• cümə, 26 Aprel, 15:08
  • Baku Bakı 23°C

Gəlin bu zəfəri virusa qalib gəlməklə taclandıraq...

10.10.20 10:48 723
Gəlin bu zəfəri virusa qalib gəlməklə taclandıraq...
"Sağlamlığımızın qeydinə qalmalıyıq ki, indiki vaxtda dövlətə əlavə yük olmayaq”
Hazırda xalq olaraq hər birimizin ürəyi Qarabağda döyünür. Hamımız müharibəyə köklənib qələbə xəbərləri ilə fərəhlənirik. Ordumuzun Qarabağdakı işğalçılara qarşı zəfərləri yanımızdakı düşməni - koronavirusu unutdurub. Nəzərə almalıyıq ki, biz dünya ölkələrindən fərqli olaraq iki cəbhədə müharibə aparırıq. COVİD-19 virusu da erməni virusu qədər təhlükəlidir və bizi arxamızdan vurmağa çalışır. Virusu görməzdən gəlmək, məsuliyyətsizlik yoluxma sayını artıra bilər. Xüsusilə, ikinci dalğanın gözlənildiyi bir vaxtda gigiyena qaydalarına əməl etməmək sağlamlığımızı ciddi təhlükə altında qoyur. Rəşadətli ordumuzu dəstəkləyərək ölkəmizin yanında olmaq üçün koronavirusu da gözardı etməməli, bu düşmənə də cəbhədəki ordumuz kimi layiqli cavab verməliyik.
"Ön cəbhədə qalib ordumuza Covid-19 cəbhəsində mübarizə ilə dəstək olmalıyıq”
Koronavirusla mübarizədə könüllü şəkildə aylarla işləyən həkim Reyhan Tağıyeva deyir ki, insanlar qələbəyə o qədər kökləniblər ki, karantin dövrünü, demək olar ki, unudublar. Həkimin sözlərinə görə, xalq olaraq vətən üçün ölümə o qədər foksulanmışıq ki, virusdan ölmək bizi qorxutmur: "Bəli, insanlar, həqiqətən cəbhədəki düşmənlə vuruşarkən, o qələbə sevinci ilə yanımızdakı düşmən olan koronavirusu unudurlar. İnsanlara, cəbhədə şəhidlik zirvəsinə ucalanlarla müqayisədə gündəlik bir neçə nəfərin koronavirusdan ölməsi adi gəlir. Amma indi vəziyyət çox ciddidir. Bəli, biz cəbhəyə fokuslanmışıq, amma öz sağlamlığımızın da qeydinə qalmalıyıq ki, indiki vaxtda dövlətə əlavə yük olmayaq. Biz sağlam qalmaqla əsgərlərimizə kömək edirik. Çünki hazırda həkimlərimiz könüllü şəkildə cəbhəyə yollanır, yaxud buradakı xəstəxanalarda yaralı əsgərləri müalicə edirlər. Ölkədə Vətən Müharibəsi gedir. Koronavirusa yoluxub xəstəxanadakı çarpayıları zəbt etməklə yaralı əsgərlərimizə, dövlətimizə dəstək olmuruq. Hazırkı durumda tibb personalını məşğul etməməliyik. Virusun yayılması xəstəxanalarda çarpayıların tutulması, həkim və orta tibb personal ehtiyatını məşğul etmək deməkdir. Bu mübarizədə hər kəs öz məsuliyyətini dərk etməli, özünü qorumalıdır. Bununla, artıqlaması ilə əsgərlərimizə kömək etmiş oluruq. Müharibə dövründə ölkəmizdə bir də pandemiyanın vüsət almasına şərait yaratmamalıyıq. Ön cəbhədə qalib ordumuza Covid-19 cəbhəsində də mübarizə ilə dəstək olmalıyıq”.
"Güc birlikdədir”
Həkim deyir ki, insanlar qoyulan tələblərə düzgün riayət edib, sosial məsafəni gözləyib, tibbi maskalardan istifadə etsələr, həkimlərin də işi yüngül olar, ən əsası, payız, qış aylarında respirator virus infeksiyalarının yayılmasının qarşısı alınar: "Burada iş, tək həkimin, dövlətin, insanların üzərinə düşmür. İş birlikdə, uzlaşmış şəkildə olmalıdır. İnsanları səbirli olmağa, qaydalara əməl etməyə çağırıram. Güc birlikdədir. Birlikdə bu virusun qarşısını almağa çalışmalıyıq. İlk növbədə düzgün qidalanma və yuxu rejimi immunitetin artırılmasında rol oynayır. Bununla yanaşı, gigiyena qaydalarına riayət edərək, fiziki məsafəni qoruyub, maskadan istifadə etməklə sığortalana bilərik. Qalibiyyətimizi sağlam bədənlə qeyd edək”.
İkinci dalğa gözlənilirmi?
Bəzi ölkələrdə artıq koronavirusun ikinci dalğası başlayıb. Pandemiyanın payız aylarında aktivləşəcəyi ilə əlaqədar proqnozlar bəzi ölkələrdə öz təsdiqini tapır. ABŞ, Gürcüstan, Türkiyə, İtaliya, İspaniya, Estoniya, Ermənistan, Kanada və Hindistanda hələ də güclü olan epidemiya ilə mübarizə davam edir. Hətta bəziləri virusun yayılmasına nəzarət etsələr də, "ikinci dalğa” ilə üzləşiblər. Bir sözlə, yay mövsümündə yoluxma sayının azaldığı ölkələrdə yenidən aktivləşmə qeydə alınıb. Azərbaycanda da avqusta nisbətən yoluxma sayında artım var. Rəqəmlərin azalma və artma dinamikası tez-tez dəyişir.
"Epidemiologiya, yoluxma sayı bir nəfərə qədər aşağı düşsə belə, öz aktuallığını itirmir”
Tibb elmləri doktoru Rəşad Mahmudov deyir ki, ötən aylarla müqayisə aparsaq, Azərbaycanda pandemiya ilə mübarizədə uğur qazandığımızı demək olar: "Yoluxma və sağalma arasında olan nisbət dəyişiklikdə, dediklərimiz öz əksini tapır. Əlbəttə, bu halı səhiyyə işçiləri və müəssisələri üçün rahat nəfəs almağa, gözlənilən növbəti dalğaya qarşı həm fiziki, həm mənəvi, həm də psixoloji olaraq hazırlanmaq üçün imkan kimi də qiymətləndirmək olar. Sözsüz ki, sərt karantin rejiminin insanlar üzərində yaratdığı psixoloji, iqtisadi problemlər də karantin rejiminin yumşaldılması ilə vətəndaşları müəyyən dərəcədə rahatlaşdırır. Amma nəzərinizə bir həqiqəti çatdırım, bunun Azərbaycan və ya bölgə səhiyyəsi ilə hər hansı bir əlaqəsi yoxdur. Epidemioloji vəziyyətin dünya tarixinə və tibb elminə diktə etdiyi reallıqlardır. Bunlar nədir? Epidemiologiya, yoluxma sayı bir nəfərə qədər aşağı düşsə belə, öz aktuallığını itirmir, saxlayır. Və heç kimin gözləmədiyi məqamda nəzarətdən çıxaraq indiyə qədər qarşılaşdığımız durumdan qat-qat ağır vəziyyət yarada bilir. Belə hallar dünya nümunələrində var”.
"Sağlam bədəndə sağlam ruh olar”
Sosioloq Lalə Mehralı deyir ki, cəbhədəki vəziyyət bu qədər alovlanmışkən insanların ən son düşünəcəyi məqam koronavirus oldu: "Bu, bir qədər təəssüf doğurur, çünki yoluxma sayı azalmayıb. Xəstəlik hələ də təhlükəlidir. Ona görə də diqqətli olmaqda fayda var. Xüsusilə, məktəblilərdə yoluxma hallarının gündəmə gəlməsi, əksəriyyət kimi, məni də narahat edir. Düzdür, ölkə olaraq ağır günlər yaşayır, xalq olaraq ağır bir imtahandan keçirik. Amma düşünməliyik ki, biz xalq olaraq həm də sağlamlığımızın qeydinə qalmalıyıq ki, cəbhədə şücaət göstərə bilək. Xəstə, pessimist xalq nəyəsə nail ola bilməz. Odur ki, sağlamlığımıza diqqət etməliyik. Xüsusilə, ictimai yerlərdə son vaxtlar müşahidə etmişəm ki, nəzarət nisbətən yumşalıb deyə, insanlar özləri də çalışırlar maskadan istifadə etməsinlər, hətta bir-biri ilə öpüşənləri müşahidə edirəm. Maksimum diqqətli olmaq lazımdır. Biz bilirdik ki, "ikinci dalğa” olacaq. Odur ki, mütləq qaydada gigiyenaya diqqət etməli, uşaqları, yaşlıları qorumalıyıq. Xəstəliklə mübarizə insanın qalibiyyət əzmini aşağı endirir. Odur ki, sağlam olmaq lazımdır. Sağlam bədəndə sağlam ruh olar”.
Çox ağır payız və qışın olmaması üçün...
Tibbi ekspertlər fikrincə, artıq sentyabr ayından bir çox ölkələrdə koronavirusa yoluxanların sayında kəskin artım qeydə alınıb. Bunların böyük qismi daha erkən vaxtlarda yumşalmalara gedən ölkələrdir. Bir müddət əvvəl nümunə göstərilən həmin ölkələrdə indi vəziyyət heç də ürəkaçan deyil. Buna misal olaraq "Gürcüstan modeli”ni göstərmək olar. Artıq qonşu Gürcüstanda pandemiyanın ikinci dalğası elan olunub. Baş Nazir Qeorge Qaxariya bildirib ki, ölkədə epidemioloji vəziyyət pisləşməyə başlayıb. Təkcə bizim regionda və ya Yaxın Şərqdə deyil, Avropanın mərkəzindəki inkişaf etmiş ölkələrdə də virusla mübarizədə ortaya normal nəticə qoymalarına baxmayaraq, sonradan gedilən yumşalmalar yoluxma sayını birə-beş artırıb. Məlumat üçün bildirək ki, avqustun sonunda Avstriyada gündə 350 nəfər virusa yoluxduğu halda, sentyabrda bu rəqəm 850-yə çatıb. Kanslerin xalqa müraciəti və xəbərdarlığı isə ürəkaçan deyil: "Bizi çox ağır payız və qış gözləyir”.
Bizi də ağır payız və qışın gözləməməsi üçün bu virusla mübarizə aparmalıyıq. İndiki halda daha məsuliyyətli olmalı, qaydalara tam ciddi riayət etməliyik ki, gözəgörünməz düşməni də məğlub edib, dövlətimizə yük olmayaq. İstər ön cəbhədə, istərsə də arxa cəbhədə sağlam bədəndə sağlam ruhla döyüşək, qalib gələk. Qarabağ Azərbaycandır... Gəlin 30 illik həsrətini çəkdiyimiz bu zəfəri virusa qalib gələrək taclandıraq...
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər