AZE | RUS | ENG |


Ədəbi dili qorumaq üçün cəriməyə ehtiyac varmı?

Ədəbi dili qorumaq üçün cəriməyə ehtiyac varmı?
Sosial şəbəkə istifadəçiləri və media işçilərinin etirazlarına dilşünas alimlərin fikirləri də qarışıb

Azərbaycanda ədəbi dilin normalarını pozanlara qarşı pul cəriməsinin tətbiq oluna biləcəyi ilə bağlı xəbər sosial şəbəkələrin qızğın müzakirə mövzusuna çevrilib. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylunun mətbuata səsləndirdiyi bu fikirlərə reaksiya birmənalı deyil. Dilçi alim bir sıra ölkələrdə dövlət dilinin normalarını pozanlara qarşı inzibati qaydada cəza tədbirlərinin – pul ödəmə cəzasının tətbiq olunduğunu önə çəkərək ölkəmizdə də eyni qaydaları tətbiq etməyin mümkünlüyünü bildirib: "Yol hərəkəti qaydalarını pozanlara qarşı cəza tədbirləri görülür və bu tədbirlər effektiv nəticəsini verir. Ədəbi dilin normalarını pozanlara qarşı inzibati cəzanın tətbiqi ilə bağlı irəli sürdüyümüz təklif AMEA-nın rəhbərliyi tərəfindən bəyənilib. Amma bunun mexanizmini hazırlamaq lazımdır. Belə bir qanunun tətbiq olunması ilə bağlı müvafiq orqanlar qarşısında vəsatət qaldırıla bilər”. M.Nağısoylunun fikrincə, bu tədbirləri həyata kerçirməklə  ədəbi dilin normalarının pozulması hallarının qarşısı alına bilər: "Ədəbi dilin normalarını gözləmək hamımızın vəzifəsidir. Bu, yalnız Dilçilik İnstitutunun işi deyil”.

Ədəbi dilin normalarının qorunması ilə bağlı institut direktorunun səsləndirdiyi fikirlərə qarşılıq olaraq daha çox "cərimə çıxış yolu deyil” fikirləri səslənir. Belə ki, dil normalarını qorumağa hamı məsuliyyət daşısa da, elə cəmiyyətin əksər nümayəndələri tərəfindən həmin normalar pozulur. Bu baxımdan ayrı-ayrı fərdlərin dil normalarını pozmasını hansı vasitələrlə üzə çıxarmaq olacaq? Ümumiyyətlə, bütövlükdə ədəbi dili inzibati qaydalarla qorumaq olacaqmı? 
 
Cərimələrin tətbiqi mümkün deyil

Sosial şəbəkə istifadəçiləri və virtual məkanda fikir formalaşdırmaqda təsirli güc olan media işçilərinin bu mövzuda etirazlarına dilşünas alimlərin fikirləri də qarışıb.

Professor Nadir Abdullayev hesab edir ki, dil normalarının pozulması ilə bağlı inzibati cəza tətbiq olunması o qədər də asan məsələ deyil. O mənada ki, ədəbi dil normaları həmişə pozulur: «Azərbaycan dilinin qaydalarına riayət etməyi təmin etmək istəyirlərsə, ayrı yol tapmaq olar. İlk növbədə təbliğat olmalı, hər kəs Azərbaycan dilində danışmalıdır. Monitorinqlər dil qaydalarının pozulması ilə bağlı meydana çıxan qüsurları cəmiyyətə təqdim etməlidir”. Dilçi alimin fikrincə, dilin qorunmasında telekanalların üzərinə böyük vəzifə düşür: "Televiziya aparıcıları öz danışıqları ilə başqalarına dil, ədəbi tələffüz, üslub normalarına necə riayət etmək lazım olduğunu nümayiş etdirməlidirlər. Cümlələr səhv deyilir, vurğu, şivə ilə bağlı çoxlu qüsurlar var. Ehtiyac olmadan türk sözlərindən istifadə olunur”. Alimin fikrincə, dilin pozulması ilə bağlı nöqsanları aradan qaldırmaq üçün cərimələrin tətbiqi mümkün deyil. Belə ki, bu, narazılığa gətirib çıxara bilər: "Bunun üçün öncədən mexanizm hazırlanmalı və təbliğati işlər aparılmalıdır. Bunu dərk edəndən sonra problem tədricən düzələ bilər”. N.Abdullayev Azərbaycan dilində düzgün danışmaq üçün orfoepiya lüğətinin olmamasını da dil normalarının pozulmasında əsas amillərdən sayır: ”İnsanlar alınma sözlərin deyilişində çətinlik çəkirlər. Yaxşı olar ki, Dilçilik İnstitutu görkəmli dil mütəxəssislərinin iştirakı ilə tez-tez telekanallarda "dəyirmi masa”lar təşkil etsin. İnsanlar da efir vasitəsilə ədəbi dilin normalarını pozmamağın zəruriliyini görsünlər”.  

Layihə hazırlanmalıdır

Azərbaycan dilinin qorunmasını günün ən vacib mövzusu hesab edən filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun fikrincə, ayrı-ayrı fərdlərin dilin qayda-qanunlarına riayət etməsini nəzarət altına götürmək mümkün deyil. Belə ki, dünyada təcrübələr var. Məsələn, Pribaltika ölkələrində dil müfəttişləri fəaliyyət göstərir. Onlar küçə və meydanlardakı reklamlara nəzarət edir, ayrı-ayrı telekanalların və radio verilişlərinin dil qaydalarının qorunub-qorunmamasına, çap olunan əsərlərin dilinə diqqət yetirir, dilin daha geniş tətbiq olunduğu sahələrə nəzarət edirlər: "Məsələn, «Kaspi» qəzetinin bir aylıq yazılarını və ya Azərbaycan Televiziyasında istənilən bir proqramı bir həftəlik, ya aylıq təftiş edərək ədəbi dil normalarına nə qədər əməl olunduğunu aydınlaşdırırlar. Beləliklə, cəmiyyət dilin geniş auditoriyadakı tətbiqi sahəsində ciddi nəzarət olduğunu görür. Onda cəmiyyətin hər bir fərdi öz üzərində nəzarətə hazır olacaq”. Dilçi alim hesab edir ki, küçələrdəki reklamların, ayrı-ayrı əsərlərin dilinə nəzarət mexanizmini yaratmaq nə qədər mümkün olsa da, ayrı-ayrı fərdlərin dilinə nəzarət bir o qədər çətindir: "Bunun bir ştat cədvəli varmı? Dil müfəttişləri millətin sayı qədər deyil ki, bu nəzarəti yaratmaq mümkün olsun. Düzdür, dil müfəttişi olmalıdır, ancaq onlar ayrı-ayrı fərdlərin danışığına nəzarət edə bilməzlər. Hesab edirəm ki, dilə nəzarət mexanizminin layihəsi hazırlanmalıdır. Sənəddə dilə nəzarət edən qurumun əsasən nəyə və necə nəzarət etməsi əks olunmalıdır. Həmçinin o qurumun tərkibində kimlərin təmsil olunması əhəmiyyətlidir”.
 
B.Xəlilov hesab edir ki, dilə  nəzarət qurumuna yerli icra hakimiyyətlərinin müvafiq şöbələrində çalışan, humanitar sahə ilə məşğul olan, yerli icra strukturlarındakı müəyyən ziyalı insanlar, Dilçilik İnstitutunun müvafiq peşəkarları cəlb olunmalı, vəziyyəti Dil Komissiyasının xüsusi proqramı əsasında nəzarətə götürməlidirlər: "Dil normalarının pozulmasına görə cərimələrin tətbiqi ilə bağlı səslənən fikir isə bəri başdan işin yarıtmaz olmasını göstərir. O mənada ki, bütün cəmiyyətin danışığına nəzarət etmək mümkün deyil. Dil qaydalarını pozanların cərimələnəcəyi ilə bağlı səslənən fikrin heç bir elmi, nəzəri əsası, praktik əhəmiyyəti və effekti yoxdur. Ona görə də küçə-bazarlardakı reklamlara, radio və televiziyalardakı aparıcıların dilinə nəzarət olmalıdır. Bundan sonra cəmiyyətin içinə, ayrı-ayrı fərdlərə nəzarət etmək lazımdır. Əgər fərdlər görsə ki, ayrı-ayrı küçə-bazarların adları, reklamların yazılışı, ifadəsi yerindədir, onda cəmiyyətin hər bir üzvü özünü artıq sosial məsuliyyətə cəlb edəcək və dil normalarına riayət etməyə çalışacaq”. Dilçi alimin fikrincə, əks təqdirdə cəmiyyətdəki insanların danışığına nəzarət etmək sosial gərginlik yarada bilər və ümumiyyətlə, bunun mexanizmi mümkün deyil: "Ona görə bu fikir dilin qorunması yolunda maraqlı təklif olsa da, həyata keçirilməsi üçün proqramın hazırlanmasına ehtiyac var. Yalnız o proqramdan sonra bu məsələləri həll etmək mümkündür”.  
 
Mərhələli cərimə prosesi

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva dil normalarını pozanlarla bağlı cərimələrin tətbiq olunmasına dair səslənən fikrin tərəfdarıdır. Belə ki, şöbə müdiri bu təklifə ədəbi dil normalarının pozulması ilə mübarizədə çıxış yolu kimi baxır. Yəni insanlar inzibati cəzalanmanı eşidib dillə bağlı qaydalara riayət edərlər. Bildirir ki, digər qaydaların pozuntusunda cərimələr tətbiq olunursa, dilin qorunmasında da mütləq tətbiq oluna bilər: «Burada məqsəd cərimələr hesabına hansısa qurumun maliyyə vəsaitinin artması deyil. Məqsəd yalnız dilə xidmət etməkdir. Dilimizin qorunması üçün biz illər boyu çalışmışıq. Telekanallarda, mətbuatda dilin qorunması ilə bağlı proqramlar, materiallar, müsahibələr yer alıb. Amma həm müşahidələrimizdən, həm də institutun "qaynar xətt”inə daxil olan telefon zənglərindən vətəndaşlar arasında dil pozuntularının kifayət qədər olduğunun şahidi oluruq”.
 
S.Əliyevanın sözlərinə görə, dillə bağlı bütün suallar, tövsiyələr və iradlar icraçı qurum olaraq Dilçilik İnstitutuna yönəldiyi üçün qurumda cərimələrin bu istiqamətdə effekt verəcəyini düşünürlər: "Biz də qurum olaraq düşünürük ki, bəlkə bu cərimələr tətbiq olunsa, insanlar hansısa cərimənin verilməməsi üçün dili qorumaq məcburiyyətində qalarlar. Necə ki, biz yol hərəkəti qaydalarına riayət edirik, eləcə də dil məsələlərində diqqətli olarıq. Yəni nəyisə danışanda və ya yazanda bu işin nəzarətdə olduğunu düşünərik. Əgər bu qayda illər öncə tətbiq olunsaydı, biz bu gün onun müsbət nəticəsini daha çox hiss etmiş olardıq. Amma bu, yenə də vaxtında səslənən təklifdir». S.Əliyeva dil qaydalarının ən çox telekanallarda pozulduğunu qeyd edir: «Biz bu işə ilk növbədə televiziya məkanından başlamalıyıq. Çünki televiziya ən güclü təbliğat vasitəsidir. Telekanalların aparıcılarının dilində kifayət qədər qüsurlar var. Həmin nöqsanların aradan qaldırılması üçün bu qaydaların tətbiq olunması bir zəmin olar. Monitorinq şöbəsinin əsas məsələlərindən biri olan reklamlardan da başlamalıyıq. Hansı məkanda dil qaydalarının pozulması daha çox hiss olunur, məhz həmin məkandan başlamaq lazımdır».
 
Dil qaydalarını pozanların necə müəyyənləşəcəyinə gəlincə, S.Əliyeva bildirir ki, hər kəs vətəndaş olaraq ədəbi dil normalarına riayət etməli – Azərbaycan dilində normal danışmağı, yazmağı bacarmalıdır: "Orta məktəbdən başlayaraq bizim müəyyən bir bazamız varsa, biz onu çox asanlıqla müəyyənləşdirəcəyik ki, söz necə yazılmalı və ya deyilməlidir. Əgər aparıcı «Moskva» deyirsə, yəni sözü yazıldığı kimi söyləyirsə, mən bu sözdə dilin tələffüz qaydalarının pozulduğunu bilirəm. Əgər mən bir elanda səhv görürəmsə, yaxınlaşıb "filan söz belə yazılmalıdır”- deyə öz tövsiyəmi verirəm. Növbəti dəfə görəndə yenə yaxınlaşıb öz tövsiyəmi deyirəm. Üçüncü dəfə yaxınlaşanda isə artıq onun cərimə məsələsi gündəmə gələcək və həmin səhv mütləq düzələcək. Ona görə də səslənən fikirdə cərimə məsələsi mərhələli şəkildə nəzərdə tutulur». 

Ekspertlər Ana dilinə sevginin olmasını isə ən vacib amil sayırlar. Bu hiss uşaqlıqdan ailədə, məktəbdə və nəhayət, cəmiyyətdə formalaşır. Dilə sevgi hissi təmin olunsa, təbii ki, nə cəriməyə yer qalar, nə də hələ tətbiq olunmayan inzibati qaydalarla bağlı etirazlara...  
 
Təranə Məhərrəmova
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7043
GBP 1 İngilis funt sterlinqi 2.1569
TRY 1 Türk lirəsi 0.4820
KWD 1 Küveyt dinarı 5.6058
SEK 1 İsveç kronu 0.1946
EUR 1 Avro 1.9015
CHF 1 İsveçrə frankı 1.7507
USD 1 ABŞ dolları 1.7022