Həbsxanada ali təhsil

Məhkumların
ali təhsilə cəlb edilməsi ilə bağlı təklif ekspertlər tərəfindən dəstəklənir
Cəzaçəkmə
müəssisələrində cəza çəkən şəxslərin ali təhsil müəssisələrinə qəbul
imtahanlarında iştirakının təmin edilməsi üzrə mexanizmin hazırlanması ilə
bağlı təkliflər səslənir. İnsan
hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində yer alan
təklif artıq dünya ölkələrinin təcrübəsində uğurla həyata keçirilir.
Ombudsmanın hesabatında qeyd edilib ki, Məhbuslarla Beynəlxalq Standart
Davranış Qaydalarına görə, təhsildən bəhrələnməyi bacaran məhbuslara onu davam
etdirmək imkanı təmin edilməlidir. Belə ki, Penitensiar Xidmətin Tərbiyə
Müəssisəsində saxlanılan şəxslərin buraxılış imtahanlarında iştirakına şərait
yaradıldığını nəzərə alaraq, cəza çəkən şəxslərin ali təhsil müəssisələrinə
qəbul imtahanlarında iştirakının təmin edilməsi üzrə mexanizmin hazırlanması və
bununla bağlı Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinə əlavə
edilməsi təklifi irəli sürülüb. Bununla yanaşı, cəzaçəkmə müəssisələrində cəza
çəkən məhkumların islah olunması, şəxsiyyətinin inkişafı və azad olunduqdan
sonra cəmiyyətə adaptasiyası məqsədilə "Cəzaçəkmə müəssisələrində cəza çəkən
məhkumların islah edilməsi və sosiallaşması” üzrə müvafiq dövlət proqramının
qəbul edilməsi məsələsi də hesabatda yer alıb.
Təcrübə göstərir ki...
Qeyd
edək ki, qonşu Rusiyada məhkumların ali təhsilə cəlb edilməsi mexanizmi çoxdan
hazırlanıb və həyata keçirilir. Belə ki, son on ildə cəza koloniyalarında
təhsil alanların sayı üç dəfə artıb. Rusiya Federal Xidmətinin məlumatına görə,
hazırda bütün ölkə üzrə minə yaxın məhbus ali məktəblərdə təhsil alır ki,
onların arasında ömürlük məhbuslar da var. Hətta uğurlu göstərici əldə edilib.
Barmaqlıqlar arasında təhsil alan insanlar arasında azadlığa çıxandan sonra öz
biznesini quran və maraqlı iş tapanlar da az deyil.
Hazırda
məhbuslar müxtəlif ixtisaslar üzrə istəklərinə uyğun distant təhsil alırlar.
Seçdikləri isə ən çox iqtisadiyyat, menecment, kiçik biznesin idarə olunması, maliyyə
və kredit, reklam üzrə mütəxəssis, sosiologiya, bank işi və psixologiya
ixtisaslarıdır. "Məhkumların ixtisas seçimi də sərbəstdir. Əlbəttə, tədris
təhsil müəssisənin qaydalarına uyğun həyata keçirilir. Koloniyalarda xüsusi
təhsil meydançaları var. Bir çox kompüterlərdə müəllimlə ünsiyyət və
onlayn-kurslar üçün vebkameralar quraşdırılıb. Məhkumlar internetin köməyi ilə
həmçinin tapşırıq alır və yerinə yetirdikləri mövzuları və imtahan cavablarını
göndərirlər. Bununla birlikdə, bir qayda olaraq, tədris materialının
əksəriyyətinin öyrənilməsi audio və video qeyd funksiyası, eləcə də internetə
giriş olmadan kompüter və elektron kitablardan istifadə etməklə həyata
keçirilir. Tələbələr üçün lazım olan bütün materiallar təhsil təşkilatları
tərəfindən təmin edilir” - deyə FX-dan bildiriblər. Məlumatlara görə, Rusiyada
keçən il 100-dən çox məhbus ali təhsili bitirmək haqqında diplom alıb. Hazırda
ali məktəblərdə distant olaraq oxuyan məhkumlar arasında 9 ömürlük məhbus da
var. "Məhkumlar üçün, eləcə də adi tələbələr üçün büdcədən maliyyələşdirilən
yerlər ayrılır. Bəzi bölgələrdə belə bir əməkdaşlıq Rusiya Federal Penitensiar
Xidmətinin ərazi orqanları ilə ali təhsil müəssisələri arasında qurulub.
Məhkumlar üçün büdcə yerlərinin ayrılmasına dair müvafiq müqavilələr bağlanıb.
Rusiyanın Federal Penitensiar Xidməti, ölkədəki universitetlərdə məhkumlar üçün
mümkün qədər çox pulsuz yer olmasını təmin etməyə çalışır. Məhkumlar üçün ali
təhsilin inkişafı büdcə vəsaitlərini israf etmir. Təcrübə göstərir ki, diplom
alan məhkumlar nadir hallarda koloniyalara qayıdırlar. İnsan azadlıqda öz
yerini tapanda, artıq cinayətlərə cəlb olunmur. Məhkum olunarkən təkrar
cinayətlər törətmiş şəxslərin təhsil səviyyəsinin göstəricilərinin monitorinqi
göstərir ki, ali təhsilli məhkumlar daha az təkrar cinayətlər törədirlər” -
deyə xidmət bildirir. Rusiya Federal Penitensiar Xidmətinin apardığı təhlillərə
görə, əvvəllər cəzalarını çəkmiş və 2016-2017-ci illərdə islah müəssisələrindən
azad edilmiş ali təhsilli məhkumların sayı təkrar cinayətlər törətmiş bütün
məhkumların yalnız 3.3% -ni təşkil edir.
Humanizmin bütün dünyaya nümayişi
Təhsil Nazirliyi yanında İctimai
Şuranın sədr müavini Nadir İsrafilov bildirir ki, cəzaçəkmə müəssisələrinin
Daxili İntizam Qaydalarında məhkumlarla tərbiyə tədbirlərinin keçirilməsi
şərtləri və onların təhsilinin təşkili fəslində müəyyən müddətdə azadlıqdan
məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin ümumi orta təhsili, peşə
təhsili və peşə hazırlığının müvafiq normativ aktlara əsasən təşkil edilməsi
məsələləri yer alıb. Belə ki, məhkumların ümumi orta təhsili, peşə təhsili və
peşə hazırlığının bir rejimdə cəza çəkən məhkumların digərindən təcrid edilmə
tələblərinə riayət olunmaqla həyata keçirilməsi barədə ayrıca maddə var:
"Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar ümumi orta təhsil və peşə
təhsili üzrə imtahan vermək üçün Azərbaycan Respublikasının əmək
qanunvericiliyində nəzərdə tutulmuş müddətə işdən azad edilirlər. Cəzaçəkmə
müəssisələrinin müdiriyyəti orta ümumtəhsil və peşə təhsili məktəblərinə,
onların işində hərtərəfli köməklik göstərir və məhkumların təhsilinə nəzarəti
həyata keçirir. Nazirlər Kabinetinin qərarına əsasən, "Cəzaçəkmə müəssisələri
nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi
təsdiq edilib. Peşə məktəbi, bir qayda olaraq, istehsalat sahəsində yerləşir.
Bu halda istər-istəməz belə bir sual ortalığa çıxır: bir halda ki, cəzaya
məhkum olunmuş şəxslərin ümumi orta təhsili, peşə təhsili və peşə hazırlığının
müvafiq normativ aktlara əsasən təşkil edilməsinə yol verilir, elə isə
məhkumlara ali məktəblərə daxil olmaq üçün imtahan vermək hüququ niyə
verilməsin? Bu məqsədlə cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların islah
olunması, şəxsiyyətinin inkişafı və azad olunduqdan sonra cəmiyyətə adaptasiyası
məqsədilə "Cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların islah edilməsi və
sosiallaşması” üzrə müvafiq dövlət proqramı niyə qəbul edilməsin...? Bu
baxımdan, cəzaçəkmə müəssisələrində çəza çəkən şəxslərin ali təhsil
müəssisələrinə qəbul imtahanlarında iştirakının təmin edilməsi üzrə mexanizmin
hazırlanması barədə təklifin məhz İnsan hüquqları üzrə müvəkkili tərəfindən
verilməsi başadüşüləndir və ali təhsilin hamı üçün əlçatan olması baxımından
məqbul sayıla bilər”. Təhsil eksperti bildirir ki, belə bir təklif Məhbuslarla
Beynəlxalq Standart Davranış Qaydaları ilə də səsləşir və humanizmin bütün
dünyaya nümayişi baxımından da əhəmiyyət kəsb edə bilər: "Bir də ki, cəza
çəkənlər də bizim vətəndaşlarımızdır, onların arasında adi bir yanlışlıq üzündən
cəza çəkənlər və səhvini başa düşərək peşman olanlar da az deyil. Bununla belə,
bu, təkcə təhsil məsələsi olmayıb, ümumi qanunvericiliklə bağlı geniş spektrli
ciddi bir məsələdir. Ümumi rejimdə, ciddi rejimdə, xüsusi rejimdə cəza
çəkənlər, ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuşlar var.
Habelə, təhsildən bəhrələnmək arzusunda olanlar, azadlığa çıxdıqdan sonra belə
tüfeyli həyat sürmək əqidəsində olanlar var. Buna görə də çəza çəkən şəxslərin
ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirakının təmin edilməsi üzrə
mexanizmin hazırlanması və onun işlək hala gətirilməsi üçün, ədliyyə orqanları,
DİM nümayəndələri və təhsil ekspertlərini iştirakı ilə geniş müzakirələr
keçirilməsi faydalı olar”.
Həbsxanada distant təhsil
Azərbaycan Prezidenti
yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyevhesab edir ki, hər kəsin təhsil almaq hüququ olduğundan ali təhsil
almaq hüququ ilə bağlı hamı üçün bərabər imkanlar və şərait təmin olunmalıdır.
Bu, xüsusən cəzaçəkmə müəssisələrində həyata keçirilməlidir: "Həbsxanalarda bir
çox insanlar var ki, törətdikləri hər hansı cinayət üzündən ya təhsillərini
yarımçıq qoyublar, ya da ikinci təhsil almaq istəyirlər. Hesab edirəm ki, bu
istiqamətdə mexanizmlər hazırlamaq mümkündür. COVİD-19 pandemiyası zamanı hansı
mexanizmlərin həyata keçirilməsinə də cavab tapıldı. Yəni distant təhsillə
cəzaçəkmə müəssisələri üçün bu mexanizmi qurmaq mümkündür. İKT bunun üçün
müvafiq imkanlar yaradır. Çox rahat şəkildə distant təhsil vasitəsi ilə
məhkumların müəssisələrdə ali təhsilalma məsələlərini həll etmək mümkün olacaq.
Bunun üçün elə də böyük xərcə ehtiyac yoxdur. Çünki virtual olaraq internet
üzərindən və nəzarət altında bu işi təşkil etmək mümkündür. Ayrı-ayrı ölkələrin
də bununla bağlı təcrübəsi var”. Məhkumların sosial adaptasiyası ilə bağlı
məsələyə gəlincə, hüquq müdafiəçisi bildirir ki, 2007-ci ilin may ayında "Penitensiar
müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası
haqqında” qanun qəbul
edilsə də, onun normaları tam olaraq icra edilmir: "İcra mexanizmlərinin həyata
keçirilməsi üçün belə bir dövlət proqramının qəbul edilməsi yaxşı olardı. Həmin
sənəddə məşğulluq, və yeni ixtisaslar, sosial-hüquqi-psixoloji yardımlar,
yaşayış yerləri və s. ilə bağlı məsələlər əksini tapar. Düzdür, indi Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sığınacaq tikilib və yaxın
vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. Amma bütövlükdə regional olaraq
belə mərkəzlərin yaradılmasına ehtiyac var. Cəzaçəkmə müəssisələrində cəzaçəkən
şəxslərin reinteqrasiya imkanlarını yarada bilərik. Eyni zamanda, özəl sektorun
bu proseslərə daxil edilməsi, məşğulluğun artırılması istiqamətində müəyyən
işlər görmək mümkündür. Çünki bu gün cəzaçəkmə müəssisələrində məşğulluq
problemləri ən yaxşı halda 25 faizə qədər həll olunur. Amma bu faizi daha da
yüksəltmək mümkündür”. Hüquq müdafiəçisinin sözlərinə görə, azad edilmiş
şəxslərin yenidən cinayət etməsi o zaman baş verir ki, onların müvafiq işlə
təmin edilməsi imkanları olmur: "Bekarçılıq bir çox hallarda yeni cinayət
əməllərinin yaranmasına gətirib çıxarır. Digər bir problem cəzaçəkmə
müəssisələrindən çıxan çəxslərin azad ediləndən sonra cəmiyyət tərəfindən
atılmış hesab edilməsi ilə bağlıdır. Onlar cəmiyyətdə özlərinə yer tapa
bilmirlər. Ona görə də belə bir fəaliyyət planının hazırlanması həm də bu
istiqamətdə olan maneələrin aradan qaldırılmasına yeni imkanlar verəcək”.
Ekspertlərin
fikrincə, təklif kifayət qədər aktualdır, sadəcə mexanizmin yaranması və icrası
üçün hərəkət lazımdır.
Təranə
Məhərrəmova
