• cümə, 26 Aprel, 16:53
  • Baku Bakı 23°C

Ermənilərin faşist sevgisi

23.06.16 10:41 1872
Ermənilərin faşist sevgisi
Ermənistanın paytaxtı İrəvanda faşist generalı Nijde kimi tanınan, Hitlerin əlaltılarından biri sayılan, vaxtilə Vermahtın erməni cəza legionunun əsasını qoymuş Qaregin Ter-Arutunyana heykəl qoyulub. Mayın 28-də heykəlin açılış mərasimi keçirilib və Ermənistan prezidenti Serj Sarkisyan da bu tədbirdə şəxsən iştirak edib. O Sarkisyan ki, hələ bir il bundan əvvəl faşizmdən zərər çəkmiş ölkələrin liderləri ilə bərabər Moskvada keçirilən Qələbə paradına qatılıb, bu il mayın 9-da müharibə qurbanlarının xatirəsini İrəvanda "yad edib”. Beləliklə, Ermənistan Hitler nasizminin əlaltılarını qəhrəmanlaşdırmaq cəhdlərini davam etdirib. Rəsmi İrəvan və dünya erməniləri hazırda da Hitler və Hitlerin yaxın adamları olan erməni generalları Njde və Dronun (Drastamat Kananyan) adlarını təmizə çıxarmaq üçün bütün imkanlardan istifadə edirlər.
Xatırladaq ki, Ermənistanın bu "milli qəhrəman”ları Ukrayna və Polşada on minlərlə dinc insanın qırğınına, yəhudilərə və nasist ideologiyasına "uyğun gəlməyən” digər xalqlara qarşı qanlı cinayətlərə, Hitlerin ölüm düşərgələrində həyata keçirilən kütləvi qətllərə görə tarix qarşısında məsuliyyət daşıyırlar. Erməni legionunun öz hesabatlarında təkcə Qərbi Krımda 20 mindən çox dinc sakinin qətlə yetirildiyi etiraf olunur. Erməni cəlladı Njde 1948-ci ildə hərbi cinayətkar kimi 25 illik həbs cəzasına məhkum edilib və 1957-ci ildə Vladimir şəhərində ölüb. O, hətta ölümündən sonra belə bəraət qazanmayıb və məhkəmə əvvəlki hökmünü qüvvədə saxlayıb.
Onu da əlavə edək ki, bu gün dünya birliyi faşizmin bütün təzahürlərini pisləyir. Hətta 2015-ci il dekabrın 17-də BMT Baş Assambleyası 70/139 saylı "Nasizmin qəhrəmanlaşdırılması, neonasizm və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onunla əlaqədar dözümsüzlüyün artmasına səbəb olan digər hallara qarşı mübarizə” adlı Qətnamə qəbul edib. Həmin sənədin 4-cü bəndində deyilir ki, BMT Baş Assambleyası "nasist hərəkatının, neonasizmin və "Vaffen SS” təşkilatının keçmiş üzvlərinin onlara heykəllərin və memorialların qoyulması yolu ilə təbliği, nasist keçmişinin, nasist hərəkatının və neonasizmin nümayişi məqsədilə ictimai nümayişlərin keçirilməsi, həmçinin belə təşkilat üzvlərinin və anti-Hitler koalisiyasına qarşı mübarizə aparanların və nasist hərəkatı ilə əməkdaşlıq edənlərin milli-azadlıq hərəkatlarının iştirakçısı elan etmək cəhdləri ilə bağlı dərin narahatlığını bildirir. Maraqlısı həm də budur ki, bu qətnaməyə Ermənistan da qoşulub. Lakin buna baxmayaraq, Ermənistan siyasi rəhbərliyi Hitler Almaniyası dövründə milyonlarla insanı, o cümlədən erməni xalqının nümayəndələrini qətlə yetirmiş, faşist rejiminə sədaqət andı içmiş şəxsləri bütləşdirmək siyasətindən əl çəkməyib.
Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev Ermənistanda nasist ideologiyası daşıyıcısına heykəl qoyulmasına münasibət bildirərkən deyib ki, sözügedən məsələ mətbuatda geniş müzakirə olunmaqdadır. Onun sözlərinə görə, vaxtilə Nijde Hitlerin ən yaxın nökərlərindən biri olub. U.Mirzəyev belə bir qaniçən nökərin "xatirəsinin” hazırda Rusiyanın nökəri funksiyasını yerinə yetirən Serj Sarkisyan tərəfindən "əbədiləşdirildiyini” vurğulayıb. Qeyd edib ki, hər ikisi mahiyyət etibarilə eyni adam olduqlarından, müasir dövrdəki nökər tarixi nökəri ideallaşdırmaqla özünün də gələcəkdə o cür anılacağına ümid edir: "Nijdenin əlləri faşist Almaniyası dövründə minlərlə günahsız insanın qanına batıb. Bugünkü Ermənistan siyasi rejimi, o cümlədən prezident Sarkisyan, müdafiə naziri Seyran Ohanyan, sabiq prezident Robert Köçəryan və başqalarının əlləri də Dağlıq Qarabağ müharibəsi dövründə günahsız Xocalı, Qaradağlı sakinlərinin qanına batıb. Kütləvi soyqırımı, etnik təmizləmə, deportasiya siyasəti həyata keçirən bir dövlətdən, onun siyasi rəhbərliyindən nə desən gözləmək olar. Nijdeyə Ermənistanın paytaxtında heykəl qoyulması əslində bu dövlətin mahiyyətini, xarakterini bir daha ortaya qoyur”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc mövzu ilə bağlı "Kaspi”yə bildirib ki, bu məsələni hüquqi, siyasi və mənəvi kateqoriyada təhlil edəndə ortaya çox ağır nəticələr çıxır. Onun sözlərinə görə, ermənilər faşizm ideyalarına xidmət edənləri öz "milli qəhrəmanları” hesab edirlərsə, avtomatik olaraq faşizm yolunu, işğalçılığı, başqa xalqların həyatına, ərazi bütövlüyünə təcavüzkarlığı seçirlər: "Arzu edərdim ki, Azərbaycan sözügedən məsələ ilə əlaqədar etiraz edərkən Rusiyanın bu istiqamətdə müəyyən hüquqi-siyasi addımlar atdığını da nəzərə alsın və bir neçə istiqamət üzrə planlı fəaliyyət həyata keçirsin. Biz yəhudi cəmiyyətlərinə, təşkilatlarına, İsrail dövlətinə açıq müraciətlər etməliyik. Bildirməliyik ki, onların və ümumilikdə bəşəriyyətin faciələrində rolu olan şəxslər vaxtilə hitlerizmin, "SS”çiliyin xidmətkarı olduqları kimi, indi də erməniçiliyin mahiyyətinə xidmət edirlər. Sabah Nijdeyə oxşamaq istəyən erməni gənci eyni hərəkətlərə yol verəcəkdir. Yəhudi xalqının üzərində faciə quran adamlar bu gün erməni cəmiyyəti üçün yol göstərən, "milli qəhrəman”, heykəlləşmiş bir simaya çevrilirlər. Bu reallıqdan çıxış edərək, yəhudi cəmiyyətləri öz qərarlarını verməli, buna etirazlarını bildirməlidirlər. Nijde məsələsini sadəcə Ermənistan-Azərbaycan kontekstində təhlil etmək doğru deyil. Bu hadisəyə reaksiyamız daha qlobal xarakter daşımalıdır”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər