Boliviya Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
Boliviyanın xarici işlər naziri Fernando Uanakuni Mamani Azərbaycana
rəsmi səfəri çərçivəsində Azərbaycanın Baş naziri Artur Rasi-zadə tərəfindən
qəbul edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin və Nazirlər Kabinetindən Trend-ə
daxil olan birgə məlumata görə, görüşdə F.U.Mamani Boliviya Çoxmillətli
Dövlətinin Prezidenti Evo Morales Ayma tərəfindən Azərbaycan Prezidenti İlham
Əliyevə ünvanlanmış, 20-24 noyabr 2017-ci il tarixində Boliviyada keçiriləcək
Qaz İxrac Edən Dövlətlərin Forumunun IV Qaz Sammitində iştiraka dəvət məktubunu
təqdim edib.
Nazir Fəxri xiyabanı ziyarət edərək, ümummilli lider Heydər Əliyevin
məzarının önünə əklil qoyub. Həmçinin Şəhidlər xiyabanını ziyarət edən F.U.Mamani
şəhidlərimizin xatirəsini ehtiramla anaraq, "Əbədi məşəl” abidəsinin önünə
əklil qoyub.
Səfər çərçivəsində xarici işlər nazirləri Elmar Məmmədyarov və
F.U.Mamani arasında təkbətək və geniş tərkibli görüş keçirilib.
Nazirlər Azərbaycan və Boliviya arasında dostluq əlaqələrinin və
əməkdaşlığın genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini
qeyd ediblər və bu xüsusda Boliviyanın xarici işlər nazirinin Azərbaycana ilk
rəsmi səfərinin önəmini vurğulayıblar. Görüşdə nazirlər ikitərəfli münasibətlərin
hazırkı səviyyəsini nəzərdən keçirib və enerji, iqtisadiyyat, ticarət, kənd
təsərrüfatı, dağ-mədən sənayesi, təhsil və digər sahələrdə əməkdaşlıq üçün
geniş imkanların olduğunu bildiriblər. Humanitar sahədə tələbə və elm
adamlarının mübadiləsi xüsusilə qeyd edilib.
Nazirlər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlığı təqdir edərək, BMT-nin İqtisadi və Sosial Şurasının 2017-2019-cu
illərdə üzvlüyünə Azərbaycanın, BMT-nin İnsan Hüquqları Şurasının 2015-2017-ci
illər üçün üzvlüyünə isə Boliviyanın namizədliyinin dəstəklənməsini qeyd
ediblər və qarşılıqlı təşəkkür ifadə ediblər. Nazirlər həmçinin, iki ölkə
arasında Qoşulmamaq Hərəkatı çərçivəsində məhsuldar əməkdaşlığın olduğunu
xatırladıb və Azərbaycanın Qoşulmama Hərəkatı Dövlətlərinin dövlət və ya
hökumət başçılarının XIII Sammitinə ev sahibliyi etməsi və 2019-2022-ci illərdə
bu quruma sədrlik etməsinin Qoşulmama Hərəkatının xoşniyyətli məqsəd və
məramlarının təşviqinə töhfə verəcəyinə əminlik ifadə ediblər.
Nazirlər Azərbaycan və Boliviyanın bir-birilərinin siyasi
müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət və dəstəyi bir
daha bəyan ediblər. Həmçinin dövlətlərin daxili işlərinə müdaxilənin
yolverilməz olduğunu qeyd edib, aqressiv separatizm və terrorizmin bütün forma
və təzahürlərini sərt şəkildə qınadıqlarını diqqətə çatdırıblar.
Görüşdə, həmçinin XİN rəhbərləri iki ölkə arasında müqavilə-hüquq
bazasının genişləndirilməsinə dair fikir mübadiləsi aparıb və parlamentlərarası
əməkdaşlığın təşviqinə dair razılığa gəliblər.
Nazirlər "Azərbaycan Respublikası Hökuməti ilə Boliviya Çoxmillətli
Dövlətinin Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara malik
şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş”i imzalayıblar.