Bizim “Kaspi”çiləri tanıyaq
Deyir xoşbəxt o insandır ki, hər səhər evdən işə, axşam isə işdən evə
tələsir. İşdən evə necə qayıtdıqlarını deyə bilmərəm, amma redaksiyaya daxil
olan hər kəsin səhər işə həvəslə başladığına əminəm. Əsas işə - yəni
yazılarımıza başlamamış planlaşdırma xarakterli bir iclasımız olur. Amma işə
iclas vaxtı yox, iclasdan ən azı yarım saat əvvəl gəlmək lazımdır.
Gündəmin halından xəbərdar olub, iclasa gedirik. İclas hər kollektivdə
fərqli bir tərzdə keçə bilər. İclasda ölkədə nəşr olunan qəzetlərlə tanış olur,
yazılarımızı müzakirə edirik, təkliflər veririk. Bu təkliflərə hər kəsin
yanaşması dinlənilir... Onu da deyim ki, iclas otağımız bizim həm də zarafat
meydanımızdır. Mövzuları müəyyənləşdirənə qədər hər kəsin zarafat etmək haqqı
tanınır. Bir növ bu zarafatlarla bütün stressi üzərimizdən atırıq. Və birdən...
Baş redaktorumuzun "keçirik mövzulara” xəbərdarlığı gəlir... Hə, bundan sonra
ciddi müzakirələr başlayır.
Tənqidi
də motivasiya verən baş redaktor
Hər kəsin yazacağı mövzular bəlli olduqdan sonra hamı iş masasına tələsir.
Amma işləmək üçün yox ha... Meyvə yeməyə. Qızların bəzisi meyvə soyur, bəzisi də
mətbəxə tələsir. Yeməyə yox, çay gətirməyə. Redaktorumuz da deyir ki, bu mərasim
başa çatdıqdan sonra "obed vaxtıdır” çağırışı eşidiləcək. Hə, indi də keçək hər kəsin gündəlik iş
rejimi barədə müşahidələrimə. Başlayaq elə baş redaktorumuz İlham Quliyevdən.
İşə başladığım ilk gündən bir şeyi kəşf etmişəm ki, o yenilik axtarışındadır.
Hansısa yazını çox bəyənirsə, yeni ideya, fərqli yazı görürsə, bunu mütləq deməlidir.
Bu, tək bizim öz yazılarımıza aid deyil. Digər sayt və qəzetlərdə özəl və fərqli
yazı görəndə oxumağımızı məsləhət görür. Əgər bir nəfəri tərifləyirsə, bunu elə
bir şəkildə edir ki, digərləri sadəcə, nümunə götürsün. Tənqidi isə heç vaxt iclasda,
hamının yanında etmir. Başqalarını bilmirəm, amma mənim yazılarımla bağlı
hansısa iradı olanda, bunu elə tərzdə deyir ki, sanki əməkdaşına motivasiya
verir.
Tələbkar redaktor
Baş redaktorun iki müavini var. Məğrur Əli Polad vəNatiq Muxtarlı.Məğrur müəllim qəzet çapa gedənə kimi redaksiyada olur. Çox məsuliyyətli insandır. Xüsusilə də Xəyalənin (Xəyalə Məmmədova) yazıları ilə bağlı. Düzdür, o, hər birimizin yazılarını redaktə edir, amma əsas dialoqu Xəyalə ilə olur. Məğrur müəllim savadı, yüksək analiz qabiliyyəti ilə ekspertlərin müsahibələrini oxuyandan sonra tənqidi fikirlərini hər kəslə mütləq bölüşməlidir.
Çiynimi mövzu yükü ilə dolduran və...
Natiq müəllim redaksiyamızda yenidir. Bir neçə aydır işə başlasa da, artıq "Kaspi” ailəsinin bir üzvü olaraq hər kəslə səmimi münasibəti var. Bundan əlavə, yeni mövzuları çoxdur. Bu ay ərzində təkcə mənə o qədər yeni mövzu verib ki, yeni ilə qədər çətin o mövzu yükündən qurtula bilim. Redaksiyaya gələn gündən iş masasının üstündə daim meyvə, şokolad, şirniyyat olur. Özü də bir nəfərlik yox ha... Ürəyi istəyən hər kəs bu süfrədən istədiyi zaman nə istəsə rahatlıqla götürə bilər. Adətən çay içmək üçün nəsə tapmayanda Natiq müəllimin yanına üz tuturuq. Səxavətindən özüm bu qədər çox söz açdım ki, yazılarıma irad tutmasın...
Bizə mövzu saxlamayan xanım...
Əslində masa düzülüşünü nəzərə alsaq, indi növbə Azər müəllimin (Azər
Nuriyev) olmalıydı. Amma fikirləşdim ki, mədəniyyət şöbəmizin müdiri Təranə Məhərrəmova
haqda ondan əvvəl yazım. Təranə xanım 18 ildir "Kaspi”də çalışır. Hansısa tədbirdə
olanda, reportaja gedəndə "Kaspi” adı çəkiləndə Təranə xanımı tanımayan çox az
adam olur. Hələ səyahət sevgisi də hər kəsə bəllidir. Çoxdandır gözləyirəm ki,
yolu Belçikadan da düşsün. Söz verib ki, Belçikaya növbəti səfərində xüsusi
olaraq mənə şokolad gətirəcək. Bir də onu da deyim ki, yeni nə mövzu təklif etsək,
Təranə xanım deyir ki, o haqda filan vaxt yazıb. Qısası, bizə işləməyə mövzu
saxlamayıb...
Və 18 ildə ilk dəfə istirahət edən
Bəy
Gündəlik planlaşdırmada bəzən hansısa işçiyə mövzu verilmir, bir gün
istirahət edir. Amma heç vaxt bu istirahətdən pay götürməyən insan 18 ildir
beynəlxalq aləmdən yazan Azər müəllimdir. Hər gün hamıdan əvvəl işə gəlir,
işini hamıdan da əvvəl bitirir. Hətta keçmişdən danışanda deyir ki, cavan
vaxtlarımda məni ofisdə görməzdiniz, tədbirlər, reportajlar, müsahibələr. Siyasətlə
maraqlanmasam da, jurnalistika ilə bağlı sualım olanda təcrübəsini bizimlə
bölüşür. Hə, onu da deyim ki, o, məhz bu sayımızın hazırlanmasında iştirak etmədi.
18 ildə ilk dəfə istirahət etdi.
Lalənin
müsahib siyahısı
"İşini sevən, hər zaman yeni nəsə axtaran, müsahibindən gözlədiyini
ala bilməyəndə əhvalı pozulan əməkdaşımız” deyəndə redaksiyada hamı bilir ki,
söhbət "Gənclik” əlavəmizin redaktoru Lalə Musaqızından gedir. Hər zaman baş
redaktor redaksiyanın gənc nəslinə yazılarını oxumağı məsləhət gördüyü
jurnalistlərdən biri də Lalədir. Onun yazı üslubu hər kəsdən fərqlidir. Onu da
deyim ki, hər zaman axtarışdadır. Onun müsahiblərinin adları olan siyahısını bir görəsiniz... Kənardan çox
quru görünən bir mövzunu öz üslubunda işləyib, mütləq maraqlı tərəflərini tapıb,
ortaya qoyacaq.
Şou-biznes nümayəndələrinin qənimi
Əməkdaşlarımız dəhlizdə gələn ayaq səslərindən kimin redaksiyaya
varid olduğunu bilirlər. Gələn Xəyalə Rəisdir. İkinci ixtisası "Teatrşünas”
olan mədəniyyət müxbirimiz Xəyalə Rəisi deyirəm. Dəhliz boyu hərəkət etdikcə
qonşu ofislərdə oturanların da kef-əhvalını soruşur, sonra otağa daxil olur. Otağa
daxil olanda da "Salam olsun mənim
mehriban kollektivimə” deyir. Bu cümlə ilə otaqdakı ab-havaya əlavə rəng qatmış
olur. Pah, əgər müsahib onun zənginə cavab verməsə, aləmi bir-birinə qatacaq. Həmin
şəxsi tapmayana qədər dili dincəlməyəcək. Hələ bir arada vaxt tapıb
redaktorlara da hədə-qorxu gəlir. Özündən o qədər əmindir ki, "redaktor yazımı
oxumasa da olar” deyir. O, həm də "Teatr” əlavəmiz üçün yazır. Onu şou-biznes
nümayəndələrinin qənimi kimi də xarakterizə edirlər.
"Xoş
avaz”ına həsrət qaldığımız əməkdaş
Parlament müxbirimiz, siyasi yazarımız Rufik İsmayılov haqda danışmasaq
olmaz. Yazı istiqaməti siyasət olsa da, iclaslarda sosial, iqtisadi sahələrlə
bağlı mövzular da çıxarır. Əgər yeni, maraqlı nə isə axtarışında olsaq, o, çox
qısa zamanda bununla bağlı ideyasını təklif edəcək. Qayda-qanunlara riayət etməsi,
işinə məsuliyyətli yanaşması bir tərəfə... Deyilənlərə görə yaxşı səsi, şeir demək
qabiliyyəti də var. Amma son vaxtlar işi çox olduğundan qulaqlarımız "xoş
avaz”ına həsrət qalıb.
O, heç kimə yox deməyəcək
Aygün Əziz də "Gənclik” əlavəmizin zəhmətkeş əməkdaşlarındandır. Hara
getsə, ordan müsahibəsiz, reportajsız qayıtmaz. Bir dəfə dedi ki, bütün gün
yeni ideyalar fikirləşir və tapır da, amma vaxt azlığından hamısını reallaşdıra
bilmir. Bir də onun yazıları ilə müsahibələrinin eyni günə təsadüf etdiyini görəsiniz.
5 adama zəng vura, hamısı da sabah görüşmək istədiyini deyə... O, heç kimə yox
deməyəcək, hamı ilə görüşəcək.
Həmişə üşüyən əməkdaşımız
Siyasət yazarlarımızdan biri də Şəfa Tapdıqdır. Siyasətdən uzaq
olduğum üçün yazıları haqda fikir səsləndirə bilmərəm, amma onu deyim ki, redaksiyanın
ən çox üşüyən işçisidir. Yay-qış, fərq etməz. Rufik onun haqqında belə deyir:
"Qışda təbii soyuqdan, yayda da kondisionerin havasından üşüyür Şəfa”. Böyük
bir şala bürünüb, kompüterdə yazılarını yazır, bircə gözlərini görə bilirik. Hə,
işgüzarlığını da deyim də. 4-5 fincan çayı bir əldə gətirmək məharətinə söz ola
bilməz.
Redaksiyanın neft mütəxəssisi və Fərid
Hüseynin müsahibləri
Şəbnəm Mehdizadə işə təzə başlayanda mənə deyirdi ki, iqtisadiyyat çətindir,
necə yazırsan? Amma çox keçmədi ki, o, özü iclasda iqtisadi mövzular təklif etməyə
başladı. "Redaksiyanın neft məsələləri üzrə mütəxəssisi” də deyirik ona.
Müsahibi cavab verməyəndə isə üzünü görmə, qanı qaralacaq. Ona mövzunu redaktor
verəndə işi rəvan gedir. Amma mövzunu özü təklif edəndə hər dəfə bir əmma çıxır
ortaya.
"Kaspi”nin "Ədəbiyyat” əlavəsinin redaktoru isə gənc şair Fərid
Hüseyndir. Onu deyim ki, redaksiyaya gələn zənglərin 50 faizində Fəridi soruşurlar.
Bir kitab ölçüsü yazı göndərib "bunu qəzetdə verin” deyənlər də olur. Hansısa
müəllif təsadüfən bir yazı göndəribsə və o yazı keyfiyyətlidirsə, Fərid onu
mütləq yenə də yazmağa sövq edəcək. Bir də onu deyim ki, o, yazıları redaktə edərkən
mütləq səsinin tonunu qaldırmalıdır. Yaxın masada oturanlar onun hansı yazını
oxuduğunu bilirlər. Deyir ki, yazını astadan oxuya bilmir.
Hər
kəsin zəhmət payı...
İngilis dilli saytımızın əməkdaşları Nərmin Məmmədova və Məlahət
Nuriyevadır. Onlar bizim yazılarımızı tərcümə edib, sayta yerləşdirirlər ki,
dünyanın o biri tərəfində olanlar da yazdıqlarımızla tanış olsunlar. Nərmin bir
az yox, çox sakitdir, otağa daxil olanda verdiyi salamı heç kim eşitməyə bilər.
Amma deyib-gülən, mehriban əməkdaşlarımızdandır. Məlahət isə redaksiyaya gəldiyi
ilk gündən hər kəslə xoş ünsiyyət qurmağı bacarıb. Elə bil illərdir bu
kollektivdə olub.
Şəkili olasan, bir çimdik də...
Qəzetimizin dizayneri isə İlham İsmayılovdur. Redaksiyada kimin kompüterlə
bağlı nəsə problemi olsa, onun üstünə qaçır. Hətta bəzən kompüteri elektrik mənbəyinə
qoşmayıb "İsmayılov mənim kompüterim işləmir” deyənlər də var. Gəlir, sakitcə
kompüteri elektrik mənbəyinə qoşur və "düzəltdim” deyib gedir. Şəkidəndir. Amma
bir çimdik də olsun yumor hissi yoxdur. İşi-gücü ancaq Azər Nuriyevə söz
atmaqdır. Amma insafən, onu deyim ki, məhz Azər müəllimə atmaca atarkən onda
bir az duzluluq hiss olunur. Hə, bir də onu deyim ki, o, hər gün redaksiyada ən
azı 20-30 dəqiqə yatmalıdır. Eləcə başını masanın üzərinə qoyub, elə
şirin-şirin yatır ki... Onu yuxudan redaktorumuz ayıldır. Ayılan kimi də gərnəşib,
"elə şirin-şirin yatmışdım ki” deyir.
Dilbər Əlimədətli və Mərcan Rüstəmova bizim yazılarımızın ərsəyə gəlməsində
yardımçı olan operatorlardır. Aldığımız müsahibələri daha tez bir zamanda kompüterdə
yazıb, işimizi asanlaşdırırlar. Yəni, qəzet səhifələrində görünən yazılarda
onların da zəhməti danılmazdır.
Bir azcıq da özümdən yazım. Kim öz ayranına turş deyər ki? Ona görə
özümdən yazmasam da olar. İşini sevən, insanlarla işlədiyi üçün sadəcə, çox
xoşbəxt olan birisi - Aygün Asimqızı.