• çərşənbə, 08 May, 18:46
  • Baku Bakı 18°C

Bir vaxtlar Azərbaycanın məşhur brendi vardı... - Fotolar

30.11.16 14:14 18941
Bir vaxtlar Azərbaycanın məşhur brendi vardı... - Fotolar
Yaşlı və orta nəslin nümayəndələri yaxşı xatırlayar. Keçmiş SSRİ vaxtında azərbaycanlıların yolu başqa ittifaq respublikalarına düşəndə, onlardan "Çinar” şokoladları istəyirdilər. Elə azərbaycanlılar da "Çinar”ın dadından doymayanların olduğunu yaxşı bilirdilər. Ona görə də səfərə çıxarkən, mütləq çantalarında "Çinar” olurdu. Amma həmin vaxt Azərbaycanda da bu şokoladı tapmaq asan deyildi. "Çinar” əl altdan satılırdı. Bir vaxtlar şöhrəti bütün SSRİ-ni bürüyən bu məşhur Azərbaycan brendi elə sovetlərin dağılması ilə də qəhətə çıxdı. Ölkə prezidenti İlham Əliyev Azərbaycan brendlərinin dünyaya çıxarılmasının vacib olduğunu bildirir. Belə olan təqdirdə, bir vaxtlar nəhəng bir ərazini əhatə edən SSRİ boyda ölkənin sevimli şokoladına çevrilən "Çinar”ı yenidən "göyərtmək” niyə mümkün olmasın ki? Bu yazıda oxuculara məşhur Azərbaycan brendi - "Çinar” şokoladı haqqında məlumat verəcəyik.
Düzü, bu şokolad haqqında məlumatsız olduğum üçün müasir dövrün imkanlarından istifadə etmək qərarına gəldim. İnternet qaynaqlarından əldə etdiyim məlumat belə idi: "Gəncə-Qənnadı” fabriki "Çinar” şokoladlarının istehsalına 70-ci illərdə başlayıb. Bu şokoladların istehsal hüququda "Gəncə-Qənnadı” fabrikinə məxsusdur. Həm də onu da öyrəndim ki, "Çinar” şokoladı hələ də istehsal edilir. Daha jurnalistə bundan artıq nə lazım idi ki? Başladım axtarışa.
Mağazalardan "yoxdur” cavabı aldıq

Bir məhsul istehsal olunursa, onu harada axtarmaq lazımdır? Təbii ki, mağazalarda. Baş çəkdiyim kiçik marketlərdə "Çinar”ı gördüm” deyən olmadı. "Bazarstore”, "Favorit” kimi böyük marketlərdə də bu şokoladın izini tapa bilmədik. Hətta bu qədər şokolad çeşidi olduğu halda, niyə yerli mal axtardığıma təəccüblənən satıcılar da oldu. Satıcıları niyə qınayım ki? Onlar da gəncdirlər, "Çinar”ın nə dadını bilirlər, nə də şöhrəti haqqında eşidiblər... "Bu şokolad niyə yoxdur” sualıma isə ümumi olaraq belə cavab aldıq: "Yəqin ki, istehsalçı şirkət marketlərlə işləmir”.

Onu da deyim ki, internetdə qarşıma çıxan daha bir məlumatda bildirilirdi ki, bir müddət "Veysəloğlu” şirkəti bu adda şokolad istehsal edib. 2006-cı ildən başlayaraq, bu adla məhsul buraxmağa başlayan şirkətlə "Gəncə-Qənnadı” fabrikinin uzun sürən məhkəməsi də olub. 2014-cü il iyulun 1-də Ali Məhkəmə "Veysəloğlu” və digər şirkətlərə "Çinar” adı ilə məhsul istehsal etməyə qadağa qoyub. Əlac qalırdı yalnız Gəncədən soraq almağa.
"Çinar” ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə əsl "Çinar” olub”
"Gəncə-Qənnadı” fabrikinin internet qaynaqlarında olan telefon nömrələrinin hamısına zəng etdim. Amma nə fayda... Fabriklə əlaqə yaratmaq mümkün olmadı. Çox güman ki, bu telefon nömrələri əvvəllər fabrikə məxsus olub. Nəhayət, "Gəncə-Qənnadı” fabrikinin idarə heyətinin sədri Mahir Abdullayevin mobil nömrəsini tapa bildim. Bundan sonrası isə asan idi. Mahir müəllim bizi maraqlandıran bütün suallarımızı cavablandırdı. M.Abdullayev "Kaspi”yə açıqlamasına "Çinar” şokoladının tarixi barədə məlumat verməklə başladı. O, bildirdi ki, "Çinar” ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə əsl "Çinar” olub "Çinar şokoladının istehsalı "Gəncə-Qənnadı” Fabrikinə məxsusdur. Resepti də bizim fabrik tərəfindən hazırlanıb. 1973-cü ildə fabrikin açılışı olanda müxtəlif adda 700-800 çeşid məhsul istehsal olunurdu. Ulu öndər Gəncəyə gələndə tövsiyə edib ki, bu fabrikdə Şərq şirniyyatı hazırlansın, adı da Gəncə ilə bağlı olsun. Gəncə çinarlar şəhəri olduğu üçün şokoladın adının da "Çinar” olmasını tövsiyə edib. Beləliklə, həmin ildən artıq bu şokolad istehsal olundu və qısa müddətdə brendə çevrildi. O vaxt Azərbaycan SSRİ Sənaye Nazirliyi və eyni zamanda, SSRİ Yeyinti Sənaye Nazirliyi tərəfindən təsdiq olunmuş reseptura əsasında istehsala başlanılıb. Vaxtilə sovet dönəmində 250, 300 və 500 qramlıq qutularda istehsal olunub”.
"Həmişə istehsal edilib”

Brendə çevrilən bu şokoladların istehsalında müəyyən müddət fasilə də olur. M.Abdullayev bildirdi ki, o, 1996-cı ildən - fabrikə rəhbər təyin olunandan sonra bu şokoladla bağlı iş aparır: "Amma yenidən kütləvi istehsala 2001-ci ildən başlamışıq. Arada fasilə demək olar ki, olmayıb. Çünki qismən və az miqdarda da olsa, həmişə istehsal edilib”.

Fabrikin rəhbəri deyir ki, şokoladın əvvəlki keyfiyyətdə olmasına ciddi riayət olunur, eyni tərkiblə hazırlanır: "Vaxtilə hansı reseptura ilə başlamışdıqsa, eyni qaydada da davam edirik. Sadəcə, çeşidlər bir az artıb. Vaxtilə bir növ qutuda istehsal olunurdu, indi 5-6 növ 250, 300 və 400 qramlıq qutularda, eyni zamanda bükülü formada, yəni çəki ilə satılması üçün də istehsal olunur. Tərkibi də fındıq, bal, qlükoza, şokolad, şəkər, vanil və müxtəlif inqridentlərdən ibarətdir”.
Ağzımızın dadı dəyişib?

"Bəs əvvəlki məhsul və dad varsa, niyə həmin brned yoxdur” sualımızı isə M.Abdullayev belə cavablandırdı: "Bu sualları mənə çox adam verir. "Çinar”ın istehsalının bərpa olunduğunu eşidənlər, müraciət edib alırlar. Amma bu şokoladlarla bağlı fərqli fikirlər var. Əvvəki dad olmadığını deyənlər də var, ondan yaxşı olduğunu dilə gətirənlər də. Bizim baş texnoloqumuz vaxtilə Moskvada universitet bitirmiş bir adamdı, uzun illərin təcrübəsinə sahibdir. Vaxtilə bu şokoladın resepturasını da hazırlayanlardan biridir. Bu gün də eyni xammaldan istehsal olunur, sadəcə, indi seçim çoxdur, bolluqdur. Əvvəllər Moskvaya gedəndə bir kilo "Meçta” konfeti almaq üçün saatlarla növbəyə dururduq. Amma indi ölkəmizdə, kəndlərimizdə bütün xarici ölkələrin məhsulları var. "Snikers” konfetləri yerfındığından hazırlanır, bizim konfetin tərkibi isə təmiz fındıqdan ibarətdir. Uşaqdan tutmuş böyüyə qədər hər kəs fındıqla yer fındığının arasındakı fərqi bilir. 2 manat 50 qəpik yerfındığının qiymətidirsə, 11-14 manat fındığın qiymətidir. Biz başqa məhsuldan bir qram da olsun istifadə etmirik. Fındıqlar bir-bir təmizlənir, yuyulur, qovurulur, sonra konfetin tərkibinə qatılır. Biz öz tərəfimizdən bu texnoloji rejimi birmənalı şəkildə saxlayırıq. Bu sualları verənlər çox olduğuna görə, özüm üçün bir araşdırma apardım və qəti qərara gəldim ki, ağzımızın dadı dəyişib. Vaxtilə kəndin bir başında çörək bişirəndə o biri başına onun ətri yayılırdı. Amma indi nə qədər yaxında olsaq da, çörəyin iyini hiss edə bilmirik. Xammalın da daxili tərkibi dəyişib. Bəli, bu faktorlar müəyyən mənada var. Ola bilsin ki yağ o yağ deyil”.
Daxili bazar təmin edilmir, xaricdən isə təklif var
M.Abdullayev istehsalla bağlı dəqiq rəqəm səsləndirməsə də, dedi ki, 1996-cı ildən bəri istehsal həcmi 10-15 dəfə artıb. Amma hələ ki, yerli bazarı tam ödəmək qabiliyyətində deyilik: "Prinsiplərimiz bir az fərqlidir. Biz tələbata uyğun işləyirik. Tutaq ki, bizim müştərilərimiz var, sifarişlə gəlirlər. Onların sifarişlərini təmin edirik. Bəli, sifariş nə qədərdirsə, ona işləyirik. Demək olar ki, bazara tam təminatımız yoxdur. Amma onun günahı, səbəbi bizdə deyil. Bir müddət xammalın qiymətində olan dəyişikliklə bağlı fasiləmiz də oldu. Bu da işin gedişinə təsirini göstərir”.

Ölkə bazarını təmin etmək imkanı olmadığı üçün ixracdan da söhbət gedə bilməz. Amma M.Abdullayev deyir ki, qonşu ölkələrdən "Çinar” şokoladı istəyənlərə buradan tanışları aparırlar: "Müəyyən ixrac təklifləri var, onun üzərində də işləyirik. Vaxtilə Azərbaycanda yaşamış ruslar bu şokoladın dadını unutmayıblar. Rusiyanın müxtəlif bölgələrindən bu şokoladı sifariş edənlər olur. İsraildə bu şokoladın satışını təşkil etmək istəyənlər var. Bu kimi məsələlər var, hər bir təklif üzərində işləyirik”.
Bu məhsula sərmayə qoymağa dəyər
Müasir dövrdə ən yaxşı məhsulu da reklam etmədən bazara daxil olmaq qeyri-mümkündür. Çünki çeşid çoxdur. Bəs məhsulun reklamı üçün hansısa işlər görülürmü? M.Abdullayev deyir ki, "Çinar” adının tanıdılması üçün mövcud olan üsullardan istifadə edirik: "Reklam roliklərimiz var, böyük mağazalarda "Köhnə dad, yeni forma” kimi bir tanıtım və dadım kampaniyası keçiririk. Milli geyimdə bir xanım orda "Çinar” yazılan lövhənin qarşısında durub, həm məhsulu tanıtdırır, həm də satışını həyata keçirir. Orada adamlar həm şokoladın dadına baxırlar, həm də bir növ reklam edirik”.

M.Abdullayev deyir ki, yerli istehsala şübhə ilə yanaşılması faktoru da var: "Bizdə həm də bir düşüncə var ki, yerli mala şübhə ilə yanaşırıq. Yerli istehsaldır və üstəlik, qiyməti də bir az bahadırsa, şübhəli yanaşmalar olur. Amma alan bir də almaq istəyir. İstehsal etdiyimiz məhsul heç vaxt geri qayıtmır”.

Fabrik rəhbəri onu da bildirdi ki, istehsalın az olmasının səbəblərindən biri də maliyyə vəsaitinin az olmasıdır: "Əgər maliyyə olsa, "Çinar” brendinin tanıdılması və istehsalının ixrac həddinə qədər artırılması üçün hər bir şərait var. Bu, özünü tam mənada doğruldan və xeyir gətirə bilən bir sahədir. Bura sərmayə qoymağa dəyər”.
"Marketinq strategiyası qurulmalı, araşdırma aparılmalıdır”
Məsələ ilə bağlı marketoloqun da mövqeyini öyrənmək istədik. İstədik ki, bu brendin perspektivi ilə bağlı ürəyimizdə qara qalmasın. "Modern Marketig Group”un təsisçisi, marketoloqYusif Vəliyevin sözlərinə görə, sovet dövrü ilə müqayisədə bu gün bazarın şərtləri, müştərinin istəkləri dəyişib. Ona görə də əvvəl heç ehtiyac duyulmayan marketinq strategiyası bu gün vacib faktora çevrilib: "Sovet vaxtı marketinq strategiyasından istifadə olunmurdu. Heç buna ehtiyac da yox idi. Məhsul keyfiyyətlidirsə, bu yetərli idi. SSRİ tərkibində olanda isə məhsulun digər ölkələrin bazarına çıxarılması daha asan başa gəlirdi, müştəri bu qədər seqmentləşməmişdi. Bu gün artıq bazarın şərtləri, müştərinin istəkləri dəyişib. Bazarda marketinq strategiyası əsas açardır. "Çinar” şokoladı o vaxt ondan istifadə edənlərin yadında qalıbsa, onlar bu şokoladı axtara bilərlər. Amma bu gün həmin məhsulun tanıdılması üçün hər hansı marketinq strategiyası qurulmayıb. "Çinar” brendinin tanıdılması üçün marketinq strategiyasının aparılması şərtdir”.

Marketoloq deyir ki, əslində köhnə brendlərin adını qaytarmaq daha asandır: "Yeni brend yaratmaqdansa, köhnə brendin qaytarılması daha məqsədəuyğun sayıla bilər. Çünki həmin məhsullar ən azı Azərbaycan bazarında o dövrün bir markası idi. Yaşlı nəslin yadında marka olaraq qalıb. Həmin məhsul bu gün bazara çıxdıqda yenidən əvvəlki alıcı kütləsinə qovuşa bilər. İstər marketinqdə nostalji hisslərdən, istər digər alətlərdən istifadə olunması daha tez bir zamanda uğur qazanmağa kömək edər, nəinki yeni məhsul çıxarmaq. Marketinq strategiyası mütləq şəkildə qurulmalı, araşdırma aparılmalıdır. Strategiya yerinə yetirildikdən sonra uğur qazanmaq mümkündür”.

Y.Vəliyev deyir ki, şirkətlər reklam işini aparırlar, amma marketinq strategiyası olmadan edilən reklam əhəmiyyətsiz də ola bilər: "Məsələn, bir şirkət rəhbəri reklama ehtiyac duyur və tanış bir televiziyada, yaxud imkanı olan hansısa yerə reklam yerləşdirir. Rəhbər müştəri deyil. Marketinq fəaliyyəti aparılır, amma dağınıq şəkildə. Bu zaman isə xərc daha çox çıxır, ortada nəticə də olmur. Heç bir araşdırma aparılmadan, strategiya qurulmadan reklam etmək nəticəsiz qala bilir. Bəlkə heç həmin reklama ehtiyac da yoxdur”.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər