• şənbə, 27 Aprel, 07:25
  • Baku Bakı 12°C

Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Azərbaycanın şərtlərini qəbul etdi

10.11.20 12:15 411
Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Azərbaycanın şərtlərini qəbul etdi
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sözdə yox, əməldə, mifik yox, real və məğlubedilməz Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı.
44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini düşmən əsarətindən azad etdi. Bütövlükdə, qəhrəman əsgər və zabitlərimiz 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəklikləri düşmən tapdağından təmizlədi.
Noyabrın 8-də Azərbaycan xalqı heç zaman yaşamadığı sevinci və fəxarət hissini yaşadı, 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Nəinki hərbi ekspertlərin, elə ermənilərin özlərinin də dediyi kimi, "kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir”. Ermənistanın öz acı məğlubiyyəti öz dillərindən hələ çoxdan eşidilirmiş. Bəli, Şuşaya nəzarət edən Azərbaycan Ordusu tarix yazdı. Arzumuz reallıq oldu. Şuşa öz sahibinin oldu. Lakin bu bəs deyildi. Biz hər bir qarış torpağımızı, hər bir daşımızı, ağacımızı, yurdumuzu-yuvamızı sonuna qədər istəyirdik. Şuşa azad edildikdən dərhal sonra noyabrın 9-u bayraq günündə Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yeksəkliyin işğaldan azad edildiyi barədə ölkə ictimaiyyətini yenidən sevindirdi. Beləliklə də, Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları puç oldu, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası bütün anlamını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Buna Ali Baş Komandan İlham Əliyev nail oldu. Dünya hərb tarixində də bu təcrübə mövcuddur. Bu cür itkilərə məruz qalmış tərəf məğlub hesab olunur, təslim olur və hərbi əməliyyatlar dayandırılır. Bu dəfə kapitulyasiya-döyüşən tərəflərdən birinin, yəni Ermənistanın öz müqavimətini dayandırararaq, rəqibin, yəni Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməsidir. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır.
Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. Prezident İlham Əliyev dəfələrlə, o cümlədən BBC-yə son müsahibəsində də bəyan etmişdi ki, Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü halda, hərbi əməliyyatlar dayandırılacaqdır. Haqqında bəhs olunan birgə bəyanatda Ermənistan öz üzərinə öhdəlik götürür ki, qarşıdan gələn 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq. Beləliklə də baza prinsiplərinin hər iki mərhələsi yerinə yetirilir. Azərbaycan diqtə edən, Ermənistan isə icra edən tərəf olur. Bu, qalibin məğlub üzərindəki qələbəsidir. Bu, haqqın qələbəsidir. Bu, Azərbaycan xalqının qələbəsidir.
Qarşıdan gələn qış müvsümündə qan tökülmədən, itki verilmədən ərazi baxımdan böyük rayonlarımız da işğaldan azad olunur. Rusiya və Türkiyə sülhməramlılarının əraziyə gəlməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə sinxron qaydada aparılır. Аrtıq qoşunların təmas xətti anlayışı yoxdur. Təmas xəttini, status-kvonu yaran da biz olduq. Atəşkəs isə hal-hazırda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin yerləşmə məntəqələri ilə müəyyən olunur. Rusiya və Türkiyə silahları qüvvələri sülhməramlı statusda məhdud kontingentlə əraziyə yerləşdirilir. Ölkə başçımız hər zaman münaqişənin həlli prosesində Türkiyənin də iştirak etməli olduğunu bəyan edirdi. Eyni zamanda, Türkiyə atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq birgə monitorinq missiyasında da fəal yer alacaqdır. Türkiyə hərbçilərinin prosesdə iştirakı isə ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının
qarşısı alınacaqdır.
Burada təsdiq olunan daha bir məsələ var ki, Azərbaycan heç zaman mülki insanlarla müharibə aparmır. Biz Ermənistandan fərqli olaraq etnik təmizləmə həyata keçirmək niyyətində deyilik. Hərbi baxımdan isə Xankəndi və ətraf məntəqələrin götürülməsi Azərbaycan Silahlı Qüvvələri üçün çətin iş deyildi. Erməni yalan təbliğat maşını isə o məqamı gözləyirdi ki, Azərbaycanı etnik təmizləmə törətməkdə günahlandırsın. Azərbaycan sülhsevər, multietnik və multikultural dövlət olaraq Dağlıq Qarabağda da sülh şəraitində birgəyaşayışın mümkünlüyünü hər zaman dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Ölkə başçımız öz çıxışlarına, müxtəlif nüfuzlu kütləvi informasiya vasitələri ilə dəfələrlə bəyan etmişdi ki, dünyanın müxtəlif ölkələrində azərbaycanlılar və ermənilər bir yerdə yaşayır və hər hansı xoşagəlməz hallar baş vermir. Bu səbəbdən də Azərbaycan Dağlıq Qarabağda hər iki icmasının birgə yaşayışını hər zaman dəstəkləmişdi.
Bu proses çərçivəsində isə xüsusi vurğulanmalı daha bir məsələ var, o da Naxçıvanın nəhayət ki, blokadadan azad olunmasıdır. Rusiya tərəfi Ermənistan ərazisi ilə Naxçıvan ilə dəhlizin yaradılmasını öz üzərinə götürür. Özü haqqında məğlubedilməzlik sindromu, məğlubedilməz ordu mifi yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində Azərbaycanın rəşadətli və mərd oğulları tərəfindən darmadağın edildi. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq.
Azərbaycan hərb tarixinə yeni bir strategiya tətbiq etdi. Ən müasir silahlardan istifadə etməklə, minimal itkilər verərək qısa zaman kəsiyində düşmənin bütün hərbi texnikasını yerlə bir etdi. Azərbaycanın müzəffər Ordusunun yüksək peşəkarlıqla, əzmlə, qətiyyətlə apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında əsaslı dəyişikliklərə səbəb olacaq. Ən əsası isə yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşanın azad edilməsi əməliyyatı Azərbaycanın hərb tarixinin ən parlaq, ən möhtəşəm səhifəsidir.
Bu parlaq səhifələri Azərbaycan tarixinə yazmaq isə heç də asan olmadı. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq məqsədilə Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi. Bütün bunlara baxmayaraq Cənab Prezident İlham Əliyev yüksək diplomatik peşəkarlıq, əzmkarlıq, qəti siyasi iradə nümayiş etdirərək, bütün təzyiqlərə mərd və mərdanə şəkildə sinə gərərək onların hamısını dəf etdi, öz prinsipial mövqeyindən bir an belə dönmədi. Azərbaycan xalqı isə onun bu qətiyyətini sonuna qədər dəstəklədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Bu müsahibələrdə Azərbaycana yönələn hər bir daşı hədəfinə çatmadan geri göndərdi. Bu da təsadüf deyil. "Ot kökü üstə bitər” deyib atalar. O, uzaqgörən siyasətçi, ömrünü xalqına həsr etmiş xalqımızın Ümummilli lideri Heydər Əliyevin qanından, canından parçadır. O Heydər Əliyev siyasətini layiqli davamçısıdır. Atasına, xalqına layiqli oğuldur. O bütün Azərbaycanın oğludur, igididir, ərənidir. O bizim Prezident, bizim xalqımızın, dövlətimizin başçısıdır. Məhz İlham Əliyev Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planlarını yerlə bir etdi. Uzaqgörən siyasət yürüdərək bütün regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yaratdı. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoydu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi.
Bu qələbə qələbələrin ən gözəlidir, ən şanlısıdır. Bu qələbə bizim birliyimizin qələbəsidir. Bu qələbə bizim məbədimizdir, səcdəmizdir. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındıran, xalqın inamını özünə qaytaran qələbədir. İndi bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq, bu məğrur xalq gec-tez öz məqsədinə çatacaq. Bunun isə tək və yalnız bir səbəbi var. O da İlham Heydər oğlu Əliyevdir. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.
Şəbnəm Həsənova
Politoloq

banner

Oxşar Xəbərlər