• çərşənbə axşamı, 19 mart, 13:59
  • Baku Bakı 8°C

Ələt Azad Ticarət Zonasının yaradılması ilə bağlı tədbir keçirilib

23.05.17 16:00 1167
Ələt Azad Ticarət Zonasının yaradılması ilə bağlı tədbir keçirilib
Əlverişli coğrafi mövqeyə malik olan və tarixən ticarət dəhlizlərinin kəsişməsində yerləşən ölkəmizin bu üstünlüyündən səmərəli istifadə olunması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən strateji qararlar qəbul edilib, Azərbaycanın dünyanın aparıcı nəqliyyat və loqistika mərkəzlərindən biri kimi inkişaf etdirilməsi məqsədilə transmilli layihələr icra edilib və ya edilməkdədir.
Bu istiqamətdə mühüm tədbirlərdən biri də Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılmasıdır.
Hazırda iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin "Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” 2016-cı il 17 mart tarixli Sərəncamından irəli gələn məsələlərin icrası istiqamətində tədbirlərin həyata keçirilməsi davam etdirilir. Dövlət başçısının Sərəncamına uyğun olaraq, ötən il İqtisadiyyat Nazirliyi, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Birləşmiş Ərəb Əmirliklərinin "DP World Group”un azad zonalar, logistika və sənaye parkları üzrə operator kimi fəaliyyət göstərən "Economic Zones World FZE” şirkəti arasında konsaltinq müqaviləsi imzalanıb. "Economic Zones World FZE” şirkəti yüksək peşəkarlıq səviyyəsinə və azad zonalarının yaradılması sahəsində böyük təcrübəyə malik olan tanınmış şirkətdir. Həmçinin layihənin icrası üzrə işlərin əlaqələndirilməsi üçün işçi qrup yaradılıb.
Mayın 23-də Bakı Biznes Mərkəzində aidiyyəti dövlət qurumlarının iştirakı ilə Ələt Azad Ticarət Zonasının yaradılması ilə bağlı beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmış hesabatın təqdimatı keçirilib.
Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə özəl bölmənin inkişafına böyük diqqət və qayğısı nəticəsində əlverişli biznes və investisiya mühiti yaradılıb, Azərbaycanın nəqliyyat, tranzit və logistika imkanlarının genişləndirilməsi istiqamətində mühüm qərarlar qəbul edilib, iri infrastruktur layihələri icra edilib və hazırda yeni layihələr həyata keçirilir. Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Limanı Kompleksinin tikintisi, Bakı Gəmiqayırma Zavodunun uğurlu fəaliyyəti, Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması, Şimal-Cənub dəhlizinin inkişafı istiqamətində görülən işlər, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihələri buna əyani misallardır. Ölkəmizinn ərazisindən keçən nəqliyyat dəhlizlərinin təşviqi, bu dəhlizlərə əlavə yüklərin cəlb edilməsi məqsədilə keçən ilin aparel və sentyabr aylarında Vaşinqtonda və Vyanada, bu ilin 28 fevral tarixində isə Pekində "Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi” adlı forumlar təşkil olunub, Azərbaycanın nəqliyyat imkanlarının təşviqi istiqamətində təqdimatlar keçirilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.Ölkədə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri ilə yanaşı, Azərbaycan Respublikasının ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarını cəlb edilməsi istiqamətində mühüm tədbirlər görülür. Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən görülmüş işlər sayəsində yükdaşıyıcıları üçün keçid prosedurları sadələşdirilib, gediş-gəliş xərcləri təqribən 40 faizədək aşağı salınıb ki, bunun nəticəsi olaraq 2017-cı ilin 1-ci rübündə ölkəmizin ərazisindən 7500 TIR keçib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 50% çoxdur. 2016-cı ilin 1-ci rübü ilə müqayisədə bu ilin 1-ci rübündə yükdaşımalar ümumilikdə 26% artıb, qeyri-neft məhsullarında isə 50% artım müşahidə olunub. Bu ilin 1-ci rübündə ölkə ərazisindən 3 milyon ton yük daşınıb. Limanın birinci fazası üzrə işlər tamamlandıqdan sonra yükaşırma qabiliyyəti 15 milyon tona çatdırılacaqdır.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov Limanın ölkə iqtisadiyyatında əhəmiyyəti, tranzit potensialının artırılması imkanları barədə məlumat verib.
Sonra "Economic Zones World FZE” şirkəti tərəfindən hazırlanmış hesabatın təqdimatı keçirilib. Tədbirdə "Azad zonalar haqqında” Qanun layihəsi, beynəlxalq təcrübə üzrə müqayisəli təhlil, Tənzimləmə və Əməliyyat Modeli, Baş Planının təsviri konsepsiyası və s. barədə hesabat təqdim edilib.
Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.
banner

Oxşar Xəbərlər