• şənbə, 27 Aprel, 03:34
  • Baku Bakı 14°C

Dünya mediası Bakı-Tbilisi-Qarsdan yazır

01.11.17 10:00 1129
Dünya mediası Bakı-Tbilisi-Qarsdan yazır
Sözün əsl mənasında əsrin hadisəsinə çevrilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması dünya mediasının, siyasilərinin əsas müzakirə mövzularından birinə çevrilib. Dost sevinir, düşmən isə qərəz dolu xəbərləri dərc etməkdədir. Düşmən Ermənistanın mediası və onunla həmfikir olanlar hər vəchlə layihənin əhəmiyyətini azaltmağa çalışır. Erməni mətbuatı əsrin ən böyük iqtisadi, siyasi hadisəsi olan bu hadisəyə qısqanclıq nümayiş etdirir. Bəlli olduğu kimi, bu, artıq neçənci nəhəng regional layihədir ki, Ermənistandan yan keçir. İşğalçılıq siyasəti nəticəsində regionda təklənən bədnam hərbi xunta rəhbərliyi əhalisini sosial və iqtisadi çətinliklər içində yaşadır.
Bakı-Tbilisi-Qars layihəsindən Qərb mediası da yazır. Məsələn, nüfuzlu "Qolos Amerika” "Yeni Avrasiya körpüsü” başlıqlı məqaləsində ABŞ və Avropa İttifaqının dəmir yolu xəttinə dəstək verib, onu alqışladığını yazıb. Hər iki qurumun Azərbaycandakı nümayəndələri layihənin reallaşmasını alqışlayıblar. Radioya müsahibəsində Gürcüstan Atlantik Şurasının vitse-prezidenti Batu Kuteliya bildirib ki, layihə həm, iqtisadi, həm də siyasi mənada mühümdür. "Bu magistral xətt strateji cəhətdən müəyyən mənada iqtisadi əhəmiyyəti də üstələyir”, - deyən ekspert əlavə edir ki, iqtisadi komponent də böyük əhəmiyyət kəsb edir. Onun qənaətincə, Şərq və Qərbi birləşdirən layihədə Gürcüstanın iştirakı ona xeyli divident gətirir: "Bu, Gürcüstana bir sıra ölkələrə çıxmağa imkan verəcək. Gürcüstanın dünya loqistik xəritəsində peyda olması, digər bir infrastrukturun, məsələn Poti, gələcəkdə isə Anakliya limanlarının daha böyük həcmdə işləməsinə səbəb olacaq. Bu isə Gürcüstan üçün iqtisadi oksigen balonu rolunu oynayır”. O ki qaldı layihənin geosiyasi əhəmiyyətinə, onun qənaətincə, bu, Gürcüstanın seçdiyi vektora uyğundur. Bundan çıxış edərək, o layihənin əhəmiyyətini Bakı-Ceyhan neft kəməri ilə eyniləşdirib.
Dünyaca məşhur "Euronews” isə "Rusiyadan yan keçməklə İpək yolu” başlıqlı reportaj təqdim edib. Layihənin beynəlxalq əhəmiyyət kəsb etdiyini qeyd edən müəllif bunu Azərbaycanın qələbəsi kimi təqdim edib.
Rusiya mətbuatı da layihə ilə bağlı xüsusi fəalıq nümayiş etdirir. Məsələn, bu ölkənin dünyaca məşhur "Nezavisimaya qazeta” nəşri yazır ki, açılış mərasiminə bir sıra ölkələrin prezident və baş nazirləri qatılıb. Qəzet xatırladır ki, dəmir yolu magistral xətti yeni "Böyük İpək yolu”nun bir hissəsinə çevrilməlidir. Xüsusi vurğulanır ki, nəqliyyat dəhlizi Rusiyadan yan keçməklə Asiya və Avropanı birləşdirir. Daha sonra məqalədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fikirləri yer alıb. Lakin məqalədə bir sıra qərəzli yanaşma hiss olunur. Buna baxmayaraq, nəşr yeni dəmir yolunu "əsrin üçüncü layihəsi” kimi qələmə verib. Əlavə edilib ki, layihənin rentabelliyi bir qədər narahatlıq doğurur. Qeyd edilir ki, Qərb bu layihənin həyata keçirilməsində o qədər də maraqlı olmayıb. Dərhal da Ermənistan qabardılır. "Qərb onsuz da izolyasiya vəziyyətində olan Ermənistanın daha da ətraf aləmdən təcrid olunmasını istəmir”.
"Qazeta.ru” saytında isə dərc edilən "İpək yolu: Moskva və Londondan yan” başlıqlı məqalədə Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyənin Rusiyadan yan keçməklə yeni dəmir yolu xəttini işə saldıqları vurğulanır: "Perspektivdə bu layihə "Yeni İpək yolu”nun bir hissəsinə çevriləcək, Çin və Avropanı Londona qədər birləşdirmiş olacaq”. Daha sonra prezident İlham Əliyevin çıxışına yer verən nəşr yazır ki, bu xətt Avropa və Asiyanı birləşdirən qısa və etibarlı bir yoldur. Bundan əlavə, məqalədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fikirləri yer alıb: "Ərdoğan bildirib ki, hazırda Çindən Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələrə Cənub və Şimal dəhlizləri ilə yüklər daşınır. Bu isə 45-62 günə başa gəlir. Bakı-Qars işə düşdükdən sonra bu məsafə 12-15 gün azalacaq”. Məqalədə, həmçinin dəmir yolu ilə bağlı tariflər də əks olunub: "Yüklərin hər tonu görə 37 dollar, vaqona görə 2279, 40 funtluq konteyner isə 529 dollar tarif müəyyənləşdirilib. İlk vaxtlar il ərzində 5 mln. ton yük və bir milyon sərnişin daşınması nəzərdə tutulub. Sərnişin daşınmasına 2018-ci ildən başlanılacaq. Azərbaycan İsveçrədən 30 yataq vaqonu və 10 ədəd Fransa istehsallı lokomotiv alıb. Dəmir yolu ilə Türkiyəyə Türkmənistan və Azərbaycandan sıxılmış qazın daşınması da daxildir. Lakin əsas məqsəd Çindən konteyner daşınmalarıdır”.
Məqalədə o da qeyd edilir ki, Bakı-Qars dəmiryolu xəttinin işə düşməsi erməni mətbuatında qəzəblə qarşılanıb. Səbəb də xəttin onlardan yan keçməsi olub. Bunlardan ən yumşaq səslənən fikir "Azərbaycan özünü iqtisadi pələng kimi qələmə verməyə çalışır” fikri olub.
Qazaxıstan nəşrləri də Bakı-Qarsla bağlı məlumatları özlərinin baş xəbərinə çeviriblər. Məsələn, "forbes.kz” saytında bu ölkənin Gürcüstandakı səfiri Ermuamed Ertısbayev Bakı-Qars dəmir yolunun açılış mərasimini ilin hadisəsi adlandırıb. O bildirib ki, Qazaxıstan bu beynəlxalq layihədə aktiv iştirak edəcək.
Başqa bir sayt "biznes.info” isə prezident İlham Əliyevin fikirlərini baş xəbər kimi qələmə verib.
Yeri gəlmişkən qardaş Türkiyə mətbuatında Bakı-Tbilisi-Qarsla bağlı yüzlərlə məqalə dərc edilib və hələ də edilməkdədir. Məsələn, "Yeni safak” 'Türkiye, Azerbaycan ve Gürcistan'ın ortak başarısı' başlıqlı məqalədə prezident Ərdoğanın "açılan yeni xətt üç ölkənin birgə təşəbbüsünün nəticəsidir” fikirləri yer alıb. "Haberler” "İşte Bakü-Tiflis-Kars Demiryolunun Türkiye'ye Kazandıracakları!”, Aksam "Dünyanın iki yakası ‘demir ağ’ ile birleşti”, "Sabah” "İpək yolu’nda gurur günü”, "Yeni akıt”da ""Ermenistan'a büyük bir ders” başlıqlı məqalələrdə bu layihənin qlobal əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanıb. Bu məqalələrdə qeyd edilib ki, Bakı-Tbilisi-Qars dəmir yolunda ilk səfərin reallaşması ilə "Orta dəhliz” layihəsinin ən önəmli mərhələsi başa çatdırılmış olur.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər