Həqiqətin 25 il sonrakı etirafı
Qəddarlığı və amansızlığı
ilə fərqlənən Xocalı soyqırımı erməni millətçilərinin təcavüzkar siyasətinin ən
qanlı səhifələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə
Azərbaycanın Xocalı şəhərində ermənilərin törətdikləri bu dəhşətli hadisə
xalqımızın tarixinə qanlı hərflərlə yazılıb. O gecə silahlı erməni dəstələri
keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır
texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın bu qədim şəhəri üzərinə
hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar.Ermənilərin bu cəza tədbiri
hərtərəfli planlaşdırılıb və yeganə bir məqsədlə törədilib – dinc sakinləri
milli mənsubiyyət əlamətinə görə qismən və ya tamamilə məhv etmək. Beynəlxalq
hüquqa görə belə hərəkətlər "soyqırımı” anlayışına uyğundur və dünya
ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır.Azərbaycan xalqı hər il Xocalı
soyqırımı qurbanlarının xatirəsini hörmət və ehtiramla yad edir.
2008-ci ildə Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya
ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da
fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində
aparılan işlər sayəsində geniş ictimaiyyətə çatdırılıb. Xocalı soyqırımının
dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsində İslam
Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru,
Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin
müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı
olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya,
Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 20-dən artıq ştatının icra
və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək
qətiyyətlə pisləyiblər.
Xocalı soyqırımının dünya
miqyasında tanıdılması istiqamətində görülən işlər çərçivəsində cari il oktyabrın
20-də Türkiyənin Kayseri şəhərində Heydər Əliyev Fondunun, Türkiyənin Ərciyəz
Universitetinin və Talas Rayon Bələdiyyəsinin birgə təşkilatçılığı ilə
"Müasir dünyada dialoq” mövzusunda konfrans keçirilib, Xocalı parkının və
Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri,
professor Əli Həsənovun da iştirak etdiyi tədbirdə Rusiya Federasiyası Dövlət
Dumasının deputatları İrina Rodnina, Dmitri Savelyev, Oksana Puşkina, Dumanın
məsul əməkdaşı Ramin Qasımov və başqaları çıxış edərək, Dağlıq Qarabağ
münaqişəsi, ölkələrimiz arasında mövcud münasibətlər ətrafında fikir və
mülahizələrini bölüşüblər. Prezidentin köməkçisi Ə.Həsənov çıxışlarda
səsləndirilən fikirləri sülh və inkişaf çağırışı kimi dəyərləndirib.
Türkiyənin
Kayseri şəhərində açılışı olan Xocalı Parkındakı Xocalı soyqırımı qurbanlarının
xatirəsinə ucaldılmış abidənin önünə gül dəstəsi qoyan Dövlət Dumasının
deputatı D.Savelyev xatırladıb ki, 26 il əvvəl Azərbaycanın Xocalı şəhərində
dəhşətli faciə törədilib, dinc sakinlərə hücum edilib. O, bu cinayət
nəticəsində 613 günahsız insanın qətlə yetirildiyini diqqətə çatdıraraq, bunun
soyqırımı olduğunu vurğulayıb. Deputat deyib ki, bunu törədənlər indiyədək
cəzalarını almayıb. Xocalıda törədilənlər Azərbaycan xalqına qarşı
soyqırımıdır. Bu şəhərin yerlə yeksan olunması, insanlara divan tutulması
bəşəri cinayətdir. Biz hamılıqla çalışmalıyıq ki, Xocalı soyqırımı barədə
həqiqətləri bütün dünyaya çatdıraq və bu faciəni törədənlər cəzalarını
alsınlar. Türkiyədə təhsil alan xarici tələbələr təmsil etdikləri dövlətlərinin
rəhbər şəxslərinə təsir göstərməli, Xocalı soyqırımı ilə bağlı ölkələrinin
parlamentlərinə çağırış etməlidirlər. Belə bir vəhşiliyin cəzasız qalmaması
üçün təbliğat işlərinə qoşulmalıdırlar”.
Rusiya Dövlət Dumasının
deputatı tərəfindən dilə gətirilən bu həqiqətlərlə bağlı fikirlərini "Kaspi”yə
bölüşən Milli Məclisin Elm və təhsil
komitəsinin üzvü, tarixçi alim Musa Qasımlı bildirib ki, Rusiya-Azərbaycan
parlamentlərarası işçi qrupunun rəhbəri D.Savelyevin mövqeyi sırf ədalətə və
obyektivliyə əsaslanır. Millət vəkili deyib ki, həqiqətən də Ermənistan silahlı
qüvvələri 1992-ci ilin 25-26 fevralında Xocalı şəhərində bəşəriyyət,
sivilizasiya əleyhinə ən böyük cinayət hadisəsi, mülki əhaliyə qarşı soyqırımı
törədib: "Dmitri Savelyevin mövqeyi bir daha təsdiq edir ki, müasir Rusiyada
onun kimi düşünənlər var. Xüsusən də Rusiya Dövlət Duması deputatının Türkiyədə
Xocalı parkının açılışında iştirak etməsinin rəmzi mənası var. Bu, bir daha
nümayiş etdirir ki, Azərbaycanın ədalətli mövqeyini qəbul edənlərin sayı
getdikcə artır və bu iş özbaşına olmur”.
Milli
Məclisin Regional məsələlər komitəsinin üzvü, tarixçi-alim Fəzail İbrahimli "haqq
nazilər amma üzülməz” atalar misalını xatırladaraq, rusiyalı deputatın Xocalı
soyqırımı barədə söylədiklərini həqiqətin etirafı kimi dəyərləndirib. Millət
vəkili deyib ki, 25 ildən sonra rusiyalı deputatın, məmurun Xocalı soyqırımı
barədə obyektiv mövqe bildirməsi, ədalətli düşüncəyə sahib olması maraq
doğurur: "Dmitri Savelyevin ədalətli mövqe sərgiləməsini hər bir azərbaycanlı alqışlayır.
Ədalətin, haqqın yanında olan hər bir kəsə öz təşəkkürümüzü bildirməliyik. Amma
bu etirafın məhz indi dilə gətirilməsi müəyyən suallar da doğurur. Kimsə elə
qəbul etməsin ki, bu suallar Savelyevin söylədiklərini əngəlləmək, onun
hörmətini azaltmaq məqsədi daşıyır. Sadəcə fakt budur ki, Rusiyada ayrı-ayrı
məmurlar, deputatlar və sair insanlar fərqli düşərgələrə bölünüblər. Onların
bir qismi Ermənistana, oradan da qanunsuz olaraq Azərbaycanın işğal altındakı
ərazilərinə səfər edir, ermənilərin lobbiçiliyini aparır, erməni maraqlarından
çıxış edirlər. Bu olaylar fonunda Dmitri Savelyev azad düşüncə sahibi olaraq
müstəqil hərəkət edir, obyektiv düşüncəsini ortaya qoyur. 25 ildən sonra olsa
belə, bu cür ədalətli mövqeyin nümayiş etdirilməsi təqdirəlayiq haldır.
Fikrimcə, bu mövqe sadəcə tədbirdə, açılış mərasimində deyil, eyni zamanda
Rusiya Dövlət Dumasında da ortaya qoyulmalı, bu barədə məsələ qaldırılmalıdır.
Dövlət Dumasının da bu məsələyə münasibəti olmalıdır. Belə bir hadisə baş
verərsə, bu, ölkələrimiz arasındakı münasibətlərdə daha bir müsbət hal sayılar,
həm də bu məsələnin, ümumilikdə Dağlıq Qarabağ probleminin həllinə rəvac verən
addım atılmış olar”.
Milli
Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya
ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev də rusiyalı
deputatın ədalətli mövqe nümayiş etdirməsini müsbət hal kimi qiymətləndirib.
Bildirib ki, Dövlət Duması deputatlarının Xocalı parkının və abidəsinin
açılışında iştirak etməsi, 25 il bundan əvvəl Ermənistan silahlı qüvvələri
tərəfindən törədilən hadisənin soyqırımı olduğunu diqqətə çatdırması,
günahkarların tapılmasını istəməsi yaxşı haldır, obyektiv mövqedir: "Ədalətli
mövqenin bildirilməsi bütün hallarda müsbət dəyərləndirilir. Amma rusiyalı
deputat bu barədə Dövlət Dumasında da məsələ qaldırarsa, daha yaxşı olar. Eyni
zamanda təcavüzkarlıq siyasəti yürüdən, Azərbaycan ərazilərini işğal edən,
qonşularına qarşı əsassız ərazi iddiaları irəli sürən Ermənistana qarşı
sanksiyaların tətbiq edilməsinə, bu dövlətin KTMT-dən, MDB-dən çıxarılmasına,
silah-sursat verilməsinin qarşısının alınmasına dair çağırışların Dumada
edilməsi də arzu olunandır. Bunların baş verməsi Azərbaycan-Rusiya münasibətlərini
daha da yaxşılaşdırar”.
Rufik
İSMAYILOV