Dünya kor və kardır
İyulun 4-ü erməni təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndinin
2 yaşlı sakini Zəhra Quliyevanın həlak olması xəbəri sözün əsil mənasında, bizi
sarsıtdı. Mətbuat orqanları, sosial şəbəkə istifadəçiləri, millət vəkilləri və
xalqımızın digər nümayəndələri bu məsələyə biganə qalmadı. Hər kəs bu məsələyə
öz etirazını kəskin şəkildə bildirdi. Sosial şəbəkədə "Mən Zəhrayam” loqosu yayıldı. Sənət əhli də Zəhranın ölümünə
öz etirazlarını bildirdilər. Onlardan bəziləri bizimlə söhbətində 2 yaşlı Zəhranın
qanının yerdə qalmayacağını və səbirlərinin artıq tükəndiyini dedilər. İncəsənət nümayəndələri "Kaspi”yə açıqlamalarında
hər an döyüşə hazır olduqlarını və ali baş komandanın müharibə əmri verdiyi gün
sıravi əsgər kimi cəbhə xəttinə yollanacaqlarını dedilər.
"İnsan nə deyəcəyini də bilmir”
Bizimlə söhbəti zamanı cəbhə xəttində olan xalq artisti Azərin Zəhra ilə bağlı danışarkən göz yaşlarına hakim
ola bilmədi. Titrək səsi ilə mənfur düşmənlərimizin çirkin siyasətindən
danışdı: "Neçə ildir ki, mənfur düşmənlərimizlə müharibəmiz davam edir. İl
ötdükcə şəhidlərimizin sayı da artır. Əvvəllər əsgərlərimizi hədəf atəşinə
tuturdular, indi isə uşaqlarımızı, analarımızı öldürürlər. Zəhranın ölüm xəbəri
məni çox sarsıtdı. Mən onların ailəsini qəhrəman hesab edirəm. Ona görə ki, onlar
cəbhə bölgəsində yaşayır, erməni hədəfində olduqlarını bilə-bilə, öz doğma
yurdlarını tərk etmirlər. Düşmən tərəfdən gələn bütün təxribatlara qarşı
hazırdırlar. Allah şəhidlərimizə rəhmət eləsin. Biz çox səbirliyik. Səbir
Allahın adıdır. Mən böyük danışmaq istəmirəm. Ancaq Allah bizim səbrimizdən kəssin
artıq. Bu, artıq çox oldu. Heç kim bu torpaqları bizə qızıl qabda hədiyyə etməyəcək.
Biz bu torpaqlar üçün vuruşmalıyıq. Ya bilməliyik ki, bu məsələ bitir, ya da
artıq torpaqlarımız əldən getdi. Bizimki çox böyük səbir oldu. Biz bilirik ki,
Ermənistanla müharibə etmirik. Onların arxasında böyük bir dövlət dayanıb,
bunun bir sonu olmalıdır. Ancaq bizim müharibəmizin sonu görünmür. 25 ildir şəhid
veririk. Şəhidlərin içərisində sadəcə, əsgər
deyil, sivil vətəndaşlarımız da var. Buna son vermək üçün qəti qərara gəlməliyik.
Biz müharibə istəyirik. Bu insanların qanı yerdə qalmamalıdır. Hamımızın balası
var. Övlad itirməyin nə demək olduğunu bilirik. Zəhranın ailəsinin acısını öz
acım hesab edirəm və düşünürəm ki, bundan sonra nə olacaq... Bizi hissə-hissə məhv
edəcəklər? Axı bizim onları məhv edə biləcək güclü ordumuz var. Zəhranın ölümünə
qarşı çıxan, ona reaksiya verən xalqın münasibətinə bir baxın. Xalq bu gün də
müharibəyə hazırdır. Yetər ki, döyüş əmri gəlsin”.
Dünyanın haqq səsimizi eşitmədiyini deyən Azərin xanım, bunun mənasız
olduğunu bildirdi: "Bizi onsuz da heç kim eşitmir. Nə qədər bağırsaq da, onlar
bizi eşitməyəcəklər də. Gözlərinin qarşısında nə qədər günahsız oğullarımız,
övladlarımız şəhid olur. Heç kim səsimizə səs vermir. Dünyadakı vəziyyətə diqqət
etsəniz, görərsiniz ki, müsəlman, türk məsələsinə gələndə, dünya kor və kardır.
Heç kim müsəlmanları eşitmək istəmir. Bizim məsələmizdə də eyni hadisələr cərəyan
edir. 2 yaşında itirdiyimiz balaca balamızın səsi bütün dünyaya yayıldı. Görün
Avropadan və digər ölkələrdən, qurumlardan, beynəlxalq təşkilatlardan hər hansı
bir səs çıxdımı? Heç çıxmayacaq da. Buna görə də hesab edirəm ki, öz məsələmizi
özümüz həll etməliyik. Gedib torpağımızı özümüz almalıyıq. Bunun başqa bir yolu
yoxdur. Təbii ki, acınacaqlı vəziyyətdir. Artıq insan nə deyəcəyini də bilmir.
Belə vəziyyətdə sözlər də dəyərini itirir. Artıq sözdən keçib, əməl, hərəkət
vaxtı yetişib”.
"Bıçaq sümüyə dirənib”
Xalq artisti Mənsum
İbrahimov isə məsələnin həllini müharibədə gördü: "Bu, insanlığın son həddidir.
Ermənilər artıq simalarını itiriblər. Onlar sivil insanlara, qadınlara uşaqlara
hücum edirlər. Ermənilərin insanlıqdan xəbəri yoxdur. Körpə uşağa silah qaldırmaq
nə deməkdir? Dünya isə bütün bunları görür, ancaq susur. Özlərinə lazım olanda
guya haqq səslərini qaldırırlar. Bəs indi hanı o haqq? Beynəlxalq arenalarda çıxış
edib haqdan, ədalətdən danışırlar. İndi də danışsınlar. Onlar bizim haqq səsimizi
eşitməməzlikdən gəlirlər. Bizim 20 faiz torpaqlarımız işğal altındadır. Biz heç
kimin torpaqlarını işğal etməmişik. Şükür Allaha ki, bu gün bizim güclü ordumuz
və dövlətimiz var. Bizim məsələmiz bu şəkildə qala bilməz. Həmsədrlər hər dəfə
gəlib turist kimi cəbhə bölgəsini gəzib gedirlər. Çıxışlarında bildirirlər ki,
hər iki tərəf güzəşt etməlidir. Biz nəyi güzəştə getməliyik? Torpaqlarımız
işğal olunub, körpələrimiz öldürülür, qadınlarımız, analarımız günahsız yerə şəhid
olurlar. Siz hansı güzəştdən danışırsınız? Artıq güzəştə getməyə heç nəyimiz
qalmayıb. Bıçaq sümüyə dirənib. Bu insanlığın son həddidir, bundan o tərəfi
yoxdur. Məsələ belə qala bilməz. Bizim artıq səbir etməyə nə taqətimiz, nə də
halımız qalıb”.
Söhbətimizin sonunda isə xalq artisti 2 yaşlı Zəhra balanın ailəsinə
başsağlığı verdi: "Allah o balanın ailəsinə səbir versin. Mən onların ailəsinə
başsağlığı verirəm. Axır qəmimiz olsun. Körpələrimiz, analarımız ölməsin”.
"Bu dəhşəti
dayandırmaq lazımdır”
Əməkdar artist Tünzalə
Ağayeva "Kaspi”yə açıqlamasında uşaq ölümlərinə qarşı çıxdığını və bir xalq
olaraq uşaq ölümlərini lənətlədiyini bildirdi: "Həqiqətən də ermənilərin
insanlıqdan xəbəri yoxdur. Dünyanın heç bir müharibəsində körpələrə, yaşlılara,
qadınlara əl qaldırılmayıb. Ancaq ermənilər bunları ediblər. Onlara insan demək
mümkündürmü? Bunun adı barbarlıq, vandalizmdir. Bunun başqa adı yoxdur. Normal
insanın edə bilməyəcəyi vəhşilikləri ermənilər edir. İnsan şok olur. Yeni
dünyaya gəlmiş körpəyə necə silah qaldıra bilirlər? Heç cür qəbul edə bilmirəm.
Bunların hamısı bir siyasi oyundur. Nəhəng, güclü ölkələr müsəlmanlara qarşı
ikili oyun oynayırlar. Nə vaxt onlara sərf edirsə, bu məsələni müzakirə edirlər,
sərf etmirsə, göz yumurlar. Nə yazıq ki, ortada günahsız insanlar həlak olur,
qan tökülür. Bu dəhşəti dayandırmaq lazımdır. Biz kəskin şəkildə bunu lənətləyirik,
başqa cür də ola bilməz. Kimliyimizdən asılı olmayaraq torpaqlarımızın müdafiəsinə
qalxmağa da hər an hazırıq. Biz gözləməməliyik ki, kimlərsə ölsün. İndi növbə
kimindir?”
