AZE | RUS | ENG |


Əvvəl falçı, sonra ekstrasens, indi də psixoloq...

Əvvəl falçı, sonra ekstrasens, indi də psixoloq...
Psixoloqların çox, peşəkarların isə az olduğu zamanda yaxşı mütəxəssisi necə seçməli?

Bir rəfiqəm psixoloq qəbuluna getmək istəyir. Mənə sual verir ki, yaxşı psixoloqu necə seçə bilərəm? Deyir, elə bir psixoloq olsun ki, mənə kömək edə bilsin, ona rahatlıqla problemimi danışa bilim.

Əslində bu, psixoloq qəbuluna getmək istəyənlərin çoxunu düşündürən sualdır. Çünki 10-15 il öncə ilə müqayisədə ölkədə dəfələrlə çox psixoloq var. Psixologiya sahəsində inkişafın olması cəhətdən əslində bu yaxşı haldır. Amma psixoloqların çox olması bizim seçim imkanımızı da çətinləşdirir. Biz də bu istiqamətdə bir araşdırma aparmaq qərarına gəldik. Yaxşı psixoloqu necə seçməli?

"Şablon sual-cavab şəklində keçən bir söhbət istəməzdim”

Psixoloq qəbulunda olan Könül Namazova deyir ki, o, psixoloq seçimini tanışların məsləhəti əsasında edib. Amma iki dəfə üz tutduğu mütəxəssis onu qane etməyib: "Reklamı güclü olan, tanınmış psixoloqların seans qiyməti mənim cibimə münasib olmadığı üçün uyğun qiymətə olanları tanışlardan maraqlandım. Birinci dəfə getdiyim psixoloq çox quru və rəsmi davranırdı. Əslində başqa bir tanış onun yanına gedib razı qalmışdı, amma mən ikinci dəfə getmədim. Sonra başqa birinin yanına getmişdim. O, uşaqlarla da işləyirdi, böyüklərlə də. Qəbulunda gözləyəndə bir uşaqla əsəbi danışdığını gördüm. İstədim qayıdam, amma qeydiyyata yazılmışdım. Görüş xarakterli birinci seansda oldum, amma sonra getmədim. Psixoloq bizim bir ailə üzvümüz qədər səmimi olmalıdır ki, yanında rahat olaq. Kompleksə düşdüyüm halda danışa bilmirəm. Üçüncü cəhddə artıq çox yaxşı bir psixoloq tapdım”.

Məlahət Əzizova isə deyir ki, psixoloq seçimi zamanı bir çox nüansları diqqətdə saxlayır, psixoloqla bağlı araşdırma aparır: "Psixoloqun təcrübəsi, hətta təhsili ilə bağlı bir az araşdırma aparmaq lazımdır. Bu nüanslar onun psixoloq kimi fəaliyyətinin formalaşmasında əhəmiyyətli məqamlardır. Psixoloqun qəbul qiyməti haqqında da öncədən maraqlanıram. Çünki orta gəlirli biri üçün aşırı baha qiymətə olan psixoloq qəbuluna getmək adamı depressiyadan çıxarmaq əvəzinə, depressiyaya sala bilər. Maddi tərəf əgər mənə uyğundursa, psixoloqun ünsiyyət bacarığı, qurduğu dialoq və verdiyi suallar da önəmlidir. Sxematik, şablon sual-cavab şəklində keçən bir söhbət istəməzdim”.

"Bir günün psixoloqu ilə 20 ilin psixoloqu eynidir”

Mövzu ilə bağlı psixoloqlarla da söhbətləşdik. Psixoloq Elnur Rüstəmov qəzetimizə açıqlamasında bildirdi ki, psixoloq seçimində onun təcrübəsi o qədər də önəmli olmaya bilər: "Bu, spesifik bir məqamdır. Çünki psixoloq həkimdən, müəllimdən, ustadan fərqlidir. Burada peşədən qaynaqlanan nüanslar var. Psixoloq seçimində insan faktoru vacibdir. Ürək cərrahının necə danışması pasient üçün önəmli deyil, təki əməliyyatı yaxşı aparsın. Belə bir ifadə ilə desək, insan yanına getdiyi psixoloqdan elektrik almalıdır ki, problemini rahat danışa bilsin. Psixoloq peşəkarlığı öz yerində. Psixoloji konsultasiyada belə bir şey var ki, bir günün psixoloqu ilə 20 ilin psixoloqu eynidir. Ola bilər 20 il təcrübəsi olan psixoloq texnikaları çox bilsin, təcrübəsi çox olsun. Ancaq kimsə onun yanında gedəndə istədiyi nəticəni almaya bilər. Amma bir ilin psixoloqu ona daha yaxşı gələr”.

E.Rüstəmov deyir ki, psixoloq axtararkən müəyyən bir araşdırma aparmaq yaxşı olar. Onun sözlərinə görə, informasiya əsrinin yenilikləri bizi psixoloqlar haqqında istədiyimiz məlumatı almağa kömək edir: "Bütün psixoloqların sosial şəbəkə profilləri var. Mətbuata açıqlama verirlər, məqalələr yazırlar, televiziyada çıxış edirlər. Bütün bunlara fikir vermək lazımdır. Şübhəsiz ki, CV-si ilə yanaşı, necə biri olması da önəmlidir. Mən bu psixoloqa ürəyimi açıb danışa bilərəmmi? Bu məqamlar önəmli olduğu qədər psixoloqların da üzərinə böyük məsuliyyət qoyur. Çünki cəmiyyət həmişə psixoloqu ideal görür. "Psixoloq əsəbləşə, qışqıra bilməz, hər yerdə psixoloq olmalıdır” kimi düşünürlər. Amma əsas olan mütəxəssisin öz işində nə dərəcədə peşəkar olmasıdır. Bizim cəmiyyət yavaş-yavaş bu prosesə adaptasiya olacaq. İnsanlar da seçim edərkən bir-iki psixoloqun üzərində dayanırlar. Sonra onlarla bağlı araşdırma aparıb, qərar verə bilərlər. Bu gün istənilən insan haqqında istədiyimiz məlumatı almaq çox asandır. O ki qaldı psixoloq, həkim ola”.

Psixoloq bildirdi ki, müraciət ediləcək psixoloqun uşaq, ailə, böyük və ya yeniyetmələrlə bağlı ixtisaslaşmış olması da önəmlidir.

"Psixoloq adından sui-istifadə edənlər var”

"Gənc Psixoloqlar” İctimai Birliyinin sədri, psixoloq Orxan Oruc isə bildirdi ki, psixoloji xidmət bizim üçün yeni sahə olduğu üçün müəyyən əskikliklər və boşluqlar var: "Buna baxmayaraq, inkişaf tempini uğurlu hesab etmək olar. Psixoloqa müraciət edənlərin sayı 8-10 il əvvəllə müqayisə olunmayacaq qədər fərqlidir. Bu bir tərəfdən təəssüfedici məqamdır ki, insanlarımızın psixoloji çətinlikləri, ünsiyyət problemləri getdikcə çoxalır. Digər tərəfdən sevindiricidir ki, bu çətinliklərin həll olunması üçün peşəkarlara müraciət olunur. Amma sizin verdiyiniz sualı bir az dəyişib belə qoymaq olar ki, özünü psixoloq kimi təqdim edən hər kəs peşəkardırmı? Təbii ki, yox. Ümumiyyətlə, psixoloji xidmətin standartlara uyğun tənzimlənməsi ilə bağlı hər hansı bir qanun və ya sənəd olmaması bundan sui-istifadə edənlərin olmasına şərait yaranır. Hazırda bununla bağlı qanunun hazırlanması dövlətin diqqətindədir. Ümid edirik ki, yaxın zamanlarda belə bir rəsmi sənədin olması ilə sui-istifadəyə yol verənlərin qarşısı alınacaq”.

O.Orucun sözlərinə görə, peşəkar psixoloq deyərkən biz bir məqamı dəqiqləşdirməliyik. İki cür peşəkar psixoloq ola bilər, nəzəri və praktik istiqamət üzrə. Nəzəriyyəçi peşəkar psixoloqlar tədqiqatlar aparır, nəzəri yeniliklər üzərində işləyir və s. Praktik psixoloqlar isə sırf tətbiqlə məşğul olur və psixoloji xidmət göstərirlər: "Sizin sualınız psixoloji xidmət göstərənlərlə bağlıdır. Praktik peşəkar psixoloq olmaq üçün ilk növbədə psixologiya ixtisası üzrə ən azı magistr təhsili olmalıdır. Ola bilər, kimsə düşünür ki, o çox yaxşı psixoloji təsir edə bilir. Amma bu o demək deyil ki, həmin şəxs psixoloq kimi vətəndaşlara xidmət göstərməlidir. Eyni zamanda, psixologiya üzrə diplomun olması da kimisə peşəkar psixoloq etmir.

Demək ki, peşəkar psixoloq olmaq üçün şərtlərdən biri bu istiqamət üzrə təhsildir. Digər şərt isə insanın öz şəxsi xüsusiyyətləri ilə bağlıdır. Həddindən artıq səbirsiz bir insan təhsili olsa belə, sözsüz ki, peşəkar psixoloq ola bilməyəcək. Psixoloq ilk növbədə özünü tanımalı, özündə baş verən psixoloji proseslərdən, uşaqlıq travmalarından, xarakterik xüsusiyyətlərindən və s. xəbərdar olmalıdır. Qərbdə bunun həlli üçün psixoloq olmağa qoyulan tələblərdən biri də həmin şəxsin özünün uzun müddət psixoterapiyadan keçməsi ilə bağlıdır. Daha sonra həmin şəxs təcrübəli peşəkar psixoloqun yanında superviziyadan keçməlidir”. 

Bir müddət falçı, sonra ekstrasens, indi də psixoloq...

O.Oruc bildirdi ki, bizdə isə psixoloji xidmət göstərən şəxslər var ki, onların psixologiya ilə tanışlığı özünün psixoloqa müraciəti ilə başlayıb. Daha sonra da 2 aylıq kurs keçməklə özünə psixoloq adını verib. O.Oruc onu da qeyd etdi ki, hətta bir qrup insanlar var ki, falçıların dəbdə olduğu vaxt falçı kimi, ekstrasenslərin dəbdə olduğu vaxt ekstrasens kimi, indi isə "psixoloq” adı altında fəaliyyət göstərirlər: "Sanki cəmiyyətin şüuru inkişaf etdikcə həmin şəxslərin cildləri də dəyişir. Bu birbaşa cəmiyyətin psixikası üçün təhlükəli məqamdır. Digər tərəfdən, çox yaxşı haldır ki, bu gün işinə peşəkar yanaşan psixoloqlar ordusu formalaşır və əminəm ki, yaxın gələcəkdə bu problemlər aradan qalxacaq.

Hansı psixoloqa müraciət etməklə bağlı seçim edərkən həmin şəxs haqqında araşdırma aparmaq o qədər də çətin bir iş deyil. Peşəkar psixoloq daim öz üzərində işləyən, kitab sevən, cəmiyyət içərisində olan, nitq bacarıqları yüksək olan, cəmiyyətini yaxşı tanıyan, nümunəvi davranışları olan bir obraza malik olmalıdır”.

Aygün Asimqızı


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6957
GBP 1 İngilis funt sterlinqi 2.1978
TRY 1 Türk lirəsi 0.4774
KWD 1 Küveyt dinarı 5.5930
SEK 1 İsveç kronu 0.1926
EUR 1 Avro 1.8495
CHF 1 İsveçrə frankı 1.7116
USD 1 ABŞ dolları 1.7025