• cümə, 26 Aprel, 04:39
  • Baku Bakı 16°C

Ermənistanın baş nazirinin idarəçilik qabiliyyəti yoxdur

22.06.20 09:45 455
Ermənistanın baş nazirinin idarəçilik qabiliyyəti yoxdur
Dünyada gedən proseslər qlobal gündəliyi əks etdirir. Bir çox məqamlar var ki, onların haqqında düşünmədən davam etmək qeyri-mümkündür. Koronavirus pandemiyasının yeni dalğası bütün insanları düşündürür və narahat edir. Bu problemə müxtəlif ölkələrdə müxtəlif yanaşmalar vardır. İlk növbədə onu qeyd etmək lazımdır ki, bəzi ölkələr ilk gündən etibarən qabaqlayıcı və qoruyucu tədbirlərə əl atdılar. Belə ölkələr insan amilini əsas götürərək vətəndaşlarının sağlamlığı naminə bacardıqlarını etdilər. Burada məqsəd təhlükəsizliyin təmin olunması və insanların sosial rifahının yaxşılaşdırılmasına yönəldilib. Məsələyə bu kontekstdən yanaşanda Azərbaycan və bir sıra ölkələr var ki, bir-birinə kömək edir, dəstək göstərirlər. Azərbaycan indiyə kimi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xətti ilə 30-a yaxın ölkəyə donorluq edib. Ölkəmizin humanitar yardımı dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Amma regionda bizimlə qonşu və təcavüzkarlıq siyasəti ilə fərqlənən Ermənistan adlı ölkə də vardır. Bu ölkədə baş verənlər heç bir məntiqə sığmır.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında politoloq Tofiq Abbasov söyləyib.
T.Abbasov bildirib ki, hazırda Ermənistanda koronavirus pandemiyasına yoluxanların sayı Azərbaycandan qat-qat çoxdur: "Nəzərə alsaq ki, qonşu ölkənin ərazisinin sahəsi və əhalisinin sayı bizdən dəfələrlə az olduğu halda, burada vəziyyətin nə qədər kritik olduğu bəlli olur. Məhz vaxtına qabaqlayıcı tədbirlərin görülməməsinin nəticəsidir ki, işğalçı ölkənin hakimiyyəti, siyasi dairələri vəziyyətə nəzarət etməkdə aciz qalıblar. Hakimiyyət vətəndaşları koronavirusun cənginə buraxaraq onları taleyin ümidinə qoyub və bu amil Ermənistanda indikatora çevrilir. Təbii ki, BMT və onun ali orqanı BMT Baş Assambleyası, Avropa təsisatları, eləcə də ÜST kimi beynəlxalq qurumlar bu məsələləri diqqət mərkəzində saxlayır və baş verənlərə münasibət bildirirlər. Bəlkə də adıçəkilən qurumların indiyədək Ermənistandan gözləntiləri var idi, amma özünü doğrultmadı. Maraqlıdır ki, beynəlxalq təşkilatlar və qurumlar bütün bunları gördüyü halda, Ermənistana irad bildirmir, xəbərdarlıq etmir”.
Politoloq diqqətə çatdırıb ki, Ermənistanın baş naziri səriştəsizliyi ilə özünə mənfi imic qazanıb. Bu baxımdan dünyanın aparıcı qüvvələri də anlayırlar ki, Nikol Paşinyanın idarəçilik qabiliyyəti yoxdur və hakimiyyət vətəndaşları başlı-başına buraxıb. Dağlıq Qarabağ məsələsi ilə bağlı Paşinyanın boşboğaz danışıqları, hədə-qorxu gəlməsi təəccüb doğurur. Ermənistan hakimiyyəti ağıq sınaq qarşısında olduğu və adi vətəndaşının problemini həll edə bilmədiyi halda bizə meydan oxuması çox gülüncdür. Ermənistan hakimiyyəti anlamalıdır ki, vaxtında praqmatik addımlar atmasa, onları çox ciddi bəlalar gözləyir. Beynəlxalq təsisatlar mütləq şəkildə qonşu ölkədə baş verənlərə laqeyd qalmamalı, təzyiqlərini artırmalıdırlar. Çünki Ermənistan təkcə Azərbaycan üçün deyil, digər qonşu ölkələr üçün də ciddi təhlükə yaradır və regionda vəziyyəti gərginləşdirir.
Müsahibimizin sözlərinə görə, nəinki Avropa İttifaqı, AŞPA, eləcə də, Qərbin dövlət və qeyri-dövlət təşkilatları Ermənistanda baş verən hadisələrə münasibət bildirməyə borcludurlar. Çünki bu qurumlar hər zaman özlərini insan hüquq və azadlıqlarının carçısı kimi tanıdıblar. Maraqlıdır ki, Azərbaycanda baş verən kiçik bir hadisəyə anında reaksiya verdikləri halda, qonşu ölkədə baş verən haqsızlıqlara, insan hüquqların pozulmasına göz yummaları yolverilməzdir.
Politoloq söyləyib ki, Qərbin Ermənistana bu münasibəti onu deməyə əsas verir ki, beynəlxalq təşkilatlar və qurumlar ondan əllərini üzüblər və yaxşı heç nə gösləmirlər. Bilirlər ki, baş verənlərə münasibət bildirsələr də, heç bir nəticəsi olmayacaq. Hər halda belə olmamalıdır, dünyanın bir nizamı vardır. Ermənistanda baş verən bütün hadisələr, siyasi repressiyalar, eləcə də "Çiçəklənən Ermənistan” partiyasının sədri, "Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanla bağlı baş verənlər bir daha Paçinyanın diktator olduğunu deməyə əsas verir. Vətəndaşının ona inamı qalmayıb. Çevriliş yolu ilə hakimiyyət başına gələn Paşinyanın indi arxasında durduğu xalq yoxdur. Bu səbəbdən o, çıxış yolunu oponentlərini yolundan uzaqlaşdırmaqda görür.
"Azərbaycan Prezidenti İlham Əliyev hər zaman çıxış etdiyi tribunalardan bildirib ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və gec-tez biz həmin torpaqları işğaldan azad edəcəyik. Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə telefon danışığında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyini diqqətə çatdırdı. Dövlətimizin başçısı açıq-aydın bildiridi ki, bütün üstünlük Azərbaycanın tərəfindədir, bizim istəklərimiz beynəlxalq hüquq normalarına uyğundur. Qafqaz regionunda hər zaman ali sayılan bu prinsip bu dəfə də zəfər çalmalıdır. Dövlətimizin başçısı Aİ-nin rəhbərinə xatırlatma etdi və bildiridi ki, biz Avropa İttifaqından, AŞPA-dan və digər qurumlardan ədalətli mövqe gözləyirik”, - deyə Tofiq Abbasov fikirlərini tamamlayıb.
banner

Oxşar Xəbərlər