“Cəmiyyət hökumətə inanır, etimad göstərir”
Müstəqil Azərbaycanın
iqtisadi inkişafı, əldə etdiyi uğurlar dünya dövlətlərinin diqqətini hər zaman
cəlb edib. Məhz buna görədir ki, beynəlxalq təşkilatlar ölkəmizdə həyata
keçirilən daxili və xarici siyasət, siyasi-iqtisadi nailiyyətlər barədə
mütəmadi olaraq araşdırmalar aparır, hesabatlar hazırlayaraq yayırlar. Bu
günlərdə ING maliyyə holdinqinin (Hollandiya) analitikləri Azərbaycan barədə
daha bir məruzə hazırlayıblar. Azərbaycanla bağlı araşdırmaları bu holdinqin
tərəfdaşı olan ACT LLC humanitar tərəfdaşlıq təşkilatı Avropa İttifaqının
"Şərq Tərəfdaşlığı” proqramının sifarişi əsasında aparıb.Məruzəyə görə,
Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar
rəyi soruşulanların 45 faizinin, Milli Məclisisə 65 faizinin etibarını
doğruldur. Vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin
qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını
nikbinliklə baxır. ACT LLC-nin sosioloqları vətəndaşların həyatında ən böyük
problemlər haqqında suallar da verib.
Araşdırma zamanı, həmçinin Azərbaycanda
iqtisadi vəziyyət təhlil olunub. 2018-ci il üçün inflyasiyanın səviyyəsi 6,9
faiz proqnozlaşdırılır. Qeyd edilir ki, 2018-ci ildə manatın dollara nisbətində
orta illik məzənnənin 1,59 (hazırda 1,7) təşkil edəcəyi gözlənilir. 2018-ci
ildə neftin bir barrelinin qiymətinin 51 dollar olacağı proqnozlaşdırılır.
Analitiklər daxili tələbatın daha da sabitləşəcəyini gözləyirlər. Ekspertlər
kənd təsərrüfatında və qeyri-neft sektorunda artım olduğunu qeyd edirlər, amma
inşaata investisiyaların kifayət qədər olmadığını hesab edirlər. Bildirilir ki,
ötən il pərakəndə satışların artımı 2 faiz ətrafında dəyişib, əməkhaqqı və
gəlirlərin artması istiqamətində ilk dönüş əlamətləri qeydə alınıb.
Bu araşdırma ilə bağlı
fikirlərini açıqlayan millət vəkili,
Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib ki, Hollandiyanın ING maliyyə holdinqinin analitik məruzəsi
müxalifətin ölkənin inkişafı ilə bağlı daxili və xarici sorğuların nəticələrinə
şübhə ilə yanaşmasına son qoyub. Deputat qeyd edib ki, cəmiyyət hökumətə
inanır, etimad göstərir. Onun sözlərinə görə, bu, şübhəsiz ki Prezident ilham
Əliyevin ölkədə sabitliyin təmin edilməsi sahəsində gördüyü möhtəşəm işlərlə
bağlıdır: "Həmin şəxslər aparılan islahatlara inamsızlıqla yanaşırdılar. Amma
Hollandiyanın sorğu mərkəzinin hesabatı məsələnin obyektivliyinə şübhə yeri
qoymur. Əgər bu sorğu nəticəsində hakimiyyətə əhalinin 81 faizi, parlamentə 65
faizi, siyasi partiyalara 45 faizinin inandığını üzə çıxırsa, bu hal siyasi
partiya rəhbəri kimi məni sevindirir. Hesab edirəm ki, siyasi partiyalar
obyektiv və subyektiv cəhətdən həqiqətən cəmiyyətin tam ümid yerinə çevrilə
bilməyiblər. 35 faiz cəmiyyətin parlamentə etimad göstərməməsi də təbii haldır.
Bu sorğu parlament qarşısında daha böyük məsuliyyət qoyur ki, xalqın etimadını
qazanmaq üçün daha çox çalışmalıyıq. Hökumətə olan etimada gəlincə isə, xalq bu
hakimiyyətə alternativ qüvvə görmür”.
Siyasi şərhçi, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP)
sədr müavini Elçin Mirzəbəyli qeyd edib ki, bu sorğu Avropa
İttifaqının Şərq Tərəfdaşlığı proqramının sifarişi ilə həyata keçirilib. Onun
fikrincə, bu kimi sorğular daha öncə digər "Şərq Tərəfdaşlığı”na üzv olan
ölkələrdə də keçirilib. Siyasi şərhçi bildirib ki, nəticələr baxımından
Azərbaycan ən yüksək göstəricilərə malikdir: "Azərbaycan vətəndaşlarının
dövlətə olan etimadı çox böyükdür. Şübhəsiz ki, bu da Azərbaycanda həyata
keçirilən layihələrdən və Azərbaycan dövlətinin sosial dövlət olmasından
qaynaqlanır. Digər tərəfdən, Azərbaycan bu günə kimi beynəlxalq müstəvidə, ölkə
daxilində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Bu da dövlətin həm
beynəlxalq müstəvidə nüfuzunun yüksəlməsinə, eyni zamanda vətəndaşların
etimadının artmasına səbəb olur. Təbii ki, burada rol oynayan əhəmiyyətli faktorlardan
biri də Azərbaycan vətəndaşlarının kifayət qədər vətənpərvər olmaları, öz
dövlətlərini sevmələri, regionda və dünyada baş verən prosesləri dərk etmələri,
bütövlükdə isə Azərbaycan dövlətinin gələcəyinə inam bəsləmələri ilə bağlıdır.
Kifayət qədər nüfuzlu bir təşkilatın korporasiyasının həyata keçirdiyi bu
sorğunun nəticəsi Azərbaycanın mövqelərini daha da möhkəmləndirəcək, ölkəmizə
investisiyaların cəlb olunmasında əhəmiyyətli rol oynayacaq. Eyni zamanda, bu
faktor dünyaya Azərbaycan vətəndaşlarının dövlətə olan münasibətini, həmçinin
öz gələcəklərinə, dövlətin gələcəyinə olan münasibətlərini ortaya qoyur. Bu da
siyasi dəyərləndirmələrdə çox mühüm faktor kimi qiymətləndirilməlidir”.
Siyasi şərhçi Azər Həsrət də deyib ki,
Azərbaycanla bağlı belə rəqəmlərin ortaya çıxması təsadüfi deyil. Onun
sözlərinə görə, Azərbaycanda hər kəsin şəxsən Prezident İlham Əliyevə böyük
etimad göstərdiyi bilinən gerçəkdir: "Əslində, ilk rəqəm 100 faiz də ola
bilərdi. Məhz cənab Prezidentin nüfuzuna görə. Sadəcə olaraq sorğuda iştirak
edənlərin bir qismi yerlərdə bəzi balaca məmurların uyğunsuz davranışlarından
əsəbiləşərək hökumətə etibar məsələsində çəkingən davranıb. Ümumiyyətlə isə,
belə bir sorğu aparılmadan da hər kəs bilir ki, Azərbaycanda xalqla
dövlət-hakimiyyət arasında qarşılıqlı inam, etimad çox yüksək səviyyədədir”.
Alpər TURAN