Dövlət səhiyyəsi ödənişli olacaqmı?
"Azərbaycanda dövlət və bələdiyyə
adından yaradılan tibb müəssisələri publik hüquqi şəxs statusunda fəaliyyət
göstərəcək”.Nazirlər Kabinetinin "Dövlət orqanlarının və səhmləri dövlətə
məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi
Nizamnaməsi”nə etdiyi dəyişiklikdə əksini tapan müddəa həmin müəssisələrin
publik hüquqi şəxs statusunu əldə etməsini təmin edəcək. Belə ki, müəssisə dövlət
qeydiyyatına alındığı andan mülki hüquqlara malik olmaqla mülki vəzifələr
daşıyacaq və onun hüquq qabiliyyətinə isə onun ləğvinin başa çatdığı an xitam
veriləcək. Müəssisə publik hüquqi şəxs olaraq müstəqil balansa, dövlət və ya bələdiyyə
əmlakına, xəzinə və bank hesablarına, üzərində öz adı həkk edilmiş möhürə,
müvafiq ştamplara və blanklara malik olacaq. Qeyd edək ki, indiyə qədər dövlət
adından yaradılan tibb müəssisələri qeyri-kommersiya hüquqi şəxs kimi fəaliyyət
göstərib.
Dövlət xəstəxanalarına veriləcək yeni status
bundan sonra səhiyyə sahəsində hansı dəyişikliklərin baş verə biləcəyi sualını
ortaya çıxarıb. Yəni tibbi sığortanın yalnız adını eşidən xəstələr onsuz da hər
hansı tibbi xidmətdən ötrü təkcə özəl deyil, həmçinin dövlət səhiyyə müəssisələrinə
pul ödəyirlər. Xəstəxanalara veriləcək yeni status bu istiqamətdə nəyi dəyişəcək?
Yeni status icbari tibbi sığorta sistemini işlək vəziyyətə gətirəcəkmi?
Məsələyə münasibətdə birbaşa "ölkədə pulsuz səhiyyə ləğv olundu” deyənlərlə
yanaşı, "icbarı tibbi sığorta işlək olacaq” deyə ümid edənlərin müzakirəsi
yaranıb. Səhiyyə Nazirliyinin mətbuat xidməti mətbuata
açıqlamalarında dövlət xəstəxanalarının ödənişli olacağı ilə bağlı məlumatları
yanlış adlandırsa da, dəyişikliyin ekspertlər arasında yaratdığı rezonans demək
olar ki, fərqlidir.
Millət
vəkili Musa Quliyev mətbuata açıqlamasında bu qərarın dövlət xəstəxanalarının
hamısına aid olmayacağını bildirib: "Bəzi klinikalarda xidmət ödənişli ola bilər.
Bu qərar əsasən universitet klinikaları, müəyyən nazirliklərin
nəzdində olan klinikalara aid ola bilər. Çünki həmin klinikaların statusu müəyyən
deyil. Onları dövlət yaradıb, özəl də hesab oluna bilməzlər. Həmin müəssisələr
publik hüquqi şəxs yaratmaqla səhmin bir hissəsi dövlətdə, digəri vətəndaş və
ya hüquqi şəxsdə olmaqla fəaliyyət göstərə bilərlər. Onların göstərdiyi xidmətlərin
bir hissəsi ödənişli və ya ödənişsiz ola bilər. Amma dövlətin poliklinikaları,
təcili yardım, Səhiyyə Nazirliyinin tabeliyindəki klinikalarda pulsuz xidmət
olduğu kimi qalacaq. Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş qaydalar
maliyyələşmə şərtlərini dəyişmir. Sadəcə, bəzi klinikaların hüquqi statusunu dəyişmək
üçün əsas verir”. Qeyd edilən səhiyyə müəssisələrinin
pullu olmasını normal hesab edən M.Quliyev qeyd edib ki, müalicənin
aparılmasının ödənişsiz və ya ödənişli olması şərtləri dəyişməyəcək: "Onlar
hüquqi şəxs yaradıb xidməti pullu edə bilərlər. Lakin Səhiyyə Nazirliyinin
tabeliyində olan klinika və xəstəxanalarda müalicələr hansı qaydada
aparılırdısa, bundan sonra da o formada həyata keçiriləcək. Bu vaxta qədər
onsuz da həmin müəssisələrdə xidmət pullu idi, lakin onun normativ əsası yox
idi. Onlar publik şəxs yaratmaqla bunun normativ əsaslarını təmin edəcəklər.
İcbari sığorta işə düşəndən sonra sığorta müqaviləsi əsasında həmin xidməti
göstərə biləcəklər”. M.Quliyev onu da vurğulayıb ki, edilən dəyişikliyi vətəndaş
hiss etməyəcək: "Bu qərarla yalnız hüquqi statusdan söhbət gedə bilir”.
Bizdə səhiyyə xidmətinin
faktiki olaraq iki istiqamətdə – dövlət və özəl xidmət kimi fəaliyyət göstərdiyini
qeyd edən ekspert İlqar Hüseynovqeyd edir ki, özəl xidmət göstərən səhiyyə müəssisələrinin təminatında, xidmətlərinin
keyfiyyətində dövlət xəstəxanaları, xüsusən regionlarda fəaliyyət göstərən dövlət
klinikaları ilə müqayisədə rəqabət mühiti var: "Özəl klinikalar hər zaman bu rəqabət
mühitində yeni və ixtisaslı kadrların cəlb olunması məsələsində özəl statusa
malikdirlər. Rəqabət mühitində onların daha yaxşı xidmət təşkil etmək imkanları
var. Eyni zamanda, xidmətdən kənar vəsaitlər və gəlirlər hesabına həkimlər də
maddi təminatları üçün əhəmiyyətli dərəcədə öz imkanlarını aça bilirlər. Ancaq
dövlət xidməti sektorunda fəaliyyət göstərən klinikalarda bu imkanlar məhduddur.
Belə ki, dövlət vəsaiti hesabına maliyyələşmə var, tibbi xidmət pulsuzdur. Sürətli
olaraq tibbi sığortanın tətbiqi ilə bağlı məsələlərə nail olmaq istəyirik”.
Tibbi sığortanın əhəmiyyətli dərəcədə tətbiq olunması üçün dövlət sektorunda fəaliyyət
göstərən klinikaların imkanlarının məhdud olduğunu qeyd edən ekspert hesab edir
ki, bu baxımdan yeni formatlı xidmətin təşkil olunmasına zəruri ehtiyac var:
"Bunun hesabına həm tibbi sığortanın tətbiqi məsələsində ciddi irəliləyişlərə
nail olaq, eyni zamanda həmin klinikaların özünü təchiz etmə imkanları da sürətlənsin. Qonşu Türkiyədə bələdiyyə səhiyyə müəssisələri
də fəaliyyət göstərir. Orada müəyyən mənada səhiyyə müəssisəsinin maliyyələşməsində
və imkanlarının artırılmasında bələdiyyə vəsaitlərinin cəlb olunması prosesi
gedir. Həmçinin tibbi sığortanın ödənişlərində bələdiyyə büdcəsindən vəsaitlər
ayrılır. Bu baxımdan yanaşsaq, xüsusən regionlarda fəaliyyət göstərən böyük
klinikaların bu sistemə keçməsi həm dövlətin yükünü kifayət qədər azaltmış
olacaq, həm müasir tibbi-texniki avadanlığın cəlb olunması baxımından həmin
klinikaların xüsusi statusları olacaq. Həmçinin tibbi sığortanın tətbiqində
imkanlar yaranacaq”. Ekspert hesab edir ki, bu dəyişikliyin tətbiq olunması bu
imkanların hər bir Azərbaycan vətəndaşı üçün əlçatan olması baxımından həyata
keçirilməsi ilə bağlıdır: "Ancaq Nazirlər Kabinetinin bu qərarı hansı dərəcədə
icra olunacaq, icra mexanizmi necə olacaq, hansı dövlətin və ölkələrin
praktikası üstün götürüləcək və tətbiq olunacaq – bu, sonrakı mərhələdir. Əsas
odur ki, bu niyyət ortaya qoyulsun və vətəndaşlara maksimum əlçatan tibbi xidmət
göstərilməyə nail olunsun. Hesab edirəm ki, bu, gələcəkdə insanların tibbi
sığortadan yararlanmasına yönəlmiş bir addım olacaq».
Professor
Adil Qeybullanın fikrincə, indiki dövrdə hansısa dövlət xəstəxanalarına təsərrüfat
hesablı və ya vergi ödəyicisi qismində status verilməsi bu sahədə vəziyyətin çətinləşməsinə
gətirib çıxara bilər: "Böyük Britaniya kimi inkişaf etmiş ölkədə sığorta təbabətinin,
vətəndaşlar üçün pulsuz səhiyyənin olmasına baxmayaraq, xəstəxanaların 97 faizi
dövlətin nəzarətindədir. Biz bu ölkənin təcrübəsindən çıxış etməliyik. Təkcə
Amerikada özəl xəstəxanaların sayı çoxdur. Bu da orada özəl təbabətin çox yüksək
olması ilə əlaqədardır. Çünki ABŞ-da özəl təbabətin xərcləri federal büdcədən
yüksəkdir. Ona görə də biz öz ölkəmizdə sosial müdafiənin bir forması kimi
icbari tibbi sığortanın tətbiqinə çalışmalıyıq. Yəni vətəndaşın ən azı doğuş və
təxirəsalınmaz yardım, müəyən xəstəliklərin dinamik müşahidəsi, çek-up müayinə
paketi olmaqla sığorta paketi yaransın və bu, təmin oluna bilsin. Digər
variantları isə indiki iqtisadi durumda mən ümumi işin xeyrinə görmürəm. Çünki
biz real vəziyyəti konservə etməliyik. Xəstəxanaların bazar iqtisadiyyatı şəraitində
yerini tutmasına çalışmaqdansa, onun daha çox vətəndaşın mənafeyinə işləməsini
təmin etməsi haqqında variantlar düşünməliyik”. Əvvəllər dövlət xəstəxanalarında
dünyada analoqu olmayan təsərrüfat
hesablı bir sistem yarandığını, sonra ləğv edildiyini deyən A.Qeybulla dövlət xəstəxanalarında
tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması istiqamətində mühüm işlər
görülməsi və icbari tibbi sığorta sisteminin təmin edilməsi istiqamətində
addımlar atılmasını vacib hesab edir.
Göründüyü kimi, məsələyə
münasibətdə ikili fikirlər yaranıb. Əmma fakt odur ki, dəyişikliyə görə onsuz
da ödənişsiz olmayan səhiyyənin "pullu” statusu leqallaşacaq.
Təranə
Məhərrəmova