• şənbə, 27 Aprel, 07:27
  • Baku Bakı 12°C

Brontenin nəşr olunmamış kitabı

25.07.16 10:30 1444
Brontenin nəşr olunmamış kitabı

Britaniyalı yazıçı Şarlotta Bronteyə aid nəşr olunmamış əlyazmaların və Şarlotta-Anna Bronte bacılarının analarına aid bəzi məktub və şeir parçalarının yer aldığı ədəbi toplu Bronte ailəsinin Qərbi Yorkşayer, Havortda yerləşən mülkünə geri təslim edilib. "Guardian” xəbər verir ki, şair-rəssam Maria Branuel ədəbi irsinin toplandığı yeganə kitab "Henri Kirkdən qalanlar”ı 1812-ci ildə ailə qurduğu Patrik Bronte ilə yaşadıqları evə gətirmək istəyib. Bu məqsədlə ailəsinə məktub ünvanlayan Maria bu kitabın yeganə nümunə olduğunu və dərhal artıq Yorkşayerdə yerləşən evinə göndərilməsini istədiyini yazır. Lakin təəssüf ki, Kornvoldan Yorkşayerə gedən gəmi Devon limanında qəzaya uğrayır. İtən bağlamaların arasında Marianınkı da olur. Sonrakı axtarışlar zamanı ona aid bir neçə əşya və bir neçə səhifəsi məhv olmuş bu kitab tapılır və Mariaya verilir. Branuel dünyasını çox erkən 1821-ci ildə, övladları Şarlotta və Anna və oğlu Branuel çox kiçik ikən 33 yaşında dəyişir. Bundan sonra ona aid hər şey həyat yoldaşı Patrik Brontenin himayəsində olur. 1861-ci ildə Patrikin vəfatından sonra kitab auksionda satışa çıxarılır və cari ilin iyul ayının 17-nə kimi olan uzun bir zaman ərzində ABŞ-da qalır. Kitabın auksionda satılan nüsxəsinin içində yazıçı Şarlotta Brontenin də nəşr olunmamış əlyazmaları olub.

Ötən il isə "Bronte” fondu bu məşhur kitabın izinə düşdü. Arxivlər açıldı, hərrac tarixləri, hərracda iştirak edən amerikalılar, satışa çıxarılan eksponatlar araşdırıldı. Və nəhayət ilin sonunda kitab tapıldı. Lakin kitabın satışı ilə bağlı tərəflər razılıq əldə edə bilmirdilər. Kitabın satın alınması və Brontelərin Havortdakı mülkünə qaytarılması üçün fond 17000 funt sterlinq (225 min dollar – red.) ödəməli olub. Kitabın girişində Patrik Brontenin latınca yazdığı vəsiyyət var: "Bu mənim sevimli xanımımın yeganə kitabıdır. Bu kitab dalğalardan xilas olub gəlib. İndi kimin əlindədirsə, onu qorusun. O, sonsuzadək qorunmağa layiqdir”. Kitabın dəri üzlüyündə ailənin bəzi üzvlərindən xırda sitatlar yer alır. Bunlardan biri də 1855-ci ildə Şarlotta Brontenin ölümündən sonra həyat yoldaşı Artur Bel Nikols tərəfindən yazılıb. "Bronte” fondunun menecerlərindən və Havortdakı ev muzeyinin direktoru An Dinsdeyl kitabın geri alınması ilə bağlı verdiyi açıqlamada bunları deyib: "Bu kitab Xanım Brontelərin ən dəyərli xəzinəsidir. Burada aydınlığa qovuşmasına, ictimailəşdirilməsinə ehtiyac olan çox əlyazma var. Xoşbəxtlikdən kitabdan olduqca ehtiyatla istifadə edilib. İlk işimiz kitabın bütün mətnini dərhal köçürməkdir. Bu sentimental kitabın hər səhifəsinin dərin mənəvi tərəfləri var. Mən kitaba anasını çox erkən yaşlarda itirmiş Şarlottanın gözü ilə baxdım və anladım ki, anoloji situasiya yaşayanlar üçün bu kitab əsl həmdərd olacaq. Burada Şarlotta Brontenin heç nəşr olunmamış hekayələri, şeirləri, məktubları var. Onlar dərhal araşdırılacaq, tətbiq olunacaq. Əgər razılıq əldə olunarsa, biz onu dərc etdirəcəyik”.

Hazırda kitab üzərində bərpaetmə və surətçıxarma işləri gedir. Fond bu işlər üçün Britaniyanın bu sahə üzrə ən peşəkarlarını seçib. Britaniya Milli İrs Muzeyindən fonda kitabın bərpası və qorunması üçün hər cür maddi dəstək verməyə hazır olduqlarını bildiriblər. Əsər gələn il "Parsonoge”də ictimai nümayişə çıxarılacaq.

banner

Oxşar Xəbərlər