• cümə, 26 Aprel, 23:02
  • Baku Bakı 22°C

Cinayət aləminin «Artist» ləqəbli aktyoru

25.12.19 10:00 1039
Cinayət aləminin «Artist» ləqəbli aktyoru
Şevkunenko kino ulduzundan kriminal bossa necə çevrildi?

Yaşasaydı, Sergey Şevkunenkonun 60 yaşı olacaqdı. Amma o, cəmi 35 il yaşadı və öz əcəli ilə ölmədi…
Ona ulduzlu gələcəyinin olacağını demişdilər. Atası tanınmış sovet dramaturqu, rejissor Yuri Aleksandroviç Şevkunenkonun pyesləri ölkənin əksər teatrlarının səhnələrində oynanılırdı. O, "Mosfilm”in ikinci yaradıcılıq birliyinin rəhbəri, eyni zamanda, kinostudiyanın təşkilatının katibi idi. Ancaq Sergeyin atası 1963-cü ildə xərçəng xəstəliyindən vəfat edir. Bununla belə, oğluna «Kiçik sırğa» pyesini həsr etməyi bacarır.
Anası Polina Vasilyevna Şevkunenko teatrda çalışırdı. Seryoja dünyaya gələndə valideynləri artıq 40 yaşında idilər. Böyük bacısı Olqanın 14 yaşı vardı. Buna görə, ən çox diqqət evin balacasına ayrılır, anası özünü bütünlüklə ona həsr edirdi. Çox keçmədən hamı balacanın, yaşına görə çox ağıllı olduğuna əmin olur. Artıq 4 yaşında Seryoja kitab oxumağı bacarırdı. Hətta 8 yaşında uşaqlar üçün deyil, böyüklər üçün olan ciddi kitabları belə oxumuşdu. Hələ kiçik yaşlarından hərbi karyera arzusunda olan Sergey, kino haqqında da xəyallar qururdu. Həmçinin onun liderlik keyfiyyətləri özünü göstərirdi. O, məhəllə oğlanlarını idarə etməyi bacardığı üçün "Şef” ləqəbini qazanmışdı. Bir dəfə kinematoqrafların uşaqları üçün Zaqorsk yaxınlığında olan pioner düşərgəsində məsləhətçi ilə münaqişəyə girdi və düşərgədən birbaşa evə qaçdı. Yetkinlik yaşına qədər özünə avtoritet saydığı bacısı Olqa, hər zaman onun əlindən tuturdu.

Kimdir günahkar?

1963-cü ildə həyat yoldaşı xərçəng xəstəliyindən vəfat edəndən sonra Polina Vasilyevna Şevkunenko uşaqlarının tərbiyəsi ilə tək məşğul oldu. Ailənin dolanışığı çətin idi. Rejissor Eldar Ryazanov Polina Vasilevnanın ağır günlərində dadına çatdı. Onun «Mosfilm»də rejissor assistenti işinə düzəlməsinəyardımçı oldu. Qadın iki nəfərin yerinə işləməli idi. O vaxtdan Seryojanın qayğısına qalmaq bacısı Olqanın çiyinlərinə düşdü.
70-ci illərin əvvəllərində nənəsi dünyasını dəyişdi. Bacısı Olqa isə əri ilə köçüb Amerikaya getdi. Ana ilə Seryoja ikilikdə qaldılar.
Get-gedə Seryojanın dərs oxumağa marağı azalır və pis əməllərlə məşğul olanlara meyl edirdi. Anası nə etmək lazım olduğunu bilmirdi. Çox düşündükdən sonra oğlunun əlindən tutub "Mosfilm”ə gətirdi. Oğlunun Anatoli Rıbakovun povesti əsasında çəkilən üç seriyalı «Kortik» filmində yeni epizoddakı sınaqlara çəkilə biləcəyinə ümid edirdi. Yazıçı çoxlu iddiaçıların içərisindən məhz Şevkunenkonu baş qəhrəman roluna seçdi.
Rıbakov səhv etməmişdi. 13 yaşlı Seroja çox inamla çalışırdı. O, Zoya Fyodorova, Roman Fillipov, Leonid Kmita kimi tanınmış tərəf müqabillərindən çəkinmirdi. Artıq o, müvəffəqiyyət qazanmışdı. Film bitər-bitməz, yeni üç seriyalı «Tunc quş» filmi çəkilməyə başladı. Şöhrət addımbaşı Seryojanı izləyirdi. Yeniyetmənin 15 yaşı olanda artıq o, beş filmdə çəkilmişdi və bu filmlərin üçündə baş qəhrəmanları oynamışdı. Ona yalnız məktəbi bitirmək və bu cür təcrübə ilə heç bir əziyyət olmadan Kinematoqrafiya İnstitutuna daxil olmaq qalırdı.
Ancaq tale onun üzünə gülmədi. Atasız böyüməyi, ən yaxın dostu – daxilindəkiləri ürəkdən paylaşdığı bacısından ayrılması, kiməsə güvənə bilməməsi, günün çox hissəsini işdə keçirən anası ilə az ünsiyyəti, psixologiyasında travma yaradırdı. Ancaq oğlanda ruh düşkünlüyünün səbəbini heç kim bilmirdi.

Oğurladı, içdi və həbs edildi

«Kortik» və «Bürünc quş”un şirin oğlanı, hər kəsin vunderkind hesab etdiyi Seryoja Şevkunenko haqqında çox keçmədən məhkəmə hökmündə bu sözlər yer aldı: «Cinayətkar avtoritet. Cinayət ləqəbi: Şef və Artist. Altıncı dəfədir mühakimə edirik. Xüsusi təhlükəli residivistdir. Milis işçilərinin gündəlik nəzarəti altındadır. Cinayətdə şübhəlidir: çox amansızdır və silahlı atışmaya meyillidir. Üst-ustə 14,5 il azadlıqdan məhrum olunaraq həbsxana cəzası çəkib. Nəzarət zamanı düşərgə rəhbərinə itaət etməyib, sistemli şəkildə rejimi pozduğu üçün dəfələrlə karserə düşüb. Doğru yola qayıtmayacağı formaldır».
Ana bütün vasitələrlə özü oğluna təsir etmək istəyirdi. O, Seryojanı hədsiz sevirdi. Oğlunun həyatda nəyəsə nail olmasından ötrü gecə-gündüz çalışırdı. 8 illik təhsildən sonra anası onu «Mosfilm»in mexanika sexində çilingər yanına şagird düzəltdi. Ancaq Seryojanın işi uzun sürmədi. Xarakteri özünü addımbaşı göstərirdi. Tezliklə o, içkili halda dava-dalaş saldığı üçün ittiham olundu. O, artıq Moskvanın cinayətkar elitasına daxil olmuşdu. "Mosfilm” ərazisindəki mağazalar ona rüşvət ödəyirdi. Bir il sonra Polina Vasilyevna yenidən "Mosfilm”in müdiriyyətinə müraciət edir. Ailə dostu, aktrisa Zoya Fyodorova oğlana zamin olur. Ana həbsdən azad edilən oğlunu işıqçı işinə düzəltdi. Amma sonra qorxunc hadisə baş verir. Zoya Fyodorova öz mənzilində başına açılan atəş nəticəsində öldürülür. Şevkunenkonu yenə də polis bölməsinə çağırırlar. Tədqiqatçılar uzunmüddətli araşdırmalar apararaq yenə də aktyordan şübhələnirlər. Lakin Seryoja qışqıraraq "o, mənim anam kimi idi” deyib, etiraz edirdi. Bundan sonra da polislər yenə də Sergeyə şübhə ilə yanaşırlar. Zoyanın qatili bu günə kimi də tapılmayıb.
Sergey karyerasını davam etdirməyə ümid edərək filmlərdə rol almağa çalışdı. "İtmiş ekspedisiya” filminin davamını çəkməyə hazırlaşan çəkiliş qrupu Şevkunenkonu istəmədiklərini bildirdilər. Rejissorların heç biri keçmiş məhkumu kiçik epizodda belə çəkilmək üçün kadra dəvət etməyə cəsarət etmirdi. Bu etimadsızlıq isə Sergeyin həyatını daha da uçuruma itələyirdi. Onu yalnız sevdiyi iş xilas edə bilərdi. Bu isə kino idi. Əfsus ki, kinoda ona yer qalmamışdı.

Qorxunc sonluq

Sergey yeni cinayətlər törətməyə başladı. Bu, artıq sonluğun başlanğıcı idi. Həbsxana epopeyasına oğurluq, narkotiklərin saxlanılması, oğurlanmış ikona, həbsxanadan qaçma cəhdləri daxil idi… Bir neçə il sonra bir zamanlar böyük arzularla yaşayan artist vərəm xəstəsi olaraq ikinci qrup əlil kimi həbsdən azad edildi. Moskvaya buraxılmadığı üçün bir il Smolenskdə yaşamağa məcbur oldu. Nəyəsə ümid edərək 1989-cu ildə evləndi və bir qızı da dünyaya gəldi. Ancaq Sergey Şevkunenkonun "kriminal ulduzu” aktyorluq ulduzundan daha çox parladı.
Sergey 1989-cu ilin 2 dekabrında yenidən həbs olundu və üzərində silah daşıdığına görə, bir il həbs cəzası aldı. 1991-ci ildə ikona oğurladığına görə, yenidən həbsə düşdü və üç il azadlıqdan məhrum olundu. O, artıq oğru dünyasında avtoritet kimi məşhur idi. "Qanuni oğru” titulu almağa iddia edirdi. Moskvaya qayıdanda anasının yaşadığı Pudovkina küçəsində qeydiyyata düşdü və onun briqadası bütün əraziyə nəzarət edirdi. O, cinayət aləmində «Artist» təxəllüsü ilə tanınırdı. Şevkunenkonun dəstəsi insanları girov götürür, evlərdən oğurluq edirdi.
Ona qarşı bir neçə dəfə qəsd olmuşdu. Moskvada yaşaya bilməyəcəyini başa düşdüyündən, paytaxtı tərk etməyi qərara alır. Amma əyri yoldan dönmək artıq mümkün deyildi. Şevkunenko «briqada» yığaraq doğma «Mosfilm» rayonunda soyğunçuluq, avtomobil oğurluğu, narkotik ticarəti, girov götürmək, mənzil özəlləşdirmə sahəsində fırıldaqçılıqla məşğul idi. Şevkunenkonu axırıncı dəfə üstündə 62 qram həşiş tapdıqlarına görə həbs etdilər. Sergey məhkəmədə iddia etdi ki, narkotiki onun cibinə milis işçiləri atıblar. Ancaq bu, onu həbsdən xilas edə bilmədi. Qaçmağa cəhd etdi, buna görə də əlavə yarım il həbs müddəti artırıldı. Həbsxanada dava etdiyinə görə də ağır yaralandı, amma sağ qaldı. O, cinayətkar ierarxiyanın daim avtoriteti olurdu. Həbsdən çıxdıqdan sonra kriminal aləmdə nüfuzlu qruplaşmalarla toqquşmalar yaşadı. Rusiyada yaşaya bilməyəcəyini anladı. O, hər şeyi atmaq, 75yaşlı anasını da götürüb bacısının yanına - ABŞ-a getmək qərarına gəldi. Hətta sənədləri də yığmışdı. Hər şey yaxşılığa dəyişə bilərdi. "Artist” özü də buna inanmağa başlamışdı, ancaq...
Hər şey bir anın içində baş verdi. 1995-ci ilin 11 fevralında Pudovkina küçəsindəki evinin dəhlizinə daxil oldu. Elə burda killerlə rastlaşdı. Yaralı Şevkunenko liftlə qalxaraq mənzilinə çatdı. Qatil isə onu təqib edirdi. Evə daxil olan zaman Polina Vasilyevna onun qarşısına atılaraq oğlunu xilas etməyə çalışdı. Bu zaman qatil qadını başına açılan iki güllə ilə cəzalandırdı. «Sən nə edirsən, dələduz”-deyə Sergey anasının axan qanını saxlamağa, ona kömək etməyə çalışdı. Lakin bu zaman qatil digər gülləni Sergey üçün hazırlamışdı…
Qəsd ərəfəsində həyat yoldaşı Sergeylə dava etdiyi üçün qızını da götürüb anasıgilə getdiyindən, onlar möcüzə nəticəsində sağ qaldılar. Bu mübahisə onların həyatını xilas etdi.
Ana və oğul, hər şeyə rəğmən, bir-birilərini son anacan çox sevirdilər. Və birlikdə də bu həyatdan köçdülər. Beləliklə, film ulduzu ola biləcək bir insanın həyatı faciəli şəkildə sona çatdı.

Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər