“Davranış və həyat tərzimizi yaranmış vəziyyətə uyğunlaşdırmalıyıq”
Elşad Məmmədov: "Azərbaycanda
investisiyaların, pul kütləsinin artırılması üçün potensial var və karantindən
sonra iqtisadiyyatımızın inkişafını təmin edə bilərik”
Mayın əvvəlindən həyata keçirilən yumşalma tədbirləri bir çox
ölkələrdə olduğu kimi Azərbaycanda da xəstəliyin yayılma sürətini artırdı.
Təsadüfi deyil ki, hazırda dünyada yenidən sərt karantin rejimin tətbiqi
istiqamətində tədbirlər həyata keçirirlər. Ölkəmiz mövcud vəziyyəti nəzərə
alaraq, artıq 21 iyundan ciddi karantin rejimini tətbiq edib, məhz bunun
nəticəsində virusa yoluxanların sayında müəyyən qədər stabilləşmə yaranıb.Lakin sərt karantin bütün dünyada iqtisadiyyatdan yan keçmir. Məhz bu
səbəbdən dünya ölkələri yumşalmaya getməyə məcbur olurlar. Məhdudiyyətlər
iqtisadi fəallığı dayandırır, dövlətlər bundan ciddi ziyan çəkir, gəlirlər
azalır, əhalinin tələbatını ödəmək mümkün olmur. Bu perspektiv bir çox ölkədə
sosial narazılığa yol açır. Bu ölkələrdə iqtisadi dayanıqlıq əhalinin
sağlamlığı amilindən daha çox önəm kəsb etdiyinə görə, karantin rejimi
yumşaldılır.
Əgər işgüzar, iqtisadi
fəallıq yoxdursa...
İqtisadçı ekspert Elşad
Məmmədov "Kaspi”-yə açıqlamasında bildirdi ki, bəzi ölkələrdə
məhdudiyyətlərin aradan qaldırılması və yumşalma iqtisadi faktorla bağlıdır:
"Karantinin sərtləşdirilməsi, bütövlükdə, işgüzar fəallığı bloklayır. Sözsüz
ki, əgər işgüzar, iqtisadi fəallıq yoxdursa, insanlar əksər hallarda iş
yerlərini itirmiş olurlar. Bu, ilk növbədə çox ciddi sosial problemlərə səbəb
olur. Digər tərəfdən bu, dövlətin büdcə daxilolmalarına çox ciddi təsir
göstərir. Çünki dövlətlərin əsas büdcə formalaşdırılması istiqamətlərindən biri
məhz vergi və fiskal yığımlardır. Eyni zamanda beynəlxalq ticarətə baxanda,
görürük ki, çox kəskin azalmalar olur, bu da gömrük yığımları vasitəsilə edilən
büdcə daxilolmalarının reallaşdırılmasına mane olur. Həmçinin, biz faktiki
olaraq görürük ki, bir-iki ay ərzində hansısa biznes fəaliyyətinin
reallaşdırılmaması həmin biznesin bağlanmasına səbəb olur. Çünki biznes bütün
dünyada əksər hallarda kreditləşməyə söykənir və kreditləşmə da daim mənfəət
tələb edir ki, o kreditlərin ödənilməsi prosesi mümkün olsun. Əgər biznes öz
kreditlərini qaytara bilmirsə, bu o deməkdir ki, bank sektorunda da çox ciddi
problemlər yaranır. Bank sektorunda yaranmış problemlər isə bütövlükdə iqtisadi
sistemin çökməsinə gətirib çıxara bilər. Çünki bank sistemi iqtisadiyyatın
qan-damar sistemidir və iqtisadiyyatın ayaqda qalmasına təmin edir”.
"Karantinin iqtisadi
inkişafla bağlı problemlər yaratması şübhəsizdir”
Ekspertin sözlərinə görə, sərt karantinin uzun müddət tətbiq edilməsi,
şübhəsiz ki, bütün milli iqtisadiyyatlara olduqca ciddi zərər verəcək. Amma
iqtisadiyyatı xammal və neft ixracından asılı olan ölkələr bu vəziyyətdən
nisbətən az zərərlə çıxa bilər: "O ölkələrdə ki, onların iqtisadi resursları
məhz qeyd etdiyim sahələrdən çox asılı deyil, məsələn, xammal və ya neft ixracı
ilə məşğul olan ölkələrin müəyyən mənada daha çox imkanları var. Çünki bu
ölkələrin büdcələri məhz vergi yığımlarından asılı deyil. Amma son nəticədə
pandemiya bütün ölkələrə ciddi ziyan
vurur və karantinin iqtisadi inkişafla bağlı ciddi problemlər yaratması
şübhəsizdir”.
Ölkə iqtisadiyyatı
pandemiyaya tab gətirə biləcəkmi?
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyev çıxışında bildirib
ki, əhalinin sağlamlığı və onun təhlükəsizliyinin təmin edilməsi Azərbaycan
dövləti üçün ən mühüm və prioritet vəzifədir.Həmsöhbətimiz ölkə başçısının fikirlərini əsas gətirərək vurğulayır
ki, əhalinin sağlamlığı prioritet olmalıdır: "Ölkə başçısı çıxışında deyib ki,
Azərbaycan güclü dövlətdir, bütün çətinliklərə baxmayaraq, bu günə kimi
əhalinin sosial təminatı və iqtisadi dayanıqlığın təmin edilməsi üçün bütün
tədbirlər görülüb və görülməkdə davam edir. Həmçinin, ölkə başçısına görə,
Azərbaycan dövləti üçün heç bir səbəb,
əhalinin sağlamlığından öndə ola bilməz. Buna heç bir şübhə ola bilməz,
çünki iqtisadiyyat da insanlara xidmət edir və insanların sağlamlığını qorumaq
mümkün olmasa, onda iqtisadiyyatın heç bir mənası da qalmır. Əgər əhalinin
sağlamlığı ilə bağlı ciddi problemlər yaranarsa, son nəticədə iqtisadiyyat da
çökəcək, çünki iqtisadiyyatı da irəliyə çəkən əhalidir. İqtisadiyyatın əsas
istiqaməti əhalinin sosial rifahının yüksəldilməsidir. Buna görə də, əhalinin
sağlamlığını qoruya bilməsək, onun sosial rifahından danışmaq da mümkün
olmayacaq. Şübhəsiz ki, prezidentin bu istiqamətdə tutduğu əsas mövqe tamamilə
düzdür və ölkə əhalisinin sağlamlığının qorunmasını prioritet hesab etməliyik
və edirik. Sadəcə olaraq, bu prosesin iqtisadiyyata təsirsiz ötüşməsi mümkün
deyil. Biz artıq görürük ki, son aylar ərzində iqtisadiyyatımızda azalma baş
verir. Bu, tam şəkildə təbiidir, çünki sərt karantin rejimində iqtisadi
tənəzzülə uğramamaq qeyri mümkündür. Ona
görə də biz, iqtisadiyyatımızla bağlı müəyyən problemlərin yaranmasına hazır
olmalıyıq. Karantindən sonrakı dövrdə iqtisadiyyatımızın intensiv şəkildə
inkişafına nail olmalıyıq ki, bugünkü iqtisadi tənəzzüllə bağlı proseslər uzun
müddətli olmasın və milli iqtisadiyyatımızın inkişaf xəttinə çıxmasına şərait
yarada bilək. Bunun üçün da imkanlar var, çünki Azərbaycanda aktiv şəkildə
investisiyaların, pul kütləsinin artırılması üçün potensial var və mən hesab
edirəm ki, adekvat makroiqtisadi idarəetmə siyasəti çərçivəsində biz
karantindən sonrakı dövrdə iqtisadiyyatımızın inkişafını təmin edə bilərik.
Əsas odur ki, bu gün qaydalara əməl edək və cəmiyyətimizi bu bəladan xilas
edək”.
"Yoluxmanın çoxalıb-artması
normal haldır”
Ölkəmizdə sərtləşmə davam etsə də, hələ də epidemioloji vəziyyəti qənaətbəxş hesab etmək
olmaz. Çünki gündəlik yeni yoluxan xəstələrin sayı sağalanların sayından artıq
olur ki, bu da öz növbəsində təcili tibbi yardımın operativliyinə mənfi təsir
göstərir, səhiyyə müəssisələrinin işini bir qədər də ağırlaşdırır.
Sərt karantin dövründə xəstəliyin artmasının səbəbi nədir? İnsanların
virusla mübarizədə etdiyi səhv nədir?
Azərbaycanın baş
infeksionisti Cəlal İsayev bizimlə söhbətində vurğuladı ki, pandemiya dövründə yoluxmanın çoxalıb-artması
normal haldır. Həkimin sözlərinə görə, yayılmanın səbəbi insanların Operativ
Qərargah tərəfindən verilən tövsiyələrə əməl etməməsi, səhlənkarlıqla
yanaşmasıdır: "Azərbaycanda iyun ayının ortalarından koronavirus ölkə
ərazisində sürətlə yayılmağa başlayıb, gündəlik təsdiq edilmiş halların sayı
500-ü ötüb. Hamı bilməlidir ki, üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir
və bu problemin qısamüddətli, asan həlli yoxdur. Pandemiya dövrünün bir neçə
həftə deyil, daha uzun müddət davam edəcəyini başa düşməli, davranış və həyat
tərzimizi yaranmış vəziyyətə uyğunlaşdırmalıyıq”.
Virusdan qorunma yollarından danışan həkim vurğuladı ki, virusa qalib
gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət
etməkdir: "Virusa qarşı saymazlıq, "bu virus bizə heç nə edə bilməz” kimi
fikirlər yoluxma hallarının artmasına səbəb olur. Bu virus var və kifayət qədər
yüksək yoluxuculuğa malikdir. Artıq 10 milyondan çox adam bu virusa yoluxub,
ölən insanların sayı da yarım milyondan yuxarıdır. İnanmayan insanlar
yaxınlarında bu xəstəliyi görəndən sonra inanmağa başladılar. Gəlin verilən
tövsiyələrə əməl edək. Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli
davranmaq, karantin qaydalarına riayət etməkdir. Artıq koronavirusun mövcud
olub-olmaması müzakirə mövzusu deyil, çünki hər birimizin qohumları, yaxınları,
qonşuları arasında yoluxma halları kifayət qədərdir. Biz nə qədər həmrəy olub
həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə
qaydalara əməl etməyi təmin edə bilsək, bir o qədər tez bu vəziyyətdən çıxa
biləcəyik və həyat öz adi axarına qayıdacaq. Biz nə qədər pozuntulara qarşı
barışmaz olsaq, ətrafımızdakı insanların biganəliyinə qarşı mübarizlik nümayiş
etdirsək, bir o qədər də tez və yaxşı nəticə əldə etməyə müvəffəq ola bilərik”.
Aygün ƏZİZ