“Eyni millətə xidmət etməyin həyəcanını yaşayırıq” - Fotolar
"Bizlər
bir-birimizi çox yaxşı tanıyır və sevirik. Hər ikimizin yeri bir-birimizin qəlbindədir.
Bir-birimizə ürəkdən bağlıyıq” - Türkiyənin
Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın "Kaspi” qəzetinə
müsahibəsində söylədiyi bu fikirlər iki ölkə arasındakı birliyin və ortaq dəyərlərimizi
təbliğ etməyin parlaq nümunəsi kimi səsləndi.
Öncüllük verdiyim sahə - mədəniyyət
- Cənab səfir, siz Türkiyənin Azərbaycandakı
böyükelçisi təyin olunanda, «Erkan Özoral ölkəmiz üçün yeni sima deyil» - deyə
mediada və sosial şəbəkələrdə sevinclə paylaşımlar etdilər. Şübhə etmirik ki,
siz özünüz də xəbəri eyni sevinclə qarşılamısınız. Bu tanışlığın fəaliyyətinizə
hansı təsiri oldu?
- Azərbaycanı
tanımağımın mənə böyük faydası oldu. Çünki bizim işimizdə ən çətin mərhələ bir
ölkəyə getdiyimiz zaman oranı öyrənmək, oradakı insanlarla təmas yaratmaq və
ondan sonra iş qurmağa başlamaqdır. Ancaq mən Azərbaycanı əvvəldən tanıdığım
üçün bu mənada böyük bir sıxıntı yaşamadım. 7 il əvvəl qoyub getdiyim yerdən vəzifəmə
davam etməyə başladım. Burda keçmiş dostlarımla görüşdüm. Azərbaycan bizim
ikinci vətənimiz olan ölkədir. Ona görə də mən burada daha öncədən çalışmağımın
rahatlığını yaşadım. Bu mənim işimi xeyli asanlaşdırdı. Digər tərəfdən,
qarşımdakı insanların da məni tanımış olması başqa bir avantaj oldu. Çünki
aramızda səmimiyyət var. Bir-birimizi tanımağa və anlamağa ehtiyac olmadan
dayandığımız yerdən işə davam etdik.
- Türkiyə ilə Azərbaycan arasında bütün sahələr üzrə
əməkdaşlıq sıxdır və get-gedə daha da inkişaf edir. Bu strateji əməkdaşlıqda təbii
ki, diplomatlar da həmişə yaxından rol oynayır. Bu baxımdan, sizin fəaliyyətinizin
prioritet istiqamətləri hansılardır?
- Sizin
də qeyd etdiyiniz kimi, ölkələrimiz arasında sıx əməkdaşlıq var. Gediş-gəlişlər
olur, hər kəs bir-birini tanıyır, görüşür... Diplomatların varlığına gərək
qalmadan iki ölkə arasındakı münasibətlər irəli gedir. Çünki bizim qurumlarımız
da bir-biriləri ilə gerçək ünsiyyət qururlar. Ankarada bir şey öyrənmək istədikdə,
Azərbaycandakı dostlarını arayıb «bunu necə edə bilərik» - deyə soruşa bilirlər.
Ancaq mənim Azərbaycanda daha çox önəm verdiyim və daha da inkişaf etdirmək istədiyim
sahə mədəniyyətlə bağlıdır. Bizlər bir-birimizi çox yaxşı tanıyır və sevirik. Hər
ikimizin yeri bir-birimizin qəlbindədir. Bir-birimizə ürəkdən bağlıyıq. Amma
bir-birimizin mədəniyyətini fikrimcə, yetərincə bilmirik. Bu sahəni bir qədər də
tanımaq, tariximizi, ortaq xüsusiyyətlərimizi araşdırıb ortaya çıxarmaq
lazımdır. Mənim öncüllük verdiyim sahə də bu olacaq. İnsanlarımız arasındakı mədəni
münasibətləri inkişaf etdirmək lazımdır. Kaş, imkan ola, Türkiyə Cümhuriyyətinin
hər bir vətəndaşı gəlib Azərbaycanı ziyarət edə bilə... Buranı tanıyıb, görə
bilsələr, içlərindəki Azərbaycan sevgisi daha da böyüyəcək. Eyni şəkildə Azərbaycanın
hər bir vətəndaşı Türkiyəyə getdiyi zaman, bilirəm ki, bu sevgi eşqə dönür. Bizim
qardaşlığımızı daha da gücləndirməyimiz və sıxlaşdırmağımız lazımdır.
- İki il əvvəl Ankarada Azərbaycanın Türkiyədəki
fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov "Kaspi” qəzetinə müsahibə verərkən
az öncə sizin də toxunduğunuz ortaq türk xüsusiyyətləri ilə bağlı məsələlərdən
bəhs etdi. Ortaq türk tarixi, televiziyası, əlifbası və s. layihələrlə bağlı hansı addımlar atılır?
- Bütün
bu məsələlər mənim bəhs etdiyim mövzuya aiddir. Cənab Faiq Bağırov da mənimlə
eyni şeyləri düşünür ki, o da bunları söyləyib. Önəmli olan - bu istiqamətdə
birgə çalışmağımız, bir yerdən başlamaq və daha sonra irəli getməkdir. Biz 25
il ərzində münasibətlərimizi bu səviyyəyə gətirə bildik. Bundan sonra daha da
irəli aparmaq üçün çalışacağıq.
- Az öncə mədəni layihələrin həyata keçirilməsi
və inkişafı istiqamətində çalışacağınızı söylədiniz. Bu istiqamətdə hansı işləri
görməyi nəzərdə tutursunuz: film festivalları, sərgilər, ədəbi törənlər,
konsertlər...
- Hazırda gündəmimizdə olan Türkiyə filmləri festivalının keçirilməsi əslində
hər il təkrarlanan hadisələrdir. Bundan əlavə, gündəmimizdə çeşidli konsert
proqramları var. Payızda rəsm sərgiləri təşkil etməyi fikirləşirik. Bunlarla
bağlı hazırlıqlarımız davam edir. Ancaq mənim mədəni müstəvidə əlaqələri genişləndirmək
hədəflərim daha böyükdür. Xalqlarımızın bir-birinin mədəniyyətini tanıması
lazımdır. Mənim dediyim hədəf də budur. Heç şübhəsiz, Türkiyədən Azərbaycana gələcək
sənətçilər bu mədəni əlaqələrin daha da dərinləşməsinə töhfə, xalqlarımızın
bir-birini tanımasına fürsət verəcəkdir. Bu tədbirləri, həmçinin Türkiyədə də həyata
keçirmək lazımdır. Hər iki tərəfin televiziyalarında Türkiyə və Azərbaycanın sənət
əsərlərinə və tədbirlərinə geniş yer versək, xalqlarımızı daha çox görüşdürmüş
olarıq.
Barıt çəlləyini xatırladan durum
- Cənab səfir, bu sualı verməyə bilmərəm: son
vaxtlar Türkiyə terrorla bağlı ciddi tədbirlər həyata keçirib. Bizi də narahat
edən terror hadisələri ilə bağlı daha effektiv mübarizənin nəticəsini nə vaxt
görə biləcəyik?
-
Terrorla mübarizə mövzusunda effektiv nəticəni artıq Türkiyədə hiss etməyə
başladıq. Terrorçularla mücadilə mövzusunda ciddi məsafələr qət edildi. Son
aylarda bu istiqamətdə əməliyyatlar çox böyük sıxlıqla davam edir. Təbii ki, bu
məsələdə Türkiyənin içərisindəki xain təşkilatın çökdürülməsinin də böyük rolu
var. FETO dövlətin içində olarkən terrorla mücadilə mövzusunda əlimizi-qolumuzu
bağlayacaq tədbirlər görmüşdü. Terrorçulara qarşı hərəkət etməyimizi əngəlləyən
işlər görmüşdülər. Hal-hazırda Türkiyə bu yükdən qurtulmuş durumdadır. Allaha
şükür ki, Türkiyədə meydana gələn terror hadisələrinin sayında böyük azalma var.
- Türkiyənin sərhədləri yaxınlığında son vaxtlar
narahatedici hadisələr baş verməkdədir. İraqla, Suriya ilə bağlı hadisələr bütün
bölgəyə təsir göstərir. Ayrıca, Türkiyənin də narahatlığı böyükdür. Bu təhdidlərin
qarşısında Türkiyə Cümhuriyyəti hansı addımları atmağı planlayır?
- Türkiyənin çevrəsi barıt çəlləyini xatırladan bir durumdadır.
Suriyada, İraqda istiqlal hələ gerçəkləşməyib. İllərdir Suriyada savaş gedir.
İraqın hansı gün necə olacağı bəlli deyil. Hər gün yeni bir hadisə ilə
qarşılaşırıq. Təbii ki, bu, Türkiyə üçün böyük rahatsızlıq yaradır. Biz
Suriyanın tezliklə barışa qovuşmasını istəyirik. Bunun üçün də əlimizdən gələn
hər şeyi edirik. Bu istiqamətdə Cenevrə görüşləri var. Eyni zamanda, bu müzakirələr
Astanada davam edir. Türkiyə bu müzakirələrə aktiv şəkildə qatılır və hadisələri
yaxından təqib edir. Bildiyiniz kimi, biz bu mövzuda İraq və Rusiya ilə də
müzakirə içərisindəyik. Biz bu danışıqlarda atəşkəs bölgələrində sakitliyin bərqərar
olması ilə bağlı müzakirələr apardıq. Bütün bunlar Türkiyənin güvənliyinə təsir
göstərəcək və bizim narahatlıqlarımızı azalda biləcək məsələlərdir. Eyni şəkildə
biz İraqda da sülhün bərqərar olması, hökumətin düzəni və ölkə üzərində
suverenliyini saxlaması üçün əlimizdən gələni sərf etməkdəyik. Bir müddət əvvəl
İraq Kürdüstanında referendumun keçirilməsi gündəmdə idi. Bununla bağlı narazılıqlarımızı da açıqladıq. Bu cür qərarların
birtərəfli verilməsinə qarşıyıq. Bu durumun səbəb ola biləcəyi təhlükələrlə
bağlı da narahatlıq keçiririk.
"Yaxşı ki, bu məsləyi həyata keçirirəm”
- Bir diplomatın öz ölkəsini başqa bir ölkədə
təmsil etməsi üçün lazım olan keyfiyyətlər – peşəkarlıq, taktika, analitik təfəkkür,
dil bilgisi, ünsiyyət bacarığı ilə yanaşı daha hansı xüsusiyyətlər lazımdır?
- Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər baxımından söyləyim
ki, əsas Azərbaycana sevgi ilə yanaşmaqdır. Və bu işi ürəkdən həyata keçirməkdir.
Bu işi həyata keçirdiyimiz zaman bu xüsusiyyətlərlə yanaşı, diplomatik məsləyimizdə
ən böyük sevgini almış oluruq. İnsanlar işlərini ləyaqətlə həyata keçirdikcə,
işləri ilə bir əsər ortaya qoyduqca, xoşbəxt olurlar. Mən də öz diplomatik fəaliyyətimdə
qarşıya məqsəd qoyduğumuz işləri həyata keçirdikcə, hədəflərə çatdıqca,
bunlardan zövq alıram. Bunlar bizə «yaxşı ki, bu məsləyi həyata keçirirəm» sözlərini
dedirdən məqamlardır. Burada çalışan bütün türk diplomatları Azərbaycana sevgi
ilə yaxınlaşıblar. Bu, bizim aramızdakı münasibətlərin özəlliyindən
qaynaqlanır. Çünki biz qardaş ölkəyik. İki dövlət, bir millətik. Biz eyni millətə
xidmət etməyin həyəcanını yaşayırıq. Əgər işdən zövq almağa geniş mənada
yanaşsaq, yenə də Türkiyə ilə çalışdığın hər hansı ölkə arasındakı əlaqələrə
yönəlik bənzər tarixlər olacaq. Ancaq burdakı qədər güclü olmayacaq.
- Mən Türkiyənin bir çox bölgələrinə səfər
etmişəm. Hər yerdə fərqli tarix, mədəniyyət, adət-ənənənə, yaşam tərzi görmüşəm.
Siz necə, Azərbaycanın bölgələrini gəzirsinizmi? Təəssüratlarınız necədir?
- Mən keçən ilin qış aylarında Azərbaycana gəldim.
Bu baxımdan hələ çox yerləri gəzə bilməmişəm. Əlbəttə, getdiyim yerlər də oldu.
Ancaq bundan əvvəl çalışdığım illərdə Azərbaycanı tamamilə gəzmişdim. Dediyiniz
kimi, Türkiyənin hər bölgəsində fərqli-fərqli mədəniyyətlər var. Azərbaycana
baxdığımız zaman bu ölkənin də hər bir bölgəsinin, hər bir rayonunun özünəməxsus
keçmişi, zənginliyi, mədəniyyəti var. Azərbaycanın hansı guşəsinə gedirsiniz-gedin,
bir-birindən fərqli mədəniyyətlərlə qarşılaşırsınız. Məsələn, Şəkinin yeməkləri
ilə Lənkəranın yeməkləri bir deyil. Bakının yeməkləri tam fərqlidir. Naxçıvan
dediyimiz zaman ağıla tam fərqli şeylər gəlir. Oradakı mədəniyyət Türkiyəyə
daha yaxındır. Azərbaycanda gəzdiyim hər yerdə eyni zənginliklə rastlaşıram.
«Ən çox qarşılaşdığınız nədir?» - deyə soruşsanız, deyərəm ki, Azərbaycan xalqının
Türkiyə sevgisi və qonaqpərvərliyidir. Bizə hər yerdə bu müsafirlik göstərilir
və baş tacı edilirik. Bu, çox gözəl duyğudur.
- Bəs bizim musiqimizi dinləyirsinizmi?
Muğamlarımızı sevirsinizmi?
- Əlbəttə,
muğam musiqinin təməlidir. «Qarabağ şikəstəsi»ni dinlərkən aldığımız həzzi
başqa heç nə ilə müqayisə etmək mümkün deyil. Azərbaycan muğamı böyük sənətdir
– bunu da bizim tanıtmağımız gərəkdir. Muğam YUNESKO tərəfindən qorunur - bu,
dünyanın zənginliyidir. Muğam Azərbaycan mədəniyyətinin bir parçası, eyni
zamanda, Azərbaycan mədəniyyəti böyük türk mədəniyyətinin bir parçasıdır. Mən
muğamı böyük zövq alaraq dinləyirəm.
Hər günümüz bayram kimi olsun!
- Diplomatın bir iş günü maraqlıdır...
-
Diplomatın bir günü digərinə uyğun gəlmir. Hər gün başqa-başqa işlər çıxır. Bu
gün yaşadığın bir hadisəni hər gün eynilə yaşamaq mümkün deyil. Məsələn, o gün
Nobel mükafatının sahibi Aziz Sancarla görüşdüm. Ertəsi gün onun da qatıldığı
bir konfransda iştirak etdim. Daha sonra ciddi görüşlərim oldu. Diplomatın bir
günü Azərbaycandakı Türkiyə Səfirliyi üçün bir-birindən çox fərqlidir.
Bir-birindən gözəl və zəngin günlər olur.
- Cənab səfir, sizinlə görüşümüz Ramazan ayına təsadüf
etdi. Bu müqəddəs günlərdə qarışıq dünyamıza nə diləyə bilərsiniz?
-
Başlıcası, dünyamıza dilədiyimiz odur ki, Allah insanlara ağıl və fikir versin.
Yəni bir-biri ilə sülh içində yaşasınlar. Çünki bizlər bir-birimizə yaxşı
yaxınlaşdıqca, bir-birimiz haqda yaxşı şeylər düşündükcə, insanlıq daha da
yaxşılığa doğru gedər. Allah bizi həmişə doğru yola yönəltsin. Ramazanın
sonunda bayrama qovuşacağıq. Tanrı hər günümüzü bayram günləri kimi gözəl
etsin! Xüsusən müsəlman aləmi bir-birinə arxa-dayaq olsun. Bu il prezident
İlham Əliyevin sərəncamı ilə Azərbaycanda İslam Həmrəyliyi İlidir. Müsəlman
olaraq əslində ən çox ehtiyac duyduğumuz şey həmrəylik içində olmağımızdır. Bu
il boyunca Azərbaycanda bir çox işlər həyata keçirilir və bunlar bizə nə etməyimizi
göstərən gözəl tədbirlərdir. Ancaq bunlar sadəcə təkcə bu il deyil, bundan
sonrakı illərdə də davam etsin və bütün İslam dünyasının bir-birimizə sahib
çıxmasına, bir arada olmağımıza örnək olsun. Artıq Suriya ilə İraqı savaş
halından çıxarmaq lazımdır. Hər iki ölkənin xalqları gözəl günlər yaşamağı haqq
edirlər. Hazırda Qətərlə bağlı yaşadığımız sıxıntılar var. Bütün bunların ən
yaxın zamanda düzəlməsini və bütün dünyanın insanlarının daha gözəl yaşamasını
arzulayıram!
- Müsahibəyə görə təşəkkür edirəm!
- Sağ
olun, "Kaspi” qəzetinə uğurlar arzulayıram!
Təranə Məhərrəmova