• cümə, 29 Mart, 01:54
  • Baku Bakı 7°C

Bu qədər sevildiyini bilmirmiş

17.07.19 14:45 24196
Bu qədər sevildiyini bilmirmiş
İyulun 10-da Prezident İlham Əliyev Xalq artisti, tanınmış rejissor Mərahim Fərzəlibəyovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzaladı.Rejissor Mərahim Fərzəlibəyov "Şöhrət” ordeni aldıqdan sonra təəssüratlarını bizimlə bölüşdü. Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə təltif edilən xalq artistinin sevincinin həddi-hüdudu yox idi. Bildirdi ki, diqqət mərkəzində olduğunu bilmək hər bir rejissora stimul verir.
- Mərahim müəllim, sizi "Şöhrət” ordeni ilə təltif olunmanız münasibəti ilə təbrik edirik. İstərdik təəssüratlarınızı bölüşəsiniz.
- Çox gözəl hisslərdir. Mənə bu mükafatı layiq gördüyü üçün cənab prezidentimiz İlham Əliyevə təşəkkürümü bildirirəm. Bu mükafatı mənə təqdim etməklə, çalışdığım bu 50 ildəki əziyyətimi qiymətləndirdi, yaradıcılığıma dəyər verdiyini bir daha təsdiqlədi. İnsan, əziyyətinin qiymətləndirildiyini gördükdə sevinc hissi keçirir. Mən də bu gün o hissi yaşayıram. Bu günə qədər çalışdığım hər bir layihədə dövlətimizin maraqlarını üstün tutmuşam. Prezidentimizin yürütdüyü ideyaları bədii şəkildə səhnədə tamaşaçılara çatdırmağa çalışmışam və bundan sonra vətənimə bu yolla xidmət etməyə davam edəcəyəm.
- "Şöhrət” ordeni ilə təltif olunacağınızı gözləyirdiniz?
- Açığı, gözləmirdim. Çünki mükafat almamışdan öncə mədəniyyət nazirimiz Əbülfəs Qarayev məktubla məni təbrik edib, göstərdiyim xidməti yüksək qiymətləndirmişdi. Əslində elə o məktubun özü mənim əməyimə verilən dəyər idi. O məktubdan sonra heç bir mükafat gözləmirdim. Güman etmirdim ki, o təbrikdən böyük bir mükafata layiq görülərəm. Bu, mənə ikiqat bir bayram oldu. Mükafat aldıqdan sonra çoxsaylı təbriklər gəldi. Açığı, bilmirdim ki, məni bu qədər sevən insanlar varmış. Ən çox da məni sevindirən tamaşaçılardan aldığım təbrik zəngləri oldu. Xəbəri eşidən dostlarımla bərabər, tanımadığım insanlar da zəng edib mənə ürək sözlərini deyir, təbrik edirdilər. Mükafat alandan sonra belə "təbrik atəşi”nə tutulacağımı da gözləmirdim. Bu qədər sevildiyimi bilmirdim. Məni təbrik edən, uğuruma sevinən hər kəsə böyük minnətdarlığımı bildirirəm. Sənətimə verilən bu mükafatı mənimlə birlikdə bölüşdülər, sevincimə daha böyük sevinc qatdılar.
- Bu mükafat sizin üzərinizə hansı məsuliyyəti qoydu?
- 70 yaşım var və ömrümün bu çağında elə tamaşalar səhnələşdirməliyəm ki, qazandığım o rəğbəti qoruyub saxlaya bilim. Ölkəmin, vətənimin maraqlarına qulluq etməyə davam edim və daha yaradıcı, yenilikçi ideyalarla tamaşaçılarımı sevindirim. Belə ki, hazırladığım tamaşalarla səhnədə gözəl və müsbət ideyaları tamaşaçılarıma çatdırım. Hansı ki, o ideyalar insanı yaşamağa, yaratmağa səsləyir.
- Mərahim Fərzəlibəyovun xalqın sevgisini qazanmaq üçün keçən yolu haradan başlayır?
- Xalqın sevgisini qazanmaqdan ötrü gərək xalqın istəyini, sənətə olan məhəbbətini duyasan. Cəmiyyətin bu gün biz rejissorlardan nə istədiyini bilmək zəruri tələbdir. Əgər insanlar istədiyi fikirləri mənim tamaşalarımda tapırsa, bunun özü mənim üçün böyük xoşbəxtlikdir. Mən bir günün içində Mərahim Fərəzlibəyov olmamışam. İllərdir müxtəlif ideyalar zəminindən formalaşmış tamaşalar hazırlamaqla tamaşaçıların rəğbətini qazanmışam. Çalışmışam ki, tamaşaçılar hazırladığım tamaşalara baxanda ordan hansısa ideya götürsünlər. Ali təhsil almaq üçün Leninqrada getmişəm. Orada Dövlət Teatr, Musiqi Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olmuşam. İxtisas müəllimim dünya şöhrətli rejissor, SSRİ xalq artisti, professor Georgi Tovstonoqovdan beş il dərs almışam. İnstitutda təhsilimi başa vurduqdan sonra Çeçenistan Muxtar Respublikasının paytaxtı Qroznı şəhərindəki Mixail Lermontov adına Dövlət Rus Dram Teatrında çalışmışam. Orada 1977-ci ildə Tennessi Uilyamsın "Arzu tramvayı” dramına, Jan Batist Molyerin "Tartüf” komediyasına, Boris Vasilyevin "Qış gecəsinin nağılı” pyesinə, Alla Sokolovanın "Faryatevin fantaziyası” psixoloji tragikomediyasına, Yevgeni Sefip və Nikolay Novitskinin "Yegelyanın səadəti”, uşaqlar üçün Sergey Mixalkovun "Lovğa dovşan” nağılına səhnə quruluşları vermişəm. Bunların hamısı tarixdir.Və nəhayət Azərbaycana geri döndükdən sonra Sumqayıt Teatrına dəvət aldım. Sumqayıta o zamanlar "poladəridənlər şəhəri” deyirdilər. O teatrda maraqlı tamaşa hazırladım. Səhnələşdirdiyim ilk tamaşadan sevildim. Bu tamaşa vasitəsi ilə ulu öndərin apardığı ideyaları göstərə bildim.
- 146 yaşlı teatra 46 ilinizi veribsiniz. Geriyə baxanda peşmanlıq hissi keçirirsinizmi?
- Əsla peşman deyiləm. Azərbaycan teatrında özünəməxsus dəsti-xəttim var. Özümün açdığım bir cığır var ki, o cığırla da yola davam edirəm. Geriyə baxanda onları daha da inamla inkişaf etdirdiyimin şahidi oluram. Mən incəsənətin ən çətin növü olan və bütün mədəni sənətləri özündə birləşdirən teatrla məşğulam. Bütün gözəl sənətləri vəhdət halında tamaşaçılara çatdırmaqdan böyük zövq alıram. Hazırladığım tamaşanı təqdim edəndə və o tamaşa seviləndə, tamaşaçı alqışına boğulanda sevincimin həddi olmur. O zaman hiss edirəm ki, hələ də bu sənətə lazımam. Bir daha dünyaya gəlsəydim yenə də rejissor olardım. Yenə də xalqın sevgisini qazanardım. Yaradıcılıq yolum da çox rəngarəng və keşməkeşli olub. Belə ki, bir müddət Sumqayıt Dövlət Teatrında, Akademik Milli Dram Teatrında baş rejissor vəzifəsində çalışmışam. Hazırda isə Bakı Bələdiyyə Teatrında yaradıcılığımı davam etdirirəm. Bu gün geriyə baxanda həqiqi mənada fərəh hissi keçirirəm. Azərbaycan teatr tarixinə nəzər salanda müəyyən dəsti-xəttimin və imzamın olduğunu görürəm. Bundan böyük xoşbəxtçilik nə ola bilər ki?
- Artıq bir teatr mövsümünü də geridə qoyduq. Cari mövsümü sizin üçün uğurlu hesab etmək olarmı?
- Hazırda Bələdiyyət Teatrında müqavilə ilə çalışıram. 2 il bundan qabaq Akademik Milli Dram Teatrında dramaturq Çingiz Ələsgərlinin, Məmməd Səid Ordubadinin "Qılınc və qələm” romanının motivləriəsasında yazdığı "Qətibə inanc” pyesinə quruluş verdim. O tamaşa bu il çox baxımlı və aktual oldu. Böyük bir ədəbiyyatın teatra gəlməyi uğur idi, yenilik idi. Bundan başqa Bakı Bələdiyyə Teatrında Cümhuriyyətin 100 illik yubileyi ilə bağlı"Şanlı Vətən” tamaşasına quruluş verdim. O da bir yenilik idi. Bu tamaşa vasitəsi ilə müstəqilliyə gedən uzun bir yolu tamaşaçılar görə bildi. Bu 2 il ərzində müəyyən uğurları öz tərəfimdə hiss etdim. Əlbəttə ki, bu, azdır. İstəyərdim ki, cari ildə əldə etdiyim uğurlarım, nailiyyətlərim daha çox olsun. Nəinki özümə, eyni istəyi həmkarlarım üçün də arzu edirəm. Çünki onların uğuruna sevinən insanam.
- Yeni mövsümdə hansı tamaşalara quruluş verəcəksiniz?
- İsa Hüseynovun "Məhşər” romanı əsasında Çingiz Ələsgərlinin qələmə aldığı "Nəsimi” əsəri üzərində məşq edəcəyik. Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bu tamaşa oktyabrda tamaşaçılara təqdim olunacaq. Mənim üçünü o böyük bir romanı səhnədə görməyin özü bir fəxrdir. İnanıram ki, bu tamaşa ilə yeni mövsümdə tamaşaçıları yenə də sevindirə biləcəyəm.
Xəyalə Rəis
Bu yazı "İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Teatr mədəniyyətinin formalaşması istiqamətində TV və radio proqramların hazırlanması” layihəsi çərçivəsində hazırlanıb
banner

Oxşar Xəbərlər