• cümə, 29 Mart, 00:29
  • Baku Bakı 7°C

Gündüz çıraqla axtarılan mütəxəssislər

02.07.19 10:30 2138
Gündüz çıraqla axtarılan mütəxəssislər
Bu yaxınlarda Müdafiə naziri Zakir Həsənov çıxışında ordu sahəsində informasiya texnologiyaları mütəxəssislərinə böyük ehtiyac olduğunu qeyd edib. İnformasiya texnologiyaları mütəxəssislərinə təkcə orduda yox, əksər sahələrdə ehtiyac duyulur. Bir müddət əvvəl İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı UNEC2B əmək bazarı platformasının təqdimat mərasimindəki çıxışında bildirmişdi ki, Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı üçün əmək bazarında 150-200 min İT mütəxəssisi olmalıdır, amma hazırkı bazarda say 1.5 minə yaxındır. Qeyd edək ki, bu sahədə olan mütəxəssis çatışmazlığı nəzərəçarpacaq dərəcədə böyükdür. Ölkəmizdə bir çox universitetlərdə informasiya texnologiyalarını tədris edən fakültələrin olmasını baxmayaraq, əmək bazarında istənilən nəticə əldə olunmur. Görəsən, problem nədədir?
Təhsil eksperti Kamran Əsədov bu sahə üzrə tədrisi həyata keçirən müəllimlərin günün tələblərinə cavab verən informasiya yeniliklərindən xəbərsiz olduğunu qeyd etdi: "İlk növbədə onu qeyd edim ki, hazırda ölkədə 51 ali təhsil müəssisəsində 164 mindən çox tələbə təhsil alır ki, onların da məhz 40%-ə qədəri texnologiya üzrədir. Yəni burada söhbət sırf kompüter mütəxəssislərindən yox, eyni zamanda informasiya texnologiyalarının tətbiqini əhatə edən bütün sahələrdən gedir. Amma təəssüflər olsun ki, bu gün ölkənin informasiya texnologiyaları üzrə kadr hazırlığını həyata keçirən universitetlərin məzunlarının yalnız 42%-i əmək bazarında işlə təmin olunur. Bu ona görədir ki, universitetlərdə, xüsusilə də informasiya texnologiyaları sahəsində kadr hazırlayan təhsil müəssisələrində müasir tələblərə cavab verən avadanlıqlar yoxdur. Bu ixtisas üzrə tədrisi həyata keçirən müəllimlər günün tələblərinə cavab verən informasiya yeniliklərindən xəbərsizdirlər. Ona görə də, hesab edirəm ki, aiddiyatı dövlət qurumları mütləq şəkildə kadr hazırlığı həyata keçirən təhsil ocaqlarında yoxlamalar aparmalı, keçirilən dərsin müasir əmək bazarına cavab verib-vermədiyini dəqiqləşdirməlidirlər. Təəssüf ki, proqramlaşdırma sahəsi üzrə mütəxəssis bizdə yox səviyyəsindədir. Bunun səbəbi isə universitetlərin maddi-texniki bazasının lazımı səviyyədə qurulmamağıdır. Keyfiyyətli kadr hazırlığı olmadığına görə, bazarda boşluq var”.
"Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüzdüşünür ki, bu sahədə universitetlərdə tədrisin səviyyəsini yüksəltmək lazımdır: "2014-cü ildə olan devalvasiyadan sonra İT şirkətlərinin bir çoxunda ixtisarlar getdi. Həmin mütəxəssislərin çoxu xaricə köçdü və bu da İT sahəsinə ciddi zərbə vurdu. Yeni kadrların hazırlığına gəlincə isə universitetlərimizdə bu istiqamətdə müəyyən işlər görülür. Amma hələlik onların məzunları bazarın tələbatını ödəyəcək potensiala, təcrübəyə sahib deyillər. Buradakı problemlərdən biri də tədrisdədir. Belə ki, məzunların əksəriyyəti mütəxəssis kimi yetişmək, əmək bazarında özünə yer tapmaq üçün məcburən universitetdən əlavə kursa gedir. Ona görə də, düşünürəm ki, universitetlərdə tədrisin səviyyəsini yüksəltmək lazımdır”.
O.Gündüz bildirdi ki, bazardakı boşluğu aradan qaldırmaq üçün xaricdə bu sahədə təhsil alan gənclərimizi də müəyyən şərtlərlə ölkəyə dəvət etmək olar: "Yeri gəlmişkən onu da qeyd edim ki, ümumiyyətlə, bizdə bu məsələnin kökündən həll edilməsində ciddi problem var. Bu da Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi arasında olan fikir ayrılığından irəli gəlir. Məsələ informatika fənninin tədrisinə olan münasibətdir. Tutaq ki, abituriyent universiteti İT sahəsi üzrə oxumaq istəyir. Amma 11 il orta məktəbdə keçdiyi informatika fənnindən yox, kimyadan imtahan verir. Ona görə də qəbul qaydalarına dəyişiklik edilməlidir. Yəni bu ixtisasa yiyələnmək istəyənlər kimya yerinə informatikadan imtahan verməlidirlər”.
İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Rasim Mahmudov qeyd etdi ki, istənilən sahədə çalışan insan universitet təhsili ilə kifayətlənməyib, özünü təkmilləşdirmək, həmin sahədə mütəxəssis olmaq üçün kurslara getməlidir: "İT sahəsində kadr problemi bütün dünyada müşahidə edilən haldır. Çünki bu sahə çox dinamik inkişaf edir. Bu da həmin sahədə mütəxəssis çatışmazlığına səbəb olur. Hər an, hər dəqiqə təhsil sistemi dəyişir. İnsanın bir sahədə mütəxəssis kimi yetişməsi üçün sadəcə, 4 il universitetdə aldığı təhsil kifayət etmir. Xüsusilə də informasiya təhlükəsizliyi sahəsində olan biri, daim özünü inkişaf etdirməlidir. Texnika, texnologiya sahəsi o qədər sürətlə dəyişir, inkişaf edir ki, bununla ayaqlaşmaq üçün əlavə təkmilləşdirmə kurslarına getmək vacibdir. Onu da qeyd edim ki, hazırda əmək bazarında bu sahədə böyük rəqabət var. Hansı qurum daha çox maaş təklif edirsə, mütəxəssis oranı seçir. Ona görə də, mütəxəssis yetişdirərkən əmək bazarının tələbləri nəzərə alınmalıdır”.
İT sahəsi üzrə ekspert Tural Mustafayev bazarda həqiqətən mütəxəssis boşluğu olduğunu bildirdi: "Düzdür, hazırda bir çox universitetlərdə kompüter mühəndisliyi ixtisası tədris edilir. Amma həmin fakültələrdən məzun olan gənclərin İT sahəsində peşəkar mütəxəssis olmaları üçün uzun müddət və geniş təcrübə lazımdır. Bazarda boşluğun olması hardasa anlaşılandır. Çünki son 5 ildə ölkəmizdə fəaliyyət göstərən İT mütəxəssislərinin Avropaya, Amerikaya köçü baş verir. Bu məsələdə də onlara verilən maaşın miqdarı, avropalılarla işləmək, Avropa təcrübəsi qazanmaq istəyi böyük rol oynayır. Xüsusilə də Estoniyada İT mütəxəssisləri üçün yaradılan şərait daha çox cəlbedici olur. Yəni əsas boşluq bu məsələlərdən irəli gəlir. Təhsil məsələsinə gəlincə isə məncə, bütün universitetlərdə tam qənaətbəxş olmasa da, bəzilərində müəyyən qədər də olsa, İT sahəsi ilə bağlı təhsil verilir”.
Ekspert bazarda əsasən hansı sahələrdə boşluqlar olmasından da danışdı: "Hazırda riyazi elmlərlə məşğul olan qurumlar var ki, onların fəaliyyətini proqramlaşdırmaq üçün İT mütəxəssisi tapmaq qeyri mümkündür. Superkompüterlərlə işləyən, bəzi əməliyyat sistemlərinin yazılması ilə bağlı mütəxəssislər də çətin tapılır. Həmçinin elektron tibb sahəsi ilə məşğul olan mütəxəssislər demək olar ki, bazarda yox səviyyəsindədir”.
İT eksperti Qafar Əhmədov hazırda bazarın boş olmasının normal hal olduğunu qeyd etdi və bunun səbəblərini açıqladı: "Çünki bir çox qurumlar işə götürdükləri İT mütəxəssisindən "Microsoft” və ya başqa sertifikatları tələb edir. Məsələ burasındadır ki, bizim ölkədə o sertifikatları verən hər hansı bir qurum yoxdur. Onlar tələb edirlər ki, biz gedib xaricdə sertifikat alaq və gəlib burada işləyək. Şəxsən mən burada işləmək üçün bir neçə banka müraciət etmişəm. Amma verdikləri maaş qane etmədiyi üçün onlarla çalışmamışam. Çünki onlar ucuz işçi axtarırlar, bu da bizə sərf eləmir. Bəziləri də, bayaq qeyd etdiyim kimi, elə sertifikatlar istəyirlər ki, həmin sertifikatları alanlar bu məvaciblə onsuz da Azərbaycanda işləməz. Yəni qıcasa olaraq, bu gün bazardakı boşluğun əsas səbəbi İT mütəxəssisinə istənilən maaşın verilməməyi və tələb olunan sertifikatı alanların da burada işləmək istəməməyidir. Bəzi qurumlar bunu bilməlidirlər ki, onların, cərəyana qoşulan bütün işlərinə nəzarət edən birisinin 1000 manatdan aşağı maaş alması vaxt itkisidir”.
Həmsöhbətim qeyd etdi ki, bazardakı boşluğun bir digər səbəbi isə ölkəmizdə informasiya texnologiyaları sahəsində mütəxəssis hazırlayan, onları professional səviyyədə öyrədən bir qurumun olmamağıdır. Universitet təhsili bu sahədə mütəxəssis olmağa kifayət etmir.
Günel Azadə
banner

Oxşar Xəbərlər