• çərşənbə axşamı, 19 mart, 13:38
  • Baku Bakı 8°C

"Brilyant əl"in ulduzu

03.07.20 10:00 3062
"Brilyant əl"in ulduzu
Və ya tənhalıqda keçən yubiley
Svetlana Svetliçnaya – sovet və rus aktrisası 80 illik yubileyini qeyd edir. "Brilyant əl” komediyasının seksual sarışını ad gününü təntənəli qeyd etməyi planlaşdırmır. RSFSR-nin Xalq artisti hazırda da cazibədar görünür. Kino sahəsində dəyişkən uğura və sovet ekranının ən gözəl aktrisası olmasına baxmayaraq, aktrisanın həyatı sadə olmayıb. Son dərəcə xarizmatik aktyor sayılan əri Vladimir İvaşovun və kiçik oğlu Oleqin vəfatını ağır keçirib. Amma həyatdan əlini üzməyib: səyahət edib, səhhətinin qayğısına qalıb, sevgi macəraları da öz yerində...
- Sizi Leonid Qaydayın "Brilyant əl” komediyasındakı füsnkar Anna Sergeyevna kimi tanıyırlar. Bu obraz aktrisa kimi şöhrətinizi məhdudlaşdırmır?
-«Brilyant əl»ə kosmonavtlar da kosmosda olarkən baxmışdılar. Mənim, filmdəki Annam bayağı deyil, hazırda isə hər şey necə deyərlər, çox bayağıdır. Biz Nikulinlə bacardığımızı etmişdik ki, tamaşaçılar qəhqəhə çəksinlər. Andrey Mironov da həmçinin. Çəkiliş meydançasında Yuri Nikulin mənə çox kömək etdi. O zamanlar düşünürdüm ki, o, dahidir, mən isə tanınmayan adam. Xoşbəxtlikdən bu məşhur aktyorla bir filmdə oynamaq mənə qismət oldu. Bu film mənə xüsusi şöhrət gətirdi. Məşhur soyunma səhnəsi isə mənə sovet kinosunun "seks-simvol”u adını qazandırdı. Bilirəm ki, mən belə rolların qəhrəmanı deyiləm, amma bu, məndə alındı. Bəziləri isə bu açıq-saçıqlığa görə məni məzəmmət edirdi. Qəhrəmanımın ”Mən günahkar deyiləm. Ö özü gəldi…” sözləri o zaman aforizmə çevrildi. Gəncliyində belə səhnələri oynamaq istəyirsən. Əlbəttə, hər rol da məşhurluq gətirmir. Amma "Brilyant əl” ümumittifaq məşhurluğu qazanan film idi.
- Bəs ən çox sevdiyiniz rolunuz hansıdır?
- Rol aldığım sevimli filmlərim içərisində Stanislav Rostoskinin «Zəmanəmizin qəhrəmanı», Tatyana Lioznovanın «Onlar səmanı fəth edir» və «Baharın on yeddi anı»nı çox sevirəm. "Baharın on yeddi anı”ndakı Qabi rolum ən sevimli rolumdur. Rejissor Tatyana Lioznovanın bu filmində, hesab edirəm ki, ən gözəl rollarımdan birini oynamışam. Tərəf-müqabillərim müstəsna idilər. Tatyana Mixaylovnanın yanında daha çox şey edə bilərdim. Biz bu rollar üçün doğulmuşduq – Ştirlis (Vyaçeslav Tixonov) və Qabi. Bəli, sevimli tərəf-müqabilim Vyaçeslav Tixonov kimi görkəmli bir aktyor idi. Yadınızdadırmı, «Baharın anlarında…» biz hansı baxışlarla dəyişirdik. Bu, zəmanəmizin aktyorluq işi idi. Bir də «Onlar səmanı fəth edir» filmindəki Nina Kolçinanı sevirəm. Bu da Tatyana Lioznovanın rejissor işidir. Bu filmdə mənim tərəf-müqabillərim Nikolay Rıbnikov və Yevgeniy Yevstiqneyev idi. Qorki adına kinostudiyada əvəzimə başqa aktrisanı baş rola çəkmək istəyirdilər. Lakin Tatyana Mixaylovna məni təsdiqlədi.Mənim üçün klassika çox mühümdür. Tatyana Larinanın monoloqunu gözəl söylədiyimə görə, A.S.Puşkin adına qızıl medala layiq görüldüm. Etiraf edim ki, həmişə Anna Kareninanı oynamaq istəmişəm, amma bu, mənə nəsib olmayıb. Ən çox dramatik rollarda oynamaq xoşuma gəlir. Sadəcə, pul xətrinə çəkilmək istəmirəm. Seriallarda oynamağa isə səbrim çatmır. Məni, hələ də öz tamaşaçımı heyran etmək hissləri tərk etməyib.
«Svetliçnaya gözəldir»
- Müsahibələrinizin birində «Çox istərdim ki, oğlum məni həmişə xatırlasın» deyibsiniz. Münasibətləriniz indi necədir?
- Uzun illər böyük oğlum Alekseylə münasibətlərim mürəkkəb olsa da, sonralar sanki düzəldi. Gəlinim Olqa, nəvəm Maşa, nəticəm Volodya ilə əlaqələrim yaranıb. Mən istəyirəm ki, nəhayət Alyoşa xatırlasın ki, onun çox da pis olmayan bir anası var. Ümumiyyətlə desək, pis ana deyil və hər zaman ona yaxşılıq etməyə hazırdır. Oğlum bir neçə dəfə insult keçirib. Bu ilin yanvarında da o, reanimasiyaya düşüb. Mən onu ən yaxşı hospitalda yatırtdım. Alyoşa ağır əməliyyatdan keçdi və həkimlər onu xilas etdilər. Buna görə o, mənə «çox sağ ol» da demədi. Uzun illər çox içirdi, buna görə də səhhətində problemlər yarandı. Mən onu müxtəlif xəstəxanalarda yatırtmışam. Hazırda oğlum heç yerdə işləmir və mən gücüm çatdığı qədər ona dəstək oluram. Buna baxmayaraq, onun ailəsi özünü elə aparır ki, sanki mən onlara yadam. Bu münasibət çoxdan davam edir. Mənə olan mənfi münasibət, düşünürəm ki, mənzilimə görədir. Bəlkə də bu, qısqanclıqdır. Mən həqiqətən yaxşı görünürdüm və ətrafdakılar heyranlıqla «Svetliçnaya gözəldir» - deyirdilər. Yəqin ki, bu sözlər gəlinim Olqaya toxunurdu. O, hətta, mənim tamaşalarıma baxmağa da gəlmirdi.
- Əvəzində sizin gözəl, ailəsi üçün məsuliyyət daşıyan həyat yoldaşınız var idi. Kino sahəsində iş olmayan zamanlar Vladimir İvaşov ailəsini dolandırmaq üçün inşaata işə də düzəlmişdi…
- Bu düzdür, Volodya məndən daha yaxşı idi. Mən aktrisa kimi yaxşı idim, o isə həm də əla insan idi. Volodya hər sahədə istedadlı idi: ev tikə, səhnədə də oynaya bilərdi. Gözəl oxuyur, şeir deyir, hələ necə dadlı yeməklər bişirir, necə gözəl cecə arağı çəkirdi. Tamaşadan sonra evimizdə tez-tez kampaniyalar təşkil edirdik. Bu şənliklər səhərə kimi davam edirdi. Bu gün isə Volodyanı çox az xatırlayırlar – onun haqqında nə bir veriliş, nə bir gecə təşkil edirlər. Mart ayında onun ölümünün 25 ili tamam oldu. O, 55 yaşında, uğursuz mədə əməliyyatından vəfat edib.
- Siz Volodya ilə çəkiliş meydançasında tanış olmuşdunuz?
- Volodya Kinematoqrafiya İnstitutunda məndən yuxarı kursda oxuyurdu. Mən isə 1-ci kurs tələbəsi idim. Onu "Əsgər haqqında ballada” filmində Alyoşa Skvorçov roluna çəkiləndən sonra sevdim. Bu, mənim ən böyük məhəbbətim idi. "Kazaklar” filminin məşqlərində isə aramızda münasibət yarandı. Ssenariyə görə, biz öpüşməli, nəticədə toyumuz olmalı idi. Eyni ssenari həyatımızda da baş verdi. Bir il sonra oğlumuz doğuldu və biz onu Volodyanın məşhur rolunun xətrinə Alyoşa adlandırdıq. Biz o zaman Volodyanın ailəsi ilə bir yerdə yaşayırdıq. 7 nəfərlik ailə kommunal mənzilə yığışmışdı. Mənim əvvəldən Volodyanın anası ilə xasiyyətim tutmadı. Təqaüdümüzü qəpiyinə qədər Volodyanın anasına verirdik. O isə səhər instituta gedəndə bizə avtobusa və ya metroya minmək üçün xırda pul, nahar yeməyə rubl verirdi. Biz iki nəfərə bir yemək alırdıq. Yeməkxanada stolumuzun üstündə həmişə kələm salatı, çörək və günəbaxan yağı olurdu. Bütün bunlar pulsuz verilirdi. Əsasən bunlarla qarnımızı doydururduq. Çox kasıb yaşayırdıq. Demək olar ki, təsadüfi qazanclara ümid edirdik. Hətta elə günlər olurdu ki, yeməyə heç nə tapmırdıq. Sonralar bir-birimizi xəyanətdə ittiham etməyə və qısqanmağa başladıq. Çəkiliş meydançasında Andrey Mironovla aramızdakı macəra Volodyanın da qulağına çatdı. Amma məni bağışladı. Mən ailəmi qorumaq üçün ikinci oğlumu – Oleqi dünyaya gətirdim. Vladimir ailəni dolandırmaq üçün tikintidə işə düzəlmişdi. Ancaq ağır fiziki iş onun səhhətinə öz təsirini göstərdi. O, vəfat edəndən sonra iki uşaqla dolanmaq da çətin oldu. Mən, hətta xadimə işləyirdim. Tanınmış bard Sergey Sokolski həyatımda görünəndən sonra ümid edirdim ki, hər şey yaxşı olacaq. O məndən 20 il kiçik idi. Bizim nikahımız cəmi 27 gün sürdü. Məlum oldu ki, mən Sergey üçün yalnız məşhurluq qazanmaqda alətəm. Amma mən sonralar da gənc kişilərlə macəralar yaşadım. Yaraşıqlı kişilərin diqqət və qayğısı mənim xoşuma gəlirdi. 2006-cı ildə oğlum Oleq vəfat etdi. O alkoqoldan dünyasını dəyişdi. Həmin vaxt dostlarım məni depressiyadan xilas etdilər.
- Özünütəcrid rejimində yubileyinizi necə qeyd edəcəksiniz?
- İki həftə evdə özünütəcriddə qaldım. Amma yubiley ərəfəsində mağazaya şampan şərabı dalınca getdim. Hazırda 5 şüşə şampan şərabı almışam. Bəlkə kimsə çiçəklərlə məni təbrikə gəldi... Ehtiyatda 6 banka qırmızı kürü, ağ çörək və əla kərə yağı da var. Demək, nə iləsə qonaq etmək olacaq. Əslində karantin zamanı qonaq qəbul etməsəm yaxşıdır. Ad günümü sonra qeyd edərəm. Yəni stol açmasam da olar. Sadəcə, qonaqlarıma şampan şərabını hədiyyə edərəm. Nələrsə hazırlayıb küçəyə də çıxa bilərəm. Əvvəlki kimi hazırlaşmaq, əlbəttə, lazım deyil. Karantinə əməl etmək lazımdır. Yaşıdım olan insanlar çox hövsələlidir. Hətta, yubileyimi qeyd edə bilməyəcəyimə görə pərişan da olmuram. 5 il əvvəl - 75 yaşım olanda mən bütün ili aktiv səyahət edir, təbrikləri festivallarda qəbul edirdim. Ad günüm ərəfəsində Penzaya, qardaşımın yanına getmişdim. Heyf ki, pandemiya 80 illik yubileylə bağlı planlarımı dəyişdi.
- Əgər oğlunuz Aleksey gəlsəydi, daha da xoşbəxtlik olardı…
- Çox istərdim ki, oğlum məni xatırlasın. Qorxuram ki, o, hətta zəng vurmasın. O, xəstəliyindən sonra çox dəyişib. Əvvəlki Alyoşanı elə görmək istərdim ki… Uşaqlıqda o, çox mehriban idi. Atasını sevir, valideynləri ilə fəxr edirdi. Hazırda yanımda dostlarımın mənə hədiyyə etdiyi qara pişik yaşayır. Deyilənə görə, qara pişik adamı müxtəlif fəlakətlərdən qoruyur. Pişik məni çox sevir, bütün günü arxamca qaçır… Mən xasiyyətcə yumşağam, lakin şıltaqlıq etmək xoşuma gəlir. Çox vaxt qısa paltarda gəzirəm. Orijinal görünməyi xoşlayıram. Necəsə yaşamaq lazımdır axı. Qadın bu yaşda da sevmək qabiliyyətinə malikdir. «Axır zamanlarda kim xoşunuza gəlir» - deyə mənə sual veriləndə, cavab verirəm ki, «Svetlana Svetliçnaya...»
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər