da bu cür yüksək təşkilatçılıq səviyyəsində
baş tutmalı idi və belə də oldu. Lakin təəssüf ki, Qərbin, özəlliklə də Böyük
Britanıyanın kütləvi informasiya vasitələri final öncəsi ölkəmizlə bağlı qərəzli
materiallar verdilər. İndinin özündə də bu qərəzli yanaşma davam etdirilməkdədir.
Amma dünyanın bir çox yerindən, o sıradan da Böyük Britaniyadan Azərbaycana gələrək
final oyununu canlı izləyən azarkeşlərin təəssüratları həmin media qurumlarının
və bu münasibəti sərgiləyənlərin qərəzini tam çılpaqlığı ilə ortaya qoyur. Əcnəbi
azarkeşlər Bakı barədə təəssüratlarında xalqımız, mədəniyyətimiz, mətbəximiz
barədə yalnız müsbət fikirlər söyləyirlər. Bu baxımdan hesab edirəm ki,
"Çelsi”nin "Arsenal” üzərində qələbəsi idmanın çirkli siyasət üzərində
zəfəridir. Eyni zamanda bu zəfər tolerantlığın fobiya üzərində qələbəsidir. Çox
istərdim ki, bu zəfər beynəlxalq normaları ayaq altına atan işğalçı və
işğalçılıq siyasətini dəstəkləyən dövlətlər üzərində qələbəyə də çevrilsin.
Ümid edirəm ki, biz həmin o qələbəni də görəcəyik”.
Millət vəkili S.Alıyev futbol oyunu öncəsi və
yarışma müddətində əmin-amanlığı və təhlükəsizliyi təmin edən dövlət
strukturlarına, özəlliklə də Azərbaycan polisinə minnətdarlığını da ifadə edib:
"Yəqin qərbdəki kütləvi informasiya vasitələrinin, özəllilkə də Böyük
Britaniyadakıların necə kiçiklik etdiklərini görürsünüz. Onların Azərbaycan
haqqında yazdıqları və səsləndirdikləri ittihamların haradan qaynaqlandığı və nə
üçün edildiyi də məlumdur. Bu, öz yerində, sözüm buna deyil. Heç kimə sirr deyil
ki, əslində Böyük Britaniyanın futbol azərkeşlərinin əksəriyyəti aqressivlikdə,
həddini aşmaqda və özlərini həyasızcasına aparmaqda ölkələrinin bəzi kütləvi
informasiya vasitələrindən geri qalmırlar. Ona görə də getdikləri ölkələrdə
tez-tez çaxnaşma salırlar. Hətta bir sıra hallarda bu çaxnaşma ölümlə də nəticələnir.
Çox sevindirci haldır ki, Bakı Olimpiya Stadionunda və şəhərimizdə bu cür
insidentlər baş vermədi. Bu, ilk növbədə əmin-amanlığı və təhlükəsizliyi təmin
edən dövlət strukturlarının, özəlliklə də Azərbaycan polisinin yüksək peşəkarlığı
nəticəsində mümkün olub. Orasını da deyim ki, xalqımızla da qürur duydum.
Aramızda çoxlu sayda "Arsenal" azarkeşinin olmasına baxmayaraq, hamı
bir nəfər kimi "Çelsi"ni dəstəklədi, onun qələbə qazanmasını istədi.
Çünki "Arsenal" yarımmüdafiəçisi Mxitaryan kimi Avropa Liqasının
final oyunu öncəsi futboldansa çirkli siyasət oynamağa üstünlük vermişdi. Nəticə
də göz qabağındadır”.
Millət vəkili Aqil
Abbas qeyd edib ki, Avropa
Liqasın final oyununun Azərbaycanda yüksək səviyyədə keçirilməsi ölkəmizə şər
atanlara, dövlətimizi şantaj edənlərə layiqli cavab olub. Deputat bildirib ki,
futbol qarşılaşmasının keçirildiyi gün və ondan öncə ölkəmizdə həm ictimai
asayış, həm də təhlükəsizlik yüksək səviyyədə qorunub, yerli və xarici azarkeşlərin,
turistlərin tam təhlükəsiz şəraitdə möhtəşəm idman yarışından zövq almaları
üçün bütün lazımi tədbirlər görülüb. Millət vəkili A.Abbasın sözlərinə görə,
futbol yarışının ən yüksək səviyyədə təşkili Azərbaycana gələn qonaqlar tərəfindən
də yüksək qiymətləndirilib: "Azərbaycan birinci dəfə deyil ki, beynəlxalq tədbirlərə
ev sahibliyi edir. Bu sahədə ölkəmizin böyük təcrübəsi var. İndiyədək ölkəmizdə
bir neçə belə yarışlar keçirilib və ölkəmiz həmin tədbirlərə ən yüksək səviyyədə
ev sahibliyi edib. Bu yaxınlarda Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunun, həmçinin 2012-ci ildə Avroviziya mahnı yarışmasının, 2015-ci ildə I
Avropa Oyunlarının, 2017-ci ildə İslam Həmrəylik Oyunlarının, eləcə də digər bu
kimi tədbirlər ən yüksək səviyyədə təşkil olunması deyilənlərə əyani sübutdur.
UEFA Avropa Liqasının mayın 29-da Bakıda Olimpiya Stadionunda keçirilən final
oyunu da bu siyahıya daxil oldu. Futbol yarışı ən yüksək səviyyədə, tam təhlükəsiz
bir şəraitdə baş tutdu. Açılış mərasimi də yüksək səviyyədə hazırlanmışdı.
Bununla Azərbaycan dünyaya ən təhlükəsiz, sabit ölkə olduğunu bir daha sübut
etmiş oldu. Azərbaycanın tolerant ölkə olması bir daha göstərildi. Xaricdəki bəzi
dairələrin Azərbaycan əleyhinə başlatdığı kampaniya da bununla fiaskoya uğradı.
Hətta erməni əsilli futbolçu Henrix Mxitaryanın geyimini geyərək Bakı küçələrində
gəzməklə Azərbaycanı, vətəndaşlarımızı qıcıqlandırmaq cəhdləri də alınmadı.
Antimilli qüvvələrin bütün cəhdlərinə rəğmən, UEFA final oyunu Azərbaycanda
bayram kimi təşkil edildi. Bu, ölkəmizə şər atanlara, dövlətimizi şantaj edənlərə
layiqli cavab oldu”.
Milli Məclisin
deputatı Naqif Həmzəyev Azərbaycanın
dünyada nüfuzlu idman ölkəsi kimi tanındığını vurğulayıb. Bildirib ki, idman
siyasətinin düzgün qurulması, idmançılarımızın istər ölkə daxilində, istərsə də
respublikamızdan kənarda əldə etdikləri uğurlu nəticələr bunu bir daha təsdiqləyir.
Onun sözlərinə görə, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, 42-ci
Ümumdünya Şahmat Olimpiadası, bədii gimnastika üzrə Dünya Kuboku, Formula-1
Qran-pri yarışlarının ölkəmizdə keçirilməsi UEFA Avropa Liqasının final oyunu
üçün də Bakının təsadüfi seçim olmadığını deməyə əsas verir: "Bakı Olimpiya
Stadionunda UEFA Avropa Liqasının final qarşılaşmasının keçirilməsi Azərbaycan
dövlətinin yürütdüyü idman siyasətinə dünyada göstərilən etimadın təzahürüdür.
Mötəbər idman tədbirlərinin keçirilməsi üçün ölkəmizdə təşkilatı baxımdan yüksək
şərait və imkanlar var. Dövlətin inkişafı, iqtisadiyyatın daha da güclənməsi,
möhkəm dayaqlara əsaslanması idmanın da inkişafında həlledici rol oynayır. Bu
gün dövlətimizin idman sahəsinə qoyduğu sərmayələr, göstərdiyi diqqət ölkəmizdə
idmanın kütləviliyinin artmasına, gəncliyin sağlam inkişafına xidmət edir. Azərbaycanın
həm siyasi, həm iqtisadi cəhətdən sabit ölkə olması beynəlxalq tədbirlərə və
idman yarışlara ev sahibliyi etməyə şərait yaradıb. UEFA Avropa Liqasının final
qarşılaşmasının Bakıda keçirilməsi bir daha göstərdi ki, Azərbaycan sürətlə
inkişaf etməkdədir. Son illər bir-birinin ardınca keçirilən beynəlxalq tədbirlər
ölkəmiz haqqında formalaşan təəssüratları dəyişir, respublikamızın imicinə müsbət
təsir göstərir. Həmçinin belə tədbirlər dövlətimiz üçün müəyyən dividendlər gətirir,
idman ölkəsi kimi statusunu daha da möhkəmləndirir”.
Rufik
İSMAYILOV