• cümə, 26 Aprel, 12:17
  • Baku Bakı 23°C

Dini liderlərin II Bakı Sammiti dinlərarası dialoqa növbəti töhfə oldu

18.11.19 18:55 1965
Dini liderlərin II Bakı Sammiti dinlərarası dialoqa növbəti töhfə oldu
Ekspertlərin fikrincə, Azərbaycan bu beynəlxalq tədbirə ev sahibliyi etməklə dini tolerantlıq mərkəzi olduğunu sübut etdi
Azərbaycanda indiyədək müxtəlif dinlərin və etnik xalqların mövcud olması və yaşaması ölkəmizin multikultural dəyərlərə sadiqliyini göstərir. Dünyanın bir çox ölkələri tolerantlıq ənənələrindən yararlanmaq üçün "Azərbaycan modelini” öyrənir. Halbuki dünyanın ayır-ayrı ölkələrdə islamafobiya, ksenofobiya, antisemitizm meylləri artıb, dini zəmində münaqişələr özünü göstərir. Lakin əsrlərdən bəri qorunub saxlanılan ənənələrin nəticəsində Azərbaycanda bunların heç birinə rast gəlinmir.
Məhz ölkəmizin qazandığı imic və ona göstərilən etimadın nəticəsidir ki, Dünya dini liderləri II Sammiti Bakıda baş tutdu. Bəs görəsən Bakıda keçirilən sammit dinlərarası dialoqa necə töhfə verdii?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov bildirdi ki, dünyanın milli və dini tolerantlıq mərkəzi olan ölkəmiz daha bir uğuruna imza atdı: "Ölkəmiz Dünya dini liderlərinin II Sammitinə uğurlu ev sahibliyi etməklə, bir daha dünyadakı yerini, nüfuzunu, çəkisini artırdı, möhkəmləndirdi, gücləndirdi. Azərbaycan belə bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməklə milli və dini tolerantlıq mərkəzi funksiyasını sözdə, bəyanatda deyil, əməldə, reallıqda gerçəkləşdirdiyini bir daha sübut etdi. Tolerantlıq, bütün dinlərə, konfessiyalara, onların daşıyıcılarına, bütün millətlərə, xalqlara, etnik qruplara dözümlü, xoşməramlı, insanpərvər və sülhpərvər münasibət Azərbaycanın ruhundan, varlığından qaynaqlanır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın II Bakı sammitində iştirak etməsi, dövlət başçısının sammitdəki tarixi və parlaq çıxışı tədbirə xüsusi rəng və gözəllik qatmış oldu.
E.Səlimov qeyd etdi ki, bu gün dünyanın hər bir guşəsinə, yaxın və uzaq qonşularımızın çoxuna baxsaq, orada dini zəmində problemlər yaşandığını görərik: "Hətta, bəzi ölkələrdə dini müstəvidə çox ciddi və güclü qarşıdurmalar mövcuddur. Ksenofobiya, islamafobiya, antisemitizm meylləri getdikcə güclənir. Xüsusilə də Avropa ölkələrində, özlərini hər bir məsələdə mükəmməl hesab edən Qərb dövlətlərində ksenofobiyanın, islamafobiyanın güclənməsi, təhlükəli tendensiyaya çevrilməsi günümüzün xoşagəlməz reallıqlarındandır. Şükürlər olsun ki, Azərbaycanda nə milli, nə də dini zəmində qarşıdurma var. Bu, çox sevindirici haldır. Bütün dinlərin və konfessiyaların daşıyıcıları min illər ərzində bu torpaqlarda birgə, dinc, dostluq, qardaşlıq, mehribanlıq şəraitində yaşayıblar, yaşayırlar və bundan sonra da birgəyaşayışlarını davam etdirəcəklər. Bu günə kimi Azərbaycanda dini və mili zəmində qarşıdurma yaratmaq kimlərə isə nəsib olmayıb, bundan sonra da olmayacaq. Xalq-iqtidar birliyi Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, Azərbaycan çoxdandır dinlərarası dialoqun, regionda sülhün genişləndirilməsi üçün əlindən gələni etməkdədir: "Bu illər ərzində məhz Azərbaycan Cənubi Qafqaz və region ölkələri içərisində bütün vektorlarda sülhməramlı siyasət yürüdərək vəziyyətin gərginləşməməsinə əsas töhfə verən ölkələrdən biri olub. Təbii ki, beynəlxalq miqyaslı növbəti tədbirin Azərbaycanda keçirilməsi dinlərarası dialoq çərçivəsində dünyanın 96 ölkəsindən dini liderlərin Bakıya gəlişi və sammitin keçirilməsi ölkəmizin nüfuzundan xəbər verir. Gələn qonaqların kimliyi onu göstərir ki, bu, Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə verilən qiymətdir. Hər bir ölkə və xalq üçün onun liderinin kim olması vacib amillərdən biridir. Azərbaycana İlham Əliyev kimi bir dövlət başçısının rəhbərlik etməsi çox sevindirici və önəmli haldır. Bu mənada Prezident İlham Əliyevin dünyada və beynəlxalq təşkilatlarda çox müsbət imici var. Bu sammitin Bakıda keçirilməsi də ölkəmizin imicinə yazılan müsbət xallardır”.
Z.Məmmədov vurğuladı ki, Azərbaycanda əsrlərdir ayrı-ayrı dini konfessiyalar var, müxtəlif etnik mənsubiyyətə malik xalqlar yaşayır: "Ölkəmizdəki mövcud dini konfessiyalar və xalqlar arasında heç zaman münaqişə olmayıb. Onlar hər zaman Azərbaycanda firavan yaşayıblar. Baxmayaraq ki, biz tez-tez dünyanın müxtəlif yerlərində xristian-müsəlman, yəhudi- müsəlman və ya sünnə-şiə münaqişələrinin şahidi oluruq. Lakin bu hadisələri Azərbaycanla bağlı qeyd edə bilmərik. Təbii ki, bu da ölkəmizdə uzun illərdir formalaşan mühitin və müstəqil Azərbaycan dövlətinin bu istiqamətdə apardığı işlərin nəticəsidir”.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirdi ki, Dünya liderlərinin II Bakı Sammiti Azərbaycan xalqının, dövlətinin uğuru kimi qiymətləndirilməlidir: "İnsan, xüsusi olaraq, tədbirdə dünyanın dini liderlərinin hansı nüfuz sahibi olduqlarını nəzərə aldıqda, çoxlarının birmənalı olaraq öz ölkələrində xalqları, millətləri tərəfindən qəbul olunduğunu düşündükdə, bu tədbirin əhəmiyyətinin nə qədər yüksək olduğunu və Azərbaycanın milli mənafelərinə xidmət edəcəyinin fərqində olmağa başlayır. Bir məqamı da unutmamalıyıq ki, Azərbaycan son 10 ildə dünyanın aparıcı ölkələrinin ən qlobal, yaddaqalan tədbirlərinə ev sahibliyi edir”.
C.Əzimbəylinin sözlərinə görə, Azərbaycanda din-dövlət münasibətlərinin möhkəmlənməsi və bünövrənin qoyulmasında mərhum Heydər Əliyevin misilsiz xidmətləri olub: "Prezident İlham Əliyev tərəfindən də bu prinsiplərin qorunaraq mühafizə olunması, təqdir olunmalıdır. Bakının belə tədbirlərə ev sahiblik etməsi bir ziyalı kimi mənim timsalımda yüzlərlə, minlərlə inanclı Azərbaycan insanının ruhuna mənəvi qidadır. Dövlətin mühafizə olunması, qorunması bir iman məsələsidir. Biz dövlətsizliyin acı nəticələrini Suriyada, İraqda, Yəməndə gördük. Dini müqavimət adı altında Yaxın Şərqdə baş verən proseslərə baxdıqda görürük ki, əslində, insanların dini duyğularından sui-istifadə edən, istismar edən terror qruplarıdır. Artıq Azərbaycanın özünün bir modeli var”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər