AZE | RUS | ENG |


“İdmançılarımızın qələbəsi hamımızın qələbəsidir” - Fotolar

“İdmançılarımızın qələbəsi hamımızın qələbəsidir” - Fotolar
İncəsənət nümayəndələri IV İslam Həmrəyliyi Oyunlarını izləyir və idmançılarımızın uğurlarına sevinirlər

Artıq beşinci gündür ki, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edirik. Bu Oyunlar həm dünya, həm də İslam aləmi üçün çox önəmli idman yarışlarından biridir. Bu Oyunların Azərbaycanda keçirilməsi bir daha onu göstərir ki, ölkəmiz dünya miqyasında böyük nüfuza malikdir. Bu Oyunlar bütün müsəlman ölkələri üçün idman bayramıdır desək, yəqin ki, yanılmarıq. Bu oyunların keçirilməsi, eyni zamanda İslam ölkələrin bir-birinə yaxınlaşmasına yardımçı olacaq.  

Bu gün Oyunların altıncı gününə start verilib. Biz də ölkəmizin tanınmış incəsənət nümayəndələri ilə söhbət etdik. Onlardan İslam Oyunları ilə bağlı təəssüratlarını öyrəndik, eyni zamanda idmançılarımıza dəstək olub-olmadıqlarını da xəbər aldıq. Söhbət zamanı aydın oldu ki, incəsənət nümayəndələrimiz də IV İslam Həmrəyliyi Oyunlarını izləyir və idmançılarımızın uğurlarına sevinirlər. Onlar söhbət zamanı qeyd etdilər ki, dünyada idman ölkəsi kimi tanınan Azərbaycan İslam dünyasında böyük nüfuza malikdir. Möhtəşəmliyi ilə seçilən İslam Həmrəyliyi Oyunlarına da yüksək səviyyədə ev sahibliyi etdiyimizi deyən sənət aləminin nümayəndələri bu Oyunların hər mənada mühüm hadisə olduğunu qeyd etdilər. 
 
 

Xalq artisti Gülyanaq Məmmədova Azərbaycan idmançılarını məğlubedilməz hesab edir: "Azərbaycanımız IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə bütün dünyaya müsəlman ölkəsi olduğunu və müsəlmanların həmrəy olduqlarını bəyan etdi. Mən bir Azərbaycan vətəndaşı olaraq bu Oyunlara ev sahibliyi etdiyimiz üçün dövlətimizlə qürur duyur və fəxr edirəm. Nə xoşbəxt bəndələrdənik ki, dövlət başçımız öz xalqını, millətini bu qədər düşünür”. 
 
Xalq artisti qeyd etdi ki, işi ilə əlaqədar olaraq hər gün yarışların keçirildiyi meydanlara getməyə zamanı olmur: "Təəssüf hissi ilə qeyd edirəm ki, zaman qıtlığından hər gün yarışları izləməyə gedə bilmirəm. Oyunları yalnız televiziya vasitəsilə izləmək imkanım olur. Biz incəsənət adamlarıyıq, bilirsiniz ki, tədbirlərimiz, layihələrimiz çox olur.  İşlərimiz çox olduğu üçün oyunların keçirildiyi meydanlara gedib yarışları izləmək imkanımız olmur. Ancaq mütəmadi olaraq əsas idman xəbərlərini televiziya vasitəsilə izləyir və idmançılarımızın əldə etdikləri qələbələrimizə hədsiz dərəcədə sevinirəm. Bilirsiniz ki, bu yarışlar Azərbaycan milli komandası üçün rekordlarla zəngin olub. Televiziyada əldə etdiyimiz uğurları görəndə, sevincimin həddi-hüdudu olmur. Yığmamız İslam Həmrəyliyi Oyunlarının medal sıralamasında ön sıralarda yer alır. Çox sevinirəm ki, güclü ordumuz olduğu qədər də güclü idmançılarımız var. Gördüyüm qədəri ilə də idmançılarımız bu Oyunlarda öz layiqli mükafatlarına sahibləniblər. Mən öz idmançılarımıza uğurlar arzulayıram. Qoy bilsinlər ki, Azərbaycan xalqı hər zaman onların yanındadır. Bütün sahələrdə peşəkar idmançılarımız var. Onlar beynəlxalq yarışlarda ölkəmizin adını uca tuturlar. Mən onların uğurlarına çox sevinirəm. İnanın ki, hər dəfə idmançılarımız qalib gələrkən, himnimiz səslənəndə qürur duyuram, göz yaşılarıma hakim ola bilmirəm. İdmançılarımızın medala layiq görüldüyünü eşidəndə, elə hesab edirəm ki, o qalibiyyəti mən əldə etmişəm və qazanılan uğur eyni zamanda mənim uğurumdur”.

G.Məmmədova bütün idman növlərinə marağının olduğunu da gizlətmir: "Bütün idman növlərinə marağım var, ancaq ən çox gimnastikaya böyük həvəs göstərirəm. Hətta bir müddət istəyirdim ki, qızım da gimnastika ilə məşğul olsun. Təəssüflər olsun ki, bu məndə hələ də arzu olaraq qalıb”. 
 
 
 
Əməkdar artist Murad Dadaşov bizimlə söhbətində böyük tədbirlərə ev sahibliyi etməyi böyük şərəf hesab etdiyini dedi: "IV İslam Həmrəyliyi Oyunlarını bütün dünya izləyir. Bu da o deməkdir ki, dünyanın gözü bizdədir. Biz müharibə şəraitində yaşayan bir ölkəyik. Düşmənlərimiz bizi hər yerdə gözdən salmağa çalışırlar. Bu səbəbdən, belə mühüm beynəlxalq yarışların ölkəmizdə keçirilməsi xüsusi önəm daşıyır. "Bakı 2015”, "Formula 1” kimi beynəlxalq yarışlar dünyaya sübut etdi ki, Azərbaycan stabil ölkədir və eyni zamanda etibarlı tərəfdaşdır, verdiyi bütün sözlərə əməl edir. İkinci tərəfdən, bu, İslam oyunlarıdır. Bunun özü dünyaya bir mesajdır. Azərbaycan həm coğrafi cəhətdən, həm də tarixi baxımdan elə məkanda yerləşir ki, bu məkan daim dünyanın diqqət mərkəzində olub, indi də elədir. Bu Oyunlar bizi İslam ölkələri ilə möhkəm bağlayır və dəyərlərimizi nümayiş etdirir”.
 
 

M.Dadaşov Oyunları izlədiyini deyir: "Təbii ki, mən IV İslam Həmrəyliyi Oyunlarını izləyirəm, ancaq vaxt qıtlığından, arenalara gedə bilmirəm. Bilirsiniz ki, bir neçə layihələr üzərində çalışıram, eyni zamanda yaxın vaxtlarda "Maşın” realiti şousu da başlayacaq. Onun üçün oyunları izləyə bilmirəm. Mən bütün idman növlərini sevirəm. Hər bir idman növünün özünün bir gözəlliyi var. Çox şükür  ki, Azərbaycanın da bu idman növləri üzrə peşəkar idmançıları var. Onları görəndə xüsusi zövq alırıq. Futbolu ayrıca sevirəm. Belə tədbirlərdə futbol yarışmalarını o qədər də çox izləmirəm. Futbol mənim üçün öz-özlüyündə ayrıca bir oyundur. Ağır atletikanı izləməyi sevirəm. Bu idman növü inanılmaz dərəcədə çətindir. Əslində bunu izləmək mənim üçün çox maraqlıdır. Su idman növləri də həmişə marağımda olub”. 
 
 

Xalq artisti, xanəndə Arif Babayev Azərbaycanın dünya arenasında kifayət qədər tanındığını və bu Oyunlardan sonra İslam ölkəsi olaraq dünyaya səs salacağını dedi: "Bu Oyunlara ev sahibliyi etməklə yenə də özünüzü beynəlxalq arenada tanıdırıq. Biz bunu təqdirəlayiq hal kimi qiymətləndiririk. Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan mötəbər beynəlxalq tədbirlərin və yarışların təşkili sahəsində zəngin təcrübəyə malikdir. Tam əminliklə deyə bilərik ki, idman yarışlarının mərkəzinə çevrilən ölkəmiz dünyada kifayət qədər tanınır. İdman və Olimpiya Hərəkatının yüksək sürətlə inkişafı, idmanın güclü maddi-texniki bazaya malik olması respublikamızda mötəbər tədbirlərin təşkilinə əsaslı zəmanət yaradır. Nüfuzlu beynəlxalq qurumların etimadı sayəsində respublikamız Avropa və dünya çempionatlarına, Qran-pri yarışlarına ev sahibliyi edir. Azərbaycanda Bakı-2015 birinci Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, "Formula-1” üzrə Avropa Qran-pri yarışları yüksək səviyyədə təşkil edilmişdi. İndi də IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edirik. Bu Oyunların açılış mərasimi çox möhtəşəm keçdi. Azərbaycan idmançıları hazırda da qızıl və gümüş medallar qazanırlar. Danılmazdır ki, bu gün bütün dünya bu Oyunları izləyir. Biz bununla fərəhlənirik. Qoy həmişə dövlətimizin bayrağı uca olsun, xalqımız var olsun. Əlbəttə ki, mən də bu ölkənin bir vətəndaşı olaraq İslam Oyunlarını izləyirəm. Aldığım son məlumata görə də idmançılarımız atıcılıq, karate, gimnastika, futbol, həndbol, üzgüçülük ,voleybol, boks, cüdo yarışlarındakı nailiyyətlərinə görə 70-dən çox medallar qazanıb. Bu göstərici ilə cədvəl sıralamasında ikinci yerdə qərarlaşan millimizi Türkiyə komandası qabaqlayır. Dünən də atletika və taekvondo idman növləri üzrə yarışlara start verilib”.
 
 

Bütün idman növlərinə marağı olduğunu deyən Arif Babayev bir zamanlar boksla məşğul olduğunu da gizlətmədi: "Əvvəllər güləşi çox xoşlayırdım. Yüngül atletikaya xüsusi marağım var idi. Gənc yaşlarımda boksçu olmaq istəyirdim, ancaq atam qoymurdu. Atam deyirdi ki, "çox da yönlü burnun var, onu da əzib yanıma gələcəksən. Ona görə get işinlə məşğul ol. Nə qədər ki burnun salamatdır get özünə başqa sənət tap...” Bilirsiniz ki, idman çox çətin sənətdir. Bu yolub tutan bütün idmançılarımıza uğurlar arzu edirəm”.
 
 

Əməkdar artist, sevimli aktrisa Hüsniyyə Mürvətova bizimlə söhbətində bütün idmançılarımıza uğurlar arzuladı: "IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsini müsbət hal kimi qiymətləndirirəm. Son illər Azərbaycan bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Əlbəttə ki, bir Azərbaycan vətəndaşı olaraq bu məni çox sevindirir. Azərbaycan hər zaman İslam sivilizasiyasının mərkəzlərindən biri olub, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Biz dünyada İslam ailəsinin bir parçasıyıq. Azərbaycanın müsəlman dövlətləri ilə münasibətləri qardaşlığa, dostluğa, səmimi əməkdaşlığa əsaslanır. Bu ölkələrlə bu münasibətlərimiz daha da inkişaf etməkdədir. IV İslam Həmrəyliyi Oyunları da bunun bariz nümunəsidir”. 
 
 

Əməkdar artist Oyunlarda ölkəmizi təmsil edən idmançılarımıza uğurlar arzuladı: "Mən buradan Azərbaycanı təmsil edən bütün idmançılarımıza uğurlar arzu edirəm. Onlar bizim qardaşlarımız və bacılarımızdır. İnanırıq ki, qələbə onlarladır. Açığı, bu Oyunlarda Rafael Ağayevə azarkeşlik edirdim. Rafael Ağayev dünyada tanınmış və güclü idmançılarımızdandır. O, bizim fəxrimizdir. O, da özünü doğrultdu və qızıl medal qazandı. İdmançılarımızın əldə etdiyi uğurları televiziya vasitəsi ilə izləyirəm. Bilirsiniz ki, idmana böyük marağım var. Ayın 22-də oğlumla birlikdə uşu idman yarışlarını izləməyə gedəcəyəm. Elə həmin axşamı da oğlumla IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində iştirak edəcəyəm”.
 
 
 
Əməkdar artist Ədalət Şükürov Oyunları böyük maraqla izlədiyini dedi: "Bu Oyunlarda iştirak etmək, idmançılarımıza dəstək olmaq əlbəttə ki, bir Azərbaycan vətəndaşı olaraq bizim borcumuzdur. Qoy hər bir dövlətdə belə bayram keçirilsin. Bir ölkə olaraq bu tədbiri keçirməyə gücümüz çatır. 3 gün bundan qabaq biz Milli Olimpiya Komitəsində canlı yayımda idik. Nə xoş bizə ki, IV İslam Həmrəyliyi Oyunlarını keçirməyə hər cür imkanımız var. Allah üstümüzdə olsun, köməyimiz olsun. Hələ ki hər şey yaxşı gedir, axıra qədər belə davam etsək, çox yaxşı olacaq”.

İdmana böyü marağının olduğunu deyən Ədalət Şükürov bildirdi ki, cüdo, boks, gimnastika və voleybola azarkeşlik edir: "Bizim voleybolçularımız ötən gün türklərə qalib gəldi. Mən bu münasibətlə Faiq müəllimi təbrik etdim. Təbii ki, biz mütəmadi olaraq oyunları izləyir və idmançılarımıza dəstək oluruq”.

Xəyalə Rəis


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN