• cümə, 26 Aprel, 06:38
  • Baku Bakı 12°C

Buz kimi qarpız, bal kimi yemiş

23.06.16 11:22 3161
Buz kimi qarpız, bal kimi yemiş
Yerli istehsalın artması həm İran və Türkiyə mənşəli qarpız və yemiş məhsullarının Azərbaycana idxalının azalmasına, həm də ölkəmizin ixrac potensialının artmasına səbəb olub. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, təkcə iyun ayı ərzində 57,5 ton qarpız, 16 ton yemiş məhsulu Rusiya Federasiyasına ixrac olunub.
Nazirlik yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzində Azərbaycana idxal olunan, eyni zamanda ölkədə açıq bostan şəraitində yetişdirilən məhsulların stasionar laboratoriya şəraitində analitik sistem cihazları vasitəsilə kimyəvi və toksikoloji müayinələri aparılır.
Son günlərdə həyata keçirilən müayinələr zamanı qarpızlarda nitratların miqdarının 37 mq/kq, yemişdə isə 72 mq/kq olduğu məlum olub. Müqayisə ücün bildirək ki, qarpızlarda nitratların norması 60 mq/kq, yemişdə isə 90 mq/kq–dır. Sevindirici haldır ki, müayinələr zamanı məhsullarda insan saglamlığı ücün təhlükə yaradacaq ağır metalların və pestisid qalıqlarının miqdarına rast gəlinməyib.
Dövlət Fitosanitar Nəzarəti Xidməti istehlakcıları bostan məhsulları alan zaman məhsulun xarici görünüşünə diqqət yetirməyə dəvət edir. Əzik, çatlamış, çürüməyə məruz qalmış məhsullar almaq, eyni zamanda məhsulu soyuducuda uzun müddət saxlamaq olmaz. Əgər düzgün temperatura riayət olunmaqla məhsul soyuducuda saxlanılarsa və istifadə olunarsa, insan orqanizmi üçün heç bir təhlükə yarana bilməz.
Göründüyü kimi, qarpız və yemişdən yayın ilk ayından başlayaraq istifadə edilməsi ilə bağlı son illər güclənən ənənə bu il də davam edir. Bəs bu məhsulların erkən yetişməsi nə ilə əlaqədardır?
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Elmar Allahverdiyev qəzetimizə verdiyi açıqlamada bildirdi ki, həmin məhsulların vaxtından erkən yetişməsinin müxtəlif səbəbləri var: "Bəzi ərazilərdə, xüsusilə Cəlilabad zonasında qarpız əkilən zaman həmin sahə polietilen torbalarla örtülür. Digər bir tərəfdən isə bostan məhsullarını vaxtından bir qədər tez əkirlər. Əkin vaxtları adətən aprel-may ayında olursa, bəziləri hətta martın ortalarında artıq qarpız və yemiş əkirlər. Qarpız və yemişin mövsümdən əvvəl yetişməsinə səbəb olan amillərdən biri də bostan məhsullarına ona tez yetişməsi üçün gübrə verilməsidir. Bu gübrələrdən daha çox nitratlar-azot gübrəsindən istifadə olunur. Ona görə də bitki daha tez böyüyür və inkişaf edir. Gübrə normadan artıq veriləndə bu, insan səhhətinə mənfi təsir göstərə bilər”.
E.Allahverdiyevin sözlərinə görə, məhsulun tərkibində gübrənin çox olmasını müxtəlif üsullarla bilmək olar: "Bunu həm kustar, həm də elmi üsulla öyrənmək mümkündür. Adi şəraitdə xüsusilə qarpızın saplaq tərəfinə fikir vermək kifayətdir ki, onun tərkibinin necə olmasını müəyyənləşdirəsən. Saplaq tərəfdə qarpızın ağ olması və damarlanması gübrənin çox verilməsinin əlamətidir. Laboratoriya şəraitində azot gübrəsinin səviyyəsi xüsusi cihazla yoxlanılır. Qarpızın tərkibindəki gübrənin miqdarının çox olması uşaqlara daha çox ziyandır. Bu, onlarda müxtəlif xəstəliklərə səbəb ola bilər. Azərbaycanda son illərdə bostan bitkiləri, xüsusilə qarpız və yemiş əvvəlki illərə nisbətən daha çox əkilir və məhsul əldə edilir. İndi artıq yerli məhsullarımız daxili bazarın tələbatını lazımınca ödəyir. Əvvəllər Özbəkistandan, Türkmənistandan ölkəmizə xeyli bostan məhsulları gəlirdi. Son illər bu rəqəm azalmağa başlayıb. Bu da onunla əlaqədardır ki, yerli məhsulun məhsuldarlığı və keyfiyyəti yüksəkdir. Son illər ərzində bu sahəyə diqqət artıb. Mərkəzi Aran, Saatlı, Sabirabad rayonlarında, Kürdəmir ərazisində yetişdirilən bostan məhsulları bu gün daxili bazarın təlabatını tam ödəyir”.
Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov açıqlamasında bildirdi ki, may ayının sonları və iyun ayının əvvəllərində bununla bağlı təxminən 12 müraciət qeydə alınıb: "Həmin xəstələr ağır şəkildə olmayıblar. Müraciətlərin demək olar ki, hamısı qarpız ilə bağlı olub. Həmin xəstələrdə ürəkbulanma, ümumi halsızlıq kimi hallar müşahidə olunub. Xəstələr müayinə edilib, onlara lazımi tövsiyələr verildikdən sonra öz evlərinə buraxılıb. Həmin xəstələr ümumiyyətlə xəstəxanada qalmayıb”.
A.Maqsudov qeyd etdi ki, ümumiyyətlə, may-iyun ayları qarpız və yemişin yetişməsi üçün tezdir: "Erkən yetişdirilən bostan məhsullarının tərkibində kimyəvi maddələrin sayı və dozası xeyli çox olur. Məsləhətdir ki, insanlar həmin tərəvəzlərin yetişmə vaxtını gözləsinlər. İyunun axırı-iyulun əvvəlləri qarpızın əsl yetişmə vaxtıdır. Burada sırf təbii yolla yetişdirilən qarpız-yemişdən söhbət gedir. Lakin qeyd etməliyəm ki, əvvəlki illərə nisbətən bu il zəhərlənmə faktı ilə bağlı müraciət edən xəstələrin sayı bir qədər azalıb. Düzdür, bununla bağlı erkən müarciətlər olsa da, bu il bu rəqəm çox azdır. Həmin insanlar isə sadəcə olaraq həkimə müraciət ediblər. Burada zəhərlənmə faktı qeydə alınmayıb. Misal üçün, keçən il bu rəqəm daha böyük, təxminən 20 nəfərə yaxın olmuşdu”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər