• cümə axşamı, 28 mart, 20:19
  • Baku Bakı 13°C

Epizodik rolların kralı - Fotolar

18.05.19 11:00 3960
Epizodik rolların kralı - Fotolar
«Mən ikiüzlü insanları sevmirəm. Əfsuslar olsun ki, yalan çoxalıb, xüsusilə də televiziyada». Bu günlərdə 80 illiyini qeyd edən tanınmış aktyor Leonid Kanevski Rusiya mətbuatına müsahibəsində etiraf edib.1939-cu ilin mayında Kiyevdə, sadə yəhudi ailəsində doğulan L.Kanevskini sənət yoluna təsadüflər gətirməyib. Gələcək aktyorun valideynləri incəsənətlə yaxından maraqlanırdılar. Atası texnoloq idi. Anası konservatoriyanı bitirməsinə baxmayaraq, evdar qadın. O, özünü ailəsinə, ərinə və iki oğluna həsr edərək, işindən vaz keçmişdi.Yəqin ki, hər iki oğlunun sənətə olan marağı analarının genlərindən gəlirdi. Aleksandrda ədəbiyyata, Leoniddə isə teatr və kinoya həvəs oyanmışdı. Oğlan doğma Kiyevdəki bircə film premyerasını da əldən verməzdi, bütün cib xərcliyini film nümayişlərinə sərf edərdi. Qəbul imtahanlarının vaxtı çatanda isə Leonid valideynlərinə Moskva teatr institutlarından birinə daxil olmağı planlaşdırdığını bildirdi. Əvvəlcə valideynləri bu xəbərə şübhə ilə yanaşdılar, ancaq oğullarının ciddi olduğunu bildikdən sonra etiraz etmədilər. Oğlanın qarşısına qoyulan yeganə şərt bu oldu ki, anası onu tək buraxmayacaq.

Sonralar L.Kanevski sovet, Rusiya və İsrailin teatr və kino aktyoru kimi şöhrət qazandı. 1971-ci ildən 1989-cu ilədək teleekranda populyar olan «İstintaq bilicilər tərəfindən aparılır» verilişinin müəlliflərindən biri kimi tanındı. 2002-ci ildə sovet televiziyasında iki filmə çəkildi. 2006-cı ildə isə L.Kanevski «İstintaq bilicilər tərəfindən aparılır» populyar dedektiv-sənədli verilişin əsas simasına çevrildi. O, proqramın bir bölümünün çəkilişi ilə bağlı bir neçə il əvvəl Bakıda da olub. Sonralar isə "Naftalan” reklamının çəkilişləri ilə bağlı Bakıda olan aktyor "Brilyant əl” filminin Bakıdakı çəkilişində iştirak etdiyi günləri yada salıb: "Bakıya "Brilyant əl” filminin çəkilişləri zamanı etdiyim ilk səfərimi xatırladım. Həmin günlərin xoş xatirələri hələ də yadımdadır. Peşəkar çəkiliş qrupu ilə işləyirdik. Bakı yaddaşımda doğma şəhər kimi qalıb”.Hazırda 80 yaşını qeyd edən aktyor daim işə tələsir. Bunu təkcə nizam-intizamı və məsuliyyəti ilə deyil, həm də peşəsinə olan sonsuz sevgisi ilə əlaqələndirir.


Reytinqi manyaklar qazanır

- Leonid Semyonoviç, sizin televiziyada kriminal aləmdə nüfuz üstünlüyü haqqındakı neqativ fikirlərinizi oxumuşam. Amma sizin «İstintaq bilicilər tərəfindən aparılır» tele-layihəniz də kriminal aləmlə bağlıdır.
- Mənim aləmimdə bu, kriminal deyil. Bu layihə Tomin, Syomin ilə birgə düşünülməyib, məhz Kanevski ilə düşünülüb. İlk əvvəl qərara gəldik ki, sovet dövrünün - 1920-ci ildən başlayaraq 1990-cı illərə qədər olan tarixini əhatə edək. Proqram 13 ildir ki, efirdədir. 13-15 yaşlı uşaqlar mənə yaxınlaşıb: «Necə də maraqlıdır!» deyə bildirirlər. Əslində onlar kriminala istənilən telekanalda baxa bilərlər. Amma onlara məhz bu illər haqqında bilmək maraqlıdır: necə yaşayıblar, ünsiyyət qurublar, zarafatlaşıblar. Mən bu haqda məsuliyyət hissi ilə danışıram. Bilirəm ki, həmin vaxtlar yaşamaq həm gözəl, həm də çox mürəkkəb idi. Dramatik, xoşbəxt və eyni zamanda qəmli idi. O cümlədən, insanlar arasındakı münasibət daha şəffaf idi. Əgər insan yolda yıxılardısa o dəqiqə onun köməyinə çatardılar. İndi çox ehtimal ki, yanından keçib gedərlər. Mən bu günü pisləmirəm, sadəcə, insanların bir-birinə münasibəti dəyişib. Lakin o zamanlar mütləq dayanıb soruşardılar.

- Bu tarixlərə nüfuz edərkən siz insanların mahiyyətini başa düşdünüz?
- Mənim fikrimcə, insanlardakı ən iyrənc keyfiyyət acgözlük və tamahkarlıqdır. Bax, cinayətin kökü burdan başlayır. Mən müəlliflərdən tez-tez: «Fövqəladə fırıldaqçılar haradadır? İstedadlı pul kəsənlər haradadır?» deyə soruşuram. Biz bir qayda olaraq zamanın sındırdığı, əzdiyi və cinayətkara çevirdiyi istedadlı insanlar haqqında danışırıq. Əfsuslar olsun ki, prodüserimizin dediyi kimi «Reytinqi manyaklar qazanır».

- Sizin kino rollarınızın siyahısı zəngindir, lakin bunlar əsasən epizodik rollardır.
- Bəli, əsasən də mənfi personajlardır (gülür).

- Sizi «Epizodik rolların kralı» adlandırdıqda incimirsiniz ki?
- Bu, son dərəcə gözəldir! Stanislavski demişkən, "kiçik rollar yoxdur, kiçik aktyorlar var”. Əsas epizodik rolu yaddaqalan etməkdir. Təvazökarlıqdan uzaq da olsa, deyəsən, mən bunu bacarmışam.


Ardımca «Çyort poberi» sözlərini eşitdim

- Teatrda özünüzü tamamilə təsdiqləmisiniz. Bəs sizə kinoda baş rollar verilmədiyinə görə mütəəssir olmurdunuz?
- Yox... Çünki teatrda işləmək xoşbəxtlik idi. Mən dahi rejissor və pedaqoq Efrosla işləyirdim. Peşə məktəbini bitirəndə: "indi üstümə rollar yağacaq”- deyə düşünürdüm! Təhsildən sonra Minskdən kinoda sınaq çəkilişlərinə dəvət teleqramı aldım. «Dan yerinin sökülməsinə 40 dəqiqə qalmış» filmində Belarus kənd istehlak cəmiyyətinin müdiri rolunun sınaq çəkilişlərinə dəvət olunursunuz”- deyə məktubda yazılmışdı. Rejissordan «Qəribədir, mənim simamda Belarus kənd istehlak cəmiyyətinin müdiri rolu inandırıcı olarmı?»- deyə soruşdum. O, bir qədər düşünüb: «Qorxulu heç nə yoxdur. Düşünərik ki, o, müharibədən sonra orada məskən salıb»- deyə cavab verdi. Bu mənim ilk epizodik rollarımdan idi. Onların içərisində – sərxoşlar, qanqsterlər, qaçaqmalçılar və baçqa obrazlar vardı.

- Müsbət rollar heç olmayıb?
- Yalnız bir dəfə. «Oderdə bahar» filmində kəşfiyyatçı-leytenant rolunda çəkilmişəm. Bir yaxşı oynanılmış epizod səni məşhur artist edə bilər. İndi məşhur olmaq asandır: hər hansı teleserialda göründünsə artıq məşhursan. Amma 10-15 və ya 40 ilə davam gətirməyi çox adam bacarmır. Mən qürrələnmirəm, mənim həyatım belə gətirib. «Brilyant əl» filmindən sonra 1969-cu ildə mən yuxudan məşhur oyandım. Kinonun ümumittifaq premyerasından sonra səhəri küçəyə çıxanda ardımca «Çyort poberi» sözlərini eşitdim. Daha sonra yenə buna oxşar mənfi rollar gəlirdi. Mən onları ləzzətlə oynayırdım. Nağılları daha çox sevirdim. Pavel Arsyonovun çəkdiyi «Halvanın dadı» filmində biz Armen Ciqarxanyan və Yevgeni Yevstiqneyevlə epizodik rollarda oynayırdıq. Bu, xoşbəxtlik idi. Mənim tərəf-muqabillərimlə bəxtim həmişə gətirirdi. Bilmirəm, onlara mənimlə oynamaq necə idi (gülür).

- Sonunda sizi mayor Tomin xilas edir. Bəs siz bu rolun əsiri olmadınızmı? Siz bu müsbət milis işçisi rolunu oynadıqdan sonra yəqin ki, yaramaz rollarda çəkilmirdiniz?
- Əksinə, Tominə çox minnətdarlıq hissi ilə yanaşıram. Baxmayaraq ki, o vaxtlar müxtəlif siyahılar mövcud idi. Məsələn, mənfi rollara çəkilməsinə qadağa qoyulmuş aktyorların siyahısı. Onlar generallar və rəhbərlərin rollarında çəkilirdilər: Lanavoy, Ulyanov, Tixonov və başqaları. Bir də «məsləhət görülməmiş»i var idi ki, mən həmin siyahıya düşmüşdüm. Amma bir rolu itirmişdim ki, bu da «Nə yardan doyur, nə əldən qoyur” filmi idi. Hətta, filmdə çəkilmək üçün mənə kostyum da tikilmişdi. Sonradan bildim ki, bədii şurada rejissorlar məni bu rola «məsləhət görməmişdilər». Bədii şurada «Üç muşketyor» filminin rejissoru Georgi Yunqvald Xilkeviçə «Biz sizə Kanevskidən istifadə etməyi məsləhət görmürük»- desələr də, o, «mülahizələrinizə baxmayaraq, o, mənə lazımdır» - deyə cavab vermişdi. Və mən Bonasye roluna çəkildim. Sovet hakimiyyəti dövründə də hər şey rejissordan asılı idi.

- 1991-ci ildə siz teatr yaratmaq üçün İsrailə getdiniz. Orada hansı çətinliklərlə rastlaşdınız?
- Yarım il tamaşaçı ilə dil problemi yaşandı. İlin birinci yarısında biz yalnız rus dilində tamaşalar oynadıq. Sonradan başa düşdük ki, yalnız rusca oynamaq tamaşaçı itkisinə səbəb olur. Sonra biz ivrit dilini öyrənmək məcburiyyətində qaldıq və ilin axırında tamaşanı ivritcə oynadıq. İkinci «İdiot» tamaşasını həm rus, həm də ivritcə oynadıq. Ləhcə olsa da, onu bizə bağışladılar. Ona görə ki, teatrımız son dərəcə gözəl idi. Hazırda məni Rusiyada görənlər «Siz qayıtmısınız?» - deyə soruşduqda – «Mən heç yerə getməmişdim» - cavabını verirəm.

İlk əməkhaqqım 690 rubl idi

- Hazırkı dövrdə sizi nələr qane edir? Nələrdən narazısınız?
- Mən ikiüzlü insanları sevmirəm. Əfsuslar olsun ki, yalan çoxalıb, xüsusilə də mətbuatda və TV-də. Eyni zamanda, hərəkət azadlığı başlayıb, sovet vaxtlarında bu yox idi. Bunu qiymətləndirmək lazımdır. Bu gün cavanlar bunun nə demək olduğunu anlamırlar – xarici ölkələrə getmək olmazdı. İndi qazanmaq azadlığı var, o vaxtlar isə əməkhaqqını gözləməli idin. Mənim ilk əməkhaqqım 1960-cı ildə 690 rubl idi. Bu, çox az idi. Çox şadam ki, qızım bu zəmanədə yaşayır və kostyum üzrə rəssamdır. Mən özüm «Müfəttiş» və «Gecikmiş məhəbbət» tamaşalarında onun müəllifi olduğu iki kostyumda səhnəyə çıxıram.

- 80 yaşınız olmasına baxmayaraq, yaxşı göründüyünüzə, aktiv həyat tərzi keçirdiyinizə görə valideynlərinizə, yoxsa düzgün həyat tərzinə minnətdarsınız?
- Yəqin hamısı bir yerdə - həm genlər, həm öz peşənə, yaxınlarına, tamaşaçılarına yanaşma tərzi. Bunların hamısı birlikdə stimulvericidir. Özünü formada saxlamalısan ki, nə yaxınların, nə tamaşaçıların, nə də özün aynaya yaxınlaşanda deməyəsən ki, «Aman Allahım, bu kimdir?» Bir də sərgüzəştlərə hər zaman hazır olmalısan. Elə zamanlar olub ki, dalbadal dörd il mənim tamaşalarda rolum olmayıb. Baxmayaraq ki, çox çəkilirdim, gəzirdim... Bu zaman ruh düşkünlüyü yarana bilərdi. Və birdən Lyova Durovla «Zarafatçı» meydana çıxırdı. Bax, həmişə hazır olmaq vacibdir. Yaxalamaq və oynamaq. Əgər mən formada olmasaydım, o vaxt hər şey istədiyim kimi alınmazdı.
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova



banner

Oxşar Xəbərlər