Uşaq qatillərini vandal, terrorçu adlandıran T.Ağayeva bütün bunlara
"dur” deməyin zamanının yetişdiyini vurğuladı: "Bir millət olaraq onlar bizdən əl
çəkmək istəmirlər. Ola bilsin ki, emosional danışıram. Biz gənclərimizi düzgün
yetişdirməliyik. Vətən onların əlindədir. Onlar hər şeydən məlumatlı
olmalıdırlar. Bizim heç bir əsgərimiz erməni uşağına əl qaldırmaz. Nə yazıq ki,
biz bu dəhşətləri yaşadıq. Biz indi bir olmalıyıq. Bir-birimizə qarşı olan
kinimizi, düşmənçiliyimiz bir kənara qoyub vətən üçün, torpaq üçün mübarizə
aparmalıyıq. Mübarizə aparaq ki, balalarımız ölməsin. Analarımız gözü yaşlı
qalmasın. İnsan hər şeyi bağışlayar,
ancaq vətəndən pay olmaz. Vətənə toxunanı bağışlamaq olmaz. Xocalı soyqırımının
qanı qurumayıb. Bu ağrı qəlbimizdən heç soyumayıb. Biz uşaqlarımızı bu məqsədlə
düzgün tərbiyə etməsək, uduzan tərəf olacağıq. Bunu dərk etməliyik. İnşallah bu,
belə olmaz, haqq yerini tapar. Allah özü bizim millətimizi qorusun. Zəhra
balamızın da yeri cənnət olsun. O, bizim hamımızın balasıdır. Bu gün öz həmkarlarımı
da sosial mediadan yararlanmağa çağırıram. Biz bir olmalıyıq. Çünki indi dövr
başqadır. Sosial döyüşdə qalib olmalıyıq. Növbəti uşaqlarımızın ölməyini gözləməməliyik”.
"O qədər pis hisslər keçirirəm ki...”
Xalq artisti Gülyanaq Məmmədova ilə əlaqə
saxladıq. Xalq artisti deyir ki, onun da balası var, bu hissləri təsəvvür etmək
belə insana zülm verir: "Allah heç bir anaya bala dağı çəkdirməsin. Mən o qədər
pis hisslər keçirirəm ki, onları sözlə ifadə edə bilmərəm”.
Xalq artisti ilə söhbət zamanı
bir müddət sükut çökdü. Göz yaşlarına hakim ola bilməyən xalq artistimizlə söhbətimizi
yarımçıq saxlamalı olduq.
"Biz səninlə
öldük, Zəhra”
Əməkdar artist Röya Ayxan sosial səhifəsində
Zəhranın ölümünə sarsıldığını qeyd edib:
"Biz səninlə öldük, Zəhra. Sən hamımızdan bir parçasan. Adın onların mütləq
cavabını verəcək. Yaşamağa məna qalmır. Amma kim görür ki, səni bizdən başqa.
Özümüz özümüzə dağ çəkirik. Hər kəs bir-birini qınayacaq, bir-birində günah
axtaracaq”.
"Dostumuzu-düşmənimizi seçək”
Bəstəkar, aparıcı Murad
Arif "facebook” səhifəsində Zəhranın şəklini paylaşaraq, bunları yazdı: "Öz
mənfəətinə sığınan, şəxsi mənafeyini üstün tutan, "məndən ötdü, qonşuma dəydi”
prinsipi ilə yaşayan, təşəbbüs irəli sürməyən, qaldığı yerdən məmnun,
inkişafdan qorxan, heç bir sosial məsələdən dolayı əsla bir ola bilməyən bir cəmiyyət
olmayaq. Savadlanıb, dünyanın işlərindən xəbərdar olaq. Dostumuzu-düşmənimizi
seçək. Hərdən komfort zonamızdan, qınımızdan çıxaq. Oturub ancaq artist
qızların tumanını müzakirə edib, toyxana verilişlərə baxmayaq. Hər fürsətdə
bir-birimizi atmayaq. Bölgələrə bölünməyək və bir-birimizi sevək. Qayğıkeş
olaq.”
Xəyalə Rəis