• çərşənbə axşamı, 25 iyun, 17:05
  • Baku Bakı 29°C

İtmiş telefonla başlayan eşq hekayəsi - AİLƏ

11.05.24 03:29 2884
İtmiş telefonla başlayan eşq hekayəsi - AİLƏ

Bernd: “Toyda hər şey çox qeyri-adi idi. Musiqiçilər gəlinin evinə gəlirlər. Həmçinin toyda qonaqlar hədsiz çox olur. Avstriyada toyda 80-100 nəfər olduqda çox böyük məclis hesab edilir”.

Leyla: “Məndə Azərbaycan yeməklərinə aid balaca kitabça var idi. Onu Berndə göstərdim. Bəyəndi və dedi “o zaman hər gün bu yeməklərdən mənim üçün bişir”. Bəyəndiyi yeməklərdən özü də hazırlayır. Badımcan dolması, kükü, kişmiş və ərikli plov bişirir”.

“Sən saydığını say, gör fələk nə sayır”. Yəqin bu ifadəni çoxumuz eşitmişik. Leyla və Bernd cütlüyü üçün də bu ifadə tam yerinə düşür, deyə bilərik. Özünü inkişaf etdirmək üçün ali təhsil ardınca Avstriyaya gedən Leyla nə bilirdi ki, məhz qaldığı yataqxanada öz yarını tapacaq. 
Leyla düşünüb ki, təhsil alıb tezliklə ailəsinin yanına qayıdacaq. Amma qismət öz işini görüb, onu Avstriyada Berndin həyat yoldaşı edib. Cütlük artıq 15 ildir ki, bərabərdir. Onların Teodor və Dominik adında iki övladı var. “Kaspi” qəzetinin “Ailə” rubrikasının budəfəki qonaqları azərbaycanlı Leyla Allabauer və avstriyalı kürəkən Bernd Allabauerdir.

“Tanışlığımız bir az çətin olmuşdu” 

Leyla deyir ki, Berndlə sevgiləri keşməkeşlərdən keçib: “Tanışlığımız bir az çətin olmuşdu. Bizi üç dəfə tanış etmişdilər. Birinci dəfə Berndi gördükdə mən hələ Avstriyaya oxumağa təzə getmişdim, bir neçə həftə idi. Onu ilk dəfə tələbə yataqxanasının dəhlizində görmüşdüm. Dostu bizim universitetdə oxuyurdu, o da arada yataqxanaya gəlirdi. Həmin gün dəhlizdə uşaqlarla söhbət edirdilər. Mən söhbət etdiyi hər kəsi tanıyırdım, yalnız Bernddən başqa. Bizi tanış etdilər. Sadəcə salam verdi və mən də onunla salamlaşdım, keçdim getdim. İkinci dəfə isə futbol oyununa baxanda qarşılaşdıq. Birinci görüşümüzdən bir neçə ay keçmişdi. Yataqxanadakı uşaqlarla futbol qarşılaşmasına baxırdıq. Hər kəsin başı oyuna qarışmışdı. Yenə sadəcə salamlaşdıq və futbola baxmağa davam etdik”.  

“Fərqinə vardım ki, onun xoşuna gəlirəm”

Leylanın sözlərinə görə, üçüncü - əsas tanışlığın səbəbkarı itən telefon olub: “Rəfiqəm Berndin maşınında telefonunu unutmuşdu. Telefonunu götürmək üçün getdikdə, mən də onunla getdim. Biz o zaman bir də tanış olduq. Bernd və dostu bizi şam yeməyinə dəvət etdilər. Bərabər Vyetnam restoranına getdik. Orada fərqinə vardım ki, onun xoşuna gəlirəm. Bundan iki həftə sonra mənə “Facebook” üzərindən yazdı. Bundan sonra bizim görüşlərimiz və münasibətimiz başladı”. 

Bernd isə Leylanı ilk gördüyü andan ona qarşı hissləri yaranıb: “Ekzotik qız idi. Asiyalı olduğu üçün mənə maraqlı gəlirdi. Düşündüm ki, risk edib bu qızı mütləq görüşə çağırmalıyam”. 

“Elə bildim ki, bununla da aramızdakı hər şey bitəcək” 

Leyla bizə sevgilərinin ən çətin anlarından da bəhs etdi: “Tanış olduğumuz ərəfələrdə özümü yaxşı hiss etmirdim. Üçüncü görüşdən sonra həkimə getmişdim. Mənə demişdilər ki, “vərəm xəstəsisən”. Çox pis olmuşdum. Berndə bunu xəbər verdim. Ona dedim ki, “mən xəstəyəm və bizdə heç nə alına bilməz”. Düşündüm ki, heç kim cəmi üç dəfə görüşdüyü vərəm xəstəsi qızla danışmaq istəməz. Elə bildim ki, bununla da aramızdakı hər şey bitəcək. Bernd həmin zaman ezamiyyətdə idi. Yazdı ki, sabah qayıdıram və görüşərik. Sonra müdirim məni ağciyər xəstəxanasına apardı. Berndlə tanış idilər və məni hara apardığını demişdi. Məni beş gün xəstəxanada saxladılar və müxtəlif testlər etdilər. Bu dönəmdə Bernd daim mənim yanımda oldu. O zaman anladım ki, o çox qəlbi təmiz insandır”. 

Bernd isə deyir ki, Leyla xəstələndiyi zaman xəstəxanaya onun yanına gəldiyi vaxt başa düşüb ki, bu xanım onun həyat yoldaşı olmalıdır. 

“Ağlıma da gəlməzdi ki, Avstriyaya köçərəm”

Leyla Berndin valideynləri ilə təsadüfi tanışlıqlarından da danışdı: “Görüşmək üçün danışanda Bernd dedi ki, bizə gəl. Mən isə qəribə qarşıladım və dedim başqa yerdə görüşək. Amma o dedi ki, evdə şənlik keçiririk, sənin dostların və bacım da orada olacaq. Mən də çox adam olacağına görə razılaşdım. Gün boyu çox gözəl oyunlar oynadıq, əyləncəli zaman keçirdik. Birdən qapının zəngi çalındı və Berndin atası, anası, həmçinin əmisi içəriyə daxil oldular. Onlar qızlarını görmək üçün teatrdan sonra Berndin evinə gəlmişdilər. Mən şoka düşmüşdüm. Onlar oradakı hər kəsi tanıyırdılar, yalnız mən xaric. Sonra onlarla daha yaxından tanış oldum. Bizi səhər yeməyinə çağırdılar. Onlar çox xoşuma gəldilər. Xatırlayıram ki, gələcək barədə planlarımı soruşmuşdular. Mən də demişdim ki, dekabrda Azərbaycana qayıdacağam və orada iş axtaracağam. O zamanlar ağlıma da gəlməzdi ki, Avstriyaya köçərəm”. 

Bernd deyir ki, valideynləri gördükləri andan Leylanı çox bəyəniblər: “Valideynlərim çox tolerant insanlardırlar. Onlar üçün seçəcəyim qızın milləti önəmli deyildi. Əsas mənim bəyənməyim və sevməyim idi”.  

“İstəyirdi harada yaşadığımı öyrənsin”

Leylanın ailəsi də Berndi yaxşı qarsalayıb: “Xəstəxanada olanda valideynlərim yanımda ola bilmirdilər. Mən də onları sakitləşdirirdim ki, xəstəxanada tək deyiləm. Onlara deyirdim ki, dostum yanıma gəlir və mənim üçün hər şey edir. Valideynlərim ona çox minnətdar idilər. Həmin il dekabrın sonu Bakıya qayıtdım. Mənə dedi ki, sənin doğum günündə Bakıya gələcəyəm. İstəyirdi harada yaşadığımı öyrənsin. Yanvarda Bakıya gəldi. Ailəm onu çox yaxşı qarşıladı”. 

“İnsanlar ənənələrinə sadiqdirlər”

Bernd tanışlıq üçün Bakıya gələrkən əvvəlcə çox qorxub, çünki Azərbaycana ilk gəlişi olub: “Azərbaycanı görməmişdik. Sadəcə xəritədə belə bir balaca ölkənin olduğunu bilirdik. Mən siyasətlə çox maraqlanıram. Bu səbəbdən Qarabağ münaqişəsindən xəbərim var idi. Bakını gördükdən sonra onun böyük şəhər, meqapolis olduğunu başa düşdüm. Azərbaycanda insanlar ənənələrinə sadiqdirlər. Bu da mənim çox xoşuma gəlir. Bura Avropa ilə Şərqin qarışığıdır. Yeməklərinizdən plov və kababı çox bəyəndim. Burada ilk dəfə mənə maraqlı gələn tərəvəzlərin doğranaraq servis edilməsi oldu”. 

“Toyumuz çox gözəl keçmişdi”

Leyla deyir ki, toydan öncə ailələr arasında tanışlıq olmayıb: “Çünki hər şey çox tez baş verdi. Yanvarda Bernd valideynlərimlə tanış oldu. Fevralda Avstriyaya qayıtdıqda mənə evlənmək istədiyini bildirdi. Amma dedi ki, toy üçün 1-2 il gözləmək istəmirəm. İstəyirəm tez ailə quraq. Apreldə Azərbaycandakı toyumuz oldu. Berndin valideynləri, bacısı və qardaşı toydan əvvəl bir neçə günlük Bakıya gəldilər. Toyumuz çox gözəl keçmişdi”. 

Bernd bizim toyların onun üçün çox fərqli olduğunu deyir: “Toyda hər şey çox qeyri-adi idi. Musiqiçilər gəlinin evinə gəlirlər. Bu, çox qəribədir. Həmçinin toyda qonaqlar hədsiz çox olur. Avstriyada toyda 80-100 nəfər olduqda bu, çox böyük məclis hesab edilir. 150 nəfər heç olmur. Bəy və gəlinin insanlardan ayrı, yuxarı başda kürsüdə oturması da qəribə gəlmişdi. Avstriyada bəy və gəlin qonaqlarla bərabər əyləşir”. 

“Bəzən Azərbaycana köçmək istəyirəm”

Leyla deyir ki, xeyli vaxtdır Avstriyada yaşasa da, Azərbaycan üçün çox darıxır. Hətta arada köçüb Bakıda yaşamaq istəyir: “Toyumuzdan sonra hər il Azərbaycana səyahət edirdik. Yalnız pandemiya dövründə iki il gələ bilmədik. Bakı, anam, bacılarım, onların övladları, dostlarım, yaşadığımız küçələr, yeməklər və təndir çörəyi üçün çox darıxıram. Avstriyada ilk vaxtlar hər şey mənə çox maraqlı gəlirdi. Çünki hər şeyimiz fərqlidir. Alışdım, öyrəndim. Amma hələ də qəribə gələn məsələlər var. Arada deyirəm ki, ildə 2-3 ay burada soyuq olduqda Azərbaycana getmək yaxşı olardı. Təqaüdə çıxanda 1-2 il Azərbaycanda yaşamaq da ağlımdan keçir”. 

Avstriyalının Şəki və Qobustan macəraları

Bernd də Azərbaycana səfərlərindən bəhs edir: “Biz Azərbaycana səfər edəndə həmişə 4-5 günlük gəlirik. Bu, çox azdır, bu müddət ancaq yaxınlarımızı görməyə sərf olunur. Mən istəyərdim müxtəlif yerləri gəzim, amma yoldaşım ailəsi ilə qalmaq istədiyi üçün biz Bakıdan kənara çıxmırdıq. Amma bir dəfə bir neçə günlük Şəkiyə getmişdik. Bir də qayınatam, yoldaşım və böyük oğlumuzla Qobustanda olmuşuq. Qobustana ekskursiyamız çox xoşuma gəlmişdi. Leyla istəyir ki, bir dəfə də nə vaxtsa Gəncəyə gedək. Uşaqlar Bakıya gələndə bulvar xoşlarına gəlir, qutabı, təndir çörəyini bəyənirlər”. 

Badımcan dolması, kükü, kişmiş və ərikli plov 

Leylanın sözlərinə görə, Bernd evləndikləri ilk gündən Azərbaycan mətbəxi ilə maraqlanır, hətta yeməklərimizdən hazırlayır da: “Məndə Azərbaycan yeməklərinə aid balaca kitabça var idi. Onu Berndə göstərdim. Bəyəndi və dedi “o zaman hər gün bu yeməklərdən mənim üçün bişir”. Amma Azərbaycan yeməklərinə çox da alışa bilmir. Çünki bizim yeməklər yağlıdır, bir az ağırdır. Bəyəndiyi yeməklərdən özü də hazırlayır. Badımcan dolması, kükü, kişmiş və ərikli plov bişirir. Plovu bir az asiyalılar kimi hazırlayır. Bakıda qutabı da çox bəyənmişdi. Düzü, hələ bişirməmişik. Amma bəlkə gələcəkdə alındı”. 

“Bernd yemək bişirməyi çox sevir”

Bu ailənin sosial şəbəkələrdə yayılan videolarında daha çox Berndin aşpazlığını görürük. Leyla deyir ki, bəzi insanlar onu aşpaz zənn edir, amma həyat yoldaşı sadəcə həvəskardır: “Bernd yemək bişirməyi çox sevir. Çox vaxt evdə yeməyi Bernd və oğlumuz Teodor bişirir. Pandemiyadan sonra Bernd daha çox evdə olurdu, mən də o zamanlar ikinci oğlumuz Dominikə hamilə idim. Bu səbəbdən yeməkləri Bernd hazırlayırdı. İşini dəyişdikdən sonra evə daha tez gəlir və boş vaxtı qaldığı üçün yeməkləri bişirir. Amma 12 il Bernd yalnız həftə sonları mətbəxdə olurdu, qalan günlərdə yeməkləri mən hazırlayırdım”. 

Avstriyalı qohumlarla Novruz bayramı

Leylanın sözlərinə görə, evlərində həmişə Azərbaycan ənənələri qorunur: “Bayramlardan Yeni il və Novruzu qeyd edirik. Çərşənbələr və Novruz bayramında milli Azərbaycan mahnıları qoşuruq. Novruz bayramını elə evləndiyimiz ilk ildən keçiririk. İlk illər daha kiçik şəkildə olurdu. Hər il paxlava bişirirdim. İllər keçdikcə daha təntənəli olmağa başladı. Son illər Novruz bayramı günü Berndin anası, bacısı, qardaşı da bizə gəlir. Balaca tonqal qalayırıq. Buraya köhnə Azərbaycan mahnılarından ibarət val gətirmişəm. Bernd çox yaxşı qarşılayır, musiqilərimizi bəyənir, amma rəqs etmir”.  

Paxlavanı azərbaycanlıdan daha yaxşı bişirir

Leyla Berndin Azərbaycanda çox danışılan paxlava videosundan da bəhs edir: “Əvvəllər mən bişirəndə Bernd kömək etməsə də, paxlava çox xoşuna gəlirdi. Pandemiya vaxtı hamilə olduqda paxlava xəmirini yaymaqda çətinlik çəkirdim. Mənə kömək etmək istədi və gördüm ki, məndən də yaxşı, daha nazik xəmir yayır. Bundan sonra həmişə paxlava bişirəndə xəmiri Bernd yaymağa başladı. Son illər isə tamamilə özü bişirir”.

Bernd deyir ki, paxlavanı bişirməyi sevdiyi qədər, yeməyi də sevir: “Bütün Novruz şirniyyatlarını sevirəm, şəkərbura, kətə, badamburanı bəyənirəm. Paxlava ilə çay çox əla gedir. Leyla ilə ailə qurduqdan sonra çay içməyə başlamışam (gülür). Lakin şorqoğalından xoşum gəlmir. Leyla isə çox sevir. Hər dəfə deyir bişirək, mən razılaşmıram. Övladlarımız da sevmirlər deyə, bişirmirik”. 

Həm dostdur, həm həyat yoldaşı

Sonda Leyla 15 illik ailə həyatlarından danışdı və gənclərə tövsiyələrini verdi: “Bernd çox mülayim, mehriban və dürüstdür, çox yaxşı dostdur. Münasibətlərdə əsas olan hörmətdir. Düzdür, hər şey sevgidən başlayır. Amma zaman keçdikcə sevgi fərqli bir hissə çevrilir. Bu səbəbdən mütləq hörmət olmalıdır”. 

Bernd isə Leyla ilə bir-birilərinin yarısı olduqlarını düşünür: “Leyla çox mülayim xanımdır. Biz bir-birimizi tamamlayırıq. Müxtəlif maraq dairələrinə sahibik, amma çalışırıq ki, birlikdə məşğuliyyətlər tapaq. Daim yeni nələrsə etməyə çalışırıq. Həmişə mülayim olun, bir-birinizlə mehriban davranın, güzəştə gedin, balaca məsələləri böyüdüb problem etməyin”. 

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər