• cümə, 26 Aprel, 22:07
  • Baku Bakı 22°C

Büdcədən KİV DF-yə ayrılan vəsait artırılmalıdır

15.11.17 12:00 2506
Büdcədən KİV DF-yə ayrılan vəsait artırılmalıdır
Milli Məclis komitələrinin birgə iclasında büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı deputat Hikmət Məmmədov Azərbaycanda dövlətin kütləvi informasiya vasitələrinə (KİV) ayırdığı maliyyənin artırılmasını təklif edib. O, informasiya təhlükəsizliyinin təminatında, KİV-in rolunun böyük olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, məhz bu səbəbdən KİV-ə maliyyə vəsaitlərinin artırılmasına ehtiyac var. H.Məmmədov bildirib ki, Azərbaycanda çap mediasının saxlanmasına, bu sahənin inkişaf etdirilməsinə görə Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna dövlət tərəfindən maliyyə vəsaiti ayrılır. Deputatın fikrincə, ayrılan vəsait yetərincə deyil. O, deyib ki, ölkə mediasının daha da inkişaf etdirilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunaayrılan vəsait artırılmalıdır.

"525-ci qəzet”in Baş redaktoru Rəşad Məcidbildirib ki, Azərbaycanda medianın inkişaf etdirilməsi üçün dövlətdəstəyi konsepsiyasının hazırlanması, Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması yazılı mətbuatı xilas edib. Onun sözlərinə görə, bu, hər yerdə təqdir olunur: "KİV DF-nin ayırdığı maliyyə yardımları qəzetlərin iqtisadi vəziyyətinə müəyyən dərəcədə köməkdir. Ancaq bu köməyin həcmi daha çox olmalıdır ki, redaksiyalar üzləşdiyi çətinlikləri aşa bilsin, müxtəlif mövzular işıqlandırılsın, mətbuat daha uzunömürlü olsun. Bu baxımdan "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Məmmədovun Milli Məclisdə səsləndirdiyi fikirləri, irəli sürdüyü təklifi dəstəkləyirəm. Hesab edirəm ki, KİV DF-nin vəsaiti ikiqat artırılarsa, bu, medianın daha da inkişafına xidmət edər”.

"Bakı xəbər” qəzetinin Baş redaktoru Aydın Quliyevmillət vəkili tərəfindən səsləndirilən təklifin onun da diqqətini cəlb elədiyini söyləyib. Bildirib ki, H.Məmmədov millət vəkili olmaqla bərabər, "Yeni Azərbaycan” qəzetinin baş redaktorudur və o, sadəcə media təəssübkeşliyi baxımından deyil, Azərbaycan mediasının indiki vəziyyətini dəyərləndirərək, real tələbatdan çıxış edərək, bu cür təşəbbüs irəli sürüb: "Hikmət Məmmədov Azərbaycan mediasının bugünkü vəziyyətinə yaxından bələd olan adamdır. Ona görə də belə bir təşəbbüslə çıxış edib. Şərti olaraq indiyə qədər dövlətin çap mediasına göstərdiyi dəstəyi dövlət dəstəyinin ilkin mərhələsi hesab etsək, bunun növbəti mərhələsinin başladılmasına ciddi ehtiyac var. 2009-cu ildən başlayaraq birinci mərhələdə dövlət dəstəyinin əsas məqsədi, hədəfi yeni şəraitdə çap mediasını ayaqda saxlamaq, onun bünövrəsinin möhkəmliyini təmin etmək, dövlət qurumları ilə medianın əlaqələrini yaxşılaşdırmaq idisə, ikinci mərhələdə çap mediasının daha da inkişafına böyük dəstək verilməli, yeni perspektivlərin açılması əsas hədəf olmalıdır. Dövlət dəstəyinin ikinci mərhələsinin açılmasına çap mediasının bu gün doğurdan da böyük ehtiyac var. Fikrimcə, bu mərhələdə elektron medianın da dəstəklənməsinə şans yaranacaq. Bir sözlə, çap mediasının dövlət dəstəyinə ehtiyacı doğurdan da ciddidir. Ümid edirəm ki, hörmətli millət vəkilinin irəli sürdüyü təşəbbüs müvafiq dövlət qurumlarında lazımınca dəyərləndiriləcək”.

"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf ArifoğluH.Məmmədovun təklifini dəstəklədiyini bildirib və buna görə ona minnətdarlığını çatdırıb. O, qəzetimizə açıqlamasında deyib ki, Azərbaycanda dövlət tərəfindən həm çap, həm də elektron mediaya maliyyə dəstəyi verilməsinə böyük ehtiyacı var: "Elektron media bu gün Azərbaycan sərhədlərindən kənarda da mühüm yayım vasitəsidir. Bu səbəbdən həmin media qurumlarını gücləndirmək gərəkdir. Bizim düşmənlərimizin xüsusilə rusdilli auditoriya üçün nəzərdə tutulan güclü yayım imkanları, informasiya resursları var. Onlar rusdilli yayım məkanında çox güclü işləyirlər. Bu kimi səbəblərdən Azərbaycan mediasının bir qalxınma proqramına ciddi ehtiyac var. Düzdür, Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yazılı mediaya ciddi dəstək verir. Çap mediası məhz bu dəstək hesabına bu gün ayaqdadır. Hesab edirəm ki, Azərbaycanda mətbuat orqanlarının, eləcə də elektron medianın daha da inkişaf etməsinə ciddi ehtiyac var. Bunun üçün isə mediaya dövlət dəstəyi, maliyyə yardımı daha da artırılmalıdır. Xüsusən də elektron medianı dövlət dəstəyi proqramına qoşmaq ehtiyacı var. Bu, informasiya əsrində Azərbaycan üçün ümdə məsələlərdən biridir”.

"Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də həmkarı H.Məmmədovun təklifini müsbət qarşılayıb. O, bu barədə qəzetimizə açıqlamasında deyib ki, H.Məmmədov da baş redaktor olaraq Azərbaycanda medianın durumunu kifayət qədər yaxşı bilir: "O, Azərbaycanda tanınan mətbuat orqanlarından birinin baş redaktorudur. Çağdaş reallıqlarda Azərbaycan mediasının, xüsusən də çap medianın qarşılaşdığı problemlər hər kəsə bəllidir. Bu baxımdan, dövlət Azərbaycan mediasına kifayət qədər dəstək verir. Vahid konsepsiya əsasında uzun müddətdir ki, mediaya dövlət dəstəyi həyata keçirilir. Ancaq bugünkü reallıqları, Azərbaycan mediasının mövcud durumu nəzərə alınmaqla, KİV-ə edilən maliyyə yardımının həcminin artırılması yaxşı hal olardı. Ona görə də hörmətli millət vəkilinin irəli sürdüyü təklifi tamamilə dəstəkləyirəm. Hesab edirəm ki, o, reallıqları nəzərə alaraq belə bir təkliflə çıxış edib”.

"Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev də millət vəkili H.Məmmədovun təklifini müsbət dəyərləndirib: "Hər dəfə büdcə müzakirələrində belə təkliflər səslənir. Nəticəsi də gözlənilən kimi olmur. Hikmət müəllimin təklifini müsbət qarşılayıram. Ancaq ümumən götürəndə bu artımın "Bizim Yol” olaraq bizə elə də bir təsiri olmayacağını düşünürəm. Hər bir halda, təklifin də əleyhinə deyiləm. Yaxşı təklifdir”.

"Türküstan” qəzetinin baş redaktoru Aqil Camal qeyd edib ki, bu gün Azərbaycanda ciddi qəbul edilən çap mediası Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəklədiyi layihələr sayəsində ayaqda durur: "Doğrudur, ötən iki ildə dövlət büdcəsində bir sıra sahələrə ayrılan vəsaitlərdə azalmalar olsa da, KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna ayrılan vəsait stabil saxlanılmışdı. Bunun üçün cənab Prezidentə və parlamentə təşəkkürümüzü bildiririk. Gələn ilin dövlət büdcəsində KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna ayrılan vəsait artırılması məncə, çox zəruridir. Birincisi, nəzərə almaq lazımdır ki, vəsait Fondun adına ayrılsa da, böyük hissəsi Fond tərəfindən xərclənmir, qəzetlərin hesabına köçürülür. Fond burada yalnız vasitəçi rolundadır. Həmçinin, Fond il ərzində bir sıra yerli, regional tədbirlər, yazı müsabiqələri və s. keçirir. Bundan başqa, son illərdə artan qiymətlər qəzetlərin də maddi vəziyyətinə ciddi təsirini göstərib. Bu baxımdan, gələn ilin dövlət büdcəsində KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna ayrılan vəsaitin artırılması media camiəsi tərəfindən alqışlanacaq bir addım olardı”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər