• çərşənbə, 08 May, 04:52
  • Baku Bakı 13°C

Əmlak vergisinin tətbiqi sürücülərin ikiqat vergiyə cəlb olunması olacaq

07.08.13 12:15 2204
Əmlak vergisinin tətbiqi sürücülərin ikiqat vergiyə cəlb olunması olacaq
“Azərbaycanda da avtomobil sahiblərindən sözügedən əmlaklarına görə əmlak vergisi alınır. Sadəcə olaraq, bu, yol vergisi adı ilə tutulur”. Bu sözləri bizimlə söhbətində iqtisadçı-ekspert Samir Əliyev bildirdi.
Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev çıxışında bildirib ki, Azərbaycanda istismar olunan avtomobillərə görə əmlak vergisi tətbiq oluna bilər: “Belə ki, Bakıda atmosferə atılan zərərli tullantıların 70 faizi məhz avtomobil nəqliyyatının payına düşür. Hesab edirəm ki, insanlar daha sağlam həyat tərzinə keçməlidir. Biz sağlam ekoloji mühit yaratmaq məqsədilə şəhərin mərkəzindəki ekoloji cəhətdən sərfəli olmayan bir çox obyektlərin şəhərdən çıxarılmasını təklif etmişik. Mərkəzdə ancaq ekoloji cəhətdən daha faydalı obyektlər qalmalıdır”.
100 faiz yığılan 40 milyon manat vergi
İqtisadçı Samir Əliyevsə deyir ki, 2006-cı ilə qədər Azərbaycanda nəqliyyat vasitələrinin əmlak vergisi mövcud olub: “O vaxta qədər bu vergini bələdiyyələr yığırdı. Bu, bələdiyyələr üçün kifayət qədər gəlir mənbəyi idi. 2006-cı ildə bu vergi bələdiyyələrdən alınaraq dövlət büdcəsinə keçirildi. Yəni əmlak vergisi yerli vergi statusundan dövlət vergisi statusuna çevrildi və adı da dəyişdirilərək yol vergisi oldu. Hazırda da hər bir nəqliyyat vasitəsinin motorunun gücünə görə bu vergi hesablanır və avtomobil sahibləri bu pulu dövlət büdcəsinə ödəyirlər. Yol vergisi avtomobillərin ildə bir dəfə keçdiyi texniki baxış zamanı yığıldığından bu vergi yığımı 100 faiz həyata keçirilir”.
S.Əliyevin sözlərinə görə, son illər illik yol vergisi təxminən 40 milyon manat olub: “Bu vəsait Azərbaycandakı 1718 bələdiyyənin illik büdcəsi qədərdir”.
İqtisadçı yol vergisindən əlavə əmlak vergisinin tətbiqinin düzgün olmadığını deyir: “Bu, həm iqtisadi baxımdan, həm də sosial baxımdan ağlasığmaz təklifdir. Çünki yol vergisi nəqliyyat üçün əmlak vergisini əvəzləyən vergidir. Sadəcə, onun adı dəyişib. Əmlak vergisinin də tətbiqi avtomobil sahiblərinin ikiqat vergiyə cəlb olunması kimi qiymətləndirilməlidir”.
Dünya təcrübəsində sözügedən verginin ya nəqliyyat, ya yol, ya da əmlak vergisi kimi tutulduğunu deyən müsahibimiz bildirdi ki, avtomobilə görə digər ölkələrdə cəmi bir vergi tutulur: “Ancaq bahalı avtomobillərə görə ölkəmizdə daha çox vergi tutmaq olar və bunu Vergi Məcəlləsinin “Yol vergisi” fəsli ilə tənzimləmək mümkündür”.
Yol vergisi nə qədərdir?
Vergilər Nazirliyinin mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, sözügedən nazirlikdə avtomobil sahiblərindən əmlak vergisi tutulması məsələsi müzakirə edilmir.
Qeyd edək ki, Vergi Məcəlləsinin “Yol vergisi” fəslində qeyd edilib ki, yol vergisinin ödəyiciləri Azərbaycan ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtomobil nəqliyyatı vasitələrinin sahibləri olan qeyri-rezident müəssisələri və qeyri-rezident fiziki şəxslər, habelə Azərbaycan ərazisində mülkiyyətində və ya istifadəsində minik avtomobilləri, avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri olan şəxslər yol vergisinin ödəyiciləridir. İstifadəsində avtonəqliyyat vasitələri olan şəxslər illik yol vergisini həmin avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə müvafiq dərəcələrlə ödəyirlər. Belə ki, nəqliyyat vasitələrinin mühərrikinin həcmi 2000 kub santimetrədək olduqda yol vergisinin dərəcəsi 20 manatdır. Mühərrikin həcmi 2000 kub santimetrdən 3000 kub santimetrədək olduqda, 20 manat və əlavə mühərrikin həcminin 2000 kub santimetrdən çox olan hissəsinin hər kub santimetrinə görə 0,02 manat ödəməlidirlər. Mühərrikin həcmi 3000-4000 kub santimetr olduqda, 40 manat və əlavə olaraq mühərrikin həcminin 3000 kub santimetrdən çox olan hissəsinin hər kub santimetrinə görə 0,03 manat, mühərrikin həcmi 4000-5000 kub santimetr olduqda, 70 manat və əlavə olaraq mühərrikin həcminin 4000 kub santimetrdən çox olan hissəsinin hər kub santimetrinə görə 0,04 manat verməlidirlər. Mühərrikin həcmi 5000 kub santimetrdən çox olduqda isə avtonəqliyyat sahibləri dövlət büdcəsinə 110 manat və əlavə olaraq mühərrikin həcminin 5000 kub santimetrdən çox olan hissəsinin hər kub santimetrinə görə 0,05 manat keçirməlidirlər. Ancaq verginin məbləği ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə ölkə ərazisində qət edilən yolun hər kilometri üçün artırılır.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər