AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Deputat: İnanırıq bu müharibə qüdrətli Azərbaycan ordusunun qələbəsi ilə başa çatacaq

Deputat: İnanırıq bu müharibə qüdrətli Azərbaycan ordusunun qələbəsi ilə başa çatacaq

Cəmiyyət
28 Sentyabr 2020, 19:00 150
Ermənistanın Azərbaycana qarşı təxribatları son dövrlərdə daha intensiv xarakter almışdı. Bu gün cəbhə xəttində baş verən gərginliyin bütün məsuliyyəti işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
 
Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
 
Deputat bildirib ki, bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasıbnın 75-ci sessiyasında çıxışında da beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdı ki, Ermənistan Azərbaycan qarşı yeni müharibə və təxribatlara hazırlaşır: "Bu təxribatların səbəbləri bəlli məsələ idi ki, Ermənistan hakimiyyəti bu yolla status kvonu saxlamağa və ölkə daxilində olan sosial-iqtisadi və siyasi böhrandan əhalinin diqqətini yayındırmaq məqsədi güdürdü. Sözsüz ki, Azərbaycan heç zaman torpaqlarımızın işğal altında qalması ilə razılaşmayacaqdı, xalqın istəyi isə torpaqlarımızın işğaldan azad olunmasıdır.
Çünki Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus olan tarixi-mədəni abidələrin məhv edilməsi, məscidlərimizi, əcdadlarımızın ruhunun təhqir edilməsi, tarixi saxtalaşdıraraq həmin ərazilərin erməniləşdirilməsi ilə məşğuldur. Bütün bunlar Ermənistan tərəfindən törədilən qızışdırıcı təxribat əməlləri idi. Bundan əlavə, Suriyadan, İraqdan və Livandan terrorçuları və muzdluları işğal edilmiş ərazilərə köçürməklə regiona böyük təhlükə yaradır. Bütün bunlar beynəlxalq hüquqa zidd əməllər idi.
 
Sentyabrın 27-də səhər saatlarında erməni silahlı qüvvələri bir neçə istiqamətdə Azərbaycana qarşı hücuma keçdilər. Bu dəfə də düşmən öz çirkin ənənəsinə sadiq qalaraq Azərbaycanın mülki obyektlərini, mülki əhalisini də atəşə tutdu, mülki vətəndaşlarımız içərisində həlak olanlar oldu. Bu bir müharibə cinayəti olmaqla yanaşı, Ermənistan tərəfinin qorxaqlığının təzahürüdür. Azərbaycan ordusu qarşısında aciz qalan düşmən mülki əhalini atəşə tutma çalışır. Lakin bu təxribatlara da Azərbaycan ordusu tərəfindən layiqli cavab verilir, düşmənin ordusunun canlı qüvvəsi, hərbi texnikası ordumuzun dəqiq atəşləri nəticəsində məhv edilir. Bu gün cəbhə xəttində bu müharibənin başlanması birbaşa erməni təxribatlarının nəticəsidir. Bunun məsuliyyəti Ermənistanda faşist hakimiyyətin üzərinə düşür”.
 
Deputat vurğulayıb ki, bu gün xalqımız Ali Baş Komandan, Prezident İlham Əliyev ətrafında sıx birləşib: "Xalqımız dövlət başçısı ətrafında sıx birləşib, hər kəs öz yerindədir və bacarığı ilə ordumuza dəstək verməyə hazırdır. Ölkəmizdə möhkəm vətəndaş həmrəyliyi var. Azərbaycanda olan bütün siyasi partiyalar da bəyanat verərək ölkə Prezidentinin siyasətini dəstəklədiklərini bildirdilər, ümumilli məsələlərdə ümumi platformadan çıxış etməyin vacibliyin vurğuladılar. Bu gün biz möhkəm iqtidar-xalq, ordu-xalq birliyinin bariz nümunəsini görürük.
 
Artıq Azərbaycan ordusu bir sıra yaşayış yerlərini, strateji postları və yüksəklikləri düşməndən azad edib. Bu münasibətlə xalqımızı təbrik edirəm və inanırıq bu müharibə qüdrətli Azərbaycan ordusunun şanlı qələbəsi ilə başa çatacaq və məcburi köçkünlərimiz öz dədə-baba yurduna, doğma torpaqlarına qayıdacaqlar”.