Dünyanı dolaşan səsin sahibi - Fotolar - Video
Müslim
Maqomayevin nadir səsi - zil və təmiz bariton idi. SSRİ-nin yaşlı və orta nəsli
elə ilk səsdən onu tanıyırdı. Opera və estradanın ulduzu, bəstəkar, SSRİ-də
doğulub yaşamış SSRİ Xalq artisti yaradıcılığı ilə 60-70-80-ci illərdə hamının
sevimlisi idi. Onun konsertlərində minlərlə pərəstişkarı iştirak edir, valları
isə milyonlarla tirajla buraxılırdı. Müslüm Maqomayevin repertuarında 600 əsər
var idi. Sovet ulduzunun Fransa, Şərqi Almaniya, Finlandiya, Polşa və
Bolqarıstana olan qastrolları ölkəyə milyonlarla rubl qazandırırdı. Onu məşhur
Paris «Olimpiya»sında alqışlayır və firavan Qərbdə yaşamağa dəvət edirdilər,
amma Maqomayev şirnikdirici dəvətlərə əhəmiyyət vermir, ölkəsində yaşamağı
üstün tutaraq vətəninə qayıdırdı.
Sovet ittifaqı boyunca
Müslüm
Maqomayev Bakıda anadan olub. Atası Maqomet Maqomayev müharibədə vuruşurdu. O,
qələbəyə 15 gün qalmış cəbhədə həlak olur. Müharibədən əvvəl atası teatr rəssamı
kimi fəaliyyət göstərirdi. Müslümün anası - Kinjalova təxəllüsü ilə çıxış edən
Ayşət xanım dramatik aktrisa idi. Onun damarlarında türk, adigey və rus qanı
axırdı. Gələcək müğənninin babası azərbaycanlı bəstəkar Əbdül-Müslüm Maqomayev
milli klassik musiqinin əsasını qoyanlardan idi.
Müharibədən
sonra Müslüm Maqomayev anası ilə Rusiyaya yollanır. Balaca Müslüm orada musiqi
məktəbində oxuyur. Ancaq sonra anası onu musiqi təhsilini davam etdirmək üçün
Bakıya göndərir. Müslüm Bakıda dayısı Camal Müslümoviçin ailəsində böyüyür.
Anası isə Murmanska gedərək orada yerli dram teatrında işləməyə başlayır. Ayşet
ikinci dəfə ailə qurur və Müslümün Yuri adlı qardaşı və Tatyana adlı bacısı
dünyaya gəlir.
Bakıda
isə Müslüm yalnız musiqi ilə məşğul olurdu. O, saatlarla Enriko Karruzonun,
Mattia Baqtistini və Titta Ruffonun plastinkalarını dinləyirdi. Hər gün
dayısıgilin qonşuluğunda yaşayan məşhur Azərbaycan müğənnisi Bülbülün səsinə
yuxudan ayılan Müslüm musiqini daha çox sevməyə başlayırdı. O, həmçinin
Bülbülün oğlu Poladla dostluq edirdi. Bakı Konservatoriyasının nəzdindəki
musiqi məktəbində oxuyanda Müslüm fortepiano, solfedcio və xor dərslərində ən
yüksək bal toplayırdı. Fizika, kimya və riyaziyyat dərslərinə gələndə isə artıq
beyni o fənləri qəbul etmirdi. Veolençelist və professor Vladimir Anşeleviç
şagirdinin qeyri-adi qabiliyyətini görəndən sonra onu öz qanadı altına alır. O,
gənc vokalistə səsini cilalamağı öyrədir. Tezliklə qazandığı təcrübə Müslüm
Maqomayevə «Sevilya bərbəri» operasında Fiqaronun pariyası üzərində işləməyə
kömək edir. O, vokal sinfini yüksək qiymətlə bitirərək, 1959-cu ildə diplomunu
alır. Onun yaradıcılıq bioqrafiyası dənizçilərin mədəniyyət evindən başlayır.
Evdə Müslümün səsinə görə ehtiyatlanır və ona bütün gücü ilə oxumağı qadağan
edirdilər. Ancaq 15 yaşlı gənc ailəsindən gizlin səhnəyə çıxır və ilk
alqışlardan fərəhlənirdi. O, səsinin keçid dövrü təhlükəsindən qaçmağa nail
olur. 1961-ci ildə Müslüm Maqomayev Bakı Hərbi dairəsinin mahnı və rəqs
ansamblında peşəkar səviyyədə ilk çıxışını edir. Bir ildən sonra «Buhenvald
nabatı» mahnısına görə onun istedadı Helsinkidə keçirilən Gənclərin Beynəlxalq
Mahnı Festivalında diqqət çəkir. Elə həmin ildə Kremlin qurultaylar sarayında
Azərbaycan İncəsənəti Festivalında çıxış edən vokalist ümumittifaq şöhrəti
qazanır. 1963-cü ildə P.İ.Çaykovski adına konsert zalında Maqomayevin ilk
solo-konserti anşlaqla keçirilir. Elə həmin il M.Maqomayev Bakıda Azərbaycan
Opera və Balet Teatrının solisti təyin edilir. Bir il sonra isə vokalist iki il
müddətinə təcrübə keçmək üçün Milanın məşhur La Skala teatrına göndərilir.
60-cı
illərin ortalarında Müslüm Maqomayev bir sıra tamaşalarla bütün sovet ittifaqı
boyunca qastrola çıxır. İstedadlı vokalisti Böyük Teatrın səhnəsində çıxış etməyə
dəvət edirlər. Ancaq Maqomayev öz yaradıcılığını təkcə opera çərçivəsində məhdudlaşdırmaq
istəmir. Parisə qastrola çıxan müğənniyə dünyaca məşhur «Olimpiya» konsert
sarayının direktoru Brüno Kokatris bir illik müqavilə təklif edir. Vokalistə
dünya şöhrəti vəd edirlər. Müslüm Maqomayev təklif üzərində düşünür. Bununla
belə, hər şeyə SSRİ Mədəniyyət Nazirliyi qərar verməli idi. Axı, azərbaycanlı
vokalist dövlət konsertlərinin əvəzolunmaz ifaçısı idi.
"Azərbaycan”
Uğurlar
biri-birini əvəz edirdi. M.Maqomayev 1969-cu ildə Sopotda beynəlxalq festivalın
birinci mükafatını qazanır. Kann Beynəlxalq Festivalında isə ona «Qızıl disk» təqdim
olunur. Maqomayev 31 yaşında artıq təkcə Azərbaycanın deyil, həm də SSRİ-nin
Xalq artisti idi. Vokalist 1975-ci ildə yaranan Estrada Simfonik Orkestrinə 14
il rəhbərlik edir. 1989-cu ilə qədər müğənni ansamblın musiqiçiləri ilə təkcə
SSRİ-ni gəzmir, həm də xarici ölkələrə qastrol səfərlərinə çıxır. O zaman
SSRİ-nin ali partiya rəhbərliyi tərəfindən bəyənilməsə belə, o, müasir Qərbdə
populyarlıq qazanmaqda davam edirdi. "Bitils” hit qrupunun «Dünən» mahnısı onun
ifasında səslənəndən sonra şöhrəti sərhəd tanımır. Müğənninin bir çox
mahnılarının taleyi qeyri-adi idi. O, ölkənin ən böyük bəstəkarlarının
mahnılarını oxuyurdu. Müslümün şlagerləri dillər əzbəri idi. Möhtəşəm "Azərbaycan”
mahnısı onun ifasında dünyanın böyük konsert salonlarında səslənirdi.
Maqomayevin
musiqi karyerasının pik vaxtı 60-70-ci illərə təsadüf edir. O, SSRİ-nin şəhərlərində
çıxış edərkən bütün stadionlar insanlarla dolu olurdu. Dünyanın opera və
konsert salonları onu böyük coşqu ilə qəbul edirdi. Qaldığı otellərin
qarşısından pərəstişkarları səhərəcən çəkilmirdi. 1997-ci ildə kiçik planetin
Günəş sisteminə yer üzündəki ulduzun şərəfinə "4980 Maqomayev” adını verdilər.
1998-ci
ildə Müslüm Maqomayev səhnədə çıxışlarına son qoydu. «Hər bir istedadın səhnədən
getmək vaxtı var», - deyən müğənni ömrünün son 10 ilini rəssamlığa həsr etdi. Həmçinin
musiqilər yazaraq pərəstişkarları ilə veb-saytla ünsiyyət qururdu.
"Əlvida,
Bakı...”
Müslüm
Maqomayev uzun illər ümummilli lider Heydər Əliyevlə dostluq edib. 2003-cü ildə
dostunun ölümündən sonra özünə qapanır. Xəstə ürəyi və ciyərləri ulduzu tez-tez
narahat edirdi. Həyat yoldaşı Tamara Sinyavskayanın dediyinə görə, müğənni gün ərzində
3 qutu siqaret çəkirdi. Onun əsərləri içərisində ulu öndər Heydər Əliyevin,
Bethovenin, Çaykovskinin, Sergey Rahmaninovun, Cüzeppe Verdinin portretləri var
idi. O, portretləri çəkən zaman Tamara onu royalda müşayiət edirdi.
2005-ci
ildə Maqomayev Rusiya vətəndaşlığını qəbul etsə də, özünü azərbaycanlı hesab edərək
Rusiya azərbaycanlıları diasporunu birləşdirən ümumrusiya ictimai təşkilatının
rəhbərliyində təmsil olunurdu.
2007-ci
ildə Maqomayev Sergey Yeseninin sözlərinə özünün sonuncu «Əlvida, Bakı»
mahnısını yazır.
Səhnədə və həyatda birgə
Müslüm
Maqomayevin şəxsi həyatı sevgi macəraları ilə dolu idi. Birinci evlilikdən
Marina adlı qızı vardı. 1972-ci ildə opera müğənnisi Tamara Sinyavskaya ilə müğənninin
yeni macərası başlayır. Onlar Bakıda rus incəsənəti ongünlüyündə tanış
olmuşdular. Qızların sevimlisi M.Maqomayev Böyük Teatrın gözəl primadonnası ilə
evlənəndə az qadının qəlbi qırılmamışdı. Tamara ərli qadın idi. Ancaq onun üçün
nikah zəif maneə idi. İtaliyadakı bir illik təcrübə müddətində Tamara ilə
Müslüm yenidən görüşür və bir daha ayrılmırlar. «Müslüm ləyaqətli insan idi.
Onun üçün nikah ciddi maneə idi. Mən isə nə onu, nə də həyat yoldaşımı incitməməli
idim. Çox əzab çəkirdim. Əlbəttə, ərimlə münasibətlərim çox yaxşı idi. Ancaq
«Sevgi gözlənilmədən gəldi”,- deyə Tamara o illərdən söz düşəndə xatırlayır.
Amma M.Maqomayev «Bizim ilk tanışlığımız televiziyadan başlayıb» - deyə
xatırlayırdı: "Mən yayda dostum İvan Semyonoviç Kozlovski ilə Bakıda idim. Biz
yaxşı istirahət etmişdik və Çaykovski adına müsabiqəyə baxırdıq. Birdən səhnəyə
Tamara çıxdı. O, qız uşağı kimi görünürdü, bəlkə də heç diqqətimi çəkməzdi.
Oxumağa başlayanda isə heyrətdən ağzım açıq qaldı. Yadımdadır, mən «Bax, bu,
metso-sopranodur! Əsil!» dedim. O, öz sənəti ilə məni heyran qoydu”.
Onlar
1974-cü ildə evlənirlər. Paytaxt restoranlarının birində təşkil etdikləri
banketdə ən yaxın dostları iştirak edir. Maqomayev və Sinyavskayanı - bu iki
ulduzu güclü xarakterləri birləşdirirdi. Müslüm ömrünün son günlərinə qədər
Sinyavskaya ilə birgə yaşayır. Onlar 35 il səhnədə və həyatda birgə
oldular.
Opera
ulduzları tez-tez Bakıya gəlir, Xəzərin sahillərində istirahət edir, payız və
yay aylarında Moskva yaxınlığındakı bağlarında yaşayırdılar. Son illər onlar səs-küylü
məclislərdən qaçır, yalnız ciddi publikanın iştirak etdiyi musiqi gecələrinə
qatılırdılar. Bu, gözəl, parlaq və təkrarsız ailə dueti idi. «Mən passiv
istirahətin tərəfdarı deyiləm. Heç vaxt sanatoriyalarda olmamışam. Biz Tamara
ilə tez-tez Bakıda – dənizin kənarında istirahət edirdik. Heydər Əliyev bizə
dövlət bağlarının içərisində bir ev vermişdi. Orada çimir, kabab yeyir, bir neçə
kilo kökəldikdən sonra Moskvaya qayıdır və pəhriz saxlayırdıq» - deyə xatirələrində
yazıb.
2008-ci
il 25 oktyabrında M.Maqomayev Tamara Snyavskayanın əlləri üstündə can verdi. Həkimlər
dünya şöhrətli müğənninin ölüm səbəbini araşdırdıqdan sonra ona ürəyin işemik xəstəliyi
və ateroskleroz diaqnozunu qoydular. Müslüm Maqomayev Bakıda - Fəxri Xiyabanda,
babası Müslüm Maqomayevin yanında dəfn olundu. Tamara Sinyavskaya sevimli həyat
yoldaşının ölümündən sonra hələ də özünə gələ bilmir. Hər dəfə onun oxuduğu
mahnıları eşidəndə gözlərində yaş görünür. Müslüm ciddi xəstə olanda Tamara
İlyiniçna ərinin xəstəliyə qalib gələcəyinə inanaraq yaşayıb. İndi tale onu
«Ölüm həmişə gözlənilməzdir» fikri ilə barışdırıb.
T.Snyavskaya
yenə də Bakıya gəlir. Sevimli ərinin məzarını ziyarət edir, onun adına təşkil
edilən gecələrə, konsertlərə qatılır. «Mən əslən Moskvalıyam. Ancaq Azərbaycan
məni gəlin kimi qəbul etdi. Gəlin – bu, bütün Azərbaycanın gəlini deməkdir. Necə
ki, Müslüm bütün Azərbaycanın oğludur, mən də bütün Azərbaycanın gəliniyəm».
Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında prezident
İlham Əliyevin sərəncamı isə dünya şöhrətli müğənninin çoxmilyonlu pərəstişkarlarının
sevincinə səbəb oldu. Avqustun 17-də Azərbaycan mədəniyyəti
xəzinəsinin zənginləşdirilməsi və nailiyyətlərinin təbliği işinə dəyərli töhfələr
vermiş görkəmli sənətkarın, "Anamın anasısan, Azərbaycan” - deyən Müslüm
Maqomayevin
doğum günüdür.
Təranə
Məhərrəmova