El sənətinin elə tanıdılması - Fotolar

El sənətinin elə tanıdılması - Fotolar

Mədəniyyət
01 Oktyabr 2019, 10:00 645
Son dönəmlər ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq layihələr Azərbaycanın tanıdılması üçün ən uğurlu addımlardan biridir desək, yanılmarıq. Belə ki, müxtəlif idman yarışları, festivallar vasitəsilə dünyanın bir çox ölkəsindən turistlər gəlir. Bu isə öz növbəsində ölkəmizin beynəlxalq arenada güvənilən ölkə kimi tanınmasına əhəmiyyətli təsir edir. Ölkəmiz növbəti dəfə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin  birgə təşkilatçılığı ilə "El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalına ev sahibliyi edib. Festivalın açılışı 28 sentyabrda olub. Açılış mərasimində hökumət və dövlət nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus təmsilçiləri, habelə tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər. 

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov  açılışı mərasimində çıxış edərək ölkəmizdə bu il 650 illiyi qeyd edilən görkəmli mütəfəkkir İmadəddin Nəsimi yaradıcılığına həsr edilmiş silsilə tədbirlər haqqında məlumat verib. Konqres və festival iştirakçılarına səmərəli fəaliyyət arzu edən Ə.Ələkbərov ölkəmizin tarixinin, mədəniyyətinin beşiyi olan İçərişəhərin, festivalda iştirak edəcək hər bir qonağın yaddaşında xüsusi yer tutacağını qeyd edib.
 
 
 
Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə vurğulayıb ki, belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi olduqca əlamətdardır: "İmadəddin Nəsimin adı ilə bağlı olan bütün tədbirlər burada iştirak edən hər kəsi mənəvi cəhətdən birləşdirir. Biz İçərişəhərin dünənini də, bu gününü də görmüşük. Burada belə bir inkişafı, abadlıq-quruculuq işlərini gördükdə insan iftixar hissi keçirir. Mən öz xalqımın tarixi və mədəniyyəti ilə qurur duyuram. Ölkəmiz müstəqillik əldə etdikdən sonra İslama və İslam tarixinə böyük diqqət yetirilib, qayğı göstərilib. Bu gün bu işlərin davam etdirilməsi də göz qabağındadır. Bununla yanaşı, Heydər Əliyev Fondu və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva da çox böyük işlər görür. Mən fürsətdən istifadə edib Prezident İlham Əliyevə və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya bu işlərdə göstərdikləri böyük dəstəyə görə təşəkkür edirəm”.

Ölkəmizdə mütəmadi olaraq beynəlxalq tədbirlərin təşkil olunmasına diqqət çəkən Mədəniyyət naziri Əbülfəs Qarayev vurğulayıb ki, bu tədbirlər yüksək səviyyədə təşkilatçılığı ilə yadda qalır: "50 il bundan öncə ulu öndər Heydər Əliyev ilk dəfə olaraq Nəsiminin yubileyinin UNESKO səviyyəsində keçirilməsinə qərar verib. Nə gözəldir ki, Ulu Öndərin nəvəsi 50 ildən sonra Nəsimin adını ucaldaraq, onun adını daşıyan festivala təşkilatçılıq edir. Bizim xalq öz mədəniyyəti, ədəbiyyatı və tarixinə hər zaman həssaslıqla yanaşır. Hər zaman da belə olacaq, çünki biz heç vaxt özümüzü bunlarsız təsəvvür edə bilmərik”.
 
 

"El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı və "İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri” I Bakı Beynəlxalq Konqresinin əhəmiyyətindən danışan nazir bildirib ki, bu festival da müasir dövrdə inkişaf edən İslam mədəniyyətinin gələcək inteqrasiyası üçün təsirli bir təkan olacaq. 

Qeyd edək ki, festivalda Oman, İordaniya, İndoneziya, Qazaxıstan, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistan, İran, Mərakeş və s. İslam ölkələri iştirak edirdi. Biz də bir-bir stendlərə yaxınlaşıb qonaq ölkələrin el sənəti ilə tanış oluruq.
 
 

İlk olaraq Özbəkistan təmsilçisi ilə həmsöhbət oluruq. Nargisa Şarxacayeva festivala toxuma işləri ilə qatılıb: "Hər kəs yaxınlaşıb əl işlərimə baxır. Çoxları inanmır ki, bunlar əldə toxunmadır. Ən çox "suzani” toxuyuram. Bizdə "suzani” divardan asılır, yataq və ya süfrə örtüsü kimi istifadə edilir. Bir suzaninin toxunması təxminən 1 ilə başa gəlir, qiyməti isə 2 min dollar civarında olur. Çünki təmiz ipəkdəndir. Ümumilikdə isə qiymət istifadə edilən materialdan və rənglərdən asılı olaraq dəyişir”. 

Nargisa deyir ki, öz ölkələrində bu tip əl işlərinə maraq böyükdür. Amma bundan başqa, əsas alıcıları Türkiyə və Almaniyadandır.
 
 

Mərakeş stendində olan Amal xanım isə artıq 3 gündür ölkəmizdə olduğunu və bəzi tarixi yerləri gəzdiyini qeyd edir: "Mən festivala əllə toxuduğum xalçalarla qatılmışam. Bu xalçalar bizim milli ənənəni əks etdirir. Sizin şəhəriniz də gözəldir. İnsanlarınız mehribandır. Artıq 3 gündür ki, Bakıdayam və bəzi yerlərdə olmuşam. Deyə bilərəm ki, Bakı müasirliklə, tarixiliyi özündə əks etdirən böyük şəhərdir. Yeməklərinizdən isə ən çox kababı bəyəndim. Çox dadlıdır”.

Növbəti həmsöhbətim isə Sudandan olan qonağımız Əhməd Həsənidir. O, dəridən çantalar hazırlayır: "Azərbaycanda belə bir festivalın keçiriləcəyini biləndə çox sevindim. Dəvət gəldikdə isə böyük məmnuniyyətlə qatıldım. Mən uzun illərdir ki, bu işlə məşğulum. Atam da dəridən çantalar hazırlayırdı. Çantaların hazırlanması, ölçüsündən asılı olaraq dəyişir. Qiymətlər isə 100 dollardan başlayır”.
 
 

Ajar Bayqieva isə Türkmənistandan qatılıb. O bildirir ki, turistlərin əl işlərinə marağı çoxdur: "Mən özüm Türkmənistanda Xalça Muzeyində xalçaçılıq şöbəsinin rəhbəriyəm. Burada gördüklərinizin hamısı əl işidir. Maraqlıdır ki, turistlər gəlirlər, toxunurlar və bunların əl işi olduğuna inanmırlar. Onlara deyəndə ki, bunlar hamısı əl işi, göz nurudur çox təəccüblənirlər”.

Ajar xanım daha sonra özünün toxuduğu çantanı göstərib 50 manat, xanımların çiyinlərinə atmaq üçün istifadə etdiyi şalın isə 100 manat olduğunu deyir.

Qeyd edək ki, festivalda Azərbaycan da öz el sənəti ilə təmsil olunurdu. Burada müxtəlif növ əl işləri sərgilənirdi. Keramika və şüşədən əl işləri hazırlayan Məryəm xanımla həmsöhbət oluruq. Məryəm xanımın sözlərinə görə, turistlər əl işlərinə böyük maraqla yanaşırlar. Hətta satış belə edib: "Mən artıq 4 ildir ki, bu işlə məşğul oluram. Keramika və şüşə üzərində müxtəlif naxışlar işləyirəm. Qiymət boyadan və naxışdan asılı olaraq dəyişir. Ən bahalı armudu stəkan 30 manatdır”. 
 
 

Azərbaycan stendlərindən danışmışkən, bildirim ki, bir stend daha çox marağımızı cəlb etdi. Stendin önündə olan turistlərin çoxluğundan hansı stend olduğu anlaşılmırdı. Yaxınlaşanda aydın oldu ki, bu, bal stendidir. Əksəriyyəti xanım olan turistlər qablaşdırmada olan balların dadına baxıb öz aralarında nə isə müzakirə edirdilər. Amma jestlərindən hiss olunurdu ki, balımızı çox bəyəniblər. Tam səmimi olaraq qeyd edim ki, bayaqdan yaxınlaşdığımız digər stendlərdə alıcılıq qabiliyyəti elə də çox olmasa da, bu stenddə balı iki-iki alırdılar. Turist xanımlardan birinə yaxınlaşıb həmsöhbət oluruq. Sanna Pakistandan olan qonağımızdır. Deyir ki, Azərbaycan balının dadını çox bəyənir və hər dəfə Bakıya gələndə alır: "Bizim balımızla sizinki arasında böyük fərq. Buradakı balın şirinliyi və qatılığı daha çoxdur. Bir çox ölkədə balın dadına baxmışıq, amma Azərbaycan balı qədər dadlı deyil”. 

Turistləri yola saldıqdan sonra "Ballı” bal brendinin satış təmsilçisi Zahidə Allahverdizadə ilə həmsöhbət oluruq. Zahidə xanım deyir ki, turistlərimizin bala marağı böyükdür: "Əslində, həmişə bu qədər turist olur, amma bu gün festivala görə daha çox gələn var. Xüsusilə də ərəb turistlər bizim balımızı daha çox bəyənirlər. Buna səbəb isə bizdə balın müxtəlif çiçəklərdən alınmasıdır. Onlarda daha çox sidr ağacı olduğundan, çeşidləri çox olmur”. 
 
 

Daha sonra İndoneziyanın stendinə yaxınlaşırıq. Bu stendin təmsilçisi isə Pujo Nugrohodur. Pujo ingilis dilini zəif bildiyindən, insanlarla çox ünsiyyətdə ola bilmir. Əslində bizimlə də danışmağa çəkinirdi, amma yola gətirib bir iki kəlmə ala bildik. Söhbət zamanı aydın olar ki, hazırda İndoneziyada 30-34 dərəcə isti var. Ölkəmizdə isə 17-18 dərəcədir və Pujo onun üçün çox soyuq olduğunu bildirir. Qeyd edək ki, Pujo qamışdan müxtəlif ev əşyaları düzəldir. 

İndoneziyanın stendindən ayrılıb Tacikistanın stendinə baş çəkirik. Gülruxsar Umarova isə müxtəlif geyimlər üzərinə dekorativ naxışlar vurmaqla məşğul olur: "Hazırda Tacikistanda universitetdə kafedra müdiri kimi fəaliyyət göstərirəm. Festivala qatılmaq təklifi gələndə çox sevindim. İlk dəfədir ki, Bakıya gəlirəm və çox bəyəndim. Şəhərinizin havası çox təmizdir, insanlarınız isə mehriban və gülərüzdürlər. Mənim işim əsasən kostyumlar üzərinə müxtəlif naxışların vurulmasıdır. 20 ilə yaxındır ki, bu işlə məşğulam. İşimi çox sevirəm. Məncə, belə bir festivalın təşkil edilməsi çox yaxşıdır. Həm əl işlərimizi sərgiləyirik, həm də fərqli ölkələrdən olan əl işləri və insanlarla tanış oluruq”.
 
Günel Azadə