• cümə, 26 Aprel, 09:06
  • Baku Bakı 12°C

Ermənilərin azərbaycanlılara qarşı yeni terror dalğası

24.07.20 17:30 6698
Ermənilərin azərbaycanlılara qarşı yeni terror dalğası
Beynəlxalq ictimaiyyət ermənilərin yeni terror aktlarının qarşısını almalıdır

Azərbaycan Ordusuna dəstək, şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq, həmçinin Dağlıq Qarabağ probleminin ədalətli həlli, ərazi bütövlüyümüzün təmin olunması tələbi ilə xaricdə yaşayan azərbaycanlılar son günlər ərzində dünyanın 25 ölkəsində 60-a yaxın dinc aksiya keçiriblər. Aksiyaların yarıdan çoxu Avropanın müxtəlif ölkələrində baş tutub. ABŞ-ın 8 ştatında da 11 aksiya gerçəkləşib. Bunlardan əlavə olaraq, Kanada (Toronto), İsrail (Kiryat Byalik - Krayotı şəhər kəsişməsi), Rusiya (Moskva, Şimali Asetiyada), Moldova (Kişinyov), Ukrayna (Kiyev), Qazaxıstan (Aktau), Türkiyədə (Ankata, İstanbul, İzmir, Antalya) də aksiyalar gerçəkləşib. Ermənilərin Azərbaycan səfirliklərinin qarşısında təşkil etdikləri aksiyalara etiraz əlaməti olaraq isə 8 aksiya keçirilib. Bunlar Polşa, Niderland, Belçika, ABŞ - Vaşinqton, Los-Anceles, Gürcüstan, Türkiyə, Ukraynada təşkil olunub. Aksiyalarla bərabər mətbuat konfransı və maarifləndirmə tədbirləri aparılıb. İsveç, İspaniya, Litva, Türkiyə, Gürcüstanda bu tədbirlər həyata keçirilib. Latviya, İsveç və ABŞ-da vətənlərimiz maşın yürüşləri də təşkil edib.

Sərbəst toplaşmaq və öz fikirlərini ifadə etmək hüququ
Bütün bu aksiyalar, yürüşlər dinc xarakter daşımasına rəğmən, son bir həftə ərzində Azərbaycanın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinə, həmçinin aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal ermənilər tərəfindən təxribatlar törədilir. Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada diplomatik nümayəndəliklərinə qarşı yol verilən hərəkətlər deyilənlərə əyani misaldır. Xarici ölkələrdə yaşayan və Ermənistanın iyulun 12-dən başlayaraq növbəti təxribatlarına etiraz məqsədilə aksiya keçirən dinc azərbaycanlılara qarşı da radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv əməllər törədilir. Bu hərəkətlər özündə vandalizm və terror elementlərini ehtiva edir, cinayət məsuliyyəti doğurur. Bununla əlaqədar sosial şəbəkələrdə yayılan videolardan da görünür ki, çoxsaylı aksiya iştirakçılarına ermənilər tərəfindən fiziki güc tətbiq olunur, onlara xəsarətlər yetirilir, sərbəst toplaşmaq və öz fikirlərini ifadə etmək hüquqları pozulur. Bu baxımdan xaricdə yaşayan azərbaycanlıların erməniləri döyməsi halları bir sıra ölkələrdə ermənilərin azərbaycanlılara qarşı qəddar davranışı, həmyerlilərimizə ciddi fiziki güc tətbiq olunması, səfirliklərimizə qarşı vandallıq aktlarının törədilməsi ilə bağlıdır, bütün bu vəhşiliklərə cavab reaksiyasıdır.

Azərbaycanlılara və türklərə qarşı yeni təxribatlar planlaşdırılır
Xatırladaq ki, ermənilərin bu tipli təxribatları, eləcə də terrorçu fəaliyyəti yeni deyil. 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetiriblər, ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törədiblər, 24 türk diplomatını qətlə yetiriblər. 1991-ci ildə Ermənistan müstəqilliyini bəyan etdikdən sonra terroru dövlət siyasəti vasitəsinə çevirib, bu ölkənin xüsusi xidmət orqanları Azərbaycanın müxtəlif yerlərində çoxsaylı terror aksiyaları təşkil ediblər. 1994-cü il martın 19-da və iyulun 3-də Bakı Metropolitenində baş vermiş terror aktları buna misaldır. Karen Baqdasaryan və Seyran Sarkisyan tərəfindən təşkil olunan bu terror aktlarında 27 nəfər həlak olub və 91 nəfər yaralanıb. Son bir həftə ərzində xaricdə yaşayan azərbaycanlılara qarşı erməni təxribatlarının baş verməsi, dinc aksiya iştirakçılarının döyülərək al qana qərq edilməsi, üstəlik ermənilərin sosial media üzərindən cinayətkar çağırışları, Ermənistan dövlətinin, bu ölkənin xaricdəki təmsilçilərinin terrorçu mahiyyətini növbəti dəfə üzə çıxarır. Bu gün yayılan daha bir məlumata görə, ABŞ-da və dünyanın müxtəlif ölkələrində ermənilər Türkiyə və Azərbaycanlı insanlara qarşı yeni terror fəaliyyətinə başlayıb. Ermənilərə aid "instagram" səhifəsində azərbaycanlıların və türklərin yaşadığı ünvanları göstərənlərə 500 dollar mükafat təklif edilib. Digər sosial şəbəkələrdə də ermənilər bu tipli çağırışlar edərək azərbaycanlılara və türklərə qarşı yeni təxribatlar planlaşdırırlar.

Hücumları məhz ermənilərin etdiyi təsdiqini tapıb
Los-Anceles polisi isə iyulun 23-də məlumat yayaraq, iki gün əvvəl Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu qarşısında baş verən hadisələr zamanı azərbaycanlılara məhz ermənilərin hücum edərək xəsarət yetirdiyini bildirib. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun bu barədə yaydığı məlumatda qeyd olunur ki, hadisə baş verəndən sonra erməni daşnakları və ümumiyyətlə erməni təbliğatı bütün sosial media platformalarında özlərini qurban kimi təqdim edərək, azərbaycanlıların onlara qarşı aqressiya törətdiklərini deyərək, öz cinayətlərini ört-basdır etməyə çalışıblar. Baş Konsulluq ilk gündən hadisələrə dair obyektiv rəsmi açıqlamanın verilməsində və kimin hücuma məruz qaldığının aydın bəyan edilməsində təkid edib. Baş Konsulluğun səyləri nəticəsində bu hadisənin məhz erməni daşnakları tərəfindən törədildiyi öz rəsmi təsdiqini tapıb. Bundan əlavə, Los-Anceles polisi bu vəhşilikləri törədən erməni cinayətkarlarına qarşı yalnız xəsarət yetirmə maddəsi üzrə deyil, daha ağır maddə olan nifrət zəminində törədilən cinayət maddəsi üzrə iş açılacağını bəyan edib.

İkili standartlar və selektiv yanaşma
Bütün bu reallıqlar nəzərə alınaraq, son günlər Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə və dinc aksiya iştirakçılarına qarşı törədilən təxribatların, vandalizm aktlarının qarşısı alınmalı, belə hallar həmin ölkələrin aidiyyəti orqanları tərəfindən araşdırılmalı, bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməlidir. Çünki, 61-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir. Baş verənlər fonunda, adətən belə vandalizm, insan hüquq və azadlıqlarına qəsd kimi hallara qarşı barışmaz mövqe nümayiş etdirən beynəlxalq qurumların, beynəlxalq hüquq-müdafiə təşkilatlarının susqunluğu da diqqət çəkir, təəssüf doğurur. Onların seyrçi mövqeyi anlaşılan deyil. Bu, həmin təşkilatlarda ikili standartların və selektiv yanaşmanın hökm sürdüyünü aydın göstərir.
Cəzasızlıq mühiti təhlükəli presedentlər yarada bilər
Millət vəkili Könül Nurullayevamövzu ilə bağlı bildirib ki, erməni təxribatçı qüvvələrinin Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə və soydaşlarımıza yönəlik aqressiyası işğal siyasətinə və erməni terroruna qarşı beynəlxalq səviyyədə mübarizəni şərtləndirir. Onun sözlərinə görə, bu, əslində iyulun 12-dən etibarən erməni silahlı birləşmələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatın davamıdır. Deputat deyib ki, hərbi toqquşmalar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən adekvat cavab tədbirləri ilə sarsıdıcı zərbələr alan Ermənistan öz terrorçu mahiyyətinə sadiq qalaraq, dərhal aqressiyasını mülki əhaliyə yönəldib:"Dinc sakinlər arasında məhz erməni hərbçilərinin açdığı atəş nəticəsində dünyasını dəyişən də oldu. Ardınca diplomatik nümayəndəliklərimizə qarşı, həmçinin Azərbaycan diasporunun təşkil etdiyi dinc aksiyalarda pozucu, təxribatçı hücumlar həyata keçirildi. Maraqlıdır ki, bu hücumlar və təxribatçı hərəkətlər insan haqları və demokratiyanın mərkəzi sayılan dövlətlərin ərazisində - Belçika, Fransa, Almaniya, ABŞ və digər ölkələrdə baş verir. Bununla əslində dünya bir daha Ermənistanın vandal və işğalçı simasını görür. Belə olan halda yenidən erməni terrorunun qaranlıq və qanlı tarixini xatırlamaq zərurəti yaranır. Uzun illərdir Ermənistanda terror dövlət siyasəti, terrorçular milli qəhrəmandır və bu, bütövlükdə region üçün ciddi təhlükəyə çevrilib. Təsadüfi deyil ki, Azərbaycan Xarici İşlər Nazirliyi də erməni təxribatçı qrupların gərginliyi artırmağa çalışacaqlarını, terror təşkilatlarını bu zorakılıqlara yönəldəcəklərini istisna etmir. Bu səbəbdən rəsmi Bakı qabaqlayıcı tədbirlər görərək, təlimatlar da verib. Burada ən vacib məqam diplomatlarımızın və soydaşlarımızın təhlükəsizliyinin təmin olunmasıdır. Beynəlxalq konvensiyalara görə əslində sırf təhlükəsizlik məsələsi ilə bağlı məsuliyyət hadisənin baş verdiyi ölkələrin üzərinə düşür. Yəni, ermənilərin vandal və terrorçu hərəkətləri mütləq şəkildə insidentin baş verdiyi Qərb dövlətləri tərəfindən kəskin şəkildə pislənməli, soydaşlarımıza qarşı zorakılıq faktları həmin ölkələrin hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılaraq, konkret tədbirlər görülməlidir. Yalnız bu halda erməni təxribatlarının qismən də olsa qarşısını almaq mümkündür. Əks halda, yəni cəzasızlıq mühiti erməni radikal qrupların daha da fəallaşması ilə çox təhlükəli presedentlərin yaranmasına səbəb ola bilər”.

İnformasiya müharibəsini uduza bilərik
Millət vəkili Müşfiq Cəfərov da qəzetimizə açıqlamasında bildirib ki, ermənilər hər zaman təxribata əl atıblar və tarix boyu uydurduqları yalanlarla dünya mediasının gözünü boyamağa çalışıblar: "Onlar bu sahədə bacarıqlıdırlar. Saxtakarlıqla dünya dövlətlərinin diqqətini çəkmək artıq bu millətin xislətinə hopub. Ermənilərin son günlər xaricdə yaşayan və dinc aksiya keçirən azərbaycanlılara qarşı törətdiyi təxribatların da böyük məqsədləri var. Düzdür, son prosseslər haqlı olaraq vətəndaşlarımızda qəzəbə səbəb olub. Gənclərimiz emosiyalara qapılaraq addım atırlar. Amma bu, bizi ölkə olaraq çətin vəziyyətə sala bilər. Bütün vətəndaşlarımız səbrli, təmkinli olmalıdır. Bəzi hallarda gənclərimiz hislərinə qapılaraq situasiyanı təhlil etmədən hərəkət edirlər. Mən sosial şəbəkələrdə yayılan videoları görüb düşünürəm ki, millətimiz erməniləri məqsədlərinə istəmədən nail olmalarına kömək olurlar. Belə davam etdiyi halda biz informasiya müharibəsini uduza bilərik. Onlar bizdə baş verən hər hadisəni öz xeyirlərinə təhrif edərək dünya mediasında işıqlandırırlar. Sosial şəbəkələrdə paylaşılan həmin videolarda neçə gəncimiz məsuliyyət altına düşür. O şəxslər başqa bir ölkənin qanunlarını tapdamaqda ittiham oluna bilərlər. Bunun məsuliyyəti böyükdür. Ağılla, siyasətlə informasiya müharibəsi strategiyası qurulmalıdır. Çalışdıqca xarici mətbuatda onların vəhşiliklərini yayımlanmasını təşkil etməliyik. Sumqayıt hadisələrini xatırlayaq. Hər bir gəncimiz ki, bunları bilir. Ermənilər necə təxribata əl ataraq Azərbaycanı qaralamışdılar. Kiçik bir araşdırma etsək görərik ki, ermənilərin imkanlı şəxslərinin əksəriyyəti buna çalışır. Onlar istəyir ki, dünya mediasından yararlanaraq aparıcı ölkələrinin tanınmış KİV nümayəndəlikləri ilə əməkdaşlıq etsinlər. Bunu fakt kimi qiymətləndirib üzərində düşünmək lazımdır”.

Düşmənin bizdən gözlədiyini etməməliyik
M.Cəfərov vurğulayıb ki, Los-Anceles, Brüssel və digər şəhərlərdə keçirilən aksiyalar zamanı həmvətənlərimizə qarşı olan fiziki təzyiqi çalışdıqca dünya mediasında işıqlandırmaq lazımdır: "Güc tətbiqi bizə heç nə qazandırmayacaq, əksinə haqlı ikən haqsız vəziyyətə düşə bilərik. Qeyd edim ki, hələ dünya ictimaiyyəti Sumqayıt hadisələrinin əsl təxribat olduğunu anlamayıb, Azərbaycanı təqsirləndirir. Los-Anceles və Brüsseldə olan hadisələri hələ dünyanın heç bir aparıcı KİV-ində geniş şəkildə olduğu kimi işıqlandırılmayıb. Lakin artıq azərbaycanlının bir şilləsini dünyanın aparıcı media orqanlarında görə bilərik. Bizim jurnalistlərimizə bu barədə böyük bir iş düşür ki, onlar bu hadisələrin yayılmasını, işıqlanmasını təmin etməlidirlər. Bundan başqa, bu gün sosial şəbəkələrdə xaricdə yaşayan həmyerlilərimizə qisas çağırışları edilir ki, bu, düzgün addım deyil. Bu, hiyləgər ermənilərin tələsinə düşməkdir. Bu, onlar haqlıdır deməkdir. Artıq dünya siyasətində üstünlük əldə etdiyimiz həlledici anda düzgün qərarlar qəbul edib, lazımi davranışlar sərgiləmək vaxtıdır. Səbrlə, təmkinlə addımlar atmalıyıq. Hazırda dünya ağılla siyasi manevrlər tələb edir, güc tətbiqi istəmir. Ermənilərin illərlə dünya üçün istifadə etdikləri cəfakeş, əzabkeş maskası yırtılır. İndi dünya ictimaiyyəti onların əsl simalarını görür və qiymətləndirəcək. Düşmən bizi tələyə çəkir, istədikləri addımı atmağımızı gözləyirlər, ona da hazırdırlar. Düşmənin bizdən gözlədiyini etməməliyik. Soyuq beyinlə, təmkinlə düşünüb, gücümüzü və ağlımızı toplayıb qərar verməliyik. Dünya ictimaiyyətinin mövqeyini özümüzün xeyrinə istifadə etməliyik”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